Monthly Archives: Yanvar 2021

İntiqam Yaşarın Özbəkistanın yaradıcılıq məktəbi kollektivi ilə onlayn görüşü təşkil olunub

 

21.01.2021-ci Bakı vaxtı ilə saat 14:00-da Özbəkistanın Xalq Şairi, Özbəkistanın Qəhrəmanı  Erkin Vahidovun adını daşıyan  Yaradıcılıq Məktəbi kollektivinin təşkilatçılığı ilə  Dünya Gənc  Türk Yazarlar Birliyinin başqanı  İntiqam Yaşarla  onlayn görüş təşkil olunub.

 

Tədbirdə  Yaradıcılıq Məktəbinin 6, 7, 8 və 9-cu sinif şagirdləri iştirak edibilər. Ədəbi   tədbirə Erkin Vahidov adına Yaradıcılıq Məktəbinin Mənəviyyat üzrə direktor müavini, şair Məhəmmədəmin (Tursunəli) Nurmatov  moderatorluq edib.  Tərcüməçi, şair və “Cəsur oğlan” Dövlət Mükafatı laureatı, Azərbaycan və Özbəkistan ədəbi əlaqələrində çevirmələri ilə uğurlu fəaliyyəti olan Rahmat Babacan da tədbirdə  iştirak edib, müəllifdən özünün çevirmiş olduğu bir neçə şeiri səsləndirib. İntiqam Yaşarın şeirlərinin onda böyük təəssürat yaratdığını dilə gətirib. Tədbirdə İntiqam Yaşar  iştirakçılar üçün şeirlər diqqətinə oxuyub. Erkin Vahidov adına yaradıcılıq məktəbinin şagirdlərinin İntiqam Yaşarın şeirlərini öz ifasında dinləməklə yanaşı , müəllifin yaradıcılığından əzbərlədikləri şeirləri də böyük həvəslə səsləndiriblər.

Bundan başqa, 6-cı sinif şagirdləri Sərvinaz Mahmudova, Müslimə Kamalidinova, Bibixocar Abduqəniyeva, 7-ci sinif şagirdləri Səidxan Bahadırov, Kamalaxan Marupova, Bəhruz Möminov, 8-ci sinif şagirdləri Nigina Ergəşova, Nurulla Amanov, 9-cu sinif şagirdləri Avazbəy Əhmədcanov, Nilufər Ergəşova, Hacıəkbər Ziynatsev  və başqalarının iştirakı ilə ədəbiyyat nümayəndələri arasındakı yaxın dostluğu daha da möhkəmləndirən ədəbi görüş şeirlə yanaşı, sual-cavablarla da zəngin olub. Onlayn yaradıcılıq görüşü yüksək əhval-ruhiyyə və səmimiyyətlə yekunlaşıb.

Qeyd edək ki, Erkin Vahidov adına Yaradıcılıq Məktəbi 2018-ci ildə yaradılıb. Bu məktəb Özbəkistanın Xalq Şairi, Özbəkistanın Qəhrəmanı Erkin Vahidovun adını əbədiləşdirmək üçün yaradılıb. Burada yaradıcı gənclər təhsil alır. Bu gün məktəbdə 135 yaradıcı gənc var. Şagirdlər üçün Erkin Vahidov adına təqaüd təsis edilib.

Oxunma sayı: 226

Təkrarsız, bənzərsiz və əlçatmaz Müşfiq

Hələ xoşbəxtlik eyforiyası soyumamış Qələbəmizdən sonra ilk bədbin günümüzü bu gün yaşadıq. 6 yanvar milli mədəniyyət tariximizdə ən böyük qurban verdiyimiz günlərdən biri kimi yaddaşlarda qalıb. Unudulmaz şairimiz, milli mədəniyyətimizin şəhidi Mikayıl Müşfiqin namərdcəsinə güllələndiyi günün 83-cü ildönümüdür.

Müşfiqi xatırlayanda həmişə qara buludlu səmada parlaq bir ildırım çaxşışı gəlir gözlərim önünə. Maraqlıdır, hamı bilir ki, ildırım çox güclü bir təbiət hadisəsidir. İldırım çaxanda yeri, göyü, ətrafı, meşəni, insanı, binanı – hər şeyi yandıra bilər. Hamı ildırım çaxmasından vahimələnir. Amma saniyələr içində görünüb itən bu güclü işıqda elə bir möcüzə yaşayır ki, hamı istəyir onu seyr etsin. Öz istəyini anlayana qədər ildırım kainata sehrli bir işıq seli buraxıb yox olur. İnsan vahiməni unudub gözlərini səmanın dərinliklərinə dikir və “kaş bir də çaxaydı, ona yaxşı-yaxşı bir də baxardım”- deyə fikirləşir.

Mikayıl Müsfiq də mənim üçün ildırım qüdrətli, ildırım sehrli bir möcüzədir. Müşfiqin Azərbaycan şeirinə gəlişi səmada ildırımın çaxışına bənzəyir – çox parlaq, hər yerdən görünən, yaddaqalan və valehedici. Zəkası ildırım kimi parlaq, qələmi ildırım kimi iti, təəssüf ki, həyatı da elə ildırım kimi ani oldu.

Mikayıl Müşfiqin bir çox şeirləri də az-az rast gəlinən təbiət hadisələri kimi əsrarəngizdir. Onlar insanın ruhuna, zəkasına, şüuruna ünvanlanıb, insanın hissiyatında özünə yuva tapır. Hamı onu hiss edir, amma təsvir etməyə çətinlik çəkir, Müşfiq düşüncəsini anlayır, amma onu Müşfiq dərki səviyyəsində anlada bilmir. Müşfiq saf sulu bir dərya kimi görünür. Hər dəfə ona baş vuranda daha dərin olduğunu anlayırsan. Mikayıl Müşfiq o ədiblərdəndir ki, şəxsiyyəti ilə yaradıcılığı arasında qalın bir bərabərlik işarəsi qoymaq olar. O özü də yaradıcılığı kimi nadirdir, təkrarsızdır. Müşfiq XX əsr Azərbaycan ədəbiyyatında yeganə şairimizdir ki, 50-ə yaxın şeiri yalnız ağızdan-ağıza ötürülərək bərpa edilib. Müşfiq təkcə Azərbaycan şeirində deyil, bütövlükdə türk xalqları ədəbiyyatında və ümumiyyətlə dünya şeiri kontesktində də ciddi və örnək sayılacaq bir hadisədir.

Saf Azərbaycan türkcəsi, şeirlərinin gözəl, təkrarsız ritmi, ən uca dağları aşan sonsuz xəyal gücü ilə o, Azərbaycan ədəbiyyatında özünə əbədi abidə ucaldıb. Bu gün qardaş Türkiyədə də Müşfiqi öyrənir, ona valeh olurlar. İnsanlıq hissiyyat qabiliyyətindən məhrum olmayınca Müşfiq seviləcək və sevən ürəklərdə yaşayacaq.

Mikayıl Müşfiq nəsil şəcərəsi ilə də bizim üçün əzizdir – ulu babası, bir türk sufisi aşıq Əliqulu, atası isə həm dünyəvi, həm də dini təhsil verən müəllim və şair Əbdülqadir Visaqi olub. Mənfur düşmən necə qıydı belə bir gəncə?! Əslində amansız Stalin represiyyalarının qanlı maşını Mikayıl Müşfiqi, Əhməd Cavadı, Hüseyn Cavidi, Seyid Hüseyni və başqa böyük ədiblərimizi məhv edəndə bu şəcərələri də, bu saf şəcərələrdən toxunmuş milləti və milli ruhu da məhv etmək istəyirdi. Amma belə olmadı. Mümkün deyildi. Çünki ildırım çaxandan sonra bu çaxışın əks-sədası qulaqlardan, əsrarəngiz parıltısı isə xəyallardan getmir. Şahanə çaxış təkrar-təkrar səslənir, təbiətinin bütün rənglərinin qarışığından yaranmış al-əlvan şüalar seyrəlməkdə olan buludların arasından görünür, bərq vurur. Sonra yağış yağır, tozu-torpağı yatırır, torpağı canlandırır, bərəkətləndirir. Sonda isə böyüklü-kiçikli bütün insanların sevincinə səbəb olan yeddi rəngli göyqurşağı göy üzünə çıxır. Bax, biz bu gün Müşfiqi o göyqurşağı kimi görürük və sevirik. Təkrarsız, bənzərsiz və əlçatmaz bir gözəllikdir Müşfiq.

Cavanşir Feyziyev

Fəlsəfə doktoru, millət vəkili

6 yanvar 2020

Oxunma sayı: 101