Ana səhifə BAŞ YAZI “Bəli, üç yazıçıdan biriyəm” – VARİS

“Bəli, üç yazıçıdan biriyəm” – VARİS

Müəllif: Bizim Yazı
931 baxış

“Azərbaycan Yazıçılar Birliyinin sədri olması ANARı ədəbiyyatdan aldı”

Dosye: VARİS (Varis Musa oğlu Yolçiyev) – 1966-cı ildə Sumqayıt şəhərində anadan olub, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Müxtəlif illərdə “168 saat” və “7 gün” qəzetlərinə redaktorluq edib. AzTV-də “Gecə kanalı” proqramının müəllifi olub. 2003-cü ildə “Azərbaycan” nəşriyyatına baş redaktor təyin edilib. 2007-ci ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktorudur.

VARİSin ilk hekayələri 1990-cı ildə “Ulduz” jurnalında İsmayıl Şıxlının təqdimatı ilə işıq üzü görüb. Müxtəlif illərdə qəzet və jurnallarda onlarla bədii əsəri dərc edilib. Pero-serial janrında yazılmış “Sonuncu ölən ümidlərdir”, “Səhər heç vaxt açılmayacaq”, “Sənə inanıram”, “Tənha yalquzağın nağılı”, “Yol ayrıcında azıb qalanlar” kimi yazıları populyarlıq qazanıb. İlk “Sonuncu ölən ümidlərdir” kitabı 2008-ci ilin noyabrında çap edilib.
Yazıçı ilə müsahibəni təqdim edirik.

Son illər unudulan ədəbi ənənələri siz davam etdirməyə, müəyyən qədər canlandırmağa çalışırsınız. Ali təhsil ocaqlarında oxucularla mütəmadi görüşləri qeyd etmək istərdim. Zaman-zaman aradan çıxan ədəbi ənənələrin bərpası barədə nə deyə bilərsiz?
– Elə bir zaman kəsimi oldu ki, insanlar ədəbiyyatdan uzaq düşdülər. Bu, Qarabağ müharibəsi və yeni müstəqil dövlətə, siyasi, ictimai-mənəvi müstəviyə keçidlə bağlı idi. Sosializmdən kapitalizmə adladıq, əlifba dəyişdi və sairə. O qədər belə səbəblər var ki, insanlar kitabdan və ədəbiyyatdan müəyyən qədər uzaq düşdülər. Sovet dövründə Azərbaycan beş ən çox kitab oxuyan respublikadan idi. Amma müəyyən müddət kitab mağazaları qəssab və paltar dükanlarına çevrildi. Çox yaxşıdır ki, indi müasir dövrdə artıq biz o ənənələri davam etməyə başlayırıq. Artıq kitab mağazalarının sayı artır, oxucular yenidən kitaba qayıdır.
Bir az öncə ədəbi ənənələrin zəifləmə səbəblərini sadaladım, amma deyim ki, Qarabağ müharibəsi dövrü məni də ədəbiyyatdan uzaq saldı. Mətbuata doğru yönəltdi. O zaman mətbuat cəmiyyətdə daha aktual idi. Amma 2008-ci ildə içimdə qalmış yazıçılıq yanğısı üzə çıxdı və mən ard-arda bir neçə romanı oxuculara təqdim edə bildim.

– Ard-arda təqdim etdiyiniz romanlar sizə böyük uğurla yanaşı xeyli sayda oxucu da gətirdi, indi siz oxucu problemi yaşamırsınız. Bunun özü son illər üçün çox önəmli bir məqamdır.
– Əslində hər zaman potensial oxucu olub, sadəcə o oxucunu yönləndirmək və onun istədiyini  vermək lazımdır. Bir də kitab elə əmtəədir ki, o özü-özünün reklamını mütləq edəcək. Pal-paltarın daim reklama ehtiyacı ola bilər, kitabınsa reklama ehtiyacı yoxdur, mütləq gec-tez öz oxucusunu tapacaq.
– Sizə elə gəlmir ki, çox sürətlə işləyirsiniz? Çünki elə bir roman çap etmək çox çətindir.
– Bu, artıq bir vərdiş halını alıb, mən ildə oxuculara bir roman təqdim edirəm. Hazırda  altıncı romanı çapa vermişəm və 2013-cü ildə çapdan çıxacaq. Yeddinci romanım isə çox güman ki, ilin ikinci yarısına hazır olacaq. Belə sürətli prosesin da nəticəsidir ki, bir sıra ali məktəblərə müntəzəm dəvətlər alıram. Bircə orta məktəblərdə o qədər də geniş görüşlər olmur. Təbii ki, yaş həddini və romanların məzmununu nəzərə alaraq bu fikrimi deyirəm. Ötən həftə iki ali məktəbdə – Müəllimlər İnstitutunun Sumqayıt filialında və Azərbaycan Dövlət Pedaqoji Universitetində oxucularla görüşlərim oldu. Mənə çox xoşdur ki, tələbələr özləri rektorluq qarşısında məsələ qaldırıb mənimlə görüş istəyirlər. Bunlarla yanaşı, məni bölgələrə də dəvət edirlər.
– 2013-cü ildə çap olunacaq romanlarınız haqqında qısa məlumat verməyinizi istərdim.
– İlin ikinci yarısında çap olunacaq əsər “Sonuncu ölən ümidlərdir”  romanımın ikinci hissəsidir.  Əslində bu romanın tam ayrı bir istiqamətli süjet xətti olacaq, amma qəhrəmanlar eynidir. Yanvar ayında çıxası kitab isə ailə dramına həsr olunub. Orta məktəbdə bir parta arxasında oturan oğlan və qız 40 ildən sonra bir-birilərini yenidən tapır. Hərəsinin də öz ailə dramı var.

– Bir sıra sorğuların nəticələrinə görə, son zamanlar üç müəllif daha çox oxunur: Elxan Elatlı, Varis və Çingiz Abdullayev. Buna sizin uğurunuz demək olar, yoxsa gözlənilən nəticədir?
– Bizim də apardığımız bir sıra sorğuların cavabı siz deyən kimidir. Detektiv daha rahat oxunan janrdır… Çox maraqlıdır ki, mən detektiv yazmıram, amma mənim də xeyli oxucularım var. Həm də detektiv roman janrı bir anın ədəbiyyatıdır və onun sonu bəlli olur. Mənim yazdığım ədəbi janr daha dərin, çətin və düşündürücüdür.  Hər zaman vurğulayıram, indi də deyim ki, bu yazdıqlarım hələ mənim ilk addımlarımdır. Mən hələ də özümü tədqiq etməklə məşğulam. Bu gün özümdən tam razı olsam, öz gələcəyimi qeyb edərəm.

– Müsahibədən öncə son fəaliyyətiniz barədə məlumatları oxuyanda sizin haqqınızda olan oxucu rəyləri ilə də rastlaşdım. Birinci dəfədir görürəm ki, oxucular bir roman haqqında bu qədər maraqla rəy yazırlar. Bu, sizə olan marağın göstəricisi sayıla bilərmi?
– Siz mənim iş otağımda saysız-hesabsız qovluqları görürsünüz, bunlar hələ oxucu rəylərinin bir hissəsidir. Mən bütün oxucu rəylərini toplayıram və qovluqlar yaradıram. Həm telefona, həm elektron ünvana, eyni zamanda facebook sosial ünvanıma gələn məktublardan ibarətdir. Bu gün artıq 16000 minə yaxın oxucu rəyi var. Bilmirəm başqa yazıçılar bu işlə məşğul olur, ya yox. Amma mən bunu saxlayıram və  hər bir rəyə dəyər verirəm.
Həm də təvazökarlıqdan uzaq olsa da deyim ki, oxucular axır vaxtlar rəy bildirməkdən çəkinirlər. Amma mənim oxucularım mənə olan dəyəri yüksəkdir. Oxucularımın coğrafiyasını da qeyd etməyi sevirəm.
Bir də çox maraqlıdır ki, mən bu yaxınlarda 91 yaşlı oxucumu tapmışam. Ən kiçik oxucum isə 12 yaşındadır. O da “Bir ovuc torpaq” romanımın oxucusudur. bp şirkətində çalışan bir oxucumun dediyinə görə, romanımı oxuyandan sonra ağlayıb, ingilislər də gülüblər ki, indi hansı dövrdür ki, roman oxuyub ağlayasan. O da onlara romanı işdən əlavə saatlarda tərcümə edib və sonda onların bir neçəsinin də həqiqətən gözləri yaşarıb.
İskəndəriyyə Universitetində bir tələbə mənim romanımı auditoriyada oxuyub və bu o deməkdir ki, artıq sərhədləri aşırıq. Bu yaxınlarda  Uels Krallığından məktub aldım, bu da məni sevindirdi ki, hətta ora da gedib çıxmışam. Yaz aylarında Özbəkistandan tanınmış tərcüməçi Rüstəm Cabbarov mənə müraciət edib ki, kitabım ora gedib çıxıb və bəyənib. Təmənnasız şəkildə onun tərcüməsini öz üzərinə götürdü. Orada çap olunan “Daraqçi” qəzetində hissə-hissə çap olundu. 140 min tirajla hər gün çıxan qəzetdir. Sonra “Dizayn-Press” yayım evi mənə müraciət etdi və romanım orada çap olundu.
Bir maraqlı faktı da qeyd etmək istəyirəm. Özbəkistanda romanım dərc olunan qəzetin baş redaktorundan bir məktub aldım ki, sən demə, mənim romanım orada bir qızın həyatını xilas edib.

– Sizin ədəbi tərəfkeşliklə bağlı fikirlərinizi də öyrənmək istərdik.
– Ədəbiyyata indiki baxışı qəbul etmirəm. Saytların birinə müsahibəmdə mən iddialı danışmışdım, həmin müsahibəyə kəskin şərhlər yazıldı. İnsan böyük amallarla yaşayar, amma indi mən püxtələşmə dövründəyəm. Uğurlarım və ən gözəl kitablarım irəlidədir. Yazarlar da elə bil, bir-birinə düşmən kimi yanaşırlar. Mən nə bilim, filan cərəyan belə gəldi, filan cərəyan elə getdi… Kim kimi istəyir söyür. Mən bunların hamısından uzaq mövqedəyəm. Yazıçılar Birliyinin üzvüyəm, amma demək olar ki, tədbirlərində iştirak edə bilmirəm. İntriqalardan uzağam, bunlar məni maraqlandırmır. Yəni mənə maraqlı deyil ki, Anar kiməsə ev verdi, ya yox. Yaxud Anarla müharibənin axırı necə olacaq? Heç anlamıram ki, gənclər niyə ona müharibə elan ediblər?
Mən orta məktəbdə oxuyanda onun bütün əsərlərini dönə-dönə oxumuşdum. Mənə elə gəlir ki, Yazıçılar Birliyinin sədri olması Anarı ədəbiyyatdan, bizdən aldı. Yoxsa ötən dövr ərzində o, daha gözəl əsərlər yaza bilərdi. Təəssüf edirəm ki, bizim gözəl yazıçımız inzibati işdə və intriqaların içindədir. Onun dırnağı olmayan insanlar belə, ona ləkə yaxmağa çalışırlar. Halbuki bununla Anarı ədəbiyyatdan silmək olmaz. İnzibati işçi kimi desinlər ki, yaxşı işləmir, amma yazıçılığına kimsə söz deyə bilməz.

– İntriqalara və ədəbi qruplaşmalara qatılmırsınız. Bu, yol sizi hara aparır?
– Mənim getdiyim yol oxuculara doğru gedən yoldur. Oxucularımın yanında olmalıyam, bir-birindən yaxşı romanlar yazmaq istəyirəm.

– Roman yazmağa necə vaxt ayırırsız?
– Mən əsasən payız və qış aylarında yazıram. Çünki o zaman insan daha duyğusal olur. Yaz-yay aylarında insan daha çox dincəlməyə meyllənir.

Siz qəzetçi kimi tanındınız, roman yazarı kimi məşhur oldunuz, indi televiziyadasınız, bəs sabah?
– Düşünürəm ki, gələcək fəaliyyətimi ancaq yazıçılıqla bağlayım. Bu işə uşaqlıqdan gəlmişəm. İlk oyuncaqlarım da elə kitablar olub.
– Qazax kökənli insanın yaradıcılığında epos ruhunu, təfəkkürünü, ozan dilini nədənsə hiss edə bilmirik.
– Yəqin ki, bu, şəhərdə doğulub boya başa çatmağımdan irəli gəlir. Ümumi götürsək Qazaxda cəmi 4-5 dəfə olmuşam.

– Yazıçıların arzuları çox olur, sizin ədəbiyyatla bağlı arzularınız varmı?
– İndi Azərbaycan idmanda, musiqidə, muğamda, iqtisadiyyatda irəli gedir, istərdim, ədəbiyyatla da irəli gedək. Çünki ədəbiyyat xalqları birləşdirən körpüdür.

– Ədəbiyyatda ədəbi və əbədi dostlarınız kimlərdir?
– Ədəbiyyatda köhnədən, bineyi-qədimdən dostlarım var. Onlardan Qulu Ağsəs, Əyyub Qiyas, Səlim Babullaoğlu, Əkbər Qoşalı və başqalırını deyə bilərəm. Dost münasibətdə olmasam da, ədəbi mühitdə salamlaşdığım xeyli insanlar var.

K.SƏİD //”GündəlikTELEQRAF”

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.