Ana səhifə BAŞ YAZI Psixoloq-şair deyir: BƏLKƏ DƏLİ OLMUŞAM?!.

Psixoloq-şair deyir: BƏLKƏ DƏLİ OLMUŞAM?!.

Müəllif: Bizim Yazı
121 baxış

Elnur BAYRAM (KƏLBƏCƏR)

EYLƏ

bir üzü haqq dünyanın
yarı nahaq dünyanın
boynuna tax, dünyanın –
dərdini düyün eylə.

qaçma o yan bu yana
sanma zaman dayana;
düşmüsən bir oyuna
gəl, qoşul oyun eylə.

qurban gedirdin günaha,
oda döndərdi bəd aha…
qurbanlıq olmaram daha
qurbanını qoyun eylə…

XATIRLA MƏNİ

vaxt tapanda yada sal,
xəyalını oda sal,
canına bir qada sal –
gəlsə, xatırla məni.

dillərə qınaq olsan
eşqinə sınaq olsan
güllərə qonaq olsan –
gülsə, xatırla məni

üzünə Günəş gülən
bağrını həsrət dələn,
kədərini dərd bilən –
bölsə… xatırla məni.

kül altında məhəbbət
özündə bir dəyanət,
ürəyində mərhəmət,
qalsa, xatırla məni.

gözlərində ki, nurun,
o kor olmuş qürurun…
ürəyində Elnurun
ölsə… xatırla məni…

NAĞILVARİ

tellərin sığal bilməzdi
dalğın idi, gözəl idi
dillərin “dil” bilməzdi
çılğın idi, gözəl idi.

o titrəşən barmaqların
rəng görməyən dırnaqların
bir öpüşlük dodaqların –
solğun idi, gözəl idi.

“can evimi” yıxmaqların,
məni oda yaxmaqların
o utancaq baxmaqların
oğrun idi… gözəl idi…

tez dəyişən halların,
ağ yanaqda alların
telefonda “sağol”ların
yorğun idi, gözəl idi.

mənli olan yuxuların,
çəkmədiyim qayğıların,
mənə olan duyğuların
dolğun idi, gözəl idi…

SUAL

səsi qədər incə qız
səsləndi indicə qız
mənim eşqim səncə qız
vüsalına çatarmı?

hüsnünə şeir oxusam,
güldən çələng toxusam,
tellərinə toxunsam,
ürəyinə yatarmı?

ümmanına yön alsam
dönüb bu an sən olsam,
dərdlərini mən alsam,
de, başını qatarmı?

ya desələr ölmüşəm,
ya bu halda gülmüşəm,
bəlkə dəli olmuşam
ey..! ağlına batarmı?..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.