Ana səhifə BAŞ YAZI Bu adı yadda saxlayın: TOĞRUL KƏRİMLİ

Bu adı yadda saxlayın: TOĞRUL KƏRİMLİ

Müəllif: Bizim Yazı
767 baxış

/22.07.1994-cü ildə Tovuzun Qaraxanlı kəndində doğulub. ADNA-nın IV kurs öyrəncisidir./

***

Nə günah etdin ki, qardaş,
suçunnan asdılar səni?
Özün əkdiyin ağacda
saçınnan asdılar səni.

Əlinə keçdin dəlinin,
oduna koçdün dəlinin;
Nə danışdın ki, dilinin
ucunnan asdılar səni?!

 

Kimsə durmuşdu qəsdində,
cox incidin, cox küsdün də…
Bir tikə çörək üstündə
acınnan asdılar səni.

Ürəyini dağladıb da,
hönkür-hönkür ağladıb da.
Əllərini bağladıb da,
içinnən asdılar səni.

Unudun məni…

Bir az sol küncümə keçin, adamlar,
ovudun yavaşca, ovudun məni…
İçimnən asılmış sözləri dərin,
sovudun yavaşca, sovudun məni

Dünyada yox olub hara getmişdiz,
Harda başdamışdız, harda bitmişdiz?
Bir vaxt tələsiyə düşüb getmişdiz,
qayıdın yavaşca, qayıdın məni…

Nə vaxtsa yerimə gələ bir adam,
çətin çəkdiyimi bilə bir adam;
Deyin hec olmayıb belə bir adam,
unudun yavaşca, unudun məni…

Sular daşa dönübdü…

Bu buz küləklərin sərin istisi,
bu qara günəşin üşüntüsü var.
Torpaqda nə qədər adamın kökü
nə qədər adamın çürüntüsü var.

Allah, ağacların quşa dönübdü,
bu dünya gör neçə başa dönübdü…
Bir də… gördük sular daşa dönübdü,
daşların su kimi ərintisi var…

Hamını içimə büküb gözlərim,
bəxtini ölümə dikib gözlərim.
Bu gecə yuxuda çəkib gözlərim
məndə o dünyanın görüntüsü var.

Ucuz ölüm satılır…

İnanmam razı ola
kim görsəm yaşayışdan…
Qara torpaq yaxşıdır
bu sərsəm yaşayışdan…

bir az mənasız, bir az
aciz ölüm satılır…
Nə qədər var götürün –
ucuz ölüm satılır…

Gedim ölümə verim
nə pulum var əlimdə;.
Qorxuram bahalaşar
bir gün ucuz ölüm də…

Od tutub alışıb günah içimdə…

Günahlar soyuqdan üz tutub yenə
üşüyə-üşüyə istimə gəlib…
Dünyanın nə qədər günahı varsa
İlahi, hamısı üstümə gəlib…

Günah da yanılıb məni… seçimdə,
nə qədər günah var məni biçimdə.
Od tutub, alışdım özüm içimdə,
günahlar yığılıb tüstümə gəlib.

Adam ölür, günah ölmür, bilirəm,
gözü dolmur, nə də gülmür bilirəm;
Günahlar xeyirə gəlmir bilirəm,
günahlar mənim də qəsdimə gəlib.

***

Bu dünyanın hardadır
yoxuş deyilən yeri?!.
Gözlərimin içidir
yağış deyilən yeri.

Tərs yeri qurşağıdır,
ölümü qışlağıdır…
Burundan aşağıdır
qarğış deyilən yeri.

Bu dünyanı güdəcəm,
qorxudub, hürküdəcəm;
Bir gün tapıb gedəcəm,
“Çıxış” deyilən yeri…

Hər adamın ömrünə…

Abi, nələr yazılıb
gör adamın ömrünə..?
Min roman sığışarmış
bir adamın ömrünə…

Fağırı dəcəl çəkib,
axmağı əfəl çəkib.
Sanki şeytan əl çəkib
kür adamın ömrünə.

Qəbirim qazılmır ha,
nağılım yozulmur ha…
Dərd çəkmək yazılmır ha, –
hər adamın ömrünə…

Günah daşıdıq…

Öz günahlarımız bəs etmir kimi
özgənin yerinə günah daşıdıq.
Torpağın üstünə günah cıxartdıq
torpağın dibinə günah daşıdıq.

Bir az kor doğulduq, bir az kar olduq,
bir az yoxa cıxdıq, bir az var olduq.
Ağlaya-ağlaya günahkar olduq
sevinə-sevinə günah daşıdıq…

Qorxmadıq Tanrının tək qargışından,
qorxmadıq axirət oyanışından.
Biz elə dünyanın yaranışından,
Tanrının evinə günah daşıdıq…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.