Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında söyləyib.

Bu sözlər də Azərbaycan Prezidentinə aiddir:
“Qırğız torpağında bir daha görürəm ki, qardaşlığımız sözdə deyil, əməldədir”.

Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Qırğız Respublikasına ilk rəsmi dövlət səfəri çox məhsuldar keçdi. Digər əməli fəaliyyət sahələri ilə yanaşı mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində dərin işbirliyinə yeni üfüqlər açan bu səfərdən ilhamlanaraq biz də, müvafiq mövzuda fikirlərimizi oxucularla bölüşmək istədik. Adından da göründüyü kimi, bu yazıda çağdaş qırğız ədəbiyyatına baxış təqdim olunur.

***
Çağdaş qırğız şeiri fərqli ədəbi nəsillərə mənsub şairlərin qatqısıyla gəlişib və zirvəyə çıxıb. Qırğız Respublikası müstəqilliyini qazandıqdan sonra hər bir vətəndaş üçün ən önəmli özgürlüklərdən olan siyasi, mənəvi və fikir hürriyyət ilə birgə qırğız şeiri də dəyişimə uğrayıb. Bundan öncəki şairlərin şeirləri yeni üsluba keçərək, əski ideoloji və siyasi mövzulardan uzaqlaşıb. Köhnə mövzuların, yanaşmaların yerinə, daha çox, insanın taleyi, duyğuları, tavırları keçib: yəni, keçmiş və bugünü qıyaslamaq, dəyərləndirmək, gələcəyə gerçəkçi baxmaq daha qabarıq şəkil alıb. Həyatdakı çətinliklər və əksliklər, insan psixologiyası və sosial sorunlardan irəli gələn mövzular, vətəncanlılıq şeirləri, eşq şeirləri və bəlli bir mövzuyla sınırlandırılmayan şeirlər (necə deyərlər) meydana daha çox çıxıb. Bu dönüşümün sənətkar düşüncəsindəki önəmli dəyişimlərdən qaynaqlandığını söyləyə bilərik.

Müstəqilliksonrası qırğız şeirini iki yerə ayıra bilərik:

-1991-2000-ci illər arasındakı şairlərin yaradıcılığı,
-2000 və sonrası…

1991-ci ildən sonrakı qırğız şeirində tarix və nəsillər dəyişiminin ağırlığı şairlər Ş.Duyşeev, K.Urmanbetov, N.Alimbekov, A.Rıskulov, K.Kökulov, C.Kasabolotov, N.Kalıbekov, E.Acıkanova, Z.Acımatov, O.Şakirov və b.-nın yaradıcılığında təcalla edib. Onların həyatında və şeirlərində fərqli özəlliklər, mövzu və üslub yenilikləri fərq edilir.
Həmin nəslin başqa bir özəlliyi onların Sovet dönəminə aid təhsili, dünya ədəbiyyatını ana qaynağından deyil də, ruscadan çevirilən kitablardan oxumalarıdır. Təsadüfi deyil ki, Dünya və Şərq ədəbiyyatının ana qaynağına ilgi müstəqillikdən sonra çox artıb. Örnəyi, Jigitov, Akmatbekova kimi şairlər bu əsərləri ana qaynağından çevirərək, qırğız elində tərcümə işinə önəmli qatqıda bulunub.

2000-ci il və sonrasındakı şairlərdən A.Ərgəşova, A.İsmail, N.Qurqubay, (bu yazınn həmmüəllifi) K.Jakup, J.Tursunbay, J.Jamangulova, B.Sarıbay, A.Doranbekuli və b.-nın adını çəkə bilərik. Bu şairlərin şeirlərində eşq lirikası, vətənpərvərlik lirikası aparıcı xətt təşkil edir.

Müstəqilliyə qovuşduqdan sonra gənclər arasında xəlqi mövzulardakı şeirlərə ağırlıq verildiyi görünür. Ümumən, ən yeni qırğız şeirində gəlişmiş əsas yönlər, mövzu və kateqoriyalar bunlardır: -təsvir və mahiyyət (mənzərə və fəlsəfə);
-köy və şəhər fərqlilikləri;
-qafiyə və qafiyəsizliyin, maddi və qeyri-maddi olanaqların birlikdəliyi…

Lakin bu nəsillərin qarşılaşdığı bir çox sorun var. SSRİ-nin dağılmasından sonra ölkələrin qarşılaşdığı iqtisadi çöküş, yoxsulluq sonucunda yetərli təhsil ala bilməyən yaxud İKT imkanlarına, yeni nəşrlərə çıxışı zəif olan gənc nəsil, sadəcə yetənəkləri ilə sınırlı qalıb. Bir çoxunun Dünya ədəbiyyatından, tendensiyalardan, axımlardan yetərli xəbəri olmayıb. Üstəlik, bu qəriban ədəbi nəsillər yabançı dili yetərli səviyyədə öyrənə bilmədiyindən və ölkədə tərcümə təsərrüfatı da çətin günlər yaşadığı üçün Dünya ədəbiyyatından uzaq qalıb. Bununla belə, son 10 il içində qırğız elində Dünya ədəbiyyatı və qardaş Türk xalqlarının ədəbiyyatına olan ilgi artıb və bütün çətinliklərə baxmayaraq, bir çox şairin çevirmələri kitablaşdırılıb.

Gənc şairlərin digər bir özəllyi də yetənəklərini fərdi olaraq gəlişdirmə çabalarıdır.

90-ci illərdən sonrakı ilk nəsil şairlərlə orta nəsil şairlər arasındakı sənət bağları xeyli zəif qalıb. Bunun sonucunda, şeir məktəbi yaxud ustad-şəyird münasibətləri arzuolunan səviyyəyə qalxmayıb; ancaq bu sorunu kökündən çözmək məqsədi ilə gənc nəsil şairlər “NurBorbor”, “Jiger” kimi ictimai sənət birlikləri quraraq, ölkə çapında festivallar, yarışmalar düzənləməkdədir.

Qırğız şeirində (yuxarıda söz etdiyimiz) hər iki nəslə aid olan ortaq sorunlar:
-siyasi və mənəvi hürriyyət; -hazırkı iqtisadi şərtlər, bazar iqtisadiyyatına keçiddəki əsas sıxıntılar və -ədəbiyyat təsərrüfatındakı sosial sorunlarla sıx bağlıdır.

Başqa bir sorun da ədəbiyyatda şeirin irəliləməsinə dəstək verən tənqidin müstəqilliksonrası dövrdə ya yapılmaması ya keyfiyyətsiz yapılmasıdır. Şairlərin əsərləri dərin təhlil edilmədən, incələnmədən qaldığı üçün, yeniliklərdən uzaq, dağınıq şeirlərlə çox qarşılaşırıq.
(Əlbəttə, bu saydıqlarımızın bir bölümü digər keçmiş SSRİ respublikalarına da xasdır).

Qısaca, qırğız şeiri ölkədəki iqtisadi sıxıntılara ilişib qalmadan öz varlığını davam etdirməkdədir.
Biz də bütün bu sadalananlarla birgə, qırğız şeirinin (ədəbiyyatının) gələcəyinin parlaq olacağına və yeni gəlişim sürəti qazanacağına inanırıq.

XX yüzil qırğız ədəbiyyatının zirvəsi: Çingiz Aytmatov

Qırğızıstandan, hələ-hələ qırğız ədəbiyyatından söz açarkən Çingiz Aytmatovu anmamaq günah olar.
Çingiz Aytmatov hələ sağlığında əsərləri dünyada ən çox oxunan yazıçılardan olub. Bu gün də elədir. Onun yazdığı hər bir əsər sanki bütün xalqlardan və millətlərdən olanların həyatını, dünyagörüşünü, fəlsəfəsini, duyumunu, ona münasibəti əks etdirir, onları maraqlandırır. Ç.Aytmatovun əsərlərinin Azərbaycancaya çevrilməsi və nəşri son illərdə də davam edir. Örnəyi, ustadın seçilmiş hekayələrinin İbrahim İlyaslı tərəfindən çevrildiyini və nəşr edildiyini bilirik.

2018-ci ildə Akd. İsa Həbibbəylinin “Ç.Aytmatov haqqında söz” adlı kitabı 3 dildə nəşr olunub. Ç.Aytmatova həsr olunan əsərlərdən biri də Dos.Dr. Mehman Həsənlinin 2020-ci ildə çıxan “Ç.Aytmatov fenomeni və Azərbaycan” monoqrafiyasıdır.
Bişkekdə fəaliyyət göstərən “Türk Dövlətlərinin siyasətinə Dəstək Fondu” Azərbaycan ədəbiyyatı klassiklərinin və çağdaşlarımızın onlarla əsərini qırğızcaya çevrib nəfis şəkildə nəşr edib.

İki önəmli layihə

Çox şadıq ki, qardaş ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrdə bu yazının həmmüəllifinin də iştirakı ilə bir sıra yaddaqalan layihələr icra olunub. Onlardan ikisini qeyd edək.

“Gənc qırğız şeiri antologiyası“nın nəşrə hazırlanması, nəfis şəkildə nəşri və Azərbaycanda silsilə tədbirlərlə təqdim olunmasını məmnuniyyətlə xatırlayırıq.

2019-cu ildə Bakı və Sumqayıtda baş tutan təqdimatlarda Qırğız Milli Yazıçılar Birliyinin başqanı, şair-tərcüməçi Nurlan Kalıbekov başda olmaqla, 14 qırğız şairi iştirak edib.

Layihə rəhbəri Milli Məclisin deputatı Cavanşir Feyziyev, baş redaktoru isə bu yazının həmmüəllifi olan antologiyaya Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və yazıçı-publisist Yunus Oğuz rəy verib.

Antologiyanı qardaş ölkənin istedadlı gənc yazarları, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvləri Altınbek İsmail, bu yazının həmmüəllifi K.Yaqub və Bekbolat Sarıbay tərtib edib.

Kitaba ölkəmizin Qırğızıstandakı keçmiş səfiri Hidayət Orucov “Təqdim”, Cavanşir Feyziyev “Ön söz”, Qırğızıstanın (o vaxtkı) Mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov isə “Bişkekdən Bakıya poeziya buketi” adlı ürək sözü yazıb.

Otuz beş gənc qırğız şairinin müxtəlif mövzuda yaradıcılıq örnəkləri toplanmış nəşrə daxil edilən şeirləri dilimizə İbrahim İlyaslı, Rəsmiyyə Sabir, Təranə Turan Rəhimli, Pərvanə Məmmədli, Gülnar Səma, bu yazının həmmüəllifi Ə.Qoşalı və b. çevirib.

Basqa bir önəmli layihə “Qarabağ hekayələri”nin qırğızcaya çevrilməsi, nəşri və (biri onlayn rejimdə olmaqla) üç dəfə təqdimat mərasiminin keçirilməsidir.

Bişkekdə keçirilən iki təqdimat mərasimində Azərbaycanın Qırğız Respublikasındakı səfiri Lətif Qəndilov, ictimaiyyət nümayəndələri, qırğız yazıçıları və b. iştirak edib
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri
Qənirə Paşayevanın rəhbərliyi, həmmüəllifliyi, Qırğız Milli Yazıçılar Birliyinin başqanı Nurlan Kalıbekovun önsözü ilə gün üzü görən “Qarabağ hekayələri”ndə
13 yazarın Qarabağ mövzusuna gəsr etdiyi 14 hekayəsi yer alıb. Antologiyadakı mətnləri qırğızcaya tanınmış yeni nəsil şair-tərcüməçiləri Bekbolat Sarıbay, Jıldızbek Tursunbay, Joldubek Kaçkınbaev, Kanıbek Umurzakov və Altınbek İsmayıl uyğunlaşdırıb.

Uluu Toolor” NPM-də nəşrə hazırlanmış kitabın rəssamı Samat Asılkerimovdur.

Bu iki layihə nə ilk, nə də son deyil, əlbəttə. Əlbəttə, bundan sonra daha böyük layihələrin, nəşr, simpozium, festival və d. mədəni tədbirlərin fərəhli nəticələrini bölüşəcəyik.

Qardaşlığımız var olsun!

Əkbər QOŞALI,
Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı,

Kaliça JAKUP,
Qırğız Milli Yazıçılar Birliyinin və DGTYB-nin üzvü, şair