Ana səhifə BAŞ YAZI Bir qrup Azərbaycanlı yazar ödülləndirilmişdir

Bir qrup Azərbaycanlı yazar ödülləndirilmişdir

Müəllif: Bizim Yazı
669 baxış

Azərbaycan Yazıçılar Birliyində İraq-Türkman yazıçıları və sənətçiləri ilə görüş olmuşdur

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan-İraq əlaqələri: dünəni, bugünü, gələcəyi” bir həftəlik tədbirlər silsiləsi çərçivəsində respublikamızda səfərdə olan İraq Türkman nümayəndə heyətinin üzvləri iyunun 14-də Azərbaycan Yazıçılar Birliyində (AYB) ədəbi ictimaiyyətin nümayəndələri ilə görüşmüşlər.
Görüşü açıq elan edən AYB sədri, Xalq Yazıçısı ANAR Azərbaycan Respublikası ilə İraq türkmanları arasında tarixi əlaqələrin daha da möhkəmlənməsində mədəniyyətlərin, ədəbiyyat xadimlərinin böyük xidmətləri olduğunu bildirmişdir. O, İraq Türkman yazarları ilə dəfələrlə görüşdüyünü, onlardan 8 nəfərinin AYB üzvlüyünə qəbul edildiyini vurğulamışdır.
Tədbirdə çıxış edən millət vəkili, AYB üzvü Qənirə Paşayeva öncə ANAR müəllimə öz təşəkkürünü çatdırmış, “Azərbaycan-İraq əlaqələri: dünəni, bugünü, gələcəyi” həftəlik proqram çərçivəsində görülmüş işlər haqqında məlumat vermiş, AYB-də keçirilən görüşün qonaqlarımızın və respublika ədəbi ictimaiyyəti nümayəndələrinin istəyi üzərinə düzənləndiyini və bu görüşə xüsusi önəm verdiyini vurğulamışdır. Xanım Paşayeva “Nəsimini, Füzulini, digər klassiklərimizi sevən, yaradıcılığının oğuzların ortaq ədəbi abidəsi olduğunu bilən yeni nəsillər, çox təəssüf ki, bir çox hallarda onların harada doğulduğunu, həyat və fəaliyyətlərini dərindən bilmir, yaxud öyrənməyə həvəs göstərmirlər. Biz istəyirik ki, həm bu boşluq aradan qaldırılsın, həm də yeni ədəbi əlaqələr qurulsun, festivallar, simpoziumlar keçirilsin, qarşılıqlı səfərlər gerçəkləşdirilsin, habelə yeni isimlər, yeni əsərlər üzaə çıxsın, tanınsın. Yəni yalnız ortaq tariximizdən danışmayaq, ortaq gələcək inşa edək.” – deyə qeyd etmişdir.
Sonra qonaqlardan AYB fəxri üzvləri – dr. Şəmsəddin Kuzəçi, dr. Mustafa Ziya, Fövzi Əkrəm Tərzioğlu, eləcə də ünlü səhnə ustası, dramaturq İsmət Hürmüzlü və Türkmaneli İşbirliyi və Kültür Vəqfinin başqanı Fatih Türkcan, professor Qəzənfər Paşayev, professor Vaqif Arzumanlı, yazıçı-publisist Əkbər Qoşalı və başqaları çıxış etmişlər.
Çıxışlarda mərhum Xalq Şairi Rəsul Rza və ədəbiyyatımızın yaxın dostu, mərhum Əbdüllətif Bəndəroğlu tərəfindən əsası qoyulmuş XX yüzildəki dostluq, əməkdaşlıq münasibətlərinin inkişafından söz açılmış, bünövrəsi təməlli şəkildə 1961-ci ildən qoyulmuş ədəbi əlaqələrin bu gün də davam etdirildiyi bildirilmişdir.
Sonra dr. Şəmsəddin Kuzəçi İraq Ədəbiyyatçılar və Yazarlar Birliyinin, İraq Mədəniyyət Nazirliyinin, Türkmaneli İşbirliyi və Kültür Vəqfinin ödüllərini Azərbaycanlı qələm dostlarına təqdim etmişlər. “Azərbaycan – İraq Mədəni əlaqələrinin genişlənməsindəki ilgi və xidmətlərinə görə” AYB sədri ANAR, millət vəkili Qənirə Paşayeva, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı, DGTYB başqanı Əkbər Qoşalı İraq Ədəbiyyatçılar və Yazarlar Birliyinin; professor Qəzənfər Paşayev, professor Vaqif Arzumanlı İraq Mədəniyyət Nazirliyinin; AYB sədri ANAR, AzTV-nin “TURAN” proqramının aparıcısı Zərnişan Azayeva, şairə Gülayə Şınıxlı Türkmaneli İşbirliyi və Kültür Vəqfinin ödüllərinə layiq görülmüşlər.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.