Monthly Archives: Mart 2021

Xasiyyət Rüstəm – 50

Əkbər QOŞALI

Bu gün ən yeni özbək şeirinin görkəmli nümayəndəsi, şair, publisist, tərcüməçi, ictimai xadim Xasiyyət Rüstəmin 50 yaşı tamam olur.

Yaradıcılığının ilk dövrlərində dualist poetik fəlsəfi ümumiləşdirmələri ilə seçilən Xasiyyət Rüstəm, özəlliklə son 10 ildən bəri daha çox qeyri-səlis məntiqli yaradıcılıq örnəkləri ilə çıxış edir. Bir vaxtlar sanki yalnız Olum və Ölümü vəsf edən şair, sonralar Olumla Ölüm arasındakı saysız-hesabsız imkanları, üfüqötəsini yazmağa başladı…

Dualist Aristotel məntiqindən Lütfizadə məntiqinə keçid dövrü şeirlərində isə şairin özü və oxucusu qarşısında çoxlu suallar qoyduğunu görürük. Onun 50 yaşərəfəsi çıxan kitabları, o cümlədən Azərbaycanda ard-arda çıxan kitabları, daha dəqiq ifadə ilə desək, son illərki yaradıclığı suallardan çox cavabları ehtiva edir. Bu, şairin yalnız biloloji yaşı ilə bağlı deyil, həyatı, hadisələri, insanı dərkinin çox daha yeni səhifələrində olması ilə bağlıdır, deyə düşünürəm.

Xasiyyət xanım böyük bir qəzetin baş redaktoru, fəal ictimai, ədəbi mövqeyi ilə seçilən ədib, çoxsaylı festival, simpoziumlarda ölkəsini təmsil edən şair kimi ümumiləşdirmələr aparmaq imkanına malikdir.

Xasiyyət Rüstəm adı kimi xasiyyətli şeirlər yaza-yaza həm öz şair kimliyini, ədəbi kredosunu qoruyub, həm də şeirdə özü-özünü ötüb, yeni çiçəklənmələr yaradıb, yeni xallar, yeni güllər vurub…

İstər forma, istər məzmunca yeniləşən Xasiyyət Rüstəm şeiri müəllifinin azad ruhu ilə yanaşı öz yaratdıqlarına həssas, məsuliyyətli və cavabdeh ovqatını da büruzə verir. Bu mürəkkəb strukturlaşma, belə şəkillənmələr Xasiyyət Rüstəmin mürəkkəb dünya gedişatına adekvat rekasiyası kimi qəbul edilə bilər.

Bununla belə şairin şeirləri, bütövlükdə yaradıcılığı mürəkkəb dünyaya sığal çəkməyə, həqiqətin sərt üzü ilə barışıqlığa və insan ruhunun azadlığının qala bürcü kimi yüksələrək hər tərəfdən görünür hala gəlməsinə xidmət edir…

Azərbaycanın yaxın dostu,
Bakını Daşkənddən, Azərbaycanı Özbəkistandan, Özbəkistanı Türk dünyasından ayırmayan, bəşəri tərəqqiyə öz qələmi, şeiri, kitabı, qəzeti… boyda töhfə vermək istəyən Xasiyyət Rüstəmi əlamətdar yubileyi münasibəti ilə ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları diləyirəm!

Yaxşı ki varsınız, əziz Xasiyyət xanım!

Yubileyiniz qutlu olsun!

Oxunma sayı: 57

“Tovuz döyüşləri-Sərhədlərimiz toxunulmazdır” adlı sənədli film çəkildi

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Tovuz döyüşləri-sərhədlərimiz toxunulmazdır”  adlı layihə çərçivəsində sənədli film çəkilib. Fondun maliyyə dəstəyi ilə çəkilən sənədli filmdə 12-17 iyul 2020-ci il tarixlərində Respublika sərhədlərimizin Tovuz istiqamətində  erməni silahli qüvvələrinin törətdiyi təxribatın qarşısının alınması və baş verən döyüşlərdə düşmənə layiqli yerini göstərən ordumuzun qəhrəmanlıqlarından bəhs olunur. Sənədli filmin yaxın zamanlarda geniş ictimaiyyətə təqdim olunması gözləniir.

Dünya Gənc Türk Yazarlar Birliyi mətbuat xidməti

Oxunma sayı: 703

Mədəniyyət Komitəsinin sədri DGTYB başqanı, şair İntiqam Yaşarla görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşarla görüşüb.
DGTYB-nin türk ölkə və topluluqları arasında ədəbi-mədəni bağların güclənməsi sahəsində özünəməxsus təcrübəyə malik olduğunu vurğulayan Komitə sədri, istər 2020-ci ilin İyulunda Tovuzda baş vermiş döyüşlər, istərsə 44 günlük Vətən Müharibəsi zamanı türk ölkə və topluluqlarından olan qələm adamlarının Azərbaycana mənəvi dəstəyinin Bəyanatlarla ifadəsini təşkil etdiyinə görə öz təşəkkürünü bildirib.
DGTYB-nin Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin Azərbaycan həqiqətlərindən bəhs edən “Adı Lalə idi o qızın” poemasını kitablaşdırdığını, həm bu kitabın, həm də digər bir sıra nəşrlərin hazırlanmasında, layihələrin icrasında əməkdaşlığın yaxşı nəticələr verdiyini qeyd edib.
DGTYB başqanı İntiqam Yaşar “Nizami İli” ilə bağlı planlaşdırılan tədbirlər barədə Komitə sədrini məlumatlandırıb, səmimi qəbul üçün ona təşəkkür edərək ona “Türk dünyasına xidmətə görə” plaketi təqdim edib.
Komitə sədri DGTYB başqanına birlik ruhunu özündə əks etdirən rəsm əsəri hədiyyə edib.
Oxunma sayı: 99