

21.01.2021-ci Bakı vaxtı ilə saat 14:00-da Özbəkistanın Xalq Şairi, Özbəkistanın Qəhrəmanı Erkin Vahidovun adını daşıyan Yaradıcılıq Məktəbi kollektivinin təşkilatçılığı ilə Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşarla onlayn görüş təşkil olunub.
Tədbirdə Yaradıcılıq Məktəbinin 6, 7, 8 və 9-cu sinif şagirdləri iştirak edibilər. Ədəbi tədbirə Erkin Vahidov adına Yaradıcılıq Məktəbinin Mənəviyyat üzrə direktor müavini, şair Məhəmmədəmin (Tursunəli) Nurmatov moderatorluq edib. Tərcüməçi, şair və “Cəsur oğlan” Dövlət Mükafatı laureatı, Azərbaycan və Özbəkistan ədəbi əlaqələrində çevirmələri ilə uğurlu fəaliyyəti olan Rahmat Babacan da tədbirdə iştirak edib, müəllifdən özünün çevirmiş olduğu bir neçə şeiri səsləndirib. İntiqam Yaşarın şeirlərinin onda böyük təəssürat yaratdığını dilə gətirib. Tədbirdə İntiqam Yaşar iştirakçılar üçün şeirlər diqqətinə oxuyub. Erkin Vahidov adına yaradıcılıq məktəbinin şagirdlərinin İntiqam Yaşarın şeirlərini öz ifasında dinləməklə yanaşı , müəllifin yaradıcılığından əzbərlədikləri şeirləri də böyük həvəslə səsləndiriblər.
Bundan başqa, 6-cı sinif şagirdləri Sərvinaz Mahmudova, Müslimə Kamalidinova, Bibixocar Abduqəniyeva, 7-ci sinif şagirdləri Səidxan Bahadırov, Kamalaxan Marupova, Bəhruz Möminov, 8-ci sinif şagirdləri Nigina Ergəşova, Nurulla Amanov, 9-cu sinif şagirdləri Avazbəy Əhmədcanov, Nilufər Ergəşova, Hacıəkbər Ziynatsev və başqalarının iştirakı ilə ədəbiyyat nümayəndələri arasındakı yaxın dostluğu daha da möhkəmləndirən ədəbi görüş şeirlə yanaşı, sual-cavablarla da zəngin olub. Onlayn yaradıcılıq görüşü yüksək əhval-ruhiyyə və səmimiyyətlə yekunlaşıb.
Qeyd edək ki, Erkin Vahidov adına Yaradıcılıq Məktəbi 2018-ci ildə yaradılıb. Bu məktəb Özbəkistanın Xalq Şairi, Özbəkistanın Qəhrəmanı Erkin Vahidovun adını əbədiləşdirmək üçün yaradılıb. Burada yaradıcı gənclər təhsil alır. Bu gün məktəbdə 135 yaradıcı gənc var. Şagirdlər üçün Erkin Vahidov adına təqaüd təsis edilib.
Hələ xoşbəxtlik eyforiyası soyumamış Qələbəmizdən sonra ilk bədbin günümüzü bu gün yaşadıq. 6 yanvar milli mədəniyyət tariximizdə ən böyük qurban verdiyimiz günlərdən biri kimi yaddaşlarda qalıb. Unudulmaz şairimiz, milli mədəniyyətimizin şəhidi Mikayıl Müşfiqin namərdcəsinə güllələndiyi günün 83-cü ildönümüdür.
Müşfiqi xatırlayanda həmişə qara buludlu səmada parlaq bir ildırım çaxşışı gəlir gözlərim önünə. Maraqlıdır, hamı bilir ki, ildırım çox güclü bir təbiət hadisəsidir. İldırım çaxanda yeri, göyü, ətrafı, meşəni, insanı, binanı – hər şeyi yandıra bilər. Hamı ildırım çaxmasından vahimələnir. Amma saniyələr içində görünüb itən bu güclü işıqda elə bir möcüzə yaşayır ki, hamı istəyir onu seyr etsin. Öz istəyini anlayana qədər ildırım kainata sehrli bir işıq seli buraxıb yox olur. İnsan vahiməni unudub gözlərini səmanın dərinliklərinə dikir və “kaş bir də çaxaydı, ona yaxşı-yaxşı bir də baxardım”- deyə fikirləşir.
Mikayıl Müsfiq də mənim üçün ildırım qüdrətli, ildırım sehrli bir möcüzədir. Müşfiqin Azərbaycan şeirinə gəlişi səmada ildırımın çaxışına bənzəyir – çox parlaq, hər yerdən görünən, yaddaqalan və valehedici. Zəkası ildırım kimi parlaq, qələmi ildırım kimi iti, təəssüf ki, həyatı da elə ildırım kimi ani oldu.
Mikayıl Müşfiqin bir çox şeirləri də az-az rast gəlinən təbiət hadisələri kimi əsrarəngizdir. Onlar insanın ruhuna, zəkasına, şüuruna ünvanlanıb, insanın hissiyatında özünə yuva tapır. Hamı onu hiss edir, amma təsvir etməyə çətinlik çəkir, Müşfiq düşüncəsini anlayır, amma onu Müşfiq dərki səviyyəsində anlada bilmir. Müşfiq saf sulu bir dərya kimi görünür. Hər dəfə ona baş vuranda daha dərin olduğunu anlayırsan. Mikayıl Müşfiq o ədiblərdəndir ki, şəxsiyyəti ilə yaradıcılığı arasında qalın bir bərabərlik işarəsi qoymaq olar. O özü də yaradıcılığı kimi nadirdir, təkrarsızdır. Müşfiq XX əsr Azərbaycan ədəbiyyatında yeganə şairimizdir ki, 50-ə yaxın şeiri yalnız ağızdan-ağıza ötürülərək bərpa edilib. Müşfiq təkcə Azərbaycan şeirində deyil, bütövlükdə türk xalqları ədəbiyyatında və ümumiyyətlə dünya şeiri kontesktində də ciddi və örnək sayılacaq bir hadisədir.
Saf Azərbaycan türkcəsi, şeirlərinin gözəl, təkrarsız ritmi, ən uca dağları aşan sonsuz xəyal gücü ilə o, Azərbaycan ədəbiyyatında özünə əbədi abidə ucaldıb. Bu gün qardaş Türkiyədə də Müşfiqi öyrənir, ona valeh olurlar. İnsanlıq hissiyyat qabiliyyətindən məhrum olmayınca Müşfiq seviləcək və sevən ürəklərdə yaşayacaq.
Mikayıl Müşfiq nəsil şəcərəsi ilə də bizim üçün əzizdir – ulu babası, bir türk sufisi aşıq Əliqulu, atası isə həm dünyəvi, həm də dini təhsil verən müəllim və şair Əbdülqadir Visaqi olub. Mənfur düşmən necə qıydı belə bir gəncə?! Əslində amansız Stalin represiyyalarının qanlı maşını Mikayıl Müşfiqi, Əhməd Cavadı, Hüseyn Cavidi, Seyid Hüseyni və başqa böyük ədiblərimizi məhv edəndə bu şəcərələri də, bu saf şəcərələrdən toxunmuş milləti və milli ruhu da məhv etmək istəyirdi. Amma belə olmadı. Mümkün deyildi. Çünki ildırım çaxandan sonra bu çaxışın əks-sədası qulaqlardan, əsrarəngiz parıltısı isə xəyallardan getmir. Şahanə çaxış təkrar-təkrar səslənir, təbiətinin bütün rənglərinin qarışığından yaranmış al-əlvan şüalar seyrəlməkdə olan buludların arasından görünür, bərq vurur. Sonra yağış yağır, tozu-torpağı yatırır, torpağı canlandırır, bərəkətləndirir. Sonda isə böyüklü-kiçikli bütün insanların sevincinə səbəb olan yeddi rəngli göyqurşağı göy üzünə çıxır. Bax, biz bu gün Müşfiqi o göyqurşağı kimi görürük və sevirik. Təkrarsız, bənzərsiz və əlçatmaz bir gözəllikdir Müşfiq.
Cavanşir Feyziyev
Fəlsəfə doktoru, millət vəkili
6 yanvar 2020
Oxunma sayı: 195 Şair Vahid Aslanın “Yağış havası” kitabı masamın üstündədir.
Kitabdakı şeirləri oxuduqca onun misralarında hay-küysüz, qışqırtısız bir səs, sevgi pıçıltısı eşidirəm. Həm də o pıçıltıda bir dağ bulağının sakit şırıltısına bənzəyən bir həzinlik duyuram. Necə də gözəldir, poeziya əslində öz təbiiliyi ilə müqəddəsmiş:
Dağlar, yenə darıxmışam şəhərdə,
“Sarıtel”in yanğısı var içimdə.
Dağlar, xatırlayın, siz məni hərdən,
Ağır-ağır obaların köçündə…
Onun hər şeirində böyük məna yükü var. Həmin “Dağlar” şeirində yamaclarda nərgizin, bənövşənin açmasından, dərələrin yuxusunun qaçmasından, zirvələrin qarının əriyib çaylara sarı üz tutmasından poetik bir dillə təsvir edilir. Şair Vətən torpağının “döşündə bulaq”, “meşəsində quzqulaq” olub bitməyi arzulayır. Məncə Vətən sevgisi bundan yaxşı verilməz. Ana məhəbbəti də cod əlləri ilə saçımıza çəkdiyi incə bir sığalla başlayıb. Mənə elə gəlir ki, ilin fəsilləri də ömrün fəsilləri kimidir. Vahid müəllimin fəsillərə, həyata öz baxışı var. Həm də mənalı, dürüst, düşündürücü:
Dərələr kədərli,
Zirvələr fikirli,
Yollar yorğun kimidi,..
Ağacların yarpağı
Payızın sarı simidi,
Külək oxuyur yenə
Ayrılıq şərqisini…
Bu misraları tələsik oxusan husnü pozular, asta-asta, düşünə-düşünə oxumaq lazımdır Vahid Aslan poeziyasını. Onun şeirləri çox genişdir. Vahid Aslan şeirlərində həm mənalı sözlərdən istifadə edir, həm də adi sözləri mənalı ifadəyə çevirməyi bacarır.
Yolu atlı oldu, sözü qanadlı,
Şığıyıb zamanı ötdü bu atlı,
Bir gün də gördükü, ölməzlik adlı
Nəğməsi qonubdu milyon dodağa.
Bu misralar şairin İlyas Tapdığa həsr etdiyi şeirdəndir. Zahirən adı görünən bu misralar əslində çox əzəmətlidir.
Vahid Aslan poeziyası təsadüfən yaranan və sıradan olan poeziyalar silsiləsindən deyil. Orada böyük şair Rəsul Rza ənənəsi, Əli Kərim axıcılığı var. Onun şeirləri doğulub-böyüdüyü torpağın bulaqları kimi dumdurudur. Şairin “Çətindərə” şeirini oxuyuram. İlk baxışda adama elə gəlir ki, nə çoxdur vətən torpağında dağlar, dərələr… Burada qeyri-adi nə var ki… Oxuduqca duyursan ki, yox, vətən torpağının bir parçasının gözəlliyi, təmiz havası, buz bulaqları ilə yanaşı daha geniş məna kəsb edir. Mövzu ictimailəşdirilir:
Şairim, ilğıma düşən çağındı,
Ən gözəl təbiət şeiridi bura.
Elə tanrıya da daha yaxındı,
Dünyanın ən gözəl yeridi bura…
Çətindərə təkcə yaylaq deyil. O Vətən torpağının bir parçasıdır. Ona görə də əzizdir, təmizdir, unudulmazdır, ayrılmaq çətindir. Bax, Vahid Aslan poeziyasının dərinliklərinə baş vurduqca gəldiyim əsas qənaət də budur.
Vahid Aslan poeziyası rəngarəng bir çəmənliyi xatırladır. Əlvan çəmənlikdə adam hansı çiçəyə yaxınlaşmağı seçə bilmədiyi kimi şairin şeirləri də həyati mövzularla doludur. Vətən məhəbbəti, ataya hörmət, anaya sevgi, övlada rəğbət bir-birini əvəz edir. Onun şeir kitabını əlindən yerə qoymaq istəmirsən. Axı o şox gözəl və mənalı həmsöhbətdir. Vahid müəllimin qəhrəmanı öz istədiyinin nazını şəkməyi bacarır.
Özüm bilirəm niyə,
Sığmırsan yerə-göyə,
Nazını şəkim deyə,
Mənə naz eyləyirsən.
Gülüm düzünü bilsən,
Elə yaxşı ki, hərdən,
Mənə naz eyləyirsən…
Bu bir gənclik müraciətidir, əbədi sevginin mənalı təzahürüdür.
Vahid Aslan poeziyasının əsas özəyi Vətən məhəbətidir:
Asta vur torpağa ayaqlarını,
Vətən torpağını əzərsən, yavaş.
Əymə o ağacın budaqlarını,
Budağı kökündən üzərsən, yavaş.
Ümid edirəm ki, bu qəbildən olan şeirlər gələcəkdə dərsliklərə düşəcək, şirin-şəkər övladlarımız bu şeirlərdən bəhrələnəcək. Şair özü də ictimaiyyətçidir, o daim kollektiv arasında, dost sırasındadır, eli bəhərləndirir, özü də eldən bəhrələnir. Folkloru, xalq ədəbiyyatını çox gözəl bilir, hər şeirinin kökü xalqa bağlıdır. Vahid Aslan tanınmış yazıçı Qərib Mehdiyevin dərnəyində yetişənlərdəndir. Mərhum şair İ.Tapdıq Qərib Mehdiyevə həsr etdiyi şeirdə yazırdı:
Qəribəm, mənanı arama adda
Qərib ha deyiləm ədəbiyyatda…
Qərib Mehdiyevin müəllimlərin həyatından yazdığı “Əlifba kitabı” povesti indi də sevilə-sevilə oxunur. Vahid Aslan belə bir müəllimdən ilk dərsini aldı.
Vahid Aslan yaradıcılığında diqqəti daha çox cəlb edən şəhid şairə həsr edilən “Nizami Aydın” poemasıdır. Nizami Aydın da Qərib müəllimin ədəbi dərnəyində yetişən bir şair olmuşdur. Nizami Aydın 31 yaşında Qarabağın müdafiəsi uğrunda “Tərlan” ləqəbli tankı ilə vuruşmuş, özünün yanıb kül olması hesabına 40 nəfər əsgəri düşmənə əsir düşməkdən xilas etmişdir. Poema ağır, lakin ümidli bir sonluqla qurtarır:
Qeyb olub, ümid var bir də doğulsun,
Qəbri qazılmayan Nizami Aydın.
Qardaş, balalara and yeri olsun,
Sənin şəhid adın, Aydın soyadın.
Vahid Aslan ədəbi yaradıcılıqla bərabər, həm də elmi araşdırmalarla, publisistik və populyar məqalələr hazırlamaqla məşğuldur. Bu dünyagörüşlü yanaşma şairin şeirlərində də duyulur.
“Yağış havası” Vahid Aslanın sayca 9-cu şeirlər kitabıdır. O, çox müqəddəs bir yoldadır. Ona səmimiyyətlə uğurlar diləyir, müvəffəqiyyətlər arzulayıram.
Cəmil Hüseynli
Oxunma sayı: 399