Ana səhifə YAZILAR “BİR”İN FƏRYADI…

“BİR”İN FƏRYADI…

Müəllif: Bizim Yazı
146 baxış

ETİBAR ETİBARLI

“Sözünü o kəslərə de ki, səni eşitmirlər.”

Başlıq sizə qəribə gəlməsin. Axı, söz də canlıdır. Onu da yerində işlətməyəndə inciyir, küsür, “fəryad” qoparır. Biz o səsi eşidirikmi? Təəssüf ki, həmişə yox. Belə məqamlarda mərhum şairimiz QABİLin məşhur şerindəki bir misaranı xatırlayıram: “Müsibət oluruq biz səhv düşəndə yerimiz”. Bəli, söz də yerinə düşməyəndə müsibətə dönür, sanki havadan asılı qalır… Hər dilin özünəməxsus qrammatik qayda-qanunu, ifadə tərzi, işlənmə xüsusiyyəti var. Bu qaydalar pozulanda cümlənin də təbii axarı məcrasından çıxır, sözlər sanki biri-birinə zorla, həm də amanabənd qaynaqlanmış müxtəlif ölçülü zəncir həlqələrinə bənzəyir, cümlədəki sözlərin səs düzümünün ümumi ahəngində yerinə düşməyən o yazıq söz də “xaric” səslənir.
Böyük Mirzə Cəlildən gəlişigözəl olsun deyə sitat gətirməmişəm. Movzu ilə əlaqədar bir jurnalist dostumla söhbət zamanı: “Əsəbiləşmə, indicə şəkərin kəlləçarxa qalxacaq,–dedi.—Onsuz da heç kəs heç kəsin kitabını oxumur.” (O, bunu məcazi mənada deyirdi. Həqiqi mənada isə doğrudan da heç kəs biri-birinin nə yazısını, nə də kitabını oxuyur. Allaha çox şükür ki, hamımız “dahi” olmuşaq, biri digərinin ayranına turş demir. ( Bu, ayrı bir söhbətin mövzusudur). Axı, hamı “ağzına su alsa,” demək istədiyini deməsə, ümumi mənafeyə xələl gətirən nöqsanları vaxtında göstərməsə, axırda zərbə qayıdıb özümüzə dəyməyəcəkmi? Hansı sahədəsə yol vediyimiz əyər-əskiyi gec də olasa düzəldə bilərik, lakin dildə buraxılan səhvi aradan qaldırmaq mümkün deyil. Xalqı yaşadan dildir və dilə laqeyd münasibət bəsləmək bağışlanmaz günahdır. Bu fikri müdrikələr deyiblər, mən Amerika kəşf eləmək sevdasında deyiləm. Ona görə də sözümü o kəslərə deyirəm ki, onsuz da məni eşitməyəcəklər.
Bəllidir ki, riyazi rəqəmlər cümlədə müəyyən leksik məna daşıyan söz kimi işlənir və digər sözlər kimi bərabərhüquqlu cümlə üzvünə çevrilir. Onların cümlədə özlərinin halalca yerləri var. Elə söhbət də şifahi dildə kiminsə laqeydliyi ucbatından bu “halalca yer”in dəyişdirilməsindən gedir. Belə nöqsanlar, xoşbəxtlikdən, hələ ki yazılı mətbuata sirayət etməyib, lakin elektron KİV-lərin bəzi aparıcılarının “sayeyi-mərhəmətindən”, deyəsən, tezliklə bu eybəcərliyin də şahidi olacağıq. Etiraf edək ki, məişətimizin ayrılmaz bir hissəsinə çevrilən, geniş auditoriyası olan televiziyalar çox böyük təsir gücünə malikdir. Televiziya aparıcılarının, həmçinin əhalinin müxtəlif zümrələrini təmsil edən nümyəndələrinin çıxışlarını ekran qabağında əyləşən minlərlə tamaşaçı birbaşa izləyir, istər –istəməz təhrif edilmiş söz və ifadələri təkrar-təkrar dinləməli olur və əksəriyyət (savadlı da, savadsız da, məktəbli də) elə zənn edir ki, deyilənlər düzdür. Axı, bu, televiziyadır!… Əgər bircə ay belə təhrif olunmuş ifadələri yazmış olsaq, inanın ki, qalın bir kitaba sığmaz. Adama sərbəstlik verəndə nə olar? Sərbəstliyin də abır-həya deyilən bir sərhədi var axı?! Bəziləri hər hansı mövzu ətrafında danışanda, yaxud müsahibə aparanda yerinə düşməyən “bir” sayını (sözünü) elə bəlağətlə tələffüz edirlər ki, sanki, qızıl xırdalayırlar.
Məni ən çox ağrıdan yarı yaşını keçmiş, ötən Sovet dönəmində mükəmməl təhsil görmüş ziyalılarımızın (əlbəttə, hamısının yox.)–titullu elm adamlarının, mütəxəssislərin, hətta mənim həmkarlarımın—ədəbiyyatçıların da, həmçinin ekranda əzilib-büzülən əksər müğənnilərin və digər sənət sahiblərinin də “bir”i yerində işlətməmələridir. Elə bil qızğın yarış gedir. Məsələn: (düzgün variantı mötərizədə göstərməklə) “Bu, hər hansı BİR VERİLİŞLƏRİN (bir verilişin) mövzusu ola bilməz.”, “Orada saatlarla BİR VAXTLAR (saatlarla vaxt) itirilmir.”, “Yadınızdadırmı orada BİR GÖRÜNTÜLƏR (görüntülər) vardı.”, “Maraqlı BİR MƏQAMLARI ( maraqlı bir məqamı) vurğulamq istəyirəm.”, “ Belə BİR HADİSƏLƏRİN ( bir hadisənin) baş verdiyini bilmirdik.”, “Azərbaycanın çox BİR MƏNZƏRƏLİ YERLƏRİ ( bir çox mənzərəli yerləri) var.”, Vətənimiz qanlı BİR TARİXİ HADİSƏLƏRİN (qanlı bir tarixi hadisənin) şahididir.”, “Gəlin, ötüb-keçən BİR GÜNLƏRİ (günləri) xatırlayaq.” “Dünən Rusiyadan gələn BİR DOSTLARIMLA (dostlarımla) görüşdüm. Onlar qatarda baş verən qəribə BİR OLAYLARDAN ( bir olaydan) danışdılar.” “Dənizdə, okeanda elə BİR HEYVANLAR ( heyvanlar) yaşayır, elə BİR BİTGİLƏT (bitgilər) bitir ki…”, “Bel və boyun ağrıları çox yayılan BİR ŞİKAYƏTLƏRDİR (“şikayətlərdir).” “Onun rayonda BİR AİLƏLƏRİ var.” “Onun şoubiznesdə qalmaqal yaratmaq üçün dediyi BİR SÖZLƏRDİR (dediyi sözlərdir) və s. və i. kimi cümlələrdə “bir” bəzən yerində işlənməmiş, bəzən də lazımsız bir söz kimi cümləyə zorla “pərçimlənmişdir”. Nə qədər desən, misal çəkmək olar. Görəsən, verilişlərin məsul redaktorları bir dəfə də olsun deyirləmi ki, ay insan övladı, sən küçədə deyilsən, efirdəsən, niyə sözü yerində demirsən? Niyə öz nitqinə fikir vermirsən? Digərlərinə, yəni çıxış edənlərə, müsahibə verənlərə isə mən bir tamaşaçı kimi deyərdim: ”Əzizim, gözümün işığı, dil oyuncaq deyil ki, istədiyi kimi oynadasan. Lazım oldu- olmadı “bir”, yaxud başqa sayları ( uslub səhvləri istənilən qədər) keyfin istədiyi kimi işlətməklə nə qazanırsan? Bu, sadəcə, özünəhörmətsizlikdir. Maraqlıdır, görəsən sözü yerində işlətməyən aparıcı, yaxud müsahib özü öz nitqindəki yeknəsəqliyi hiss etmirmi?!
Az-çox bələd olduğum üçün deməliyəm ki, televiziya çox çətin və əzablı bir sahədir. Rahatca əyləşib ekrana baxan tamaşaçı bilmir ki, verilişlər necə ağır zəhmət bahasına ərsəyə gəlir. Ekrandakı görüntülərlə onları təsvir edənin şifahi nitqi vəhdət təşkil etməlidir. Elə verilişlər var ki, operativlik orada əsas şərtdir və asan başa gəlmir. Qısa vaxtda mövzunu əhatə etməklə yanaşı, onu həm də görüntüləməlisən. Bu sahədə jurnalistlər, rejissorlar və texniki işçilərdən ibarət bir “ordu” şalışır ki, onların arasında rəğbət bəslədiyim istedadlı qələm sahibləri yetərincədir. Lakin bu ağır işin nəticəsini tamaşaçıya çatdıran aparıcının cüzi dil xətası da çəkilən zəhməti heçə endirə bilər. ( Proqram—layihələrin tutumlu-tutumsuz, verilişlərin sanballı-canbalsız olması isə ayrı məsələdir və nöqsanlar da az deyil.)
Mövzu ilə əlaqədar mötəbər bir mənbədən (qısa) bəzi məqamları (“bəzi BİR məqamları” yox), həm də dediklərimi əsaslandırmaq üçün lazım olan bölmələri xatırlatmaq istəyirəm. Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunda hazırlanan və akademiyanın nəşriyyatı tərəfindən 1966-cı ildə buraxılan dördcildlik “Azərbaycan dilinin izahlı lüğəti” kitabının 1-ci cildinin ( Bu cildin redaktoru görkəmli alimimiz Əkrəm Cəfərdir.) 275-ci səhifəsində deyilir: “BİR, say. 1. 1 rəqəmi ilə işarə olunan sayın adı, miqdar saylarının ilk vahidi. ÜÇDƏN beş çıxmaq. Beşin üstünə BİR gəlmək. (Miqdarca tək. BİR cilddən ibarət kitab.
6. Bir sıra sözlərin qabağında qeyri-müəyyənlik bildirir. “Ordan BİR AĞAC gətir.” Bu gün bizə BİR ADAM zəng eləmişdi.”
9. Sifətlə isim arasında, yaxud isimlə xəbər arasında təyinlik dərəcəsini artırır, ya da azaldır. “Gözəl BİR MƏNZƏRƏ.” “Məlahətli BİR SƏS.”
10. Vaxt, zaman bildirən isimlərin əvvəlində zaman zərfi əmələ gətirir. “BİR DƏQİQƏdə arvad-uşaq gəlinin başına toplaşdılar.” “BİR GÜN sizə gələrəm.”
12. Feillərin qabağında hərəkətin təsirini şiddətləndirir. “Cavanşir qabağındakı oğlana möhkəm BİR ZƏRBƏ endirərək, onun qalxanını yarıya böldü.”
13. Tərəf, yan, cəhət kimi sözlərin əvvəlinə gətirildikdə bölgü məzmunu ifadə edir. “BİR TƏRƏF razıdır, o BİRİ TƏRƏF yox.”
Göründüyü kimi, lüğətdəki cümlələrdə qrammatik qaydalara riayət olunduğuna görə “BİR”lə əlaqədar söz birləşmələrində cəm şəkilçiləri “-lar”, “-lər” işlənməmişdir.
Bəs bu şəkilçiləri əlavə etmək məsələsi hardan qaynaqlanır? Gəlin etiraf edək ki, kənardan gələn lazımsız, anormal təsirlərə meyllənmək yaxşı heç nə vəd etmir.
Nümunə kimi daha bir söz birləşməsinə toxunmaq məcburiyyətindəyəm. Söhbət ekranlarda iri hərflərlə gah bitişik, gah da ayrı təqdim olunan “BİR AZDAN” birləşməsindən gedir. Bəlkə də “Reklam xatirinə təsadüfən belə işlədiblər” deyib mən də əlimi yelləyərdim. Ancaq keçə bilmədim, çünki İİ sinifdə oxuyan nəvəm məni buna vadar etdi. Baba-bala televizora baxırdıq—reklam nümayiş etdirilirdi. “BİRAZDAN” sözünü görən kimi nəvəm soruşdu:
-Baba, “bir azdan” sözləri bitişik yazılır?
-Yox, mənim balam, ayrı yazılır. Yəqin səhvən belə yazıblar.
-Televizor da səhv eləyir?
-Yox, kimsə bilmədən səhv yazıb.
Bəzən titrlərdə də, “qaçan sətirlər”də də orfoqrafik səhvlər buraxılır və bu səhvlər tamaşaçının gözündən qaçmır.
Görəsən “BİR AZDAN” birləşməsinin yazılış qaydasını pozmaq çoxmu vacibdir? Yenə lüğətdəki qısaca bir izahı nəzərə çatdırıram: BİR AZDAN—tezliklə, çox keçmədən, azacıq sonra. BİR AZDAN gələrəm. BİR AZDAN qayalıqların başı qıpqırmızı işığa qərq oldu.

Azərbaycan dilinin oturuşmuş qrammatikası var və bu elm sahəsi Əbdüləziz Dəmirçizadə, Muxtar Hüseynzadə, Məmmədağa Şirəliyev, Ağamusa Axundov, Afat Qurbanov kimi neçə-neçə dilçi alimin gərgin əməyinin bəhrəsidir. Hələ ötən əsrdə, 30-cu illərinin ortalarından dilimizdə yaxşı mənada başlanan “təmizləmə prosesi” öz müsbət nəticəsini verdi. Bəzi qadağalara rəğmən türkologiya elmi inkişaf etdi, dilimizə vətəndaş təəssübkeşliyilə can yandıran görkəmli alimlərimizin elmi tədqiqatlarında təsbit olunan qrammatik qaydalar ciddi-cəhdlə tətbiq olundu və bu qaydalara istinad edən böyük yazıçılarımızın yazdıqları cild-cild bədii əsərlərdə dilimiz cilalandı, büllurlaşdı; keçmə sözlərin mümkün qarışığı tapıldı, bəziləri isə dilimizdə vətəndaşlıq hüququ qazandı. Dilimizin inkişafında yuxarıda qeyd etdiyim “təəssübkeşlik” az rol oynamadı. Hər sahədə olduğu kimi, Sovet ideologiyası dilçiliyi də öz təsir dairəsində saxlayırdı,
lakin rus dilində təqiqini tapan yenilik milli dillərin müxtəlif sahələrində də (fonetika, morfologiya, sintaksis, leksikologiya, frazeologiya və s.) elmi axtarışlara rəvac verirdi. 70-ci illərdə Moskva alimləri ilə keçmiş Leninqrad alimləri arasında tabeli mürəkkəb cümlələrin işlənmə qaydaları ilə əlaqədar elmi mübahisə gedirdi. Leniqrad alimləri təkid edirdilər ki, mübtəda, xəbər və tamamlıq budaq cümlələri eyni qrammatik fuksiyanı — “aydınlaşdırma” fuksiyasını yerinə yetirdiyinə görə onları” aydınlaşdırma budaq cümləsi (pridatoçnoye izyasnitelnoye) adı altında birləşdirmək lazımdır. Moskva alimləri isə bu versiyanı qəbul etməmişdilər. Azərbaycan alimləri də budaq cümlələrinin hər birinin özünəməxsusluğunu əsas götürərək, müxtəlifliyi seçmişdilər və… bu, ən düzgün seçim idi. Keçmiş podsovet məkanında digər mövcud dillərlə müqayisədə isə, qeyd etdiyim kimi, dilimiz alimlərimizin, yazıçılarımızın təəssübkeşliyi sayəsində öz milli koloritini, öz durumunu daha yüksək səviyyədə saxlamışdı. Əslində, mənşəcə türk dilləri qrupuna mənsub olan dilimizə slavyan mənşəli rus dilinin köklü surətdə təsir etməsi mümkün deyildi. Lakin şifahi dildə bu təsir özünü büruzə verirdi və bu anormallıq hələ də bəzi “savadlılarımızın” nitqində qalmaqdadır. Rusdilli azərbaycanlılar bir yana (Doğrusu, bi seçimim də əlacsızlıqdandır.), digərlərinin dilində bu təsirin əlamətlərini hiss edəndə adama qəribə gəlir. Mirzə Cəlil demişkən, “dünya kəlləmayallaq oldu” bu bədbəxtlər hələ də ayılmayıblar. Məlumdur ki, feili sifətlər rus dilində əksərən təyin budaq cümlələri ilə ifadə olunur. Məsələn, belələrindən biri deyir: “Həmin məhəllədə, HANSI Kİ, MƏN YAŞAYIRAM, çoxlu hündür binalar tikilmişdir.” Bu cümlə “V tom kvartale, V KOTOROM YA JİVU, postroyenı mnoqiye vısokiye doma.” cümləsinin sətri tərcüməsidir, yəni Azərbaycan dilində deyil. Məgər bu cümləni “MƏNİM YAŞADIĞIM HƏMİN MƏHƏLLƏDƏ çoxlu hündür binalar tikilmişdir.” kimi işlətmək belə çətindir? Sadəcə, azərbaycanlı olmaq lazımdır, vəssalam.
Vaxtilə keçmə sözlər dilimizə rus dili vasitəsilə daxil olurdu. Əgər dilimizdə həmin sözlərin qaışılığı məqsədəuyğun deyildisə, dilin qəbul etdiyi formada saxlanılırdı. Axı. o zamanlar milli respublikaların xaricə birbaşa çıxışı olmadığı üçün dillərin biri-biriylə təması da mümkün deyildi, lakin indi “qapılarımız açıqdır.” Əgər “aşıq qapı” nəzarətsiz qalarsa, oradan “yad nəfəs” asanlıqla keçə bilər. Dil isə daha həsas və incə təbiətlidir. Unutsaq, demək günahı özgə yerdə axtarmamalıyıq!…
Azərbaycan dili dünya dilləri sırasında nadir dillərdəndir ki, istənilən keşmə sözü hallandırır və öz qayda-qanununa tabe edə bilir. Dilimizə həssalıqla, yaradıcılıqla yanaşsaq, onun nə qədər zəngin olduğunun şahidi olarıq. Uzğa getməyək, A.S. Puşkinin “Yevgeni Onegin” mənzum romanını S. Vurğunun tərcüməsində Azərbaycan variantı ilə müayisə etmək kifayətdir. 70- ci illərin əvvəllərində M.F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Slavyan Universiteti) oxuyurdum. Az-çox dilə bələd olandan sonra həmin əsərin tərcüməsini sətir-sətir orijinalla müayisə etmiş və dəhşətə gəlmişdim: “İlahi, dilimiz nə qədər zəngin imiş.” Sanki mən Səməd Vurğunu da –dilimizin bütün incəliklərinə bələd olan bu nəhəng sənətkarı da yenidən kəşf eləmişdim. “Yevgeni Onegin”in tərcüməsi keçmiş İttifaq miqyasında ən yaxşı tərcümə kimi qiymətləndirilmişdi. Daha bir misal: Süleyman Rəhimovun “Şamo” epopeyesında yazıçı Çalbayır düzünün təsvirinə təxminən on iki səhifə yer ayırmışdı. Yarım əsrdən artıq uzun bir vaxt keçsə də o zaman məni heyrətləndirən məqamı hələ də xatırlayıram. Böyük yazıçımız dilimizin nə qədər rəngarəng olduğunu sübut etmişdi. İlk baxışdan Çalbayır adicə bir düzünlikdir, lakin yazıçı dilimizin hədsiz imkanlarından məharətlə istifadə edərək, bu “adi” düzənliyi obraz səviyyəsinə qaldırmışdı. Təkcə əlamət bildirən sözlərin (sifətlərin) rəngarənliyi tutarlı bir elmi işin mövzusu ola bilər. Çağdaş ədəbiyyatımızda yaranan “modernist” yarlıqlı əksər nəsr və poeziya nümunələrinin “protocol dili” dilimizə, ümumən sənət və sənətkarlığa laqeydlikdən xəbər vermirmi?
Son iyirmi ildə sədd-sərhəd tanımaz olmuşuq. İndi dilimizin qrammatik qaydalarının pozulduğunu görəndə təəssüflənirəm. Sözün şifahi dildə işlənən formasını yazıya tətbiq etmək yolverilməzdir. Bu, son zamanlar müxtəlif şeir nümunələrində özünü daha qabarıq şəkildə büruzə verir. Çox sadə bir misal çəkək. Niyə “O, SÖZÜNÜ dedi.” cümləsi “O, SÖZÜN dedi.” kimi yazılmalıdır? İsimin təsirlik halını bildirən “-i” səkilçisini ixtisar etməyə nə lüzum var axı? Əgər şeir belə ixtisarla “poetikləşəcəksə”, vay o şeirin halına. Dəb halını alan daha bir nümunə: ”Nəyəsə nail olmaq üçün çalışmaq, zəhmət çəkmək GƏRƏKİR.” Belə cümlələrdə “GƏRƏKDİR” sözünü “GƏRƏKİR” kimi işlədənlər çoxalıb. Kim bu yolla özünü elitar bir sima kimi nümayiş etdirmək məqsədi daşıyırsa, nahaq yerə! Başqa bir problem isə sözlərə siyasi don geydirib, tələm-tələsik tarixin arxivinə göndərməkdir. Keşmiş Sovet İttifaqı dağıldı. Bəs yazıq “ittifaq” sözünün nə günahı vardı? Əgər bu sözü işlətsək, SSRİ yenidən diriləcəkmi? Bu məqamda “başıbəlalı” əlifbamzın dəyişdirilməsi ilə əlqədar (kirildən latına) Milli Məslisdə gedən qızğın mübahisələri xatırladım. Azca qalmışdı ki, “X” hərfi “H” hərfi ilə əvəz olunsun. Xoşbəxtlikdən, yazıçı İsmayıl Şıxlı kimi etiraz edənlər tapıldı. “X”nın “H”ilə əvəzlənməsini təklif edənlərin mövqeyini hələ də başa düşmürəm. Heç bir zərurət olmadan “apostrof”un ləğvi isə artıq dilimizdə öz “yoxluğunu” bildirir. Bu baxımdan ingilislərə həsəd aparmağa dəyər, çünki oxunuşu ilə yazılışında çox böyük fərq olan ingilis dilində oxunmayan bircə hərfi dəyişək desən, dünya dağılar. Öz dilinə mühafizəkarcasına yanaşan, onu göz bəbəyi kimi qoruyan xalq xoşbəxtdir. Sürətlə qloballaşan düyada dilini qoruya bilən xalq öz varlığını qorumuş olacaq…

P.S. Hələ bir qorxum da qalıb. Qorxuram “Sinikers”in cəlbedici reklamına baxıb, “Acmısan? Sinikerslə!” hökmünü eşidən nəvəm soruşa ki, baba, “Sinikerslə!” nə deməkdir? Sizcə, mən ona necə cavab verməliyəm? Görəsən, hansı “ağıllı” “Sinikes ye!” cümləsini “Sinikerslə!” kimi tərcümə edib? Bəs onu efirə verən hansı ağılla veir? Dahi Sabir demişkən, hələ mən gördüklərimin mində birini yazmamışam. Düşünmüşəm ki, “arifə bir işarə” də yetərlidir…
24.02.2014

Qaynaq: “KASPİ

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.