Yeqzar CƏFƏRLİ /Azərbaycan Universitetinin IV kurs tələbəsi, DGTYB üzvü
Azərbaycan-Ərəb ədəbi əlaqələrinin tarixi Azərbaycanın xilafət tərəfindən işğalından sonrakı dövrə yəni VII əsrin iknci yarısına təsadüf edir. Lakin Azərbaycan şairlərinin bədəvi ərəblərin səhrada yaratdığı səyyar mədəniyyətlə tanış olmaları bu mədəni əlaqələrin kökünü nisbətən uzaq zamanlara aparır. Mədinəyə köçmüş və orada yaşayıb yaratmış Azərbaycanlı şairlər Nisai təxəllüsü ilə şerlər yazan İsmayıl ibn Yəsar, Musa Şəhavət, Əbül Abbas əl Əma geniş biliyə və dərin zəkaya malik olduqlarından islamda böyük rütbə olan mövla rütbəsinə layiq görülmüşlər və onlar mövlalar yəni məvali şairləri adlanmışlar. Bunlardan İsmayıl ibn Yəsar ərəblərin islamdan qabaqkı cahiliyyə dövrü mədəniyyətinə iztehza ilə yanaşmışdır. “Çox da özünüzü öyməyin. Biz qızlarımızı əzizləditimiz vaxt siz onları diri diri torpağa gömürdüz”.- deyirdi və azərbaycan mədəniyyətini daha yüksək tuturdu. Bu şairlər peyğəmbər şəhəri Mədinədə ərəb dilli poeziyanın ilk nümunələrini yaradırdılar.
VII- IX yüzillərdə böyük inkişaf etmiş islam mədəniyyətini xilafətə daxil olan digər xalqlar kimi azərbaycanlılar da yaradırdılar. Xilafətə qatıldıqdan sonra azərbaycan dili ədəbi və dövlət dili olmaq funksiyasını itirdi. Ərəb dilini öyrənmək məlum səbəblərdən bir zərurət halını aldı. Bu dili öyrənmək özünü tanıtmaq, məşhurlaşmaq baxımından olduqca vacib idi.
Bunu isə ancaq ərəb dilində etmək mümkün idi. Üstəlik Azərbaycanda təhsillərini başa vuran gənclər o dövrün böyük mədəniyyət mərkəzləri olan Məkkə, Bağdad, Şam şəhərlərinə gedir, orada ali təhsil alırdılar. Bunların da ərəb dilində yazmaları təbii idi. Məsələn Xətib Təbrizi təhsilini başa vurduqdan sonra 40 il Bağdadın Nizamiyyə mədrəsəsində müəllimlik etmişdi. Əl Muğdəsi əl Marağayi, Mənsur Təbrizi və s. bu kimi azərbaycanlı şairlər də ərəbcə yaşayıb yaratmışlar. Lakin qonşu dövlətlərlə uzun sürən müharibələr, baş verən üsyanlar nəticəsində xilafət zəiflədi və az sonra dağıldı. Xilafətin siyasi süqutu ərəb dilinin mövqeyinə sarsıdıcı zərbə vurdu. IX yüzildən başlayaraq ərəb dilində yazan şair və alimlərin sayı aşağı düşdü. Ədəbi dildə üstünlük fars dilinə keçdi. Lakin ərəb mədəni mərkəzləri olan şəhərlərdə təhsil alan azərbaycanlı şairlərin bir çoxu hələlik ərəb dilinin ciddi təsiri altında idilər. Təsadüfü deyildir ki, VIII-XII yüzillərdə tərtib olunan ərəb təzkirələrində ərəb dilində yazan 200-ə qədər azərbaycanlı alim və şairin adlarına rast gəlinir. Bu dövrün ərəb dilli azərbaycan ədəbiyyatı təkcə şerdən ibarət deyildi. Söhbət gedən dğvrün dövrün azərbaycanlı alimləri islam huquna aid bir sıra nəzəri əsərlər yazmışlar. Erkən orta əsrlərdə İslamda Maliki, Şafehi, Hənəfi, Hənbəli və Cəfəri kimi hüqüq və şəriət məktəbləri meydana gəldi. Bu parçalanma ədəbiyyatda da təsirsiz ötüşmədi. Bu məktəblərin arasında gedən siyasi və ideoloji mübarizədə şiələrin VI imamı olan İmam Cəfəri Sadiqin yaratdığı Cəfəri məktəbi qalib gəldi. Belə ki, istər monqolların dağıdıcı yürüşləri nəticəsində yaranan Səfəvilik istərsə də, Əmir Teymurun zülmünə qarşı yönəlmiş Hürufilər məhz şiəliyi özlərinə əsas götürdülər. Beləliklə də ədəbiyyatda parçalanma daha da dərinləşdi. Ədəbiyyatda bu və ya digər islam ehkamlarını rədd edən əsərlər meydana gəldi. B.Mahmudovun 1983-cü ildə “Elm” nəşriyyatı tərəfindən çapdan çıxmış “Ərəbcə yazmış Azərbaycanlı şairlər” kitabından ətraflı məlumat toplamaq mümkündür. Bu dövrün ərəbdilli ədəbiyyatında azərbaycanlı şairlərin ən çox mübarizə apardıqları mövzu qadın hüqüqsusluğu məsələsidir. Bildiyimiz kimi Nizami, Füzuli “Leyli və Məcnun” əsərində buna qarşı mübarizə aparmışlar. Yeri gəlmişkən qeyd edək ki, bu mövzu ədəbiyyatımızda həmişə dəbdə olmuşdur. Çünki, sonrakı dövrlərdə də qadın hüqüqsuzluğuna qarşı M.F Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, M.Ə Sabir, H.Cavid və başqaları mübarizə aparmışlar. Bu mövzu ayrıca bir tədqiqat mövzusu olduğundan biz bu mövzu üzərində dayanmayacağıq.
Görkəmli azərbaycan şairləri Ə.Xaqani və N.Gəncəvi də ərəbdilli poeziyanın eləcə də Yaxın Şərq ədəbiyyatının inkişafına güclü təsir göstərmişlər. Nizaminin əsərlərində ərəb dilinə və ədəbiyyatına dəfələrlə istinadlar olması şairin ərəb ədəbiyyatına necə dərindən bələd olduğunu subut edir. Amma təəssüf ki, Nizami orta yüzilliklər ərəb ədəbiyyatında layiqincə xatırlanmır. Yalnız XX yüzilin 40-50 ci illərində ərəb ədəbiyyatşünaslığında Nizami irsinə maraq artmışdır. Qahirənin Eynü Şəms Universitetinin filologiya fakultəsinin Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri və professoru Əbdül Naim Mühəmməd Həsəneyn “N. Gəncəvi fəzilət şairi kimi” kitabında şair haqqında məlumat vermişdir. 1967-ci ildə doktor Mühəmməd Məhəmmədi Beyrutda “Fars ədəbiyyatı ən mühüm dövrlər, ən məşhur şairlər” kitabında Nizami haqqında məlumat vermişdir 1983-cü ildə Livanlı doktor Bədi Mühəmməd “Güney Fars ədəbiyyatının ən gözəl əsərləri” kitabında Nizami haqqında az da olsa məlumat verir. Bu yazını hazırlarkən orta əsrlərə məxsus ərəb ədəbiyyatında Nəsimi haqqında məlumat toplamağa cəhd etdim. Şairin həyatının bir hissəsi ərəb ölkələri ilə bağlı olsa da Nəsiminin ərəb ədəbiyyatnda xatırlanması heç də qənaətbəxş deyildir.
Dahi Azərbaycan şairi Füzulinin ərəb ədəbiyyatına dərindən bələd olmasını onun əsərlərində aydın başa düşmək olur. Onun ərəb şifahi xalq ədəbiyyatından götürüb nəzmə çəkdiyi “Leyli və Məcnun”u xatırlatmaq kifayətdir. Şairin ərəb ədəbiyyatında ən çox istinad etdiyi şair Əbu Nuvas olmuşdur. “Sənətkarı sənətkar qiymətləndirər” demişlər. Füzuli öz şerlərində Əbu Nuvası xüsusi olaraq qeyd etmişdir.
Ol bir neçə həmdəmi müvafiq,
Yəni şüərayi ruzi sabiq.
Tədru ilə gəldilər cahana,
Təzim ilə oldular rəvanə.
Dövran onları müəzzəm etdi,
Hər dövr birini mükərrəm etdi.
Hər birinə hami oldu bir şah,
Zövqi süxənindən oldu agah.
Şad etmiş idi Əbu Nuvası,
Harun xəlifənin atası.
Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, mütəfəkkir şairimiz Füzulinin də ərəbdilli ədəbiyyatındakı mövqeyi heç də qənaətbəxş deyildir.
Azərbaycan ərəb ədəbi əlaqələrinin inkişafında Bakının Bülbülə kəndində doğulmuş Mirzə Məhəmməd Rəhimin də mühüm rolu olmuşdur. Böyük şərqşünas alim Əli Fəhminin irsini araşdırdığım müddətdə alimin arxivində Mirzə Məhəmməd Rəhimin ərəb ölkələrindəki çalışmaları ilə bağlı birr sıra ilginc bilgilərlə rastlaşdım. Öyrəndim ki, o, 1909-cu ildə Ərəbistana səfər etmiş, orada qalıb yaşayıb-yaratmışdır. Maarifpərvər və xeyirxah insan olan Məhəmməd Rəhim İraqın Nəcəf şəhərində “Mürtəzaviyyə məktəbi” və “Mürtəzaviyyə kitabxanası”-nı yaradır. Məktəb və kitabxanadan istifadə pulsuz idi. Ərəblər ona hörmət əlaməti olaraq İslamda ən möhtərəm rütbə olan Siqqətül İslam yəni islamda ən sadiq, inanılmış adam rütbəsi vermişdilər. Mirzə Məhəmməd Rəhim Nəcəfdə “İzzətül əms” və “İzzətül Youm” kitablarını qələmə alır. O Nəcəfdə təkcə maarifçilik fəaliyyəti ilə kifayətlənmir. Ərəb xalqlarını müstəmləkəçilərə qarşı dirənişə ruhlandırır.
Ərəb ədəbiyyatıda azərbaycanın hansısa bir alim və şairi haqqında ayrıca əsər yazılmamışsa da bütövlükdə ərəb ədəbiyyatında türklərin təsiri güclüdür. Sevimli peypğəmbərimizin türklərə sevgi bəsləməsi məlumdur. Qaşqarlı Mahmud özünün “Divani-Lüğətit ət-Türk” əsərində peyğəmbərdən hədis olaraq yazır: “Türklərin dilini öyrənin onların hakimiyyəti uzun çəkəcək”. Bu nə qədər doğrudur bilmirik. Hər halda peyğəmbərin türklərə məhəbbət bəsləməsi , yaşamaq üçün türk çadırından istifadə etməsi, Dədə Qorqud ilə dostluq etməsi bəllidir. Məmmədhəsən Qəmbərlinin 1998-ci ildə çapdan çıxmış “Ərəb ədəbi qaynaqlarnda türk” kitabında maraqlı bir faktla rastlaşdım. İmam Hüseyni Kərbəla hadisələri zamanı düşmənlərin əlindən xilas etmək və onu Azərbaycana gətirmək üçün 7 nəfər azərbaycanlı İmamla görüşür. İmam Hüseyn onların təklifindən olduqca məmnun olur və “Yardımınız mənə deyil oğlum Zeynül Abidinə göstərilməlidir. Mən şəhid olduğum zaman onu alıb götürün”-deyir. İmam şəhadətə yetəndən sonra həqiqətən də bu 7 nəfər qəhrəman İmamın xəstə övladını döyüş meydanından uzaqlaşdırır və təhlükəsiz bir yerə aparır. Belə bir keçmişlə iftixar etməyə dəyər.
Ərəblər üzərində türklərin təsiri IX yüzildə, anası türk qızı olan xəlifə Mötəsimin zamanından başlamış, 1924-cü ildə Atatürk Osmanlı xilafətini ləğv edənə qədər davam etmişdir. Ərəblərin siyasi üstünlüyü az sonra ədəbiyyatda da özünü göstərdi. Bu da ilk növbədə türklərin siyasi uzaqgörənliyi, səriştəliyi ilə bağlı idi. Hətta belə bir məsəl də yaranmışdı: “ Türki hünərəst”. Lakin az sonra Türklər sübut etdilər ki onlar təkcə hərbi işdə deyil, elmdə də böyük istedada malikdirlər. Təsadüfi deyildir ki, sonralar türklər islam və dünya mədəniyyətinə böyük simalar bəxş etdilər. Məsələn Fars dilinin əsaslarını Farslardan qabaq azərbaycanlılar yaratdı. Yüzillər boyu Azərbaycanda fars və ərəb dillərinin geniş yayılması bu dilləri öyrənmək üçün bir sıra qanunlar tələb olunurdu və bu qanunlar azərbaycanlı alimləri tərəfindən yazılırdı.
Azərbaycan-Ərəb ədəbi əlaqələrindən danışarkən Azərbaycan dastanlarını və nağıllarını qeyd etməmək olmaz “Kitabi Dədə Qorqud” Dastanı bu baxımdan çox önəmlidir. Dastandan öyrənirik ki, oğuz igidlərindən bir neçəsi Məhəmməd peyğəmbərin adını eşidib onu görmək üçün Ərəbistana getmiş, islamı qəbul etmiş və qayıdandan sonra oğuzlar arasında islamı yaymışlar. Dədə Qorqudun Peyğəmbərlə tanış və hətta dost olması haqqında rəvayət də mövcuddur. Bununla belə dastanın ayrı-ayrı boylarında ərəb mənşəli sözlərin, Məkkə, Mədinə, kafir, əzrayıl, ərəb atı və sair bu kimi sözlərin işlənməsi, boyların demək olar ki, hamısında Məhəmməd peyğəmbərin xatırlanması o deməkdir ki, oğuzlar ərəblərin şifahi xalq ədəbiyyatına yaxşı bələd idilər. Maraqlıdır ki, “Kitabi Dədə Qorqud” dastanlarında ərəb sözləri işlənsə də, dastanın dili Xətai, Füzuli, S.Ə.Şirvaninin dilindən olduqca sadədir, Çünki, adları çəkilən şairlərin əsərlərində dastana nisbətən daha çox ərəb sözləri işlənmişdir. Dastanda işlənən 4530 sözün 4044-ü təmiz türk sözüdür.
“Koroğlu” dastanında da ərəb ədəbi əlaqələrinə aid maraqlı faktlar vardır. Dastanın bütün qollarında ərəb mənşəli sözlərə rast gəlinir, ən çox işlənən söz isə “Misri qılınc”dır. Dastanın “Durna Teli” qolunda hadisələr sırf Ərəb mühitində (Bağdadda) baş verir.
Azərbaycan şifahi xalq ədəbiyyatında çoxlu ərəb atalar sözü və məsəllər işlənir. Bunların bu gün də işlənən bir neçəsinə aydınlıq gətirək. “Burda mənəm Bağdadda kor xəlifə”. Bu məsəl IX əsrdə yaranmışdır. Xəlifə Mötəsim xilafətə keçdikdən sonra dövlətdə və orduda bütün önəmli vəzifələrə tükləri təyin etdi. Türklər tezliklə ərəb xəlifələrini özlərindən asılı hala saldılar. Türklərin siyasi təsirindən qurtulmağa çalışan hər bir xəlifə taxtdan salınır və kor edilirdi. Digər bir məsəl. ”Ərəb öldü qan düşdü”. Məlumdur ki, ərəblər olduqca təəssübkeş bir xalqdırlar. Bir qəbilənin digər qəbiləyə qarşı kiçik bir xətası uzun sürən savaşlara səbəb olur. Təsadüfi deyildir ki, Peyğəmbər bu təssübkeş qəbilələri qohumluq yolu ilə özünə bağlamağa çalışırdı. Xalqımızın ictimai həyatında bu gün də işlənən belə məsəllərin sayı yüzlərlədir. Folklorşünas alim A.Məmmədli “Ərəbcə-Azərbaycanca qarşılıqlı atalar sözləri və məsəlləri” kitabında 1750-yə qədər belə atalar sözlərini toplamışdır. İki xalq arasında ədəbi əlaqələrin inkişafında bu kitabın rolu böyükdür.
Hər hansı bir şərqşünas ərəb ölkələrinə getmədən belə bu ölkələrin həyat tərzi haqqında məşhur “Min bir gecə” nağıllarından məlumat əldə edə bilər. Bu kitabın bütün cildləri tərcümə olunmuş, oxucuların ixtiyarına verilmişdir.
“Bəhluli Danəndə lətifələri”bizə xəlifə Harun ər Rəşidin dövründə xilafətdə baş verən eybəcərlikləri ifşa etmək baxımından əhəmiyyətlidir.
50-ci illərdə Azərbaycan-Ərəb ədəbi əlaqələri öz inkişafında yeni mərhələyə daxil oldu. Bu ərəb xalqlarının müstəmləkəçilərə qarşı milli azadlıq hərəkatı ilə bağlı idi. O.Sarıvəllinin “Misirli Qardaşlar” adlı poeması, R.Rzanın “Şəttül-ərəb” (Ərəblərin çayı), “Əlcəzair meydanında”, M.Rahimin “Bağdad gecələri”, “Ərəb kəfən toxudu“, N.Rəfibəylinin “Cəmilə” şeri, M Dilbazinin “Əlcəzair qızı”, B.Vahabzadənin “Ələddinin çırağı”, Balaş Azəroğlunun “Ərəb oğlu” və “Ərəb qızı” şerləri və poemaları Ərəb xalqlarının azadlıq mübarizəsinə həsr olunub.
Ərəb mövzusu Azərbaycan nəsrində də özünə yer tapmışdır. S.Vəliyev “Nil suyu” hekayəsində Yəhudilərin İsmailiyyə kanalının qarşısını kəsib, Port Səid şəhəri əhalisini susuz saxlamasının gözəl təsvirini verir. Bu mövzu ilə bağlı yazıçının başqa əsərləri də vardır. ”Neysan yağışları”, “Əncir ağacı”, “Bir salxım üzüm, “Fəllahın arzusu” hekayələri və “Qanlı ocaq” romanı bu qəbildəndir.
Ərəb xalqlarının azadlıq səsinə ilk səs verən Azərbaycan şair və yazıçıları olmuşdur. Azərbaycan yazıçılarının “Ədəbiyyat və incəsənət” qəzetinin 26 iyul 1958-ci il nömrəsində dərc olunmuş müraciətində işğalçı qoşunların İordaniya və Livandan dərhal çıxarılması tələb olunurdu. Müraciətdə deyilirdi: ”Bütün dünya yazıçıları sizin cavabınızı gözləyirik. Biz əminik ki, əsil insanpərvərlik qalib gələcəkdir”. M.Rahim “Dünyanı fəlakətdən qurtarmalı” yazısında ərəb xalqlarının düşmənlərinə xəbərdarlıqla yazırdı:
Ərəb sənin bildiyin
əvvəlki ərəb deyil
S. Rüstəm isə dünyanın məzlum xalqlarının halına acıyaraq yazırdı
Biz gülürük amma uzaq ellərdə
Ömründə bir kərə gülməyənlər var
Dərdli anaların göz yaşlarını
Halına acıyıb silməyənlər var.
Azərbaycan-Ərəb ədəbi əlaqələrindən danışarkən görkəmli ərəbşünas alim, ilk Azərbaycanlı şərqşünas qadın Aida İmanquliyevanın elmi çalışmalarını özəlliklə qeyd etmək lazımdır. O Livan yazıçısı N.Nuaymənin bir neçə əsərini Azərbaycan dilinə tərcümə etməklə, bu əlaqələri daha da dirçəltdi. Azərbaycan EA Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi “Ərəb filologiyası məsələləri” məcmuəsinin tərtibçisi və redaktoru olarkən A.İmanquliyeva iki xalq arasında ədəbi əlaqələri inkişaf etdirmək üçün səylə çalışırdı. O Ümumittifaq Şərqşünüslıq Cəmiyyəti Rəyasət Heyətinin üzvü və cəmiyyətin Azərbaycan bölməsinin sədr müavini olaraq Yaxın Şərq probləmlərinə həsr olunmuş dünyanın müxtəlif şəhərlərində keçirilən konqreslərdə çıxışlar edir, ərəb xalqları ilə əlaqələrin dirçəlməsinə çalışırdı. Burada bir məsələni qeyd etməyi lazım bilirəm. Göründüyü kimi yazıçılarımız ərəb xalqlarının azadlıq mübarizəsini dəstəkləsələr də, xalqımızın Dağlıq Qarabağ savaşında ərəb şair və yazıçıları xalqımızın haqq mübarizəsinə hay vermədilər.
Azərbaycan-Ərəb ədəbi əlaqələri nə keçmişdə, nə də indi bizi qane edə bilməz. Bu əlaqələr daha geniş olmalıdır. İlk öncə ona görə ki, dünyanın 20 dən çox ərəb ölkəsindən yalnız bir neçəsi ilə – MƏR, Suriya ilə sıx əlaqələr saxlanılır. 1973-cü ildə R.Behbudovun MƏR-in bütün iri şəhərlərindəki uğurlu konsert proqramları, ölkənin bütün kinoteatrlarında “Yeddi oğul istərəm“ kinofilminin nümayişi mədəni əlaqələr tariximidə yer almışdır. MƏR-in ölkəmizlə dostluq əlaqələrini ümummilli lider Heydər Əliyev də yüksək qiymətləndirirdi (- “Mən məmuniyyətlə qeyd etmək istəyirəm ki, beynəlxalq təşkilatlarda MƏR Azərbaycana həmişə dəstək vermişdir”).
Bu əlaqələrin inkişafında Bakıdakı Misir Mədəniyyət Mərkəzinin də böyük rolu var. Burada bir sıra maraqlı tədbirlərin həyata keçirilməsi, ərəb dili kurslarının təşkil olunması, iki xalq arasında mədəni əlaqələrin inkişafına təsirsiz ötüşmür. Bu sətirlərin müəllifi də Mərkəzdə ərəb dili təhsili aldığından belə mədəni tədbirlərin bir neçəsində iştirak etmişdir.
2006-2008 ci illərdə Azərbaycanda Misir, 2009-cu ildə isə Misirdə Azərbaycan mədəniyyəti günləri keçirilmişdir. 29 oktyabr 2008-ci ildə Misir mədəniyyət mərkəzində “Azərbaycan klassik ədəbiyyatı ərəb ədəbiyyatında” mövzusunda seminar keçirilmişdir.
Misir alimlərindən Məhəmməd Quneyni, Hilal Əbdu Səlam, Əbdüləziz Məhəmməd, Səid Cəmaləddin Əhməd, Mürsəl Səfsafi, Xaqani Nizami və Füzuli şerlərinə böyük maraq göstərmiş monoqrafiyalar həsr etmişlər. Azərbaycan ərəbşünasları da Misir ədəbiyyatından Əhməd Şövqi Taha, Hüseyn Yusif əs-Sibai, Hafiz İbrahim v.b.-nın əsərlərini tədqiq etmişlər. Ərəb dilçiliyindəki xidmətlərinə görə V.Məmmədəliyev Qahirə Ərəb dili Akademiyasının üzvü seçilmişdir.
MƏR-dən sonra Azərbaycanın ən çox ədəbi əlaqələr saxladığı ölkə Suriyadır. Suriya ilə bu əlaqələrin tarixi çox qədim olsa da, şifahi xalq ədəbiyyatında Suriya şəhərlərinin adları çəkilsə də, hər iki ölkə arasında mədəni əlaqələrin coşğun inkişafı XX yüzilin 70 ci illərinə təsadüf edir. Suriyada Nəsiminin qəbrini tapmaq və şair haqqında bilgilər toplamaq məqsədi ilə şair və yazıçılarımızdan bir qrupu 1970-ci ildə Suriyaya yola düşdü. Nümayəndə heyətinin tərkibinə R.Rza, B.Vahabzadə, N.Xəzri və b. daxil idi. Hər iki ölkə yazıçılarının birgə səyi öz bəhrəsini verdi. Nəsiminin məzarının Hələbdə olması mədəni əlaqələrinin davamlılğında özünəözgü rol oynayır. H.Əliyev SSRİ Nazirlər Sovetinin birinci maivini kimi Suriyada rəsmi səfərdə olarkən Nəsiminin məzarının durumu ilə ilgilənmiş, şairin məzarının təmiri məsələsini Suriyalı həmkarları ilə müzakirə etmişdir. Təsadüfi sayıla bilməz ki, 80-cı illərdə Suriyada Azərbaycan ədəbiyyatına maraq artdı. Örnəyi, Anarın “Mən, sən və telefon” hekayəsi əsasında film çəkildi.
Təqdirəlayiq haldır ki, hazırda digər ərəb ölkələri ilə də əlaqələr qurulmaqdadır. ( Bir neçə il öncə Bakıda Səudiyyə Ərəbistanı mədəniyyəti günlərinin keçirilməsi, ondan sonrakı neçə ədəbi-mədəni tədbirlər, örnəyi, “2009-cu il. Bakı-İslam mədəniyyətinin paytaxtı” silsilə tədbirlər çərçivəsində baş tutan sompozium, görüş, sərgi və habelə nəşrlər bu əlaqələrin sonrakı inkişaf perspektivindən xəbər verir.)