İlahi, neyləsən, sən mənə eylə – Eldar Baxışın şeirləri

Sərçə balası

İlahi, mənə yox, mən istəmirəm,
İlahi, yazığın gəlsin bu qıza.
Elə eləmə ki,
oğlanlar, qızlar,
Kişilər, arvadlar gülsün bu qıza.

Elə eləmə ki,
vüsal yerinə
Göz yaşı danışsın, qəhər danışsın.
Bir qızdan bir bölük adam danışsın,
Bir qızdan bir böyük şəhər danışsın.

Elə eləmə ki, bu qız bu eldə,
Dilə-dişə düşsün məndən ötəri…
Sərçə balasıdı bu qız bu saat,
Boynunu uzadıb dəndən ötəri.

Bu qızın
bu saat məndən umduğu,
Məndən istədiyi dən məndə yoxdu.
Bu qız ay istəyir, ay yoxdu məndə,
Bu qız gün istəyir gün məndə yoxdu.

Sevgi yoxdu məndə sevəm bu qızı,
Elə axan suyu belə döndərim.
Çevirəm özümü kəpənəyə mən,
Bu qızı çiçəyə, gülə döndərim.

Səndən çiçək olmaz, səndən gül olmaz,
Məndən də kəpənək, sərçə balası.
Durduğumuz yerdə biz niyə duraq,
Biz niyə tərpənək, sərçə balası?

Lap belə tərpəndik, lap belə getdik,
Sən deyən, mən deyən olası deyil.
Sərçə balasısan sən bu dünyada,
Şair ki, kəpənək balası deyil.

Kəpənək olmuşam dünyada bir vaxt,
Qanadım da olub bilmək istəsən.
İstəyim də olub özümə görə,
İnadım da olub, bilmək istəsən.

O qanad,
o inad,
o istək hanı,-
O qanad,
o inad,
o istək öldü.
Bircə gün çəkmədi gəlib-getməyi,
Kəpənək doğuldu, kəpənək öldü.

Ağca pambıq kimi,
ağca yun kimi,
Diddilər, diddilər o kəpənəyi.
Daraşıb qanadlı, əlli-ayaqlı,
Yedilər, yedilər o kəpənəyi.

Hanı o kəpənək, hanı o sevgi?-
Yaşamır, yaşamır, sərçə balası.
Bu ağ kəpənəklər o kəpənəyə,
Oxşamır, oxşamır, sərçə balası.

…Sən ey yeri, göyü yaradan kişi,
Uzaq görünürmü ordan yer sənə?!
Bu qıza bu boyda sevgi vermisən,
Mənə də bir azca sevgi versənə.

Səni də düşəsən mənim günümə,
Sənin göyün olsun,
quşun olmasın.
İlahi, neyləsən, sən mənə eylə,
İlahi, bu qızla işin olmasın…

Gecənin bir aləmi

Sonra nə oldusa, yadıma gəlmir,
Onu bilirəm ki, qanım qaynadı.
Onu bilirəm ki, ruhum oynadı,
Sonra nə oldusa, yadıma gəlmir.

Tez durub geyindim, çıxdım küçəyə,
Küçə sizə sarı çəkirdi məni.
Ulduz sizə sarı, ay sizə sarı,
Gecə sizə sarı çəkirdi məni.

Gecədən, ulduzdan, aydan da betər,
Ürək sizə sarı çəkirdi məni.
Fələyə nə deyim, tutub qolumdan,
Fələk sizə sarı çəkirdi məni.

Küçənin, gecənin, ulduzun, ayın,
Ürəyin sözündən çıxa bilmədim.
Tanrının sözündən çıxa bilmədim,
Fələyin sözündən çıxa bilmədim.

Alnıma toxundum, gördüm tərləyib;
Dodağıma baxdım, uçuqdu gördüm.
Bütün darvazalar gördüm bağlıdı,
Sizin darvazanız açıqdı gördüm.

Keçdim darvazadan, çıxdım həyətə,
Arzu, istək məni yaxalamışdı.
Ulduz oyaq idi, ay oyaq idi,
Tanrı oyaq idi göyün üzündə…
Qapınızın zəngi yuxulamışdı.

Qapını oyatdım, zəngi oyatdım,
Oyatdım yuxudan zəngin səsini.
Daha düşünmədim, fikirləşmədim
İşin avandını, işin tərsini.

İş belə oldu ki, zəngin harayı,
Yuxudan yarımçıq qaldırdı səni.
Durna qatarında uçub gedirdin,
Durna qatarından saldırdı səni.

Sən oyanan kimi, sən duran kimi,
Əllərin oyanıb qalxdı yuxudan.
Yastığın üstünə sərilib qalan,
Tellərin oyanıb qalxdı yuxudan.

Çiyinlər oyandı -pambıq çiyinlər;
Addımlar oyandı- kövrək addımlar.
Nə gözəl olurmuş, Allah, yuxudan
Yarımçıq duranda gözəl qadınlar.

Həmişəki kimi “eşş” eləmədin,
Bir sözü çevirib beş eləmədin,
Sağını-solunu eşələmədin,
Yüyürdün qapıya, çatdın qapıya.

Uzandı işığa süd barmaqların,
Evin süd işığı alışdı, yandı.
Sonra nə oldusa, yadıma gəlmir,
Sonra vaxt dayandı, zaman dayandı.

Sonra söndü evin süd işıqları,
Elə bil əridi, çürüdü, getdi.
Ulduzun yanına, ayın yanına,
Tanrının yanına yeridi getdi.

O süd işığından nə qaldı bizə?
Ağ yastıq, ağ döşək, ağ yorğanüzü.
Sənin baxışının odu, alovu,
Mənim baxışımın çınqısı, közü.

Od-oda qarışdı, alov-alova,
Köz-közə qarışdı, çınqı-çınqıya.
Əl ələ qarışdı, barmaq barmağa,
Dil dilə qarışdı, yanğı yanğıya.

Sən mənə dedin ki, lap elə belə?
Mən sənə dedim ki, lap elə belə.
Bu mənim telimdi, bu sənin telin.
Axtara bilirsən, tapa bilirsən,
Axtar elə-belə, tap elə-belə.

Gecə çırpınırdı, gecə əsirdi,
Gecə titrəyirdi, nə titrəyirdi,
Sinəmiz gecəni: -bu xoş keçəni
Bir daş ütü kimi ütüləyirdi.

Gecənin sümüyü sürmə olmuşdu,
Dişinə dəyirdi dişi gecənin.
Bütün qitələri bölüşdürmüşdük,
Biri bizim idi, beşi gecənin.

Sonra nə oldusa, yadıma gəlmir,
Onu bilirəm ki, səhər açıldı.
Onu bilirəm ki, əlim səyridi,
Açıq pəncərədə baxdım səmaya
Tanrı bizə baxıb gülümsəyirdi…

Nəsə çatmır, çatmır bu yer üzündə

Elə şəhər var ki, küləyi çatmır,
Elə nəğmə var ki, ürəyi çatmır,
Elə xəstə var ki, xörəyi çatmır,
Elə urva var ki, ələyi çatmır,
Elə körpə var ki, bələyi çatmır,
Nəsə çatmır, çatmır, bu yer üzündə.

Dərəsi olan var, düzə həsrətdi,
Meşəsi olan var, izə həsrətdi.
Kötüyü olan var, közə həsrətdi,
İpəyi olan var, bezə həsrətdi,
Qulağı olan var, sözə həsrətdi.

Lap belə hər şeyi bol eləsək də,
Zəhəri döndərib bal eləsək də,
Kolpanı böyüdüb kol eləsək də,
Yamacı dəyişib yal eləsək də,
Günəşə, ulduza yol eləsək də,
Nəsə çatmır, çatmır, bu yer üzündə.

Hər yerə günəşin işığı çatmır,
Hamıya zəminin başağı çatmır.
Aşıq istəyinin aşığı çatmır.
Qaşov istəyənin qaşovu çatmır.
Livanda Fələstin qaçqınlarının
Çörəyi, bıçağı, qaşığı çatmır.

Bir günün içində, ayın içində,
Ölən görmürükmü sağ adamları,
Aran adamları dağ istəyirlər,
Aran istəyirlər dağ adamları.

Hərdən olan yerdən, olmayan yerdən
Könlümüz nəsə bir pay arzulayır.
Yayda ürəyimiz qışa can atır.
Qışda ürəyimiz yay arzulayır.

Arzunun özü də uzaq mənzildi,
Sən gedib çatırsan, ayrısı çatmır.
Arısı bol yerin çiçəyi çatmır,
Çiçəyi bol yerin arısı çatmır.

Çatmır dəsmalımız, çatmır neyləyək
Açıq yaramızı bağlamaq üçün.
Çatmır göz yaşımız, çatmır, neyləyək,
Bütün ölüləri ağlamaq üçün.

Çatmır ümidimiz, çatmır əlimiz,
Çatmır yerin, göyün hər tərəfinə.
Ümid neyləsin ki, ürək ürəkdi
Sığınıb sinənin bir tərəfinə.

Sözün tutanı var, tutmayanı var, –
Tutmayan hansıdı, tutan hansıdı?
Gözün yatanı var, yatmayanı var, –
Yatmayan hansıdı, yatan hansıdı?
Nəsə çatmır, çatmır bu yer üzündə, –
Çatmayan hansıdı, çatan hansıdı?

Ulduz bölünməyib, Ay bölünməyib,
Günəş bölünməyib, bölünmür yenə.
Nə çatır, nə çatmır hardan biləsən?
Heç vaxt bilinməyib, bilinmir yenə…

…Bir usta əl gərək, usta dil gərək,
Sınıq könülləri tikə, yamaya.
Nəsə çatmır, çatmır bu yer üzündə,
Ölüm-itim çatır ancaq hamıya.

Məhəmməd Hadiyə

1

Qərib nar əkər, nar əkər,
Narı nar olmaz, nar olmaz.
Qərib deyər: qərib qızdan
Mənə yar olmaz – yar olmaz:

Sünbülü qıçada qalar,
Buğdası puçada qalar,
Alması taxçada qalar,
qalar, saralmaz-saralmaz.

Kim qəribə arxa çıxar,
Qərib birdən yoxa çıxar,
Dərd əlindən dağa çıxar,
dağda qar olmaz – qar olmaz

2

Tək dedilər – təklədilər,
qanına yeriklədilər.
sonra da dərdini alıb
dağa-daşa yüklədilər,
çəkə bilmədi-bilmədi.

Əsim-əsimcə əsdilər,
öldürməyə tələsdilər,
günün günorta çağında
ağacı elə kəsdilər, –
kölgə bilmədi-bilmədi.

Xallandı gül – butasında.
nər qarnında -qartasında.
bir şairi öldürdülər
bir ölkənin ortasında, –
ölkə bilmədi-bilmədi.

 

* * *
Sevgi bitmir, istək bitmir,
neynirəm, bu şoran yeri…
Mənim könlüm dağ yeridir,
sənin könlün aran yeri…

Toxum ver, əkə bilirəm,
ağrı ver, çəkə bilirəm;
Özümə qiblə bilirəm,
sən o yatıb-duran yeri.

Sənin o evin-eşiyin,
sənin o itin-pişiyin,
Sənin o yorğan-döşəyin,
Dünyanın qurtaran yeri…

Yoxdu

Qaçıb bu dünyanın tamı,
Ha gəzirəm o tam yoxdu.
Məni çəkir ayağımdan,
Qolumdan bir tutan yoxdu.

Mən həm yayam, mən həm qışam,
Mən həm çöləm, mən həm xışam,
Bir parça dəmirəm, daşam,
Mənim anam, atam yoxdu.

Bu sayda adam içində,
Bu soyda adam içində
Bu boyda adam içində,
Dərd deməyə adam yoxdu

Tural Adışirinin təqdimatında

Oxunma sayı: 550

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.