Ana səhifə YAZILAR Alınça (esse)

Alınça (esse)

Müəllif: Bizim Yazı
808 baxış

Tural TuranTural TURAN

Söz vaxtına çəkər deyirlər. On-on iki yaşım olardı.-Hardasa, on beş ilin öyküsünü danışacağam indi sizə. Sizin alça dediyiniz ağız sulandıran şeyə biz tərəfdə alınça adını veriblər. Ta yer üzü döşənib, ilk ağaclar gün üzünə çıxıb da, meyvə verəndən, ancaq kalını yediyimiz bu meyvəyə alınça deyiblər. Ən azı, ən azı, üzü yeddinci baba-nənəmdən bugünə kimi…  Di gəl, bu andıra qalmamışın dəyən vaxtını, qızartlaqlamasını, motal pendir və tutma tutanlardan başqa, gördüm deyən görmədim…
Dediyim kimi, təxminən bu vədələr idi; məktəbdən gələn kimi heybəmi (çantamı) eyvanımızdakı mizin üstünə atıb, məhləyə qaçdım. Məhləmizin tökülmə hissəsində yarpaqları artıq pardaxlamış iki yanakı peyvənd alınçaları uzaqdan gördüyüm andan ağzım sulanmağa başladı. Ağız seliyimi udquna – udquna, quyruğu yanmış tazı kimi qaça- qaça, uzaqdan ağacın ikinci- daha hündür budağına sıçradım. Adam balası kimi ilk budaqdan asta – asta və pillə-pillə çıxmağa hövsələm çatmadı. Dırmaşıb məktəb şalvarımın dardütdək civlərini hələ sürfə-sünnətsiz alçalarla doldurdum. Arada ağzıma da atıb yumşaq və qığırdaqlı çəyirdəkləri ilə bir yerdə öykələyə – öykələyə yeyirdim. Gözümün qurdunu elə ağacın başında öldürməyə çalışırdım.
Bir ilin acgözlüyünü, alınça həsrətini isə elə həmin gün sinifimizdəki Hunay adlı sarımeçan bir qız yadıma salmışdı. Sürfə-sünnətsiz alınçaları rəfiqəsi Hunellə (ikisinin də adını atam qoymuşdu. Atam onların hər ikisinin atası ilə dost idi) duza batırıb alınça qıcırdatdığını gördüm. Ağzım sulandı. Suyuğumu, şoşağımı yığa bilməyib gedib ikisini-üçünü əllərindən qapıb mən də ağzıma atdım. Dişlərimi, damaqlarımı göynəmə tutdu. Amma yenə də içimin və gözümün qurdu ölmədi. Deyirlər axı, nüvgərin damaqlığı həmişə dişin yadında qalır. Bu dəfə də elə ondan oldu. Dərsin tez bitməyini, evə qaçıb ac qarına mədəmi göynədəcək qədər alınça yeyəcəyimi fikirləşirdim…
İndi ağacın başında yavaş- yavaş bayaqdan alça deyib sayır – sayır sayrışan gözümün qurdları öləziyirdi. Amma yarımçıqlıq vardı nəsə. Bıy həəə, yadıma düşdü ki, bunun duzu (barıtı) yoxdu axı. Abamın ( bizim kəndə hamı anaya aba deyir) gözündən uzaq dolçadan duz götürə bilməmişdim. Görsə, acqarına göylüyü saralmamış alınça yediyimin üçün məni yambızıma- yanbızıma bir – iki şapartlayacaqdı…
Cibimdəkiləri və köynəyimin yaxasını açıb qarnıma tökdüyüm yerdə qalan alçanı duza batırıb yemək üçün üzbəüz qonşumuz Sayalı arvadın yanın qaçdım. Sayalı nənə dünya görmüş arvadıydı. Nənəsinin, anasının dənçiyindən, ətəyindən düşənləri bu süpürləyib yığışdırmışdı. Hər şeydən halı adamıydı. Özü üçün bir döşəkçəli kötük düzəltmişdi. Boz ayı yola verəndən sonra əl damından taxçasını çıxarıb bayırdakı çəkil ağacının altındakı taxtında oturardı. Səhər saat 9-dan axşam saat 9-a kimi…
Öz – özümə dedim ki, Sayalı nənəni buyuraram, o da gedib bir çimdik duz gətirər, batırıb yeyərik bu alınçaları. Yeyə – yeyə də arvadı gəlmişdən-keçmişdən bir az mırtdadaram.
Qoşaqapının (siz darvaza deyirsiniz) cəftəsini ehmallıca aralayıb çölə çıxdım. Qaçdım Sayalı arvadın yanına, cibimdəki alınçaları şapıltı ilə tökdüm ətəyinə:
-Ay nə, abamın qorxusunnan öydən duz həpəmmədim. Di get duzu da sən gətiriynən, ağzımızın heliyi axmamış yiyif kutarax munu.
Sayalı arvad ayaqdan yüngül arvad idi. Yaşı yetmişi ötsə də ərinməzdi, uşaq da, böyük də buyursa gedib lazım olanı evindən, dağarcığından gətirərdi həmişə:
-Ədə, ta munu ətəyimə hellədin. Di get sən gətir. Əl dammızın yanında dəmir ciftənin (uzun stol) üstündəki duz dolçasınnan oocuna (ovucuna) töh, gətir. Amma yerə dağıtma ha, orda qənd yoxdu üstünə tullamağa, öydə salğarın dalındadı qənd xaşası. Gedif dağıdaşsan oraları, bir noxsat ükəsən ha sən…
Sayalının bu buyruğunnan xoşlanmasam da, əlacsız qalıb gedib bir ovuc duz gətirdim.
Hərəmiz iki –üç alça yemişdik ki, sual verməyə başladım. Əslində sualı da elə – belə vermədim. Gördüm ki, arvad alçaları damağına salıb elə öykək-öykək yeyir ki, belə getsə mənə qalmayacaq. Ona görə də başını qatmağa çalışdım. İdmisini bilirdim, danışmağa başlayanda, günahdı deyib, heç nə yeməzdi və ya yediyini udduqdan sonra danışardı:
-Ay nə, niyə məllimlər muna alça deyir, əmmə öydə alınça deyirik?
Sayalı nənəm gözündən qımışdı. Göyçədə doğulmuşdu, yenə oraların adətindən danışacağını bilirdim. Həmişə bir şey olunca, sözü hərləyib, fırlayıb Göyçəyə gətirib çıxarırdı:
-A bala bu mərətin adı alça yox, elə alınçadı. Əmmə indi vədə-döyran dəyişif, çox yerdə alça deyillər. Camahat eləvil mudnulaşıfdı. Munnan qavağa biz tərəfdə də, elə buralarda da alınçaya alınça deyiflər. Qarşıdırmaynan ha, alına oxşadığı üçün alınça demillər. Ona yörə alınça deyillər ki, munun rəngi göydü. Göyün də sarı formasına alı deyillər. Yəni, sarıya çalan. Ta alı rəngi hamı unudufdu. Yada salan yoxdu. Göyün açıx rəngidi alı. Alınça bənzərməyə başdıyır ha, bax o rəhdi. İndi alça hələ göydü. Muna bələy alınça deyillər. Yəni, hələ sürfə-sünnətsizdi, tam yeməli deyil. İndi mərətinqi ye…
Sayalı arvadın bu dedikləri elə o vaxtdan qulağımda sırğa qalıb. Bu gün facebookda göy alça şəklini görüncə bu əhvalat yadıma düşdü. Nostalji alınça hisslərinin kadr-kadr görüntüləri altında rəhmətlik Sayalı nənəmizi də xatırladım. Dənciyindən saldığı bu “alı” məsələsini o dünyaya özü ilə aparmadığına şükr etdim. Yazıq Alqayıt demiş, “milyon ürəklərdə kül olub gedən, sözə, şeiriyyətə hayıfım gəlir”. Hər unudulmuş sözün, törənin özü də bir şeiriyyət kimi gəlir adma. Bəlkə də, çoxunuz bilmirdiniz, alçanın, alınçanın haradan gəldiyini.
Doğrudur, bu elmi isbat deyil, amma ulusun huşundan gələni elm də inkar etmir. Ağzınız şirin olsun, yazını oxuduqca ağzınız sulandısa, “alı”ya keçin…
P.S: Sayalı arvad baxıb gördü ki, ətəyindəki alçalar dibinə senir. Yəni bitmək üzrədi. Əlini atıb üç-dörd gilə qalan alçaları da o götürüb qıcırdatmağa başladı.
20/04/2016, BAKI

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.