Ana səhifə YAZILAR BİR FAİZ (öykü)

BİR FAİZ (öykü)

Müəllif: Bizim Yazı
444 baxış

Aliq NAĞIOĞLU

Mən onunla öncələr özəl bir şirkətdə ça­lı­şır­dım. Daha doğrusu, mən işləyirdim, amma tanış ola­na kimi bilmirdim ki, o, hansı işin yiyəsidir. İlk ta­nış­lı­ğımız isə tə­sa­düfən oldu. Rayon mərkəzinə gön­də­ril­diyim işə görə yu­bandığımdan, günorta ye­mə­yi­nə yır- yığış ediləndən son­ra gəlib çıxdım. Hər zaman iş­çiləri gülərüzlə qar­şı­la­yan aşpaz qadın bu dəfə mə­ni qabaqlayıb işarə etdi ki, əy­ləşim, özü nə lazımsa gə­tirəcək. Əslində, yeməkxanada özü­nə xid­mət­di, kim­əsə xüsusi qulluq yuxarıdan ilk gün­dən yasaq edil­mişdi. Tələsik oturduğumdan fikir vermə­miş­dim, mən­dən başqa bir nəfər də içəridə vardı, ancaq əy­lə­şən­dən sonra diqqət etdim və onu tanımadım. Bir az­dan aşpaz qadın iri güllü sinidə yemək gətirdi və mə­nə tərəf çönüb nəvazişlə:

– Cənab, əziyyət olmasa, dayının yanına keçib əyləşərdiniz, – dedi.
­Əlbəttə, mən etiraz etmədən dərhal yerimdən qal­xıb, göstərilən yerdə onunla üzbəüz əyləşdim. Bu, har­dasa altmış beş yaşlarında ağsaçlı, üzü tüklü id­man paltarında bir kişi idi. Saçları yenicə qırxıl­dı­ğın­­dan tük qırıqları al­nın­da, burnunda, üzündə qal­mış­­dı. Qulplu fincana tökül­müş pürrəng çay buğ­la­nır­­dı. O, məni salamlayırmış kimi başını yırğaladı:
– Buyurun əyləşin, deyəsən, geçikmisiniz…
– Mərkəzə iş dalınca getmişdim, o səbəbdən yu­ban­dım, – mızıldandım. Bizim iş yeri olduqca cid­didir, həm də hər hansı problemlər olduqda, rəh­bər­lik dərhal mə­lumatlandırıldığından gecikməmi, xoşa­gəl­məz hallar ya­şamamaq üçün, dəqiq bildirməli oldum:
– Birinci dəfə belə hal baş verir, bayırda nəsə ye­məyə vaxt olmadı, – dedim, əslində gecikməmin sə­bəbini əsaslandırırdım.
– Amma bilmirəm məlumatlısınız, yoxsa yox, ye­məkxanada hər zaman hazır yemək olur, sahib özü belə tapşırıb. Bəzən sürücülər gecə saat üçdə, dörddə uzaq yoldan qayıdır, gec də olsa şam yeməyini fab­rik­də yemə­miş getmirlər; sanki bura çoxlarına doğ­ma ocağından irə­li­dir… Yeməklərin hazırlanması, hər kəsin bir qaydada qi­da­lanması zahirən adi təsir ba­ğışlasa da, bu, elə-belə şey deyil, sahib tərəfindən dü­şünülüb və zaman göstərdi ki, o, həqiqətən haq­lı­dır. Siz işinizdə olun, mənə fikir vermə­yin, iş adamı de­yiləm, yuyunmaq üçün gəlmişəm. Ancaq deyim ki, burda işlədiyiniz müddətdə, nədənsə, sizə rast gəl­məmişəm.
– Mən idarəetmədəyəm…
– Fərq etməz, hamımız bu ailənin üzvləriyik, sa­hibkar yeməyə ciddi nəzarət edir, hər zaman da tə­zə və keyfiyyətli məhsullar alınır, bu, çox yaxşıdır. Ha­mıya bir gözlə baxırlar, ayrı-seçkilik yoxdur, hər kəs­dən də iş tələb olunur, bəlkə nəyisə səhv dedim?- ba­şını qaldır­ma­dan soruşdu. O, əllərini açıb diqqətlə dır­naqlarına baxırdı.
– Tamamilə düz buyurursunuz,- dedim və sü­rət­lə yeməyə girişdim. Vaxtım az idi, məni hər za­man axtara bilərdilər, hələ gördüyüm iş barədə icraçı di­rektora məlu­mat da verməli idim. Odur ki, təzə ta­nı­şımı gözləmədən çayımı içib yerimdən qalxdım. De­yəsən, o, söhbət etmə­yə adam axtarırdı, ürəyi do­luy­du, tünd rəngli çaydan bir qurtum ağzına alıb canıyananlıqla dedi:
– Bütün günah mən maymaqdadır. Nəyə görə vaxtında bir faizdən imtina etdim. Gö­rü­nür, Allah məni cəzalandırmaq üçün fəhmimi əlim­dən aldı, yoxsa indi nağıllar aləmində idim, yaşa­yır­dım özümçün, xaricə də səfərlər edə bilərdim… Mə­nə bu da azdır, zatən keçəni geri qaytarmaq olmaz, di gəl elə bir şans əldən çıxdı… Siz tə­səv­vür edə bilməzsiniz, bir faiz necə böyük məbləğdir?- O, güclə eşidiləcək yavaş səslə danışırdı. Aşpaz qadın, nə­dənsə, hən­də­və­­rimizdə fırlanırdı, bəlkə bulaşıq qabları yı­ğış­dır­maq üçün məqam gözləyirdi, bəlkə tanışıma qulluq gö­stərmək üçün ayaqda durmuşdu, hər halda baş tu­tan söhbəti yayındırmaqdan ötrü daha nəvazişlə:
– Siz ona fikir verməyin, cənab, – dedi – o, hər kəsə eyni şeyləri danışmaqdan usanmır ki…
Sonra çəkinə-çəkinə soruşdu:
– Dayı, yuyunmağın vaxtını ötürməmisən ki?
– Siz haqlısınız, xanım, çayı sonra da içmək olar, yemək də adama yuyunandan sonra yapışır,- ta­nı­şım əlüs­tü razılaşdı və selofan torbasını götürüb aya­ğa durdu.
Talə elə gətirdi ki, tezliklə mən bu iş yerimdən get­məli oldum. İxtisasıma uyğun iş tapmışdım, in­di­ki vaxtda hər zaman belə fürsət ələ düşmür.
Yeni işimdə o ciddilikdən, nəzarətdən əsər-əla­­mət olmasa da, mən intizamlı, bacarıqlı işçi ol­du­ğum­dan, mə­ni tanıyanlar bu qənaətdədilər, yeni iş yerinə tez uyuşdum. Burada mən istirahət günlərimi rahat din­cələ də bilirdim.
Belə günlərin birində yenə rayon mərkəzindəki  par­ka gəldim. Girəcəkdəki köşkdən bir-iki qəzet gö­tü­rüb, iri pa­lıd ağacının altında tənhalığa çəkildim. Park təzə salınsa da, burada dincələnlər az olurdu. İndi də baxanda, bu boy­da parkda vur- tut on adam olmazdı. Mən bura tez-tez baş çəkən adam ki­mi dincələnlərin azlığının səbə­bini bilmirəm. Görünür bu genişlikdə məkanda ictimai ayaq­yolunu unudublar ona görə…
Bir müddət qəzet materiallarına necə başım qa­rı­şıb­sa, yanımda dayananın nə vaxt gəldiyindən xə­­bər tut­ma­mışam. Nəzərlərimiz qarşılaşanda onu ta­­nıdım. Əl­bət­tə, bu, o idi, uşaq təbəssümü ilə göz­lə­ri­­ni qıyıb mənə ba­xır­dı. Qəzeti kənara atıb, onunla əl verib görüşdüm, hal-əh­val tutdum:
– Salam, dayı, xoş gördük, necəsiniz? –Ya­dımda qalmışdı ki, özəl iş yerində hamı onu belə ça­ğı­rırdı. – Bağışlayın, nə vaxt gəlib durmusunuz, xə­bər tutma­mı­şam…
– Gördüm qəzetə yaman yapışıbsınız, onunçun ma­ne olmadım. Maraqlı yazırlar?!..
– Hər gün gördüklərimiz, eşitdiklərimiz, ba­şı­mıza gələnlərdir, nədənsə, kağıza köçəndə maraq ada­ma üstün gəlir. Bu da bir cürə xəstəlikdir…
– Mən heç vaxt qəzet, kitab oxumamışam, te­le­vizora da az-az baxıram. – O, əyilib oturacağa nə­zər saldı və oturdu.
– Orta məktəbi bitirəndən sonra dərhal pul qa­zan­maq üçün həyata atıldım. Fabrik dünyaya açı­lan­da sahi­bin təşəbbüsü ilə Almaniyaya göndərilmə mə­sələm or­taya çıxdı, bunun üçün alman dilini öy­rən­­mək lazım idi. Bir ara lüğətlər tapıb məşğul ol­ma­­ğa girişdim, ancaq çox tezlikə bəlli oldu ki, bu, mən­­lik deyil. Həm də sağ ol­sun, arada gəzənlər, get­mə­yimi əngəllədilər, o vaxtdan hər şeyə marağım öldü. Başqa şeylər də məni çəkmir, – dedi. O qədər sa­kit, səssiz danışırdı ki, sanki heyini- hərə­kə­tini çək­­mişdilər. – Sizi orda görmürəm, deyəsən, gecə növ­bəsinə keçibsiniz.
– Mən heç vaxt gecə növbəsində işləməmişəm, ida­­rə­etmədə idim. Sadəcə altı ay var, ordan uzaq­laş­mı­şam, başqa iş tapdım, ixtisasıma uyğun…
– Canın qurtardı, – o, mənə qəribə həvəslə bax­dı, – ora əsl katorqa idi…
– Mən o cür düşünmürəm, – köhnə adətimdi, hə­­mişə özümü xoşagəlməz hallardan sığortalayıram, – hər yerdə işləmək lazımdır, işlə məşğul olanda ma­hiy­yətə- fila­na varmırsan, bir də indi iş tapmaq çox müş­küldür, bu, keçid dövrünün ən ağır bəlasıdır…
– Qəribədir, onlar mənim gözlərim qarşısında par­la­dılar, indi ölkə bu milyonçulardan danışır. Hər yer­də- xe­yir­də, şərdə onlara göydən düşmüş kimi ba­xır­lar… – Ara­ya üzücü sükut çökdü. Mən danış­maq­dan çox, eşit­mək istəyirdim. Amma gün kimi aydın olan o idi ki, həm­söh­bətim danışmağa əziyyət çə­kir­di, üzülmüş kimiydi. – Mən də bu gün məvacibimi al­dım, təqaüdə hələ çox qalır, – qımışdı- milyonçular hər ay yüz əlli dollar verir. Sədəqə kimi…
– Siz nə danışırsınız, yüz əlli dollar? Niyə belə az? – O, təəccüblə mənə baxdı. – Yəni o boyda var- dövlətin müqabilində bu nədir axı…
– Əlimizdən nə gəlir ki, onu da verməsələr nə edə­rik, – yəni demək istəyirdi sən işləyəndə guya ve­rilə­nə qail deyildin. – Bilirsiniz ki, orada əmək haq­qı­nın qədə­rin­­dən danışmaq yasaq edilib, amma mənim hay-hayım gedib, kimdən, nədən qorxmalıyam. Yax­şısı budur, gəlin sizə bir şey danışım, başağrısı ol­ma­sın… Deməli, bir dəfə sahib və indi hər kəsin tanıdığı mil­yonçular mənim evim­də yeyib-içirdilər. Evim bö­yük və dəbdəbəli olmasa da, içində hər cürə şəraiti vardı. Tək-tük hallarda onlara bu tərkibdə bir yerdə olmaq nəsib olurdu, çünki sahib ilin bö­yük hissəsini xaricdə olur, ailəsi də həmçinin, burdakı mülkünə isə mən baxıram. Açığı buna görə o, həmişə mənim haqq-hesabımı ürəyimcə verirdi, bu isə uzun illər müx­təlif xəstəliklərdən əziyyət çəkən arvadımın da­va-dərmanına, xeyir-şərə bəs edirdi. Bir müddət əvvəl bu firavan həyatdan məhrum oldum. Əslində, bu, sahibin gediş-gəlişinin kəsildiyi dövrə təsadüf edir. İndi mənə verilən yüz əlli dolları – bilirsiniz ki, burda maaşlar milli valyu­ta ilə ödənilmir – ancaq öz xərclərimə güclə çat­dı­rı­ram. Ay ərzində yığılan borc­larımı ödəyəndən sonra, cə­mi-cümlətani yeddi dol­lar qaldı ki, ona da bu gün yün­gülvari qəlyanaltı elə­dim. Növbəti məvacibə qədər yenə borc yığa­ca­ğam. Düzdür, mən hər zaman yemək üçün fab­rikə ge­də bilərdim. Amma son dəfə, təxminən bir ay əv­­vəl, köməkçi ilə möhkəm savaşandan sonra, ordan aya­ğım tamamilə kəsildi. Mən onun quldurlarını üzünə söy­düm, qardaşlar bu, hərəkətimi qəbul etmə­di, nökərlərini üstün tut­du. Görünür, firmaya işi aparan robotlar lazımdır, onlar amöb kimilər olsa belə… Nə isə… Bir az əvvəl xanımım da dünyasını dəyişdi, tamam tək qaldım. İnsafən mərhu­mə­nin bütün yas xərclə­rini, hətta qəbirüstü işlərini qardaşlar gördü, onda sahib Almaniyada ağır cərahiyyə əməliyyatı keçir­di­yindən mərasimə gələ bilmədi. – O, siqaret yandır­dı. – Hə, onu deyirdim axı, onda məclis yaman qızışmışdı və qardaşlardan kiçiyi, hesab edirəm ki, o, çoxbilmiş və tədbirli adamdır, sahibin kifayət qədər kefli ol­duğunu görüb ürəkləndi:
– Şükür Allaha işlərimiz artıq qaydasına düşür, həm xaricdən mal-materiallarımız ardıcıl gəlir, həm də daxili bazarda məhsullarımız yaxşı satılır. Düz­dür, artıq rə­qabət aparacaq istehsal sahələri də artır, amma məhsul­la­rımızın keyfiyyəti, çeşidlərin rənga­rəng­­liyi, ən başlıcası qiymətlərin ucuzluğu hələ ki, qor­xu yaratmır. Ona görə istehsalı artırırıq, işci sayı da çoxalır, bu da sıx bir bölgə­də insanların işlə tə­mi­na­tında bizim üzərimizə götür­dü­yü­müz öhdəlikləri icra etməyimizə imkan verir. Gələcək üçün pers­pek­tiv planlarımız var ki, söhbətimizin əvvəlin­də böyük ba­cıoğlu sizi ətraflı məlumatlandırdı. Amma bir məsələ qalır, bu bizim üçümüzə aiddir, onu da  həll et­mə­­yin vaxtı yəqin yetişib… – müsahibim sözünə ara ver­di, növbəti siqareti yandırdı, bu zaman onun arıq, sa­ralmış barmaqları aşkar əsirdi.
– Siz yaman şox çəkirsiniz, – dedim.
– Artıq iş-işdən keçib, vəlvələdən-zəlzələdən, bi­zimki bura qədərmiş. Nə isə… Harda qalmışdım… hə-ə, sahib bəlkə də söhbətin nədən getdiyini an­la­mış­dı, amma hər zaman sakit, təmkinli adam olduğu üçün susaraq diq­qət­lə qulaq kəsilirdi, danışmağa meyl­li deyildi. Mən də bir kənarda, onlar üçün meyvə soyub hazırlayaraq, ayaq­üstə qulaq kəsilmişdim. Ba­laca kürən başladı ki, bəs pay bölgüsünə yenidən bax­mağın əsl vaxtıdır, bu, sözləri deyəndə oğrun-oğ­run böyük kürənə boylanırdı, yəni bu günə qədərki əlli üstəgəl iyirmi beş, üstəgəl iyirmi beş faiz bundan sonra üç bərabər yerə bölünməlidir: otuz üç, üstə­gəl otuz üç, üstəgəl otuz üç… – Araya dərin sükut çök­­­­dü. Böyük kürən nəsə yeyirdi, deyəsən, alma idi, di­­şi­nə çəkmişdi, axırıncı tikə ağzında qaldı. Mən kü­rən qar­daş­ların gözlərinin sahibə qəribə maraqla dikil­diyini gör­mə­mək üçün meyvələrin zibil qalağını gö­türüb mətbəxə keçdim. Yubanmadan geri qayı­dan­da:
– Hər şey gün kimi aydındır, amma ortada bir faiz necə olsun? Axı bu andıra qalmış faiz havadadır, zənnimcə, bilərəkdən belə edibsiniz… – sahib xəfif-xəfif güldü.
– Elədir, dayı, o bir faizi ikimiz də, – kiçik kürən məni göstərdi, – balaca üçün nəzərdə tut­mu­şuq.
Otağa tam sükut çökdü, onlar duruxub, sahibin ver­əcəyi qərarı göz­ləyirdi. Mən isə açığı, söhbətin belə dö­nüş­ünü gözləmirdim, hazırlıqsız idim, həm də o vaxtlar maddi duru­mum çox yaxşı olduğundan heç nə eynimə deyildi. Am­ma hamını sakitləşdirəcək və qane edəcək qərar da uzun  çəkmədi:
– Qoy onda balacanın bu işdə fikrini öyrənək,- sa­hib çönüb mənə baxdı.- Hə, nə deyirsən, səni də öz dəstəmizə qoşmaq istəyirik, fikrin nədir?
– Hesab edin ki, o bir faiz sizin payınıza əlavə ol­malıdır, sahib. Sizin müdrikliyiniz yetər ki, gə­lə­cək işləriniz daha irəli getsin. – Sanki mən söz üçün gəz­mir­dim, onlar hardansa tökülürdü.- O ki qaldı mənə, qoy Allah ömür versin, hələ uzun illər qullu­ğu­nuzda durum. Dolanışığımdan razıyam, tanrı köl­gə­nizi üstümüzdən əskik etməsin. Amma oğlanlarım bö­yüyüblər, onlara da fab­rik­də iş verərsiniz pis yola düşməzlər, biz də keyvəni ilə ev­lən­mə­lə­ri barədə düşünərik… Key­vəninin canını xəstəliklər əldən salıb, yada düş­məsə də, deməliyəm. Belə baxanda onun kimi tox­do­yum insan təsəvvür etmək çətindir. Bilsə mən özü­müz üçün nəsə ummuşam, üzümə baxmaz, neynim ca­vanlıqdan xasiyyəti ilə barışmışam…
Lənət şeytana, axırıncı sözlərimin mətləbə nə dəxli vardı?! Mən və arvadım uzun illər sahibin qul­lu­ğunda sə­da­qətlə durmuşuq və bunu məxsusi gözə sox­mağa lüzum yoxd­u, bir halda o, özü bu barədə heç vaxt münasibət bildir­məmişdi.
Beləcə, mən o bir faizdən imtina etdim, öz əlim­lə son ümid şamını söndürdüm. O vaxt bu rə­qə­mi şox kiçik bil­diyimdən, fərqində deyildim. Əs­lin­də, savadsız, burnu­nun ucundan irəlini görməyən adam üçün belə də olmalı idi. Adamın qarnı tox olan­da müvəqqəti hər şey yaddan çıxır: gələcək fə­sad­ları, hətta ölümü unudur…
Bizim həyatımız da kəskin iqlim dəyi­şik­lik­lə­rin­dən pis olub, ağıllı adamlar qətiyyən sayıqlıqlarını itir­mirlər, əlbət­tə, mən suyu qorxa-qorxa içənləri nə­zərdə tut­mu­ram…
İllər çox tez ötüb keçdi, hər zaman belə olub: nə­yisə vaxtında çırpışdıra bilmədinsə, günahı öz­gə­lər­də ax­tar­­ma. İndi həmin bir faizə nəinki mən, iki oğ­lum, onların gə­­ləcək ailələri və nəvələrim süd gö­lün­də üzərdilər… Düz­dür, sonradan hər iki oğlumu fab­rikə işə düzəltdilər, am­ma zaman keçmədi ki, hiyləgər ətraf qulp quraşdırıb uzaq­laşdırdılar. İndi Rusiyadadırlar, yerləri- yurdları da bəlli deyil… Belədə mənim özü­­mə yaxın bildiyim adam­lardan da orda kimsə qal­ma­yıb…
– Siz bir neçə dəfə kürən dediniz… – mən na­haq so­ruş­duğumu sual ağzımdan çıxan anda hiss et­dim. Amma cavab özünü yubatmadı, çünki o, artıq ay­rılmaq üçün ayağa durmuşdu:
– Onların rəhmətlik anaları sarışındı… Hər ikisi ona oxşayıb. Yaşca hamımızdan böyük idi… Bunun nə­yi pis­dir ki… Çoxları bilmir, axı… mən onların ki­çik dayı­sı­yam…
O, qəddini düzəltmək üçün geri qanrılmağa cəhd etdi, bacarmadı. Donuq baxışlarla məni süzdü:
– Mənimki daha bitdi… Amma mən yas mə­ra­si­mimi yüz faiz sizə cıza bilərdim, tələsirəm, onlar bu­nu ad­larına layiq edəcəklər, ölülərinə sahib çı­xa­caq­lar, hə­mişə belə olub: canımız çıxandan sonra ma­taha minirik, gö­rərsiz…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.