Özbəkistan duyğuları — İbrahim İlyaslının yeni şeiri

ÖZBƏKİSTAN DUYĞULARI Hələ olmamışam Özbəkistanda, Görməmişəm ulu Səmərqəndi. Məni Buxaraya dartır ürəyim,- Bağrımın başına çəkir Daşkəndi. Bir səs; “Harda qaldın, durma, gəl” deyir, Bilmirəm kimim var mənim o yerdə. Hər dəfə önümdə Davamı »»»

Mən özüm-özümdən yıxıldım, Ana — Fərqanə Mehdiyeva

TƏNDİR Keçib boğazımız gəlib kəndirə, Dərdimiz bəllidir, dərman tapılmır. Evin dalındakı qərib təndirə, Gör neçə zamandır çörək yapılmır Bu uzun-uzadı ömür yolunda, Anamla qoşaca çalışıb təndir. Ələ düşməyəndə kibrit əvəzi Anamın içindən Davamı »»»

Şeirim mənə bənzəyir — Coşqun Qarabulud

MƏNƏ BURAX Çıxart vəsiqəndən ünvanını, məkanını, soyadın, adın nə varsa, sənə aid olanları- hamısını kənara qoy. Yalnız baxışların qalsın, bir də sən. Gerisini mənə burax. *** Bu yaşdan sonra sən gəl dedin. Davamı »»»

Xasiyyət Rüstəmin şeirləri

Bizim Yazı Özbəkistanın nüfuzlu “Kitab Dünyası” qəzetinin baş redaktoru, şair-tərcüməçi Xasiyyət Rüstəmin şeirlərini təqdim edir: *** Ay zəmiyçün darıxan gecə Yer üzünə sığmadı qadın. Bir az qorxar günahdan gecə — Qorxar, bəlkə, Davamı »»»

Hardasan dünyanın halal Adamı

Bizim Yazı tanınmış şair İbrahim İlyaslının şeirlərini təqdim edir: Necəsən? Mənim səndən uzaqlarda Yamandı halım, necəsən? Özgəsinə qismət olan Cahı-cəlalım, necəsən? Yalana döndü gerçəyim, Ay gözəlim, ay göyçəyim. Çəmənim, çölüm, çiçəyim, Pətəyim, Davamı »»»

QAZAX, QIRĞIZ, ÖZBƏK, TATAR… dostlarımdan gələn zənglər

Bugünlərdə türk ölkə və topluluqlarından çoxsaylı zənglər almaqdayam. – Özünün türk dünyası ünvanlı çalışmaları ilə seçilən, Turan sevdasını ruhuna, özkeçmişinə hopdurmuş Azər-baycanlı aydın¬lardan kimlərin yenidən Millət vəkili mandatı qazanması türk dünyası aşiqlərinin Davamı »»»

“JAÑA QAZAQ POEZİASYNYN ANTOLOGİASY” – “YENİ QAZAX ŞEİRİ ANTOLOGİYASI”

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri gün üzü görüb. Qardaş Qazaxıstanın 57 yeni nəsil şairinin şeirləri toplanmış, “YENİ QAZAX ŞEİRİ ANTOLOGİYASI” adlanan («Elm və Təhsil» Nəşriyyatında çıxan) 280 səhifəlik nəşrin Davamı »»»

19 çağdaş rus şairinin şeiri Azərbaycan dilinə çevrilərək kitablaşdırılıb

FƏZANIN CAZİBƏSİ Çağdaş Quzey Arxangelsk poeziyası antologiyası Bakıda gün üzü gördü Rus mədəniyyətinin günəşi, çağdaş rus dilinin əsasını qoymuş (dünya səviyyəli birinci rus alimi, ensiklopedist… şair…) Mixail Vasilyeviç Lomonosovun doğulduğu vilayətin 19 şairinin Davamı »»»

QARABULUDUN AĞBULUD ŞEİRLƏRİ BAKIDA KİTABLAŞDIRILDI…

Bu, “Ağlım Şəkidə qalib” deyən qardaş ölkə şairinin Türkiyə dışında çıxan ilk kitabıdır Qardaş Türkiyənin Fəthiyə şəhərində yaşayıb-yaradan şair-publisist Coşğun QARABULUDun “Hardan haraya…” adlı kitabı Azərbaycanda işıq üzü görüb. Fəlsəfi düşüncələrə, sətiraltı Davamı »»»

Xaçmazda ədəbi mühit: dünən, bugün… — BİR BAXIŞ

Rəfail AGAH XAÇMAZLI, DGTYB üzvü (Yazı Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən dəstəklənən «BÖLGƏLƏRDƏN SƏSLƏR-3» layihəsi çərçivəsində hazırlanıb.) XIX yüzildə Azərbaycanda ədəbiyyata axın, diqqət artdığından ədəbi məclislərin də sayı getdikcə çoxalmağa başlamışdır. «Divani-hikmət» Davamı »»»

Kəlbəcərin şair oğlu

Valeh Qocanı 2017-ci ildə həyata keçirdiyimiz “Yaradıcılıq üfüqləri” adlı ədəbi layihə çərçivəsində Bərdə şəhər elektron kitabxanasında düzənlədiyimiz toplantıda tanımışam.

Valeh o ilk görüşdə adına layiq şeir oxumuş (istəyimiz üzərinə, bir deyil, iki şeir oxumuş), alqış qazanmışdı. O alqış yalnız toplantı iştirakçılarının orada əlini əlinə vurmasında qalmamış, bir yaz günü bizimlə (silsilə tədbirlər gərəyi) Bərdədən Gəncəyə, ordan Şəmkirə, ordan da Gədəbəyə gedib çıxmış və nəhayət Bakıya dönüb gəlmişdi…

Qısa müddətdə o “nə gözəl, necə qəşəng Bərdə alqışı”nı biz “Bölgələrdən səslər” almanaxında şəkilləndirdik; bununla da ürəyimiz soyumadı, Xəzərin o biri qıyısına – qardaş Qazaxıstanda çıxan “Yeni zaman Azərbaycan şeiri” antologiyasına daşıdıq. Nə yaxşı da, daşıdıq..! – Bizi tənqid etməyə öyrəncəli olanlar belə, Valeh Qocanın şeirlərinə münasibətdə tənqiddən uzaq durdu…

Beləcə, yaradıcılıq üfüqləri, “yazı da, yayı da gül-çiçək Bərdə” və hələ kitabxana… üstəlik, Kəlbəcər göynərtili gənc şairin ədəbi həyatı sözdən, şəkildən çıxıb, “vəhdəti-vücud” oldu sanki… sanki öz çiçək mövsümünə, meyvə vaxtına keçdi o vəhdət…

Beləliklə, Valehin adına layiq şeirləri ümid verdi, ümiddən ziyadə inam taxtına çıxdı.

“Vətənsiz ömrümə bir il də gəldi,
İldə bircə dəfə sən də qayıt gəl…”

kimi kövrək misraların yazarı qəribə, bəlkə yaşından irəli ağırtaxtalı, qürurlu oturuş-duruşu ilə diqqətimizi cəlb etmişdi daha ilk görüşdən… Bir şair üçün kövrəklik bəlkə də yaxşı haldır, yerindən-yurdundan didərgin bir insan üçün təbii ovqatdır, amma gənc Vətən övladı üçün bu, ruh halının yalnız bir komponenti, “iştirakçısı” olmalıydı – elə də var..!

Kövrəkliklə, şeir yazmaqla Kəlbəcəri (digər torpaqlarımızı) azad etmək mümkünmü? – Cavab aydındır, məncə; ancaq o da aydındır ki, kövrəklikdən qəzəb, şeirdən əzm, qələmdən iradə hasil olunca, ümidimiz inama çevrilir. Və inam – o ali kateqoriyaya aid hadisə, qarşısıalınmaz gücə çevrilir, belə olunca da, Tanrı təqdiri qazanır, olmazları olar edir.

Görənləri valeh etmiş Kəlbəcərin şair oğlu Valeh Qocanın ən kövrək şeirini də, ən lirik duyğusunu da, ən gərgin düşüncəsini də, məhz bu planda təsəvvür edirəm. İlahi qüdrət sayəsində (ustad Abdurrahim Qaraqoç demiş, qədərin üstündə var olan qədərlə), Valeh Qoca qocalmadan Kəlbəcərə dönüb, doğma el-obasına valehliyi yaşaya-yaşaya yazıb-yaradacaq!..

Bilirsiz, mən inamla ideyanı bir müstəvi üzərində qəbul edirəm; ideyalı ədəbiyyatsa, yaddaşlarda qalıcı yer tutan, xəlqi mahiyyət daşıyan, əsil vətəndaşlıq mövqeyini əks etdirən bir yaradıcılıq hadisəsidir. Elə bir böyük əsər göstərmək mümkün deyil ki, o ideyalı olmasın!
Əlbəttə, ideya başqa, ideologiya başqa… – Valeh hansısa ideologiya çərçivəsində deyil, məhz ideya üfüqügenişliyindədir!..

***
Valeh nədən yazır, necə yazır? Yazdıqlarını hara ünvanlayır? Niyə yazır Valeh? – Valehin şeir fakturası bu suallara hansı cavabları verir?

Gənc şairin daha çox müraciət etdiyi mövzu(lar) olsa da, o, demək olar, şeirin əzəli-əbədi mövzularının hər birinə üz tutur. Onun ilk kitabında toplanmış şeirləri bizi haldan-hala salır; gah “havalıyam, havam çatmır” deyirik sanki, gah üfüqötəsinə can atırıq, gah da bir başqa havaya köklənirik… Bu başqa havaya köklənmələrin heç biri öz ilkinliyindən, kökündən və də soy-kökündən məhrum deyil! Valehin hər şeiri “Mən Kəlbəcərdənəm, Kəlbəcər həsrətindən və də(!) Kəlbəcər inamından doğulmuşam!” deyir sanki…

Böyük filosof Asif Ata deyirdi, “Milli olmayan bəşəri ola bilməz” – bu anlamda, Valeh gənc yaşında yazdığı şeirlərlə belə millidir, bəşəridir. Onun şeirlərini Təbrizdəki soydaşımız da, Anadolulu qardaşımız da, Xəzərin o biri tərəfindəki Türküstan elləri də, soyuq Sibirdəki isti ürəklilər də, Notr-Dam kilsəsindəki fransız da, “əbədi küləklər məmləkəti” Çilidəki oxucu da… sevə, valeh ola bilər. Hələlik “bilər” deyirik, çünki bu sətirlər yazılarkən, ümumrespublika ədəbiyyat təsərrüfatına, geniş ədəbi aləmə qısa vaxtda – iki ildən bir qədər artıq müddət içində açılışmış bir gənc qələmdən danışırıq.

Ancaq mən dəqiq bilirəm ki, Valeh Qoca öz şeirini, bütün dünya bir yana, Kəlbəcər dağlarının başına – dədə-baba yurduna dönmüş bir sadə çobanın dilindən eşitməyi daha üstün tutar…

***

Görək, Valeh Qoca “Yazıldı” adlı şeirində nə yazır, necə yazır? –

“…Ən çirkin dərdi də əlindən aldım,
Ən gözəl şeirim sənə yazıldı.”

Yenə “Yazıldı”da:

“…Mənim ölüm vaxtım
baş daşı kimi,
Səni itirdiyim günə yazıldı…”

Nə yazdığı aydındır, necə yazdığısa Xalq şairi Zəlimxan Yaqub demiş, “zərif döndərmələr, incə xallar”ından bəlli!

Valeh nədən yazsa da, mən qeyri-ixtiyari Kəlbəcər həsrətini, Kəlbəcər qoxusunu, Kəlbəcərə dönüş inamını… – bəlkə qarmaşıq şəkildə olsa belə, görmək istəyirəm.

Budur, şair bizi intizarda qoymur və bu duyğuları, düşüncələri sözə (fikrə) çevirir:

“Köçkünlük vədəsiz gəldi ömrümə,
O köç maşınları beşiyim oldu.
Qışı– buz, istisi– ocaq vaqonlar,
Mənim evim oldu, eşiyim oldu.

Ehtiyac içində keçdi hər anım,
Bunu nə gizlədim, bunu nə danım…
Anamın örpəyi isti yorğanım,
Atamın pencəyi döşəyim oldu.

Valehəm, sıxıldım, bezdim, dayandım,
Qayğılar içində üzdüm, dayandım;
Beləcə, hər şeyə dözdüm, dayandım,
Dözümüm, iradəm keşiyim oldu.”

(“Oldu”)

Belə şeirlərə “şərhi özündə olan” – necə deyərlər, “açıq şeir” desək, yanlış olmaz yəqin. Bu, bir gerçəkçi (düzxətli) şeirdi, əlbəttə; bununla belə, duyğusallığı önplana çıxmış şeirdi… Duyğusallıq şair üçün nə dərəcədə əlçəkilməz, yankeçilməzdir? – bu da, mübahisə mövzusu deyil hər halda…

Və mən Valehin şeirlərini oxuyarkən şəklini gözüm önündə canlandıraraq, oxuyuram sanki… Valehin baxışı, duruşu əzmlidir, “biz qalib gələcəyik” deyir… – Sanki onun şeirləri interaktivdir; sanki o şeirlər canlı fikir alış-verişinə çağırır oxucunu…

Və nəhayət gənc şairin ilk kitabının son şeirinin son bəndi… – Vətən haqqında çox yazılıb, yazılacaq da; bəs, görək Valeh öz Vətəninə necə valehdir? –

“Mənim səndən uzaqlarda odum da köz tutmaz heç,
İzim düşməz bu dünyaya, balam da iz tutmaz heç;
İlham gəlməz ürəyimə, dilim də söz tutmaz heç,
Mənim bu şair könlümə sən qidasan, ey Vətən..!”

Valehin ikinci kitabını Kəlbəcərdə təqdim etmək arzusu və inamı ilə…

Əkbər QOŞALI
şair-publisist

Oxunma sayı: 146

Türk dünyasının ortaq televiziyası yaradılacaq

“Türk dünyasının ortaq televiziyası yaradılacaq”.

Bizim Yazı xəbər verir ki, bunu “Global Journalism Council” təşkilatının Beynəlxalq məsələlər üzrə sədr müavini Elşad Eyvazlı məlumat verib. O, televiziyanın yaxın vaxtlarda fəaliyyətə başlayacağını bildirib.

Elşad Eyvazlının sözlərinə görə, bununla bağlı Türkdilli ölkələrin jurnalistləri ilə müzakirələr aparılıb.

“İlkin olaraq Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, QırğızıstanTürkmənistanda nümayəndiliklər yaradılacaq. Fəaliyyət istiqamətində siyasi məsələlər olmayacaq”.

Televiziyaya kimin rəhbərlik edəcəyinə gəlincə, müsahibimiz deyib ki, bu məsələlər ona həvalə olunub.

Oxunma sayı: 88

Mən özüm-özümdən yıxıldım, Ana — Fərqanə Mehdiyeva

TƏNDİR

Keçib boğazımız gəlib kəndirə,
Dərdimiz bəllidir, dərman tapılmır.
Evin dalındakı qərib təndirə,
Gör neçə zamandır çörək yapılmır

Bu uzun-uzadı ömür yolunda,
Anamla qoşaca çalışıb təndir.
Ələ düşməyəndə kibrit əvəzi
Anamın içindən alışıb təndir.

Qaçanda ağlayan uşaq səsinə,
Əlindən birbəbir düşüb kündələr.
Beləcə böyüdüb anam bizləri,
Qəlbinin odunda bişib kündələr

Təndirin tüstüsü çıxanda başdan,
Anam gözlərindən su çiləyibdi.
Küt gedən kündəni ovutmaq üçün,
Ərkyana təndiri şillələyibdi.

Əyninə özgə don geyməyən anam,
Təndir tüstüsündən yüz don geyinib.
Başını bir kəsə əyməyən anam,
Təndirə çatanda min yol əyilib.

Doğma anasıtək sevib təndiri,
Könlünə şipşirin ovqat olubdu.
Anam getməyəndə təndirə yaxın,
Təndirin sinəsi çat-çat olubdu.

Kündələr üstündə qıvrılan əllər,
Bəs bu gün görəsən nələri anır?
Bir zaman təndirdə qovrulan əllər,
İndi ehtiyacdan alışıb-yanır.

Analar neyləsin, Allahın altda
Bir az da çoxalıb um-küsüləri.
Əriyən, azalan ömürləritək,
Azalır dam altda un kisələri

Təndir anam kimi doğmadır mənə,
Mən onu müqəddəs ocaq sanacam.
Gün gəlsə olmasa anam həyatda,
Günb gəlsə olmasa anam həyətdə
Mən yanıb, közərib təndirdən betər,
Qaçıb o təndiri qucaqlayacam.

Anam bölə bilər bir tikəsini,
Anam mərd önündə dizin qatlayar.
Damdan əskiltməyin un kisəsini,
Amanın günüdü, anamdan qabaq
Həyətdə təndirin bağrı çatlayar.

SİZ MƏNİ QOYMAYIN ŞAİR OLMAĞA

Bu da xasiyyətdi, cəhətdi deyin,
Sənə söz deyənin nə həddi, deyin.
Başına bir sənət qəhətdi, deyin,
Siz məni qoymayın şair olmağa

Yandırın kağızı yanacaq edin,
Sındırın qələmi oyuncaq edin.
Üçbəndli şeirimi üçbucaq edin,
Siz məni qoymayın şair olmağa

Keçin qabağıma yolumu tutun,
Bir az ərk eləyib qolumu tutun.
Hərəniz bir yandan əlimi tutun,
Siz məni qoymayın şair olmağa

Bacarın içimdən çıxarın məni,
Bir az da incidib çıxarın məni,
Girdiyim küncümdən çıxarın məni,
Siz məni qoymayın şair olmağa

Qəbrinin qapağı açıqdı, deyin,
Qurduğun yurd-yuva uçuqdu, deyin.
Ay ANA, ATAmız yazıqdı, deyin,
Siz məni qoymayın şair olmağa

Şairlər bölünməz, bütün olurlar,
Tüstüsü çıxmayan tütün olurlar.
Şair balaları yetim olurlar,
Siz məni qoymayın şair olmağa

Taleyin köçümə köçü çatmadı,
İstədim “beş” alam, “üç”ü çatmadı.
ATAmın, ANAmın gücü çatmadı,
Siz məni qoymayın şair olmağa.

QIZLARI QOYMAYIN ŞEİR YAZMAĞA

Sevin, sevginizi kəsir qoymayın,
Ürəyi nanə tək əsir, qoymayın,
Ömrünü misradan asır qoymayın,
Qızları qoymayın şeir yazmağa.

Yazırsa..Tanrıdan söz alıb nədi,
Soyuq bir baxışdan sozalıb nədi,
Sevdi qismətləri azalıb nədi,
Qızları qoymayın şeir yazmağa.

Qoymayın yüyürsün həsrətə tərəf,
Arazdan baş alıb qarışır Kürə,
Bir misra yazırsa ölür min kərə,
Qızları qoymayın şeir yazmağa.

Qızlar bu dünyanın gülü olublar,
Qızlar bir ocağın külü olublar,
Divanə olublar,dəli olublar,
Qızları qoymayın şeir yazmağa.

Bacarın dərdini,odunu alın,
Yaralı soyunu adını alın,
Dağılmış yerini,yurdunu alın,
Qızları qoymayın şeir yazmağa.

Taleyin qışından qoyun büstünü,
Başının daşından qoyun büstünü,
Üşüsə şeirlə örtün üstünü,
Qızları qoymayın şeir yazmağa.

Xəyalı göylərdə yerini yazır,
Qovrula-qovrula sirrini yazır,
Hələ beş dərdindən birini yazır,
Qızları qoymayın şeir yazmağa.

ŞƏKİL

Hərdən yana-yana töküb baxıram
Deyirəm eh, bu da filan şəkildi
Gənclik həsrətilə yanıb qovrulan
Dənizi saralan solan şəkildi.

Ayıl xəyallardan, azca bəri düş
Hərəsi bir cürə sifəti dönmüş
Çiynində günlər var anası ölmüş
İllərdən illərə qalan şəkildi.

Bircə söz sorüşdum gör nə deyəcək
Sözə çevriləcək, şeirə dönəcək
Nə vaxtsa daş üstən gülümsəyəcək
İndidən gözləri dolan şəkildi.

“Gözündə eynək yox, əlində əsa”
Atam çəkdirmişdi bir vaxt hardasa
Anam yox qaldırıb divardan asa
Ruhu yağmalanmış talan şəkildi.

Ağzım uzun ömrə sulandı vallah,
Qarşımda ocaqtək qalandı vallah
Dünyada nə varsa yalandı vallah
Dünyada tək bircə qalan şəkildi.

MƏKTUB

Dəyişə bilmədi bu illər məni,
Elə həmənkiyəm sadəlövh fağır.
Xəbərin oldumu başına dönüm,
Bir dərdə düşmüşəm özümdən ağır.

Sən getdin dünyada nələri gördüm,
Bir qız da doğmadın deyəm bacım var.
Nə pula, nə vara, nə də şöhrətə,
Bircə can sözünə ehtiyacım var.

Kimsə yox qapımı özüm tək açan,
Sənsiz yaralarım bitişmir Ana.
Bu kasıb komamda nəyim yoxdu ki,
Başımın sığalı çatışmır Ana.

Boylandım gülümsər şəkillərimdən,
Üşüdüm, darıxdım, sıxıldım Ana.
Hər kəsin dünyada bir düşməni var,
Mən özüm-özümdən yıxıldım Ana.

Bu xəbər ox kimi bağrını dələr,
Çatlayar torpağı bürünər qəmə.
Bir dəfə ölmüşdü min dəfə ölər,
Xəstə olduğumu atama demə.

Mən də misra-misra qovrulum odda,
Həsrətdən ağaran saçını hörüm.
Ay Ana yıxılım ayağın altda,
Qoy məndə cənnəti gözümlə görüm.

Dəyişə bilmədi bu illər məni,
Elə həmənkiyəm sadəlövh fağır.
Xəbərin oldumu başına dönüm,
Bir dərdə düşmüşəm özümdən ağır.

HƏLƏ AÇAMMIRAM DOLAŞIQ ÖMRÜ…

İlahi, şamını özün vermisən,
Yandırım dam altda bu işıq ömrü.
Macalım yoxuydu salam sahmana,
Durum yığışdırım qarışıq ömrü.

Bu candı, bu da ki qurduğum yuva,
Göyərməz ümidi gözümdən suvar.
Əlimdən nə gəlir, özgə nəyim var,
Düzüm sətirlərə yaraşıq ömrü.

İllərdi… arxamca gülüşüb qalıb,
Dərdini-sərini bölüşüb qalıb.
Necə düyündüsə ilişib qalıb,
Hələ açammıram dolaşıq ömrü.

Yerisəm qurtarmaz bu yol, bu küçə,
Qoşula bilmədim baş alan köçə.
Dindirmə kiriməz qırx gün, qırx gecə,
Qoyma danışdırım bu aşıq ömrü.

DAŞ YONANLA SÖHBƏT

Usta, alverin çox olar,
Bu qara rüzgarla çağla.
İstəyirmən bir beh verim,
Yaxşısın mənə saxla.

Hardan gəlib çıxdım bura,
Bir özgə yolum olmadı?
İndidən alım, sonralar
Bəlkə heç pulum olmadı…

Bax üzümə baxır o daş,
Sındırma könlü xoş olsun.
Eləsini saxla, qardaş,
Başıma yaraşan olsun.

Bəlkə almasam da olar,
Bu ehtiyac bir həvəsdi.
Qəbrimin üstə qoymaya
Başıma düşən daş bəsdi!

Birin behlə, çıxım gedim,
Kimsəyə gərək olmasın.
Nə qəribə peşən varmış,
Görüm, mübarək olmasın!

Yonduğun məzar daşları,
Sənə dərd, azar verməsin.
A müştəri gözləyənim,
Heç Allah bazar verməsin!

HAYANA GEDİB ANAM

Gəzirəm qərib-qərib
Nə ümid var, nə inam.
Adam qalmır soruşum–
Hayana gedim anam.

Uşaqları yanında
Canını qoyub gedib;
Atam təzə aldığı
Donunu qoyub gedib.

Qaranlıqda itənim
İşığa oxşayırdı;
Elə qocalmışdı ki,
Uşağa oxşayırdı.

Yeddi uşaq yellədən
Beşiyi qalıb belə.
Kəndi-kəsəyi, evi,
Eşiyi qalıb belə.

Dindirəndə can deyən
Adımı qoyub gedib.
Möcüzəyə bax, Allah,
Dəli kimi sevdiyi
Atamı qoyub gedib.

Dözəmmir yoxluğuna,
Həyət-baca ağlayır.
Hər səhər dən səpdiyi,
Toyuq-cücə ağlayır.

İçində dolu su da,
Sənəyi küsüb, Allah.
Neçə gündür süd vermir
İnəyi küsüb, Allah.

Doyunca geymədiyi
Toyluğu qalıb orda.
Anasından yadigar
Yaylığı qalıb orda.

Bəlkə uçub göylərə,
Günəşlə, Ayla gedib?
Üz-gözündə bayatı,
Dilində layla gedib.

Gəzirəm qərib-qərib
Nə ümid var, nə inam.
Siz deyin ay adamlar,
Hayana gedib anam?..

İNDİDƏN

O nakam nə yatdı nə yuxu görə,
Bir yuxu görmüşdü yozun indidən.
Ağlağan şeirimin sətirlərindən,
Gülümsər şəklini asım indidən.

Deyin biri yoxdu biri var idi,
Yolunda boranı qarı var idi,
Deyın cərgəmizdə yeri var idi,
Tutun qəlbinizdə yasın indidən.

Bir yığım istəyi solar heç olar,
Nə boyda arzusu gedər köç olar,
Ona nə desəniz sonra gec olar,
Ona nə yazırsız yazın indidən.

DİVAR

Bu dərdi çəkməyə tərəzi yoxdu,
Çəkir ürəyimi izin divardan.
Belə darıxmağın əvəzi yoxdu,
Yazım sətirləri düzüm divardan.

Bu geniş həsrəti dar eləmədi,
Açdı gözlərimi kor eləmədi,
Şəklini asmağa yer eləmədi,
Qoy bir az inciyim küsüm divardan.

Bu qəm də yetişdi dərən tapılmır,
Uçuq evimizə girən tapılmır,
Səni məndən başqa görən tapılmır,
Niyə boylanırsan bizim divardan.

DEMƏ CANSIZ KAĞIZDI

Könlünə dağdı bəlkə,
Bu təzə dərdim sənə.
İndicə çəkdirmişəm,
Şəkil göndərdim sənə.

Vaxtsız gələn qonaqdı,
Görən nə deyir indi?
Şəklim acdı bilirəm,
Ömrünü yeyir indi.

Gözlərinə yaxşı bax,
Gör bir necə saralıb.
Bəlkə yuxusu gəlir,
Yol gəlibdi yorulub.

Demə cansız kağızdı,
Hərarəti, odu var.
O qədər həsrət çəkib,
Bənövşənin adı var.

Dönüb qayıda bilməz,
Hər yerdən yolu bağlı.
Bəlkə ona görə də,
Boynu bükülü qalıb.

Könlünə dağdı bəlkə,
Bu təzə dərdim sənə.
İndicə çəkdirmişəm,
Şəkil göndərdim sənə.

Tural Adışirinin təqdimatında

Oxunma sayı: 234

“Gənc yazarlara dəstək” layihəsindən yeni kitab

Dövlət Tərcümə Mərkəzi “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində gənc Azərbaycan şairi Rəbiqə Nazimqızının “Çətirlərin qiyamı” kitabını nəşr edib.

Bizim Yazı xəbər verir ki, kitaba müəllifin “Manifest”, “Zəlzələ”, “Müharibə”, “Portağal şəhəri”, “Qısqanclıq”, “Günah”, “Limon ətri”, “Qadın etirazı” kimi yüzə yaxın şeiri daxil edilib.

Kitabın “Ön söz”ünün müəllifi Əlisəmid Kür, redaktoru Salam Sarvandır.

Əlisəmid Kür kitaba yazdığı “Çətirləri qiyama səsləyirəm” sərlövhəli “Ön söz”də deyir: Bir yaz günüydü, Rəbiqə Nazimqızının “Epizodik sevgilər” kitabının təqdimat mərasimi keçirilirdi. Onu tədbirdən sonra Fəvvarələr bağında yerləşən “Nərgiz” kafesindəki ziyafətdə tanıdım. Ayrı-ayrı stollarda əyləşsək də, baxışları, danışığı, hərdən şeir deməsi pozitivliyindən xəbər verirdi. İndi yadıma düşür ki, həmin gün narın yağış yağmışdı, Rəbiqənin çətiri stolun üstündəydi. Onun nəinki çətirindən, şeirlərindən də yağış damcılayırdı:

…Yaxındayam, balıqçı,

gəlirəm,

atıram özümü dənizə –

balıq olmağa…

Heç yana aparmazsan,

Heç kəsə satmazsan…

Ya atarsan, ya tutarsan…

Torunda məni görüb sevinsən,

bəsimdi…

Təpədən-dırnağa sevgidən yoğrulmuş, səsinin ağrısı misralara hopmuş, Marina Svetayevanı xatırladan Rəbiqənin tövbəsi daşı da yumşaldan səmimi etirafdır.

Həmin gün mənə bağışladığı “Epizodik sevgilər” kitabını gecə səhərədək Sahil bağında oturub birnəfəsə oxudum. Yəni Rəbiqənin şeirləri məni oxumağa məcbur etdi. Sevdiyim çox az şair olub ki, onların kitabını birnəfəsə oxumuşam. Rəbiqə ilk qadın şairimizdir ki, məni diksindirməyi bacarmışdı:

Yüz çəmən ayaqladım bir çiçəkdən ötrü,

Bəlkə, min qarışqa öldü, saymadım.

Budur əsl poeziya…

O mənim sevdiyim şair və insandır…

İndi Rəbiqə Nazimqızının növbəti kitabı – “Çətirlərin qiyamı” görüşünüzə gəlir. Əziz oxucu, o, “şüşələrə toxunub çiliklənən ömürlərdən” danışacaq sənə, “yaşamağı hər kəsdən çox sevdiyini” söyləyəcək və inandıracaq ki:

Çiçək, yağış, külək, qar,

Hər şey sənə tanışdır.

Bəlkə, bu kitabı yağışlı bir gündə küçədə oxuyacaqsan, çətir tapmasan, Fəvvarələr bağındakı çətirli qız heykəlinə sığına da bilərsən. Sığın və bu kitabı oxu. Ya da Rəbiqənin elə özünün də dediyi kimi, evdə oturub qapını yağışın üzünə bağla:

Qapını yağışın üzünə bağlayaram,

Çətirləri qiyama səsləyərəm,

Divarlara şeir deyərəm,

Kətillərə mahnı oxuyaram

Sən dinləməsən…

Ey sən, məni eşidirsən?!”

Oxunma sayı: 54