Ana səhifə YAZILAR Kəlbəcərin şair oğlu

Kəlbəcərin şair oğlu

Müəllif: Bizim Yazı
991 baxış

Valeh Qocanı 2017-ci ildə həyata keçirdiyimiz “Yaradıcılıq üfüqləri” adlı ədəbi layihə çərçivəsində Bərdə şəhər elektron kitabxanasında düzənlədiyimiz toplantıda tanımışam.

Valeh o ilk görüşdə adına layiq şeir oxumuş (istəyimiz üzərinə, bir deyil, iki şeir oxumuş), alqış qazanmışdı. O alqış yalnız toplantı iştirakçılarının orada əlini əlinə vurmasında qalmamış, bir yaz günü bizimlə (silsilə tədbirlər gərəyi) Bərdədən Gəncəyə, ordan Şəmkirə, ordan da Gədəbəyə gedib çıxmış və nəhayət Bakıya dönüb gəlmişdi…

Qısa müddətdə o “nə gözəl, necə qəşəng Bərdə alqışı”nı biz “Bölgələrdən səslər” almanaxında şəkilləndirdik; bununla da ürəyimiz soyumadı, Xəzərin o biri qıyısına – qardaş Qazaxıstanda çıxan “Yeni zaman Azərbaycan şeiri” antologiyasına daşıdıq. Nə yaxşı da, daşıdıq..! – Bizi tənqid etməyə öyrəncəli olanlar belə, Valeh Qocanın şeirlərinə münasibətdə tənqiddən uzaq durdu…

Beləcə, yaradıcılıq üfüqləri, “yazı da, yayı da gül-çiçək Bərdə” və hələ kitabxana… üstəlik, Kəlbəcər göynərtili gənc şairin ədəbi həyatı sözdən, şəkildən çıxıb, “vəhdəti-vücud” oldu sanki… sanki öz çiçək mövsümünə, meyvə vaxtına keçdi o vəhdət…

Beləliklə, Valehin adına layiq şeirləri ümid verdi, ümiddən ziyadə inam taxtına çıxdı.

“Vətənsiz ömrümə bir il də gəldi,
İldə bircə dəfə sən də qayıt gəl…”

kimi kövrək misraların yazarı qəribə, bəlkə yaşından irəli ağırtaxtalı, qürurlu oturuş-duruşu ilə diqqətimizi cəlb etmişdi daha ilk görüşdən… Bir şair üçün kövrəklik bəlkə də yaxşı haldır, yerindən-yurdundan didərgin bir insan üçün təbii ovqatdır, amma gənc Vətən övladı üçün bu, ruh halının yalnız bir komponenti, “iştirakçısı” olmalıydı – elə də var..!

Kövrəkliklə, şeir yazmaqla Kəlbəcəri (digər torpaqlarımızı) azad etmək mümkünmü? – Cavab aydındır, məncə; ancaq o da aydındır ki, kövrəklikdən qəzəb, şeirdən əzm, qələmdən iradə hasil olunca, ümidimiz inama çevrilir. Və inam – o ali kateqoriyaya aid hadisə, qarşısıalınmaz gücə çevrilir, belə olunca da, Tanrı təqdiri qazanır, olmazları olar edir.

Görənləri valeh etmiş Kəlbəcərin şair oğlu Valeh Qocanın ən kövrək şeirini də, ən lirik duyğusunu da, ən gərgin düşüncəsini də, məhz bu planda təsəvvür edirəm. İlahi qüdrət sayəsində (ustad Abdurrahim Qaraqoç demiş, qədərin üstündə var olan qədərlə), Valeh Qoca qocalmadan Kəlbəcərə dönüb, doğma el-obasına valehliyi yaşaya-yaşaya yazıb-yaradacaq!..

Bilirsiz, mən inamla ideyanı bir müstəvi üzərində qəbul edirəm; ideyalı ədəbiyyatsa, yaddaşlarda qalıcı yer tutan, xəlqi mahiyyət daşıyan, əsil vətəndaşlıq mövqeyini əks etdirən bir yaradıcılıq hadisəsidir. Elə bir böyük əsər göstərmək mümkün deyil ki, o ideyalı olmasın!
Əlbəttə, ideya başqa, ideologiya başqa… – Valeh hansısa ideologiya çərçivəsində deyil, məhz ideya üfüqügenişliyindədir!..

***
Valeh nədən yazır, necə yazır? Yazdıqlarını hara ünvanlayır? Niyə yazır Valeh? – Valehin şeir fakturası bu suallara hansı cavabları verir?

Gənc şairin daha çox müraciət etdiyi mövzu(lar) olsa da, o, demək olar, şeirin əzəli-əbədi mövzularının hər birinə üz tutur. Onun ilk kitabında toplanmış şeirləri bizi haldan-hala salır; gah “havalıyam, havam çatmır” deyirik sanki, gah üfüqötəsinə can atırıq, gah da bir başqa havaya köklənirik… Bu başqa havaya köklənmələrin heç biri öz ilkinliyindən, kökündən və də soy-kökündən məhrum deyil! Valehin hər şeiri “Mən Kəlbəcərdənəm, Kəlbəcər həsrətindən və də(!) Kəlbəcər inamından doğulmuşam!” deyir sanki…

Böyük filosof Asif Ata deyirdi, “Milli olmayan bəşəri ola bilməz” – bu anlamda, Valeh gənc yaşında yazdığı şeirlərlə belə millidir, bəşəridir. Onun şeirlərini Təbrizdəki soydaşımız da, Anadolulu qardaşımız da, Xəzərin o biri tərəfindəki Türküstan elləri də, soyuq Sibirdəki isti ürəklilər də, Notr-Dam kilsəsindəki fransız da, “əbədi küləklər məmləkəti” Çilidəki oxucu da… sevə, valeh ola bilər. Hələlik “bilər” deyirik, çünki bu sətirlər yazılarkən, ümumrespublika ədəbiyyat təsərrüfatına, geniş ədəbi aləmə qısa vaxtda – iki ildən bir qədər artıq müddət içində açılışmış bir gənc qələmdən danışırıq.

Ancaq mən dəqiq bilirəm ki, Valeh Qoca öz şeirini, bütün dünya bir yana, Kəlbəcər dağlarının başına – dədə-baba yurduna dönmüş bir sadə çobanın dilindən eşitməyi daha üstün tutar…

***

Görək, Valeh Qoca “Yazıldı” adlı şeirində nə yazır, necə yazır? –

“…Ən çirkin dərdi də əlindən aldım,
Ən gözəl şeirim sənə yazıldı.”

Yenə “Yazıldı”da:

“…Mənim ölüm vaxtım
baş daşı kimi,
Səni itirdiyim günə yazıldı…”

Nə yazdığı aydındır, necə yazdığısa Xalq şairi Zəlimxan Yaqub demiş, “zərif döndərmələr, incə xallar”ından bəlli!

Valeh nədən yazsa da, mən qeyri-ixtiyari Kəlbəcər həsrətini, Kəlbəcər qoxusunu, Kəlbəcərə dönüş inamını… – bəlkə qarmaşıq şəkildə olsa belə, görmək istəyirəm.

Budur, şair bizi intizarda qoymur və bu duyğuları, düşüncələri sözə (fikrə) çevirir:

“Köçkünlük vədəsiz gəldi ömrümə,
O köç maşınları beşiyim oldu.
Qışı– buz, istisi– ocaq vaqonlar,
Mənim evim oldu, eşiyim oldu.

Ehtiyac içində keçdi hər anım,
Bunu nə gizlədim, bunu nə danım…
Anamın örpəyi isti yorğanım,
Atamın pencəyi döşəyim oldu.

Valehəm, sıxıldım, bezdim, dayandım,
Qayğılar içində üzdüm, dayandım;
Beləcə, hər şeyə dözdüm, dayandım,
Dözümüm, iradəm keşiyim oldu.”

(“Oldu”)

Belə şeirlərə “şərhi özündə olan” – necə deyərlər, “açıq şeir” desək, yanlış olmaz yəqin. Bu, bir gerçəkçi (düzxətli) şeirdi, əlbəttə; bununla belə, duyğusallığı önplana çıxmış şeirdi… Duyğusallıq şair üçün nə dərəcədə əlçəkilməz, yankeçilməzdir? – bu da, mübahisə mövzusu deyil hər halda…

Və mən Valehin şeirlərini oxuyarkən şəklini gözüm önündə canlandıraraq, oxuyuram sanki… Valehin baxışı, duruşu əzmlidir, “biz qalib gələcəyik” deyir… – Sanki onun şeirləri interaktivdir; sanki o şeirlər canlı fikir alış-verişinə çağırır oxucunu…

Və nəhayət gənc şairin ilk kitabının son şeirinin son bəndi… – Vətən haqqında çox yazılıb, yazılacaq da; bəs, görək Valeh öz Vətəninə necə valehdir? –

“Mənim səndən uzaqlarda odum da köz tutmaz heç,
İzim düşməz bu dünyaya, balam da iz tutmaz heç;
İlham gəlməz ürəyimə, dilim də söz tutmaz heç,
Mənim bu şair könlümə sən qidasan, ey Vətən..!”

Valehin ikinci kitabını Kəlbəcərdə təqdim etmək arzusu və inamı ilə…

Əkbər QOŞALI
şair-publisist

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.