Ana səhifə BAŞ YAZI Özümdən yol almışam, özümə yol gedirəm

Özümdən yol almışam, özümə yol gedirəm

Müəllif: Bizim Yazı
1. 096 baxış

Akif SƏMƏD

***
A bəxtəvər, elə bilmə
Yadam mən Akif Səmədə.
Dərd ha deyil, düşmür çiçək
Badamdan Akif Səmədə.

Anam məni daş doğmadı,
Gözlərində yaş doğmadı.
Ağac yaxın, daş doğmadı
Adamdan Akif Səmədə.

Çox da yollar buz-qarıymış,
Fələklər bizə yarıymış.
Bircə qarış yol varıymış,
Adəmdən Akif Səmədə.

* * *
Könlümə baxdım, görmədim,
Əfəndim, xocam, hardasan?
Ömür binama hörmədim,
Yüksəyim, ucam, hardasan?

Bir dağı aşıb qalmışam,
Eşqə yanaşıb qalmışam,
Yollarda çaşıb qalmışam,
Ələməm, xaçam, hardasan?

Eşqlə sərsəri gəzirəm,
“Mən”dən içəri gəzirəm,
Adəmdən bəri gəzirəm,
Buddayam, hacam, hardasan?

Akifəm, qəlbimdə ahım,
Qoy ahım olsun pənahım,
Bilmirəm nədi günahım,
Ay məndən qaçan, hardasan?

* * *
Nizama bax, düzgüyə bax,
Üzün üzə salamı var.
İnanmırsan – güzgüyə bax,
Gözün gözə salamı var.

Sağa enər, sola çıxar,
Dar dərədən yala çıxar.
İz deyilən yola çıxar,
İzin izə salamı var.

Hərə bir cür üsul bildi,
Hər üsulda qüsur bildi.
Allah dedi, Rəsul bildi,
Sözün sözə salamı var.

Xatirəmdə o çağ yanar,
Qoçaq ölər, qorxaq yanar.
Alovlanıb ocaq yanar,
Közün közə salamı var.

Akif ölər söz üstündə,
Muzd-babalı öz üstündə.
Qəbul edək göz üstündə,
Kimin bizə salamı var!

* * *
Sən kövrəlmə, ay atam,
Dözümə yol gedirəm.
Nə vaxtdı itib-batan
İzimə yol gedirəm.

Yanmaq yaraşır ömrə,
Qulam Allahdan əmrə.
Nəsimi, Yunus Əmrə
Sözümə yol gedirəm.

Daşda bitən kolmuşam,
Öz-özümü yolmuşam.
Özümdən yol almışam,
Özümə yol gedirəm.

* * *
Nə ağlarsan, dərdli bülbül,
Hələ ayın onu deyil.
Dostun yaxasız köynəyi,
Hər kişinin donu deyil.

Nə çoxdu şeytan nökəri,
Şərə işlədir təkəri,
Sözünü deynən çəkəri,
Hamı nəfsin xanı deyil.

Eşq mərifətdən anrıdı,
Aşiqə yiyə Tanrıdı,
Mərəkə hələ sonradı,
Ölüm ömrün sonu deyil.

* * *
Qurban yazıma, baxtıma,
Yayda da boran, qar eylər.
Qaldırar sultan taxtına,
Saldırar eldə xar eylər.

Odu çarə, odu naçar,
Aşiqlər çarədən qaçar,
İstər gülüşü gül açar,
İstər, zülfünü mar eylər.

Eşq gəlib neçə sənədi,
Eşqdi könlün sənədi,
Əğyar? Nə əğyar? O nədi?
Akifə neylər, yar eylər.

* * *
Uzanıb sübhə qədər,
Çəkirəm ah gecələr.
Gedir yenə qayıdır
Mənə sabah gecələr.

Gecəyə yiyə durmur,
Sabahın sağ sahibi.
Qaralar ağı yedi
Hardadı ağ sahibi.

Ulduzlar ulduz deyil,
Səbrim dara çəkilir.
Neçə bəyaz duyğunun
Üstündən qara çəkilir.

Görsəniz yoxam, deyin
Ay tək batmağa getdi.
Öldü deməyin, dostlar
Akif yatmağa getdi.

* * *
Bu halal yolnan, yoldaşnan
Şuşaya gedə bilmirəm.
Bir belə qohum-qardaşnan
Şuşaya gedə bilmirəm.

Qazağıq, özbəyik-Türkük
Tarixdə çoxuna görkük
Həsrətdə, dözümdə bərkik
Şuşaya gedə bilmirəm.

Uduzduq nədə, bilirəm,
Bilirəm, dədə, bilirəm.
Evimə gedə bilirəm,
Şuşaya gedə bilmirəm.

Şuşasız evim evdimi?
Dözən mənəmmi, devdimi?
Kimə söyləyim dərdimi?
Şuşaya gedə bilmirəm.

Şuşada güllər gülürmü?
Dağına duman gəlirmi?
Xudu müəllim bilirmi?
Şuşaya gedə bilmirəm.

Türk olmaq günahmı oldu?
Günahkar segahmı oldu?
Təbrizdən uzaqmı oldu?-
Şuşaya gedə bilmirəm.

* * *
Mən məni harda itirdim,
Mən məni kimdə gəzirəm?!
Mən məni darda itirdim,
Bilməyib gendə gəzirəm.

Bir sınıq könül yappadım,
Kimsədən tikə qappadım,
Günəşli gündə tappadım,
Dumanda, çəndə gəzirəm.

Bəlkə də simdə itirdim,
Ara him-cimdə itirdim,
Özümü kimdə itirdim,
Qayıdıb səndə gəzirəm.

* * *
Su kimi çəkilib getdim,
Nə fərqi yerə, ya göyə.
Dərdimi tapşırıb getdim,
Saza, kamana ya neyə.

Ağlamaynan mən öləndə,
Elə bil olmamışam heç.
Sevgi kimi, duyğu kimi,
Qəlbinə dolmamışam heç.

Mənli günləri yuxu bil,
Bir yuxuydu gəldi, getdi.
Nərgizdən gələn qoxu bil,
Bir qoxuydu gəldi, getdi.

Atilayım, Çilənayım,
Sorsalar atamız hanı?
Çaşma, ləngimə, təngimə,
Göstər beş-altı qoşmamı.

Dünyaya sözü olmadı,
Söylə ki, ürəkdən getdi.
Heç nədə gözü olmadı,
Gəlmişdi, ürəknən getdi.

* * *
Məni dostlarım öldürdü,
Düşmən dirildər, inşallah!
Baxma, ölüb gedib pələng,
Bir də nərildər, inşallah!

Azadlıq — dam dolu toyum,
Uyu, könlüm, rahat uyu.
Uzanar bir arpa boyum,
Ötən hər ildə, inşallah!

İzsiz-tozsuz öləcəyəm,
Elə demə, çiyələyim.
Uçub gedər kəpənəyim,
Qalar zər əldə, inşallah!

* * *
Namərdinsən, mərdinsən,
Mənim döyülsən, ömrüm.
Ya quşunsan, qurdunsan,
Mənim döyülsən, ömrüm.

Sultansan, qulun hanı?
Yolçusan, yolun hanı?
Bülbülsən, gülün hanı?
Mənim döyülsən, ömrüm.

Sərkərsən, qoşun hanı?
Atansan, daşın hanı?
Ağlarsan, yaşın hanı?
Mənim döyülsən, ömrüm.

Çölləri gəzəmmədim,
Gülləri üzəmmədim,
Əyildin, dözəmmmədin
Mənim döyülsən, ömrüm.

Akif Səməd qocadı,
Haqqı görən xocadı,
Haqqın yeri ucadı,
Mənim döyülsən, ömrüm.

* * *
Bu nə yeriş, bu nə nazdı,
Amandı, ay gedən, əylən.
Bu günlər yoxsa, sabahlar
Gümandı, ay gedən, əylən.

Gülə can verən arıyıq,
Yönü sevdaya sarıyıq,
Ölüm heç nədi, ayrılıq
Yamandı, ay gedən, əylən.

Açıb yasəmən kolları,
Açılıb bizə qolları,
Tanı getdiyin yolları,
Dumandı, ay gedən, əylən.

* * *
Yarəb, adamam adıma —
Sanıma yazığın gəlsin.
Bu dünya xandı, mən qulu,
Xanına yazığın gəlsin.

Bir ulu, bir qədim səsdim,
Bilmirəm niyə tələsdim.
Qılıncam, qınımı kəsdim,
Qınıma yazığın gəlsin.

Ay qarannıqdı, qar işıq,
Gecə-gündüzə yaraşıq,
Qanım qannara qarışır,
Qanıma yazığın gəlsin.

Nə oxuyur bu saz, bu tar?
Canımda qoymadı tutar.
Canımdan canımı qurtar,
Canıma yazığın gəlsin.

* * *
Güldən soruşan tapılmır,
Soruşurlar xardan məni.
Əkilməmiş ağacda nar,
Asın həmin nardan məni.

Yazını fələklər yazır,
Məzarı mələklər qazır,
Kətilim, kəndirim hazır,
Eləməyin dardan məni.

Çənim gəldi burum-burum,
Yolum daşdan hörüm-hörüm,
Mən çəkəni çəksin görüm,
Kim elədi yardan məni.

Hamımı azıb “babı”dı,
Çəkdiyim nə hesabıdı?
Yaşamaq gor əzabıdı,
Ölüm, qurtar gordan məni.

* * *
Elə divarlar aşmışıq,
Qardaş, ölüm nəmənədi?
Elə yüklər daşımışıq,
Qardaş, ölüm nəmənədi?

Ölüm nədi? — Adi divar,
Həllac Mənsur var, Hadi var.
Fağır ölümün adı var,
Qardaş, ölüm nəmənədi?

Sevənlər aşıq olmasa,
Qan bircə qaşıq olmasa,
Bu arvad-uşaq olmasa,
Qardaş, ölüm nəmənədi?

Güllər, çiçəklər dərmişik,
Guya pünhana sərmişik.
Məqbəri bizlər hörmüşük,
Qardaş, ölüm nəmənədi?

Doğru-düzünə yaşasan,
Halal sözünə yaşasan,
Ömrü özünə yaşasan,
Qardaş, ölüm nəmənədi?

Tural Adışirinin təqdimatında

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.