ÇOPUR ƏLƏSGƏRİN SƏNƏTƏ GƏLİŞİNİN 55 İLLİYİ TƏNTƏNƏ İLƏ QEYD OLUNUB

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) özünün növbəti mədəni layihəsi çərçivəsində ustad aşıq – Tovuz Aşıqlar Ansamblının başçısı, el arasında Çopur Ələsgər adı ilə tanınan Bozalqanlı Aşıq Ələsgər Tağıyevin sənətə gəlişinin 55 illiyi münasibəti ilə ədəbi-bədii gecə (-yaradıcılıq gecəsi) keçirilib. Aprel ayının 20-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutan və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyi ilə əməkdaşlıq ortamında təşkil olunan gecədə respublikamızın tanınmış saz-söz adamları, xanəndələr, elm xadimləri, aşığın ailə üzvləri, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Yaradıcılıq gecəsinin aparıcısı – AMEA-nın Folklor İnstitutunun “Aşıq yaradı¬cılığı” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli aşığın həyat və yaradıcılığı haqqında bilgi verib və gecə iştirakçılarını ustad aşıqdan bəhs edən sənədli filmə və fotosessiyaya baxmağa dəvət edib.
Millət vəkili, ABAİ İB sədri dr. Qənirə Paşayeva bu gün pərəstişkarlarının işığına toplaşdıqları ustad sənətçini uzun illərdir tanıdığını, yaradıcılığına bələd olduğunu bildirib. O, aşığın ilk növbədə insani keyfiyyətlərindən – qəlbinin təmizliyindən, saz-söz sənətinə vurğunluğundan söhbət açmış, onun el havalarını yüksək səviyyədə ifa etməyindən, bu sənəti qoruyub saxlamaq, gələcək nəsillərə çatdırmaq yönündəki xidmətlərindən danışıb.
Xanım Paşayeva bildirib ki, aşığın səs yazıları 18 oxu valında, Azərbaycan Radio və Televiziyasının “Qızıl fondu”nda saxlanılır, 30-dan artıq məhəbbət və qəhrəmanlıq dastanını bilir və yaşının ixtiyar çağında da bu sənətin sirlərini gənc nəsillərə öyrətməklə məşğuldur.
Q.Paşayeva əlavə edib ki, Azərbaycan aşıqlarının III, IV və V qurultaylarının iştirakçısı olmuş ustad sənətçi üç şeir kitabının müəllifidir, ABAİB-in və iş adamı Namazəli Məmmədovun dəstəyi ilə yeni –dördüncü kitabı da bugünlərdə işıq üzü görüb və ictimaiyyətə təqdim olunacaq.
Sonra professor-doktorlar Qəzənfər Paşayev, Məhərrəm Qasımlı, yazıçı-publisist Əkbər Qoşalı çıxış ediblər. Aşıq sənətinin ağır və çətin bir sənət olduğunu vurğulayan natiqlər, bildiriblər ki, aşıq həm musiqiçi, həm bəstəçi, həm ifaçı, həm aktyor sənətini özündə birləşdirir. Çopur Ələsgərlə görüşlərindən söhbət açan natiqlər, onun zəngin repertuara malik, ifaları zamanı çox məharətlə rollara girmək bacarığı ilə seçilən aşıq olduğunu diqqətə çatdırıblar.
Aşığın “Qəhrəmani” üstə oxuduğu, sözləri mərhum şair Telman Tovuzluya aid olan,
“Ey Vətən, mən sənin gözəlliyini,
hər zaman başımın tacı bilmişəm.
Oğlunu özümə vəfalı qardaş,
Qızını mehriban bacı bilmişəm” misraları ilə başlayan “Bilmişəm” mahnısını, aşığın repertuarından digər ünlü ifaları xatırladıblar. Dastanları gözəl ifa etməsi, zildə oxuması ilə ün qazanan aşığın eldən “Koroğlu aşığı” adını qazandığını bildirən çıxışçılar, ona xoş diləklər ifadə ediblər.
Gecədə Aşıq Əli Ürfan, Aşıq Mahmud (Məmmədov), Aşıq Əlixan (Niftəliyev), Aşıq Abbas, Aşıq Məhərrəm Hüseynli, Aşıq Solmaz (Kosayeva), Aşıq Telli Borçalı, Aşıq Dəmir Gə¬dəbəyli, Aşıq Qələndər (Zeynalov), Aşıq Nurəddin, saz və balaban ifaçısı Sərdar Məmmədli, solo-saz ifaçısı Azər Xanlaroğlu, gənc aşıqlar Ramin Ka¬mandar, Ramil Qasımlı, Çopur Ələsgərin yolunu davam etdirən övladı Kamandar Ələsgəroğlu, nəvələri, nəticəsi və başqaları ustad aşığın yaradıcılığı əsasında tərtib maraqlı konsert proqramı ilə çıxış ediblər.
Çopur Ələsgər özü gözəl ifası ilə gecə iştirakçılarına xoş anlar bəxş edib.
Sonra ustad sənətçinin və oğlu Eldar Ələsgəroğlu yaradıcılıq gecəsinin keçiril¬məsində əməyi olan hər kəsə minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, Çopur Ələsgərin ABAİ İB-in dəstəyi ilə yenicə çapdan çıxımış “Elim mənə ilham verib” adlı şeirlər kitabında aşığın müxtəlif illərdə yazdığı divani, təcnis, gəraylı, qoşma, müxəmməs və s. janrda seçmə aşıq şeirləri, o cümlədən onun dillər əzbəri olan söyləmələri, deyişmələri, ona həsr olunmuş şeirlər yer alıb.
“Ön söz”ünü Qənirə Paşayevanın yazdığı kitabın tərtibçiləri Eldar Ələsgəroğlu və Ramiz Hümbətov, redaktoru Əkbər Qoşalı, rəy verənləri Xalq şairi Zəlimxan Yaqub, professor-doktor Nəsir Əhmədli və professor Məhərrəm Qasımlıdır.
“İrfan”da çıxan kitabın bir bölümü Çopur Ələsgərin müxtəlif illərdə iştirakçısı olduğu festival və simpoziumlarda, çıxış etdiyi səhnələrdə, görüşdüyü əmək kollektivlərində çəkilmiş şəkillərinə ayrılıb.

Oxunma sayı: 2094

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.