Ana səhifə BAŞ YAZI Böyük ideyalar məmləkətində…

Böyük ideyalar məmləkətində…

Müəllif: Bizim Yazı
206 baxış

20 ocaqETİBAR ETİBARLI

Taleyimdən keçənlər
(Poemada parça)

Üçüncü fəsil

-3-
Cidanı çuvalda
gizlətmək olmur,
Nə qədər boğasan
dərdi bətində?
Xalqlar: “Bəsdir!”-deyib
ayağa qalxdı
Böyük ideyalar
məmləkətində.

Vərəmə, cüzama
yoluxdu sanki,
Ölkə yarımcandı –
çarəsiz xəstə.
İmperiya bozartdı
qart sifətini,
Durdu gürzə kimi
quyruğu üstdə.

Qıcadı zəhərli
sərt dişlərini,
Bəhanə axtardı
aşkar, haqq-nahaqq.
Hərə bir yol tapıb
çıxdı qıradan,
Bizim başımızda
çatladı çanaq!

Bir ordu göndərdi –
sayımız qədər,
Bütün Azərbaycan
ordugah oldu.
Kəsdi bənd- bərəni…
Bəd əməlindən,
Qara niyyətindən
gec agah olduq.

İnandıq – yatırtdı,
aldatdı bizi.
Aldatdı ac şirin
tülkü mürgüsü.
Aldatdı illərlə
oxuduğumuz
Əbədi “qardaşlıq”,
“dostluq” türküsü.

Ağıla gəlməyən
başa gələrmiş,
Gül qoyduq tankların
lülələrinə.
Bir gecə tuş gəldik
həmən tankların
Qəfil ölüm saçan
güllələrinə.

Bakı qan ağladı,
nifrin yağdırdı,
Naləsi, fəryadı
ərşə dayandı.
Yetmiş il yatdığı
“şirin” yuxudan
Millət qan içində
qalxdı, oyandı.

Doğrandı, əzildi
insan əzası,
Sümüklər xırçhaxırç,
ət tikə-tikə…
Demə, qanımıza
yerikləyibmiş,
“Sülhün dayağıyam!,-
deyən bir ölkə.

Kükrəmiş dənizdə
girinc-giriftar,
Tənha bir gəmiydi
bu yazıq Vətən!
Ölüm yuxusuna
gedibmiş dünya,
Yox idi səs verən,
imdadayetən.

Nə vaxt dincələcək
görən bu torpaq?
Allah, nə qəribə
taleyimiz var!…
Ləkəsiz, minillik
tariximizə
Qan-yaşla yazıldı
20 Yanvar!…

Ağızda dil yandı,
sinədə ürək,
Torpağım yadlara
güzərgah oldu.
Neçə gül bağçası,
gül xiyabanı
Şəhid oğullara
məzargah oldu.

Millətim tökülən
şəhid qanıyla
Quduz düşmənini
yendi—öc aldı.
Bir vaxt yad əliylə
enən bayrağım
Dikəlib, təzədən
göyə ucaldı.

***
Mən sözün sehrinə
düşəndən bəri
Şeir yazmamışdım
hələ bu sayaq.
Ey Kəbəm,
and yerim,
ey səcdəgahım,
Əyilməz qürürum –
üç rəngli bayraq!…

Sən varsan –
torpaq var,
Vətən var demək,
Sən bizə
havasan,
susan,
çörəksən!
Sən şəhid ruhusan
başımız üstdə,
Bu günsən,
sabahsan,
xoş gələcəksən!…

Bir rəngin qırmızı –
qan yaddaşımız,
Bir rəngin səmanın
mavi rəngidir.
Bir rəngin tükənməz
həyat eşqimiz,
Yamyaşıl baharın
gül çələngidir!…

Əbədi məşəlsən –
ümid məşəli,
Hər əsən rüzgardan
sönməyəcəksən.
Bir dəfə enməyin –
müsibətimiz!..
Bir daha,
bir daha
enəməyəcəksən!..

Nə gözəl deyilib:
”Əgər torpağın
uğrunda öləni
varsa, Vətəndir!
Əgər enməyibsə
məğrur bayrağı,
Varlığı əbədi,
sözü ötəndir!…

Uğrunda can verdik,
canım bayrağım,
Dedik, yaşamağa
haqqımız olsun.
Millətin qəlbində,
ruhunda gərək
Sənə məhəbbətdən
heykəl qoyulsun!..

Sıxdı zaman-zaman
sınaqlar bizi,
Doğulduq Günəşin
ziyası kimi.
Üstündə parlayan
ayım, ulduzum
Xalqımın möhürü,
imzası kimi!…

Dalğalan, “Varam!” de!
Elə xoşbəxtəm!..
Gözümdən axan yaş
sevinc yaşıdır!
Dünyada o insan
bəxtiyardı ki,
Azad bir ölkənin
vətəndaşıdır!..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.