Ana səhifə SÖYLƏŞİLƏR Bir gözəl ağac, bir gözəl bulud ya bir dost təbəssümü… – Adil Mirseyidin istədikləri…

Bir gözəl ağac, bir gözəl bulud ya bir dost təbəssümü… – Adil Mirseyidin istədikləri…

Müəllif: Bizim Yazı
883 baxış

Adil Mirseyid: “Təltif edəcəkləri şəxsləri əvvəlcədən müəyyən edirlər”

Şair Adil Mirseyidlə söhbətə başlayanda qəlbimə qəribə bir rahatlıq hissi çökdü və bir anlıq mənə elə gəldi ki, illər ərzində tanıdığım bir yaxınımla, dostumla söhbət edirəm. Bu söhbət zamanı bir məqam da diqqətimi çəkdi və hiss etdim ki, bu insanda çox güclü həyat sevgisi var. Bəlkə də bir müddət öncə səhhəti ilə bağlı problemlərə qalib gəlməsinə də elə həyata olan sevgisi yardımçı olub.

Şair Adil Mirseyidlə müsahibəni təqdim edirik:

– Son zamanlar səhhətinizlə bağlı problemlər yaşadınız. İndi necəsiz, səhhətiniz necədir?
– Bir aya yaxındır ki, səhhətimdə çox yaxşı irəliləyişlər var. Artıq şəhərdə çıxıb bir-iki saata yaxın gəzə bilirəm. İstədiyim dostlarımla görüşürəm. Bu gün də Rəssamlar İttifaqında idim. Mənim son sərgim zamanı vəziyyətimi görən insanlar indi səhhətimin yaxşı olduğuna məəttəl qalırlar. Elə bilirlər ki, gedib xaricdə müalicə alıb gəlmişəm. Amma mən kiçik bir büdcə ilə öz həkimlərim tərəfindən müalicəmi almışam. Və insanların duaları ilə özümü yaxşı hiss edirəm.

– Adil müəllim, son aylar sizi mətbuatda, tədbirlərdə və ədəbi mühitdə demək olar ki, görə bilmirdik. Bu sizin səhhətinizlə bağlı idi, yoxsa incikliyiniz vardı?
– Yox, mənim elə bir incikliyim ola bilməz. Mən elə adamlardanam ki, məni xoşbəxt etmək üçün dünyada çox az şey lazımdı. Bir gözəl ağac, bir gözəl bulud, ya bir dost təbəssümü, ya bir sərgidə gördüyüm rəsm, ya da oxuduğum bir gözəl misra mənim ağrılarımı unutdura bilir və xoşbəxt oluram. Qaldı ki, mətbuatda az görünməyim səhhətimlə bağlı idi. Ikincisi də o qədər də sosial adam deyiləm. Bir az sufiyanə, dərviş tipli bir adamam. Tənhalığı və zahidanə həyatı daha çox sevirəm. Zövqünə inandığım beş-on nəfər insan var, onlarla görüşmək yüzlərlə insandan görüşməkdən min dəfə yaxşıdı. Deyim ki, yüz adam qarşısında şeir deməyi o qədər də sevmirəm, amma emalatxanada öxüm üçün və ya iki adam üçün şeir oxuya bilərəm. Amma demirəm ki, elə əsas səbəb də xəstəliyim oldu. Hal-hazırda yeni bir layihədə işə başlayacam. Bu layihə “Adil Mirseyidlə bir fincan qəhvə” adlanır.
Bir məsələni də deyim ki, insanların duaları mənə çox böyük kömək oldu. Mən Tanrının lütfünə çox inanıram. Bir yandan da deyim ki, çox böyük ehtimalla həkimin də əli mənə düşdü. Mənim namaz üstündə etdiyim dualar və məni sevən insanların etdiyi dualar məni qorudu. Buna çox inanıram.

– Siz dediniz ki, tənhalığı və sufiyanə həyatı sevirsiz. O zaman tənhalığa qapılanda, Allahla baş-başa qalanda nə düşünürsüz?
– Mən tək qalanda deyəndə ki, əslində müsəlmanlar böyük bir məsciddə namaz qılırlar, səcdə edirlər. Belə baxanda elə o zaman o biri insanlar da Allah qarşısında təkdilər. Hətta bəzən olur ki, insan doğulduğu evdə belə qərib ola bilir. Ən doğma insanların içində də insan özünü qərib hiss etdiyi anlar olur. Bəzən insan öz doğma məmləkətində də mühacir kimi yaşayır. Məndə də bu belədir və illərdir ki, elə bil bu məmləkətdə özümü mühacir kimi hiss edirəm.

– Bəs səhhətiniz ağır olduğu zamanlarda yaradıcılıqda durğunluq olmurdu ki?
– Allah mənə belə bir lütf bəxş edib ki, şəkil çəkə bilirəm. Keçən il dekabr ayında mən xəstə olanda bir sərgim keçirildi. O zaman çox ağır vəziyyətdə idim və heç ayaqüstə dura bilmirdim. Sonra məni axtardılar və sərgi açılanda bir stul tapıb qoydular, mən də orda oturdum. Bir saat orda oldum və sonra evə qayıtdım. Mən sərginin axırınacan dayana bilmədim. Sərgidə olan adamlar indi də mənə zəng edirlər. Bir neçə əsərlərim sərgidə satıldı və ordan gələn pul da mənim dərmanlarımın alınmasına getdi. Səhhətimlə əlaqədar çox oturub çəkə bilmiridim, ancaq son vaxtlar bir neçə rəsm çəkməyə başlamışam. Bunları da sislsilə kimi etmək fikrindəyəm. Məsələn, “Rəssam və mələk”, “Rəssam və uzaylı”. Bir də natürmortlar çəkirəm. Bir dəfə bir insan məndən niyə portret rəsimləri az çəkdiyi soruşdu. Mən də dedim ki, insanlar məni o qədər incidib ki, ona görə daha çox natürmort və təbiət mənzərələrini çəkirəm. İnşallah düşünürəm ki, oktyabrın sonlarında, ya da dekabr ayının əvvəlində bir sərgi keçirim. Dostum Aqil Abbas oğluma deyib ki, bir sərgisinə mən kömək edərəm keçirər. Mən də ona inanıram və düşünürəm ki, dediyini edəcək.

– Bəs yenidən şeirlərinizə rəsm çəkməyi düşünürsüz?
– O eksperimentləri mən çox cavan vaxtında edirdim və rəsmə poeziya elementləri gətirirdim. Həmişə bu cür fikirlərin üzərində düşünmüşəm və hər zaman da sintez etməyə çalışımışam. Deyim ki, mənim bir sıra şəkillərim var ki, onların kənarında şeirlər də var. Son kitabımda bunların bir neçəsini vermişdim.

– Xəstə olduğunuz müddətdə hansı dostalar sizinlə maraqlanırdı?
– Ən çox maraqlanan və tez-tez gələnlər şair Kəmaləddin Qədir, Fəxri Müslüm idi. Demək olar ki, iki gündən bir gəlirdilər və çay içirdik. Daha doğrusu, onlar çay içirdilər, mən də söhbətdən zövq alırdım. Həm də mənə gün ərzində üç stəkandan çox maye qəbul etmək olmaz. Millət vəkilimiz Qənirə Paşayeva bir neçə dəfə gəldi. Bir neçə dəfə də zəng etmişdi. Bir dəfə də həkimin yazdığı resepti aparıb mənim dərmanlarımı aldı. Aqil Abbas mən xəstə olanda gəlib yanıma. Ən maraqlısı odur ki, mənim yanıma daha çox gənc rəssamlar gəlirdilər. Hətta onların arasında tanımadıqlarım da var idi. Mən özüm də utanırdım və heç kimə xəstə olduğumu bildirməməyə çalışırdım.

– Ədəbi mühitdən uzaq olduğunuz anlarda ədəbi camiəni və məlumatlari izləyə bilirdinizmi?
– Ədəbi mühit mənim yazı masamdı, amma mən son zamanlar özümü ədəbi mühitdən bilrəkdən təcrid etmişəm. Bu da özümün könüllü surətdə istəyimdən irəli gələn bir haldır. Ədəbi mühit mənim üçün yazısına, əxlaqına güvəndiyim beş, ya on nəfərdən ibarətdir. Axı Yazıçılar Birliyində min adam ola bilməz. Bu mümkün də deyil.
O ki, qaldı sizin sualınıza, deyim ki, ədəbi mühiti internet vasitəsilə çox az izləyə bilirdim, amma dünyada baş verən ədəbi prosesləri mən rus dili vasitəsilə öyrənməyə çalışmışam. Yəni rus dilində olan kitab və jurnallar vasitəsilə oxuyurdum.

– Milli Kitab Mükafatı artıq start götürüb və kifayət qədər də əsərlərin qəbulu həyata keçirilib. Bəs siz bu müsabiqə haqqında nə düşünürsüz və öz kitabınızı o müsabiqəyə təqdim etmək fikriniz varmı?
– Bilirsiz, bu müsabiqədə bəzi dostlarım var. Amma bəzi adamlar da var ki, onların əslində ədəbiyyata heç dəxli yoxdu. Onlar ədəbiyyatda heç də nüfuz sahibi deyillər. Burda söhbət böyük ədəbiyyatdan gedir. Ancaq mənim belə müsabiqələrə inamım çox azdır. İnanmıram ki, onlar obyektiv ola bilərlər. Çünki belə müsabiqələrdə dəfələrlə görmüşəm ki, təltif edəcəkləri şəxsləri əvvəlcədən müəyyən edirlər. Sonra müsabiqə elan edirlər. Mən deyim ki, əgər obyektiv olsaydılar bəlkə də kitabı təqdim edərdim, amma mən onalrınn obyektivliyinə o qədər də inanmıram. Münsiflər heyətini elan etməmək olardı. Isveç Akademiyasının münsiflər heyəti bilinmir. Eynən Fransa Rəssamlıq Akademiyasının kimlərədən ibarət olduğu da açıqlanmır.

– Yeni kitabınız nə vaxta hazır olacaq?
– Mən çox istərdim ki, bir kitab da çap etdirim. Material da var. İlham pərisi hələ məni tərk etməyib. Amma istərdim ki, yalnız poemalarımdan ibarət bir kitab çap etdirim. Bir də yazdığım esselerdən ibarət bir kitab hazırlamaq da ürəyimdən keçir, amma sağlıq olsun, onu da edərik. Həm də gəlib hər şey maddiyyata dirənir.

Könül Səid

//Teleqraf.com

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.