Ana səhifə SÖYLƏŞİLƏR Türk Dünyası yazarları Bəxtiyar Vahabzadəni necə xatırlayır? – SORĞU

Türk Dünyası yazarları Bəxtiyar Vahabzadəni necə xatırlayır? – SORĞU

Müəllif: Bizim Yazı
1. 226 baxış

“BizimYAZI” Xalq şairi Bəxtiyar Vahabzadənin (16.08.1925 – 13.02.2009) anadan olmasının 91-ci ildönümü münasibəti ilə Türk Dünyasının bir qrup yeni nəsil yazarı arasında sorğu keçirib. Cavabları təqdim edərkən, sorğuya qatılmış yazarlara sayğımızı, ustad Xalq şairinə də Tanrı qatında yerinin uca olması dilkəklərimizi yetiririk…

1. BƏXTİYAR VAHABZADƏNİ 90+1 YAŞINDA NECƏ XATIRLAYIRSIZ?
2. SİZCƏ, O, GƏLƏCƏKDƏ DAHA ÇOX HANSI ŞEİRİ İLƏ XATIRLANACAQ?
3. ONUN ƏDƏBİ UĞURUNUN SİRRİ NƏDƏYDİ?
4. AZƏRBAYCAN ƏDƏBİYYATININ TÜRK DÜNYASI ƏDƏBİYYATI MİQYASI (KEYFİYYƏTİ) QAZANMASINDA BƏXTİYAR VAHABZADƏNİN ROLU NƏDƏN İBARƏT OLUB?

Prof.Dr. Almaz ÜLVİ (AMEA Ədəbiyyat İnstitutunun “Özbəkistan-Türkmənistan ədəbi əlaqələri” şöbəsinin müdiri):A Ulvi
1.- Milli hisslərini bütün əsərlərində heykəlləşdirən şair kimi.
2.- Uşaqlıq illərimdə evimizdə – atamdan (atam müəllim idi) eşitmişdim ki, şair Bəxtiyar Vahabzadə Azərbaycanın iki yerə bölünməsi haqqında “Gülüstan” adlı bir poema yazmış, amma çap etdirməyə Moskva izn vermədiyindən əlyazması əl-əl gəzirmiş… Biz onun imzasını Azərbaycanımızı sevən bir şair kimi uzaqdan-uzağa tanıyırdıq. Mənə elə gəlir ki, bu əsər əbədi bir xatirə olaraq bütün illərimizin yaddaşına yazılıb.
3.- Fitrətən şairlik istedadında..!
4.– Ta qədimdən bu günəcən Azərbaycan ədəbiyyatı türk dünyasında həmişə tanınıb, sevilib, hətta onların inkişafında ədəbi təsir rolunu oynayıb. Təbii ki, XX yüzilin sonunda əldə etdiyimiz müstəqillik illərindən sonra B.Vahabzadə yaradıcılığı ədəbiyyatımızın bu xəttində özünəməxsus yeri tutub: əsərlərindəki milli və fəlsəfi baxışları ilə.

Mehmet Nuri PARMAKSIZ (Türkiyə, İLESAM başqanı, şair-publisist):M N Parmaksiz
1.- Bəxtiyar Vahabzadə, əbədi aləmə köçmüş olsa da, əhlaki, milli və dini şeirləri ilə aramızda yaşyır. Onu həmişə doğru, dürüst və dimdik duruşuyla xatırlayıram.
2.- Qənaətimcə, Bəxtiyar Vahabzadə “Ağıl başka, ürək başka”, “Ana dili”, “Azərbaycan-Türkiyə”, “Bayraq” , “İlk andım Vətənimdir” və “Mən türkəm” şeirləri ilə həmişə xatırlanacaq.
3.- Mənə görə şair ağlı və ürəyi ilə düşünür və bunu nə qədər saf, səmimi olaraq qələminə yansıdırsa, qalıcı ola bilir. Bəxtiyar Vahabzadənin şeirində milli qəbullar ilə səmimi və özgün söyləşin onu ucaltdığına inanıram.
4.- Bəxtiyar Vahabzadə həm Türk Dünyasında həm Türkiyədə şeirləri və fikirləri ilə sevilən bir şairdir. Özəlliklə, türkcə və dil mövzusundakı həssasiyəti d, şeir dilindəki uğuru onu ölməz şairlər arasına qoymamıza vəsilə olub…

Malik OTORBAYEV (Qazaxıstan Yazıçılar Birliyinin Baş katibi):M Otorbay
1.- Azərbaycanın iftixarı Bəxtiyar Vahabzadə dünya həyatında qələmə aldığı nəfis şeirləri ilə, yüksək milli ruhuyla sadəcə öz ömrünü deyil, bütün Azərbaycan xalqını, hətta Türk Dünyasını əbədiləşdirib. Bizlər bu böyük adı nə zaman ansaq, onun şəxsində uca türk millətini anmış olacağıq. Çünkü o, türk sevdasını, vətənsevərliyini yaşadığı müddətcə bağrında daşıyıb.
Beləliklə, Türk Dünyasında Bəxtiyar Vahabzadə özünəyaraşır şəkildə anılacaqdır…
2.- Əslində Bəxtiyar Vahabzadənin bütün şeirləri ölümsüzdür. Onun hər bir şeiri əbədiyyətin mənfəəti, birər güldəstəsi olduğundan, gələcəkdə də xeyirlə, açıqürəklə yad ediləcəkdir. Hər nə qədər zaman irəlilədikcə, tarixin axışı içində, eyni olaylar və eyni ssenarilər yaşanmakdadır. Sadəcə yaşanmış olayların aktörləri dəyişməkdədir. Beləliklə şairin hər bir şeiri zamanın ehtiyacına görə xatırlanacaq və yaddaşlarda əbədiyən qalacakdır.
3.- Şairin sirri, ruhudur; bir ruh insanı olmasıdır. Könül adamı olaraq yaşamasıdır. Fani dünyanın keçiciliyinə bağlı qalmadan, əbədiləşdirmə yolunda mücadilə verməsidir. Bax, bu dediklərimiz Bəxtiyar Vahabzadənin içdünyasına aiddir. Mən sirri burda görürəm…
4.– Ürəyində Azərbaycan sevgisini daşıyan insan, qazax, qırğız, türkmən… sevdasını da daşıyır. Öz millətinə sarılan adam digər millətlərə də sarılır. Ədəbiyatı bu sevgiylə “təmin edən” şairimiz buna görə sadəcə bir coğrafya ilə, bir zaman dilimi ilə sınırlı qala bilməz. Çünkü ədəbiyyatın özü və dərinliyi, ədəbdir, insanlıqdır, əxlaqdır, sevgidir… Bu baxımdan, Bəxtiyar Vahabzadənin Türk Dünyası ədəbiyatındakı yeri və rolu çox önəmlidir.

Dr. Şəmsəddin KUZƏCİ (Kərkük; araşdırmaçı-yazar):Küzeci
1.- Tanrı qatında yeri uca olsun! – Rəhmətlə xatırlayıram…
2.- Azərbaycan-Türkiyə şeiri məncə ən gözəl, dərin anlamlı şeirdir. Bu şeirdə Türk Dünyasının birlik və bərabərliyinə işıq salınır.
3.- Onun ədəbi sirri Azərbaycan xalqının varlığıdır… köküdür, soydur, mədəni zənginliyidir.
4.- Şair şeirlərində Türk Dünyasına işıq tutduğu üçün o bütün Tük Dünyası aydınlarına bir yolgöstərici və mehmandar dəyərində göstərilir. Onun yaradıcılığının, ədəbi şəxsiyyətinin ümüumtürk evinin yapılışında sement və kirəc rolunu oynadığı şübhəsizdir…

 

Məhəmmədrza ÇALĞIN (Təbrizli şair):Chalgin
1.- Bəxtiyar Vahibzadə Azərbaycan ədəbiyatının kimliyi sayılır, XX yüzil klassik Azərbaycan ədəbiyyatının!
2.- Bəxtiyar Vahibzadəni təkcə atılmışları yaşada bilər tarixdə
3.- Onun ədəbi sirrinin uğuru fəlsəfi şair olmasındadır.
4.- Bəxtiyar Vahibzadə bir mubariz şairdi!
Onun “Gülüstan” və “Hicran” poemaları Azərbaycana və o tay bu taya olan eşqini göstərir… və özü türkçülüyün gələcəyinə tam inanan mübariz bir şair idi Bəxtiyar Vahabzadə.
Bəxtiyar Vahabzadə də olan fəlsəfə hər şairdə olmur..!
Bəxtiyar Vahabzadə yaradıcılığına mən həməşə sayğı ilə yanaşmışam… və 90+1 yaşında kaş ola bilsəm haqında ətraflı danışmağı özümə bir şair kimi borc

İmdat AVŞAR (Türkiyəli yazar-çevirmən):imdat avshar
1.- Mən Bəxtiyar Vahabzadəni, “Söz”ü qılınc kimi qurşanaraq, millət yolunda mübarizə edən bir şair kimi xatırlıyıram. O söz ilə sadəcə olaraq sənət icra etmədi, eyni zamanda o, millət bilincini də söz ilə inşa etməyə qeyrət göstərdi.
2.- Məncə Bəxtiyar Vahabzadə, türklük ruhunda yazdığı şeirleriyle yüz illər sonra da xatır¬la-nacaq. Bilgə Kağan demiş, “Üste göy çökmədilkcə, altta yağız yer dəlinmədikcə!” – yəni Türkün eli və törəsi pozulmadıqca, türk milləti yaşadıqca, onun şeirləri də yaşayacaqdır.
3.– Bəxtiyar Vahabzadənin ədəbi uğurunun sirri, çoxlar kimi millətinin dili və mədəniyyətinə sahib çıxmasında, özünü inkar etməməsində idi…
4.- Azərbaycan ədəbiyyatının Türk Dünyası miqyasında dəyər qazanmasında Bəxtiyar Vahabzadənin əvəzedilməz rolu vardır. Özəlliklə, rus imperiyası əsarətindəki bütün türklərin, o cümlədən dünya türklərinin milli hissiyatı, onun şeirlərində səslənmiş, onun şeirləri ilə bayraqlaşmışdır.

Vasif SÜLEYMAN (Şair-publisist):V Suleyman
1.- “Əgər sevirsənsə, ayaq səsimdən,
gərək biləsən ki, Bəxtiyar gəlir.” – …Mənə elə gəlir, böyük şairin ilk dəfə məhz bu misralarını oxumuşam. Təxminən otuz beş il əvvəl bu misralarla, bir oxucu ilə bir şair arasında, ruhən bir körpününü təməli qoyuldu. “90+1” formulası da heç nəyi dəyişmədi… Hər dəfə eynən həmin sevgi ilə şairin iç dünyasına varıram…
2.- Elə Bəxtiyar Vahabzadənin böyüklüyü ondadır ki, o, hansısa şeiri ilə yox, bütöv yaradıcılığı ilə türk mədəniyyət tarixində əbədi qalacaq.
3.- Millətin dərdini yazmaqdan çəkinməməyində! Çox vaxt belə olub. İnsanın istəyi ilə məkan və zaman heç də həmişə üst-üstə düşmür. Təklənən millətin ağrısını, Vətən torpağının göz görə-görə parçalandığını yazmaq iztəyəndə hansısa rejimin qadağası “baryer” qoyur. Bəxtiyar Vahabzadə poeziyası ən ağır zamanlarda o “baryer”ləri yarıb-keçdi…
4.- Bəxtiyar Vahabzadə bütün yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının (mədəniyyətinin) böyük turk mədəniyyətinin əsas tərkib hissələrindən biri olduğunu anladıb. Nə yaxşı ki, bunu, hətta turk siyası liderləri də dönə-dönə vurğulayır, onu Türk Dünyasının ünlü şairi adlandırır. Əvəzsiz şairimiz ölkənin və dünya ölkələrinin bir çox ödüllərini almışdı; ancaq onun ən böyük ödülü BÖYÜK TÜRK ŞAİRİ adıdır…

İbrahim İLYASLI (Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunun direktoru, şair-çevirmən):i ilyasli
1.- Bəxtiyar Vahabzadə ilə heç vaxt üzbəsurət görüşməmişəm. Xatirəmdə də elə mifləşmiş bir şairimiz kimi qalıb.
2.- Mənə elə gəlir bu böyük şairimizi milliyətçi kəsim daha çox “Gülüstan” poeması, sosial ədalətə düşkün olanlar “Fəryad” mənzum dramı, ənənəvi şeir maraqlıları “Dünyanın” rədifli qoşması, sevgi şeirləri axtarışında olanlar isə “Bir salama dəymədi” şeiri ilə daha çox xatırlayacaqlar.
3.– Onun ədəbi sirri də, elə məhz əksəriyyətin öz ürəyindən keçənlərin ifadəsini onun şeirlərində bula bilməsindədir…
3.- Azərbaycan ədəbiyyatının Türk Dünyası ədəbiyyatı miqyası qazanmasında isə onun əsas rolu dilimizi öz adıyla çağırmasından və bu dilə sonsuz sevgisindən ibarət olub…

Ramiz QUSARÇAYLI (Qubadakı “Ay işığı” ədəbi məclisinin başqanı, şair):R Qusarchayli
1.- Bəxtiyar Vahabzadə az-az şairlərdəndir ki, sağlığında həm söz-sənət adamı kimi, həm də ictimai-siyasi xadim kimi böyük nüfuz sahibi idi, aşağı-yuxarı sözünü deyə bilirdi, qibtəediləcək dərəcədə xalqın məhəbbətini qazanmışdı.Çoxşaxəli və məhsuldar yaradıcılığa malik olan ədib dövrünün nəbzini və oxucu zövqünü birbaşa fəth edə bilmişdi, elə o zövqə də hesablanmış əsərlər yaradırdı… Bəxtiyar Vahabzadə həm də nadir şöhrət sahiblərindən idi ki, özünün dediyi kimi “sadəliyin içində mürəkkəb, mürəkkəbliyin içində sadə” ömür sürdü, hardasa Lenin mövzularıyla güzaran qazanmadı, əksinə, hələ gənc yaşlarında ikən Araz dərdini “Gülüstana” çevirib taleyini riskə atdı, Böyük Türk dünyasını, Turançılığı tələbələrin beyninə yeritdi, başıpozuq və rüşvətxor məmurlara sözünü sərt dedi, istedadlı gənclərin uğurlu bir misrasını təqdir etdi, Habilin segahına, Qədirin “Sona bülbüllər” inə, 20 Yanvar qərənfilinə ağladı. Elə həmin 20 Yanvarda,- bəzi xalq yazıçı və şairlərinin “part biletin hicranına” dözə bilmədiyi bir günündə Bəxtiyar Vahabzadə “Azadlıq”da Mirzə Xəzərin sualına cavab olaraq “Qorbaçovun üzünə tüpürüm!” -dedi…
2.- Bəxtiyar Vahabzadənin əbədiyaşar əsərləri az deyil. “Şəbi hicran”, “Gülüstan”, “Təklik”, “Həyat sən nə şirinsən?” və sözlərinə yazılmış onlarla mahnılar…
3.- Ağlında!.. Bəxtiyar Vahabzadə öz dövrünün ən ağıllı ədiblərindən biriydi.
4.- Bəxtiyar Vahabzadə Böyük Türk dünyası anlayışını az qala yaşam tərzinə çevirə bilmişdi. Türk sözü, türk ifadəsi onun dilində daha gözəl səslənirdi. Sirr deyil ki, müasir türk gənclərinin çoxu Nəcib Fazil Qısakürəklə Mehmet Akir Ərsoyu Nazim Hikmətdən daha çox oxuyur və sevir, onların nəzərində türk şeri “Sakarya” və “İstiqlal”a köklənməlidir. Bəxtiyar Vahabzadənin poeziyası da “Sakarya” və “İstiqlal” ruhundadır.Bu ruhun ən gözəl nümayəndələri təbii ki, Məmməd Araz, Xəlil Rza Ulutürk və Bəxtiyar Vahabzadə idi.

Dr. Elxan YURDOĞLU (Naxçıvan MR, araşdırmaçı-yazar):E Yurdoglu
1.- Hər dəfə Bəxtiyar Vahabzadənin adı gələndə mənim üçün aforizmləşmiş misraları dilimdə rəqs edir.
Bir ondan razıyam ki,
Özümdən narazıyam.
…və bu tipli onlarla misraları.

2.- Mən bir şeirini yox bir neçə şeiri ilə xatırlanacağını düşünürəm. Gülsütan poeması ayırca bir məqamdı. Ana dili, Vətəndən vətənə, Bir salama dəymədi, Şəhidlər, Ümidə heykəl qoyun. və s. Amma konkret bir şeirin adılnı çəkməliyəmsə məncə bu ŞƏHİDLƏR olacaq.
3.- Ədəbi sirri birinci növbədə taleyi zamanın axarına buraxılmış, qarmaqarışıq bir dövrdə yaşamasında və Azərbaycan xalqının canayanan bir vətəndaşı olmasında idi.
4.- Onun şeirlərinin hamısında bir türk varlığı boylanmasında, türk dilinin onun şeirləriylə həm də saflaşmasında və türk dünyasının bir çox dərdlərinin ifadə edən önəmli şeirlər yazmasında idi.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.