Ana səhifə BAŞ YAZI ANARla Fikrət QOCAnı əsəbiləşdirən kimlərdir, sakitləşdirən kim?..

ANARla Fikrət QOCAnı əsəbiləşdirən kimlərdir, sakitləşdirən kim?..

Müəllif: Bizim Yazı
780 baxış

Mahir QABİLOĞLU

Atamın 70 yaşı tamam olurdu. Evdə gözəl bir ziyafət təşkil etmişdik. Balaca 16 kvadrat metrlik otaqda iki stol – 15 nəfərlik bir süfrə açmışdıq. Qonaqlara qulluğu mən və həyat yoldaşım boynumuza götürmüşdük. Yeməklərin hazırlanması isə anamla atamın dayısı qızı Mənzərin boynuna idi. İlk gələn, səhər saat 11-də Xalq şairi Nəbi Xəzri oldu.
O bizim ailə üçün təkcə şair deyil, atamın uşaqlıq dostu, yaşıdı, qonşumuz idi. Ədəbi yaradıcılıq yollarında inamla addımlayaraq zirvəyə qədər ucalmışdılar. Eyni gündə – 1944-cü il aprelin 4-də ədəbiyyata qədəm basmışdılar. 1996-cı ildə isə o nəsildən Bəxtiyar Vahabzadə ilə birlikdə üçü qalmışdı.
Nəbi əmi “Gedirəm, tələsirəm. Gəldim ki, birinci mən səni təbrik edim. Axır ki, gəlib mənə çatdın” və digər xoş sözlər deyərək dəhlizdə dayanıb içəri keçmək istəmirdi. Atam isə “Nəbi, mən ölüm, keç oturaq. Bir boğazımızı yaşlayaq. 70 ildə bir dəfə olur belə şey. Hara gedirsən?” – deyərək axır ki, Nəbi əmini süfrə arxasına oturtdu. Beləcə atamın yubiley mərasimi səhər saat 11-də açıq elan olundu.
“Yox, içmirəm. Həkim qoymur. Xəstəyəm” – deyərək söz qaytaran Nəbi əmi atamın “bəlkə pivə? Yaxşı “Bavariya” pivəsi var” sözündən sonra “Qabil, sənin sağlığına bir bakal pivə içərəm” – deyib çay süfrəsinin yığışdırılmasına razılıq verdi. Bir pivə oldu iki, sonra üç… və bir-birini əvəz edən digər dadlı təamlar. Bir azdan Nəbi Xəzrinin, o cümlədən atamın şeirlərinə gözəl nəğmələr bəstələmiş Emin Sabitoğlu da gəldi. O da yeyib-içən adam idi. Saat 3-də-4-də – qonaqların gəldiyi vaxtda artıq üç böyük sənətkar “hazır vəziyyətdə” idi. Araq atamı o qədər də tutmamışdı, Prezident Heydər Əliyevdən telefon zəngini, təbrikini gözləyirdi. Gözü qonaqlarda, fikri isə telefondaydı. Amma Nəbi əmiylə Emin Sabitoğlunun keyfləri saz idi.
Elə bu vaxt qapı döyüldü. Dəvətli qonaqlar sırasında olan Yazıçılar Birliyinin sədri Anar, birinci katibi Fikrət Qoca, şair Fikrət Sadıq və başqaları atamla qucaqlaşıb öpüşdülər. Təbrik edib hədiyyələrini çatdırdılar. Beləcə atamın şərəfinə təşkil olunmuş məclis qızışdı. Sağlıqlar bir-birini əvəz elədi. Təbii ki, mən də öz xidmətimlə qonaqların qulluğunda idim. Söz demək növbəsi Fikrət Sadığa çatdı.
Fikrət Sadıq indi olduğu kimi, onda da Yazıçılar Birliyində işləyirdi. O və şair-qəzəlxan Balasadıq atamın daimi həmpiyalələrindən sayılırdılar. Atam onları çox istəyir, zarafatyana “şuriklər”, Fikrət Sadığı isə həm də adının və təxəllüsünün baş hərfinə əsasən ixtisarla “Ef-Es” çağırırdı. Məsələn anam zəng edib soruşanda ki, “Qabil, hardasan?”. Qısa cavab verirdi: “Şurikləyəm”. Anam da ah çəkərək “aydındır” – deyirdi. Yəni ki, artıq “Qabil, içmə” və ya “az iç” əlavələrinə ehtiyac yoxdur, gecikib. Fikrət Sadıq, həmçinin “Ədəbiyyat qəzeti”ndə Yazıçılar Birliyinin adından gedən yubiley təbriklərinin müəllifiydi.
Nə isə… Fikrət Sadıq sağlığa başladı. Bir-iki xoş sözdən sonra “mən Yazıçılar Birliyi adından Qabil üçün “Ədəbiyyat qəzeti”nə təbrik sözü yazanda” demişdi ki, Nəbi əmi əlini bərkdən stola çırpdı. Az qaldı ki, qarşısındakı boşqab, çəngəl-bıçaq yerə düşə.

– Nəəə… o təbriki, Fikrət, sən yazmısan?
– Hə.
– Mən də elə bilirəm ki, Anar və digərlərinin işidir. Demə, Fikrət, sən yazmısan da?
– Bəli, burda nə var ki… təkcə Qabilçün yox. Hamıyçün təbrik sözlərini mən yazıram.
– Necə yəni “burda nə var”? Mənim 70 illiyim olanda “Ədəbiyyat qəzeti” verdi ki, “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Nəbi Xəzri”. Qabillə, Bəxtiyarın 70 illiyində isə yazıblar ki, “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Qabil, Bəxtiyar Vahabzadə” Necə olur ki, mən “görkəmli nümayəndələrdən biri” oluram, onlar isə “görkəmli nümayəndəsi”?
– Nəbi, axı nə fərqi var e.. – deyə söhbətə Anar qarışdı.
– Fərqi yoxdusa, onda məni də onlar kimi yazaydınız da.

Nəbi əmi həqiqətən də bərk əsəbləşmişdi. Məclisi tərk etmək istəyirdi. Bir tərəfdən isə sevinirdi. İki ildən sonra bu işlərin başında duran, iş icraçısını, “təxribatçı”nı üzə çıxarmışdı. Üzə çıxarmamışdı e…, demə səhərdən onunla üzbəüz oturub qədəh-qədəhə vururmuş.
Mən də mat-məəttəl durub tamaşa edirdim. Bir anlıq “O olmasın, bu olsun” filmində Məşədi İbadın nişan səhnəsi yadıma düşdü. “Mənə meymun deməyin az deyil, hələ bir əl də uzadırsan?”. Yəni ki, “Fikrət Sadıq, mənə “biri” deməyin bəs deyil, hələ mənimlə üzbəüz oturub rumka rumkaya da vurursan?”
Bir yandan atam, o biri yandan isə Emin Sabitoğlu Nəbi əmini sakitləşdirə bilmirdilər. Artıq ayağa durub getmək istəyirdi. Ev darısqal olduğundan çıxa bilmirdi. Bir tərəfdən pianino, o biri tərəfdən isə Emin Sabitoğlunun ayağa durub yol verməməsi ona məclisi tərk etməyə mane olurdu. Birdən Emin Sabitoğlu 180 dərəcə geri çevrildi. Pianonun qapağın qaldıraraq, həzin bir musiqi ifa edə-edə oxumağa başladı:

Çinarlar qatar-qatar,
Qalxıb zirvəyə çatar,
Dağa qısılıb yatar,
Mışıl-mışıl dərələr,
Dərələr, dərələr, dərələr,
Yaşıl, yaşıl dərələr.

– Bu mahnı kimindir, Nəbi.
Əvvəlki əsəbindən bir qram da əsər-əlamət qalmayan Nəbi əmi gözlərində sevinc, həlim səslə:
– Mənim.
Emin Sabitoğlu daha bir mahnı ifa etdi:
– Bu kimindir, Nəbi.
– Mənim.
Daha bir mahnı ifa etdi.
– Bu kimindir, Nəbi.
– Mənim.
Bu ifa Nəbi əmi kefini düzəltdi. Beləliklə atamın yubileyi gecə saat 12-yəcən davam etdi. İlk gələn qonağımız da Nəbi əmi oldu, son gedən də.
Noyabrın 2-si haqq dünyasında olan Emin Sabitoğlunun doğum günü idi. Nəbi Xəzri və Qabil də bu dünyada yoxdurlar. Allah can sağlığı və uzun ömür versin Anara, Fikrət Qocaya, Elçinə, Fikrət Sadığa. Onlar da artıq 70-i arxada qoyublar.Öz nəsillərinin sonuncu mogikanları sayılırlar. İndi yox, 1996-cı ildə də titulları, yaradıcılıqları ilə Qabil, Nəbi Xəzri, Bəxtiyar Vahabzadəylə bir sırada dayanırdılar. Fikrət Sadığın təbiriylə desək, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri idilər.
Amma məni ötən illərə qaytaran, bu xatirəni yada salan başqa məqam oldu.
O vaxt Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəbi Xəzri bir sözə görə bərk əsəbləşmişdi. Onu əsəbləşdirən isə Azərbaycan ədəbiyyatının digər görkəmli nümayəndələri Anar, Fikrət Qoca, Fikrət Sadıq idi. Nəbi Xəzrini Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Qabil sakitləşdirməyə çalışırdı. Və nəhayət Azərbaycan musiqisinin görkəmli nümayəndəsi Emin Sabitoğlu öz ifası və həzin səsiylə Nəbi Xəzrinin əsəblərini mum elədi.
Bu xoş və daim yaddaşımda həkk olan hadisənin üstündən nə az, nə çox düz 17 il ötüb. Mətbuatı yaxından izləyirək öz-özümə fikirləşirəm, görəsən bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Anarı və Fikrət Qocanı öz sözləri, fikirləri, atmacaları ilə əsəbləşdirən kimlərdir, sakitləşdirən kimlər? Xahiş edirəm cavabı mənim yazımda axtarmayın və deməyin ki, əsəbiləşdirən gənc yazarlardır, sakitləşdirən isə Yazıçılar Birliyinin mətbuat katibi?!

Qaynaq: http://modern.az/articles/46886/1/

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.