Ana səhifə YENİLİKLƏR BDU-da III BAKI YAPONİYA MƏDƏNİYYƏTİ FESTİVALI KEÇİRİLİB

BDU-da III BAKI YAPONİYA MƏDƏNİYYƏTİ FESTİVALI KEÇİRİLİB

Müəllif: Bizim Yazı
1. 103 baxış

Milli mədəniyyətlərin inteqrasiyasına ciddi önəm verildiyi çağdaş dövrdə Azzərbaycan tolerantlığın və kulturalizmin örnəyi olan bir ölkə kimi diqqət mərkəzindədir. Fərqli millətlərin, müxtəlif dini əqidəyə mənsub insanların ölkəmizdə azadlıq və əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərməsi, hər zaman dövlətimizin diqqət-qayğısını hiss etməsi, onun vətəndaşları ilə eyni hüquqa malik olması, ölkəmizdə rahat, xoşbəxt olması Azərbaycanın dünyada tolerantlığı ilə seçilən ölkələr sırasında qabaqcıl yer tutduğunun göstəricisidir. Azərbaycan Qərb və Şərq ölkələri ilə münasibətlərini ildən-ilə genişləndirir, iqtisadiyyat, elm, təhsil və mədəniyyət sahəsində mübadilələri artırır, mötəbər beynəlxalq tədbirlər həyata keçirir. 22 aprel 2017-ci ildə Bakı Dövlət Universitetində gerçəkləşən III Bakı  Yaponiya Mədəniyyəti Festivalı da bu istiqamətdə görülən əhəmiyyətli işlərdən biri kimi diqqəti cəlb edir.
BDU-nun Şərqşünaslıq fakültəsinin layihəsi olan festival Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin, “İnpeks” və “Kuyo” şirkətlərinin dəstəyi ilə gerçəkləşdi. Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının fəallığı və fakültənin yaponşünas tələbələırinin iştirakı ilə keçirilən festivalda Yaponiyanın Azərbaycandakı səfirliyinin səlahiyyətli nümayəndələri, Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Univertsitetinin tələbələri, 225 və 245 saylı orta məktəbin şagirdləri, yapon dili və ədəbiyyatı mütəxəssisləri, Yaponiyalı müəllim və tələbələrin iştirak edirdilər. Festivalın açılışında giriş sözü ilə çıxış edən BDU rektorunun ümumi işlər üzrə müşaviri professor İsmayıl Əliyev bu mühüm tədbirin Azərbaycan-Yaponiya mədəni əlaqələrinə töhfə kimi böyük əhəmiyyətini vurğuladı. O, bu kimi tədbirlərin tələbələrin yaradıcılıq potensialını, təşkilatçılıq bacarığını aşkara çıxardığını, onlarda məsuliyyət hissini daha da gücləndirdiyini, eyni zamanda milli mədəniyyətlərin qarşılıqlı əlaqəsi nəticəsində insan təfəkkürünün müxtəlif inkişaf yönləri haqqında konkret təsəvvürə malik olduqlarını qeyd etdi. Professor İsmayıl Əliyev Yaponiyanın regional özünəməxsusluqları, coğrafi, iqtisadi, siyasi və mədəni həyatda nailiyyətləri haqqında da iştirakçılarda müəyyən təsəvvür yaratdı.
Yaponiyanın Azərbaycandakı Səfirliyinin Mədəniyyət və İnformasiya şöbəsinin müdiri xanım Uçidate Saki Yaponiya-Azərbaycan mədəni əlaqələrinin bu gün hər iki dövlətdə diqqət mərkəzində olduğunu, bu münasibətlərin fərqli aspektlər üzrə inkişaf etdiyini, iki ölkə arasındakı dostluq və əməkdaşlığın yeni töhfələr verdiyini vurğuladı. O, bu əlaqələrin inkişafında və möhkəmlənməsində elm və təhsilin üzərinə düşən vəzifələri xüsusi vurğuladı. Xanım Uçidate Saki BDU-nun rəhbərliyini, Şərqşünaslıq fakültəsinin professor-müəllim heyətini və tələbələrini, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasını bu sahədə xidmətlərinə görə təqdir etdiyini nəzərə çatdırdı. BDU-nun Uzaq Şərq Dilləri və Ədəbiyyatı kafedrasının müdiri, dosent Oqtay Cəlilbəyli festivalın hazırlığı işində universitet rəhbərliyinin dəstəyi üçün minnətdarlığını bildirdi. O, tələbələrin bu işdə fəallığını xüsusi vurğulayaraq onların əməyini yüksək dəyərləndirdi. Eyni zamanda, festivalın əhatə etdiyi yapon mədəniyyəti sahələri, tələbələr arasında keçirilən mahnı müsabiqəsi haqqında iştirakçıları bilgiləndirdi.
Tədbirdə həmçinin Şərqşünaslıq fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Əzizov, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının yapon dili müəllimləri Sudo Nabuhiro, Şəbnəm Mirqədirova, Ellada Məmmədova, yapon ədəbiyyatı müəllimləri dosent Leyla Əliyeva, dosent Təranə Turan Rəhimli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ingilis dili kafedrasının müdiri, dosent Gülçöhrə Alıyeva, Abdulla Şaiqin Ev Muzeyinin direktoru, sənətşünaslıq elmləri üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə və b. tələbələrə festivalda uğurlar arzuladılar.
Festivalın I hissəsi mahnı müsabiqəsi və rəngarəng səhnələrlə davam etdi. Azərbaycan Dillər universitetinin tələbələri Sevinc Paşayeva, Əvəz Qəhrəmanov, Jalə Abbasəliyeva, Gülər Zeynallı, Günel Rəhimli, Gülcan Quliyeva və Ziba Sadıxlı iştirakçılara əsrarəngiz yapon rəqsini təqdim etdilər. 245 saylı məktəbin şagirdləri Sara Ömərova, Rüstəm Mamedcanov, Dilbər Kərimli, Nuranə Məmmədova da çağdaş yapon rəqsi ifa etdilər.
Festival iştirakçılarının daha böyük coşqu ilə qarşıladığı Abdulla Şaiqin “Tıq-Tıq xanımın nağılı” əsərinin yapon dilində tamaşası oldu. Şərqşünaslıq fakültəsinin regionşünaslıq ixtisası (Yaponiya) üzrə III kurs tələbələri  Sirac Ağayev, Üzeyir Kərimov və Lamiyə Sadıqova əsəri yapon dilinə tərcümə etmişlər. “Tıq-Tıq xanımın nağılını yapon dilində uğurla səhnələşdirən tələbələr – Lamiyə Sadıqova, Murad Nəsirov, Aytəkin Zeynalova, Əbdülxələf Məmmədli, Nicat Həşimov, Xanım Ağayeva, Aytac Kərimova, Nemət Mirzə, Orxan Məmmədov iştirakçıların rəğbət və alqışlarını qazandılar.
Fakültənin tələbələri Sadiq Məcidli və Nicat Haşımov yapon mahnısını məharətlə ifadə edərək maraq doğurdular. 225 saylı məktəbin şagirdləri Fərid Quliyev, Eduard Karpin, Nurcan Həmidli, Cəmil Heydərov da mahnı müsabiqəsində çıxış etdilər. 245 saylı məktəbin şagirdləri Rüstəm Məmmədcanov, Nərminə Qasımova, Sara Ömərova, Dilbər Kərimli, Kamilla Niyazova, Həbib Ömərov, Tofiq Hüseynli, Zəhra Hacıbalayeva, Nuranə Məmmədova, Ülkər Cavadova, Firuzə İbrahimova da yapon mahnısı ilə iştirakçıların zövqünü oxşadılar. Tələbələrin yapon dilindən tərcümə edərək alt yazılarını yerləşdirdiyi “Hotaru meşəsi” adlı yapon animesi böyük sevgi ilə qarşılandı və yapon incəsənətinin nümunəsi kimi tamaşaçıları duyğulandırdı.
Festivalın I hissəsinin yekununda Mahnı müsabiqəsinin qalibləri elan edildi. BDU-nun Şərqşünaslıq fakültəsinin regionşünaslıq (“Yaponiya üzrə) ixtisasının tələbələri Sadiq Məcidli və Nicat Haşımovun birlikdə ifa etdiyi mahnı münsiflər heyəti tərəfindən yüksək dəyərləndirildi. Qalıblərin adları açıqlandıqdan sonra onlara Yaponiya səfirliyinin hədiyyələri təqdim olundu. Çıxış edən digər tələbələrə də simvolik hədiyyələr verildi.
Festivalın ikinci hissəsində yapon mədəniyyətinin oriqami, yapon milli geyimləri, çay dəstgahı, ikebana, xəttatlıq, yapon xalq oyunları, kospley, yapon milli mətbəxi, şifahi xalq ədəbiyyatı, şoudo və s. sahələri ilə tanış olan iştirakçılar bu özünəməxsus, orijinal milli mədəniyyətə böyük maraq göstərdilər. Yapon mədəniyyətinin müxtəlif sahələri ilə ayrı-ayrı otaqlarda tanış olmaq imkanı əldə edən seyrçilər yaponlarda xüsusi mənəvi önəm kəsb edən çay dəstgahı ilə bağlı dolğun təsəvvürə malik oldular. Onlar dünyanın bütün ölkələrindəki çay süfrəsindən fərqli olaraq yaponların çayla bağlı məxsusi bir mərasim həyata keçirdiyinin şahidi oldular. “Yaşayan güllər, “canlı güllər” mənasını ifadə edən ikebana sənətinin dünyada sevildiyini xatırladan ikebana ustaları müxtəlif güllərdən hazırladıqları estetik nümunələrlə iştirakçıları heyran etdilər. Yapon xəttatlığı otağında kalliqrafiya sənətinə gənclərin ciddi maraq göstərdiyinin, hər kəsin öz adını yaponca, səliqəli hüsn-xəttlə yazmaq həvəsinin şahidi olduq. Oriqami düzəltməyə çalışan, durna, ürək, gül və s. oriqamiləri uğurla hazırlaya bilən tələbələr gördükləri işdən zövq alırdılar. Yapon milli geyimi yukatanı, kimanonu geyinməyə isə hamı həvəsli görünürdü. Oğlanlar və qızlar üçün ayrı-ayrı otaqlarda nümayiş etdirilən yapon milli geyimləri tələbə-gənclərdə xüsusi maraq yaratmışdı. Festivalın yapon mətbəxi otağında isə suşi, şokoladlı banan, Hokkaydo peçenyesi, yapon şirniyyatları və s. qonaqlara təqdim edildi. Həmçinin yapon əyləncəli oyunları üçün də xüsusi otaq ayrılmışdı ki, bu da festival iştirakçılarının bu ölkədəki  istirahət növləri ilə bağlı bilgilərini dolğunlaşdırmaq məqsədinə xidmət edirdi.
Mükəmməl təşkil olunmuş III Bakı  Yaponiya Mədəniyyət Festivalından iştirakçılar unudulmaz təəssüratlarla ayrıldılar. Hər kəsin qəlbində bu mötəbər tədbirin təşkilatçılarına minnətdarlıq duyğusu və belə festivalların intensiv olaraq  keçirlməsi arzusu vardı. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin rəhbərliyi isə hər il böyük zəhmət hesabına gerçəkləşdirdiyi bu ənənəvi Yapon Mədəniyyəti Festivalını qarşıdakı illərdə daha hansı yeniliklərlə təqdim edəcəyi ilə bağlı tədbirlər planı hazırlamaqdadır. Yenə də sakura mövsümündə, yaponların bayram əhval-ruhiyyəli daha bir yaz fəslində Bakı Dövlət Universiteti sevinc, fərəh duyğusu bəxş edən daha bir festivalla milli mədəniyyətimizin gündəminə rəng qatacaq…

Təranə TURAN (RƏHİMLİ), filologiya üzrə fəlsəfə doktoru, dosent

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.