Ana səhifə BAŞ YAZI Bir Vətən rəsmi var hər qərib səsdə…

Bir Vətən rəsmi var hər qərib səsdə…

Müəllif: Bizim Yazı
747 baxış

ƏLİRZA HƏSRƏT

QAPIMI DÖYMƏMİŞ AÇAN ADMLAR

Gözlərim diksindi yağış səsinə,
Yağış da kəsmir ki,gözüm isinə.
Sığınar ruhumun can qəfəsinə.
Qapımı döyməmiş açan adamlar.

Qərib beşiyidir açdığım qucaq,
Qürbətdə köz tutmaz yanan hər ocaq.
Gör neçə bədəni başsız qoyacaq,
Başını götürüb qaçan adamlar.

Gəl ayaq izini yolumdan dər də,
Dünya cənnət olsun qoy bu xəbərdə.
Tikər yuvasını sevən qəlblərdə,
Eşqdən qanadlanıb uçan adamlar.

RUHUMLA QOL-BOYUN CAN SAXLAYIRAM

Qürbət çiçəyidir bu boyu bəstə,
Bir Vətən rəsmi var hər qərib səsdə.
Sərhəd tellərində çalıb “şikəstə”,
Mən azğın düşmənə kin saxlayıram.

Qoyulan heykəldir dağlar torpağa,
Torpağın qoynunda dağa bax,dağa.
Dayağım olmağa,arxam olmağa,
İçimdə bir başqa mən saxlayıram.

Düşdüm arxasınca hər qərib köçün,
Bu ömür yolumdur,tərsinə ölşün!
Bir sevgi dastanı yaratmaq üçün,-
Ruhumla qol-boyun can saxlayıram.

DAĞ KİMİ VÜQARLI OLMAQ İSTƏSƏN…

Çaylardı dağların damarında qan,
Dağlara göz qoyub gülümsəyir dan.
Torpaq da sürüşür ayağı altdan,-
Yerində durmaqdan dağ yorulanda.

Sən ayrı qatarsan,özgə dəstəsən,
Dilimin ucunda bir “şikəstə”sən.
Dağ kimi vüqarli olmaq istəsən,-
Uca zirvələrə bax yorulanda.

Hər yükün altında dözürsə ürək,
Solğun arzular da pöhrələnəcək.
Ölən sevgilərin qəbir damı tək,-
Dağları sinəmə tax yorulanda!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.