Monthly Archives: May 2020

Adı kimi: FƏRQANƏ…

Əkbər QOŞALI
Beynəlxalq ALAŞ Ədəbi Mükafatı laureatı

FƏRQANƏ adı kimiydi: Şair olaraq da, insan olaraq da. – O, bütün çətinliklərə baxma-yaraq, ikiləşməmişdi zatən – həmişə, hər yerdə fərqanəydi, Fərqanə…
Sözü özü olmayan, özü sözündən çox fərqlənənlərdən fərqli olaraq, FƏRQANƏ özü kimiydi, sözü kimiydi: içi də, dışı da birdi, gözəldi. – Əslində, elə belə də olmalıdı; ancaq dörd tərəfimizə azacıq göz gəzdirincə, necə bir uyğunsuz mühit (mühitsizlik) içində oldu¬ğumuzu gör-mürükmü, bəyəm? Bilmirikmi, kim kimdir, nə nədir? Ədəbiyyat təsərrüfatımızın iştirakçıları arasında ədəbiyyatın və ədəbin “ə”-sinə, şəxsiyyətin və şeirin “ş”-sına dəxli olmayan… ən ağırı – səmimiyyət və sevginin “s”-sına yaxından-uzaqdan bağlılığı görünməyənlər bir deyil, beş deyil…
Elə ona görə də, FƏRQANƏnin qeyri-adi kimi görünən sabitqədəmliyi, səmimiliyi, sözündə də özü olması bizlərə qəribə, fərqanə görünürdü…

“Mən bir söz bilirəm – dilimə alsam,
Alimlər dilimi kəsərlər mənim.
Sözümü asallar dar ağacından,
Özümün üstümdə əsərlər mənim.” deyən şair İbrahim İlyaslıya

“Ərk elə yavaş-yavaş,
O sözü mənə denən.
“Bacın ölsün, ay qardaş!”
O sözü mənə denən.

…Sirr açmağa naşı bil,
Bir igidin yaşı bil.
Qadınamsa kişi bil –
O sözü mənə denən.” deyəndə də özü idi FƏRQANƏ – səmimi, yanarürəkli…
Və mənə “Məni Fərqanəyə apar, Fərqanəyə apar məni” xoşməramlı ərkində bulunanda da özü idi, özü idi. Heyif, çox heyif, FƏRQANƏ qardaş Özbəkistanda, adaşı vilayətdə ola bilmədi, alındıra bilmədik bir türlü, gah belə oldu, gah elə… Ümid edirdim, o səfər baş tutacaq və şair şəhər adaşı ilə görüşəcək… biz də bu adaş görüşündən doğulan yeni şeirlərin zövqü-səfasını, savabanı bö¬lü-şəcəyik… Bir də, axı biz ona ölümmü yaraşdırırdıq? Yaraşdırmadığımız üçün də, tələsmirdik… Keşkə də, rəhmətlik Cabir Novruzun “Tələsin, insanlar!” nidalı çağırışına cavab versəydik, keşkə…– Ancaq o, özü özündəkini bilirdi – necəki sözündəkini bilirdi… o üzdən bir an öncə, bir an öncə xəyallarına, diləklərinə, planlarına, sabahlara can atırdı, can atırdı…

Oğlunun adını ÜLFƏT qoyan FƏRQANƏ…
Nəvəsinin adını SEVGİ qoyan FƏRQANƏ…

“Şairlər bölünməz, bütün olurlar,
Tüstüsü çıxmayan tütün olurlar;
Şair balaları yetim olurlar,
Siz məni qoymayın şair olmağa…” yazan FƏRQANƏ…

Başdaşı yonana deyən FƏRQANƏ ki:
“Yonduğun məzar daşları
Sənə dərd, azar verməsin.
Ay müştəri gözləyənim,
Heç Allah bazar verməsin”…

Həqiqətləri zalımca yazan, deyən FƏRQANƏ…
Bizim FƏRQANƏ, adı kimi fərqanə FƏRQANƏ…

Vəfatı da fərqanə oldu – bir rəsmi titulu, aşan-kaşan var-dövləti və arxada qoy¬duğu övladlarının, ailə mənsublarının alababat vəzifəsi olmayan bir xanım yazarın vəfatı sosial şəbəkənin Azərbaycan seqmentini tutmuşdu və bu tutqu hələ də davam edir, ortaq dostlarımızla yazışmamısz, danışmamız onun adını yad etmədən keçmir… O bu sayğını bilirdi hər halda, o bu sayğını görürdü – amma nə sağlığında, nə gözlərini işıqlı dünyaya əbədi yumduqdan sonra büruzə vermirdi… Bu sevgilər səmimiydi, onun oxucularının, həmkarlarının, dostlarının, hamının, ha¬mının göynərtisi, göz yaşları içdəndi, ürəkdəndi…
Özü də, karantin günlərində,
özü də Ramazan ayında,
özü də havanın çox isti vaxtında… o qədər insanın FƏRQANƏgilin həyətinə yığışdığını ki mən gördüm… ruhunun şad olduğuna dəli bir inamım var!
Tanrı o dünyanı versin, şair!
Şairə nə lazımdır? – istedad – varınıydı;
oxucu – varındı;
sevgi seli – bir daha, bir daha şahid olduq…
Daha bunlardan sonra yerinin Cənnət olmağına şübhəmi edəcəyik..?

25.05.2020

Oxunma sayı: 174

Sonsuz bir eşqə inanmaq – Şeirlər

Bizim Yazı Özbəkistanın istedadlı gənc şairi Rəhmət Babacanın şeirlərini təqdim edir:

1

Sentyabr, səssiz, aydın gecə
Qəlblərdə ehtiras, ürəkdə atəş.
Sonsuz bir eşqə inanmaq
Ovuca sığan bir iddia, amma cənnətə bərabər…
Bir quru ağaca sarılmaq belə
Titrək bir eşqi oyadar yuxudan.

Sevdiyim küçələrdə dolaşa bilmirəm,
Hər şey səni mənə xatırladır.
Saçlarının həsrətiylə yanan əllərim,
Atəşlərdə yansa da, buz parçasına döndü.
Heç kimin kömək etmədiyi payız
Yenə də öfkəylə, hirslə doldu…

Sən getdin,
izini də buraxmadın arxanca
Hüznün okeanlarda səssizcə dalğalandı,
Dərd içində dərd, nigaranlıq içində gülüş…
Gözlədim, qışdan sonraya qaldı bu gülümsəmə…

Sentyabr: Səssiz qəlb divarlarının
Həsrət və hüzn dolu dibsiz dərinlikləri…
Mənsə soyuq qışın bitməsini gözləməliyəm hələ
Baharın çiçəkləməsini arzulamalıyam…

2

İçdən xoşbəxtlik dilədim sizə
Və gələcəyinizə bütün saflığımla inandım.
Həyətdəki bütün nəsnələr də həyəcanla gözlədi sizi.
Xəyalınının və eşqinin yalan olduğunu gördü onlar da…
Parçalanmış,
Bir – birinə sarılmaq istəyən
Bir xoşbəxt cütlük anidən
Özlərinə atdılar acı bir işgəncənin qoynuna
Və ehtiras düşdü çalıların dodaqlarından…

Yağmurlarda yuyunan bir dərə seli
Döndü dalğaya, dalğın-dalğın axdı.
Elə sarsıldılar bu axmacadan,
Soyuq rüzgarlar da onları sıxdı…
Yerə sərilmiş buz billurları
Gözümüzü qamaşdırmağa başladı.

Eşqin dərmanı tapılmır indi
Təmiz havanın da buna gücü çatmaz.
Həsrətin və çöküşün komasında
İndi payız nəğmə oxuyur…
Ev olmaq xəyalların suya düşdü beləcə…

Özbək dilindən çevirdi: Tural Turan

Oxunma sayı: 302

Kəlbəcərin şair oğlu

Valeh Qocanı 2017-ci ildə həyata keçirdiyimiz “Yaradıcılıq üfüqləri” adlı ədəbi layihə çərçivəsində Bərdə şəhər elektron kitabxanasında düzənlədiyimiz toplantıda tanımışam.

Valeh o ilk görüşdə adına layiq şeir oxumuş (istəyimiz üzərinə, bir deyil, iki şeir oxumuş), alqış qazanmışdı. O alqış yalnız toplantı iştirakçılarının orada əlini əlinə vurmasında qalmamış, bir yaz günü bizimlə (silsilə tədbirlər gərəyi) Bərdədən Gəncəyə, ordan Şəmkirə, ordan da Gədəbəyə gedib çıxmış və nəhayət Bakıya dönüb gəlmişdi…

Qısa müddətdə o “nə gözəl, necə qəşəng Bərdə alqışı”nı biz “Bölgələrdən səslər” almanaxında şəkilləndirdik; bununla da ürəyimiz soyumadı, Xəzərin o biri qıyısına – qardaş Qazaxıstanda çıxan “Yeni zaman Azərbaycan şeiri” antologiyasına daşıdıq. Nə yaxşı da, daşıdıq..! – Bizi tənqid etməyə öyrəncəli olanlar belə, Valeh Qocanın şeirlərinə münasibətdə tənqiddən uzaq durdu…

Beləcə, yaradıcılıq üfüqləri, “yazı da, yayı da gül-çiçək Bərdə” və hələ kitabxana… üstəlik, Kəlbəcər göynərtili gənc şairin ədəbi həyatı sözdən, şəkildən çıxıb, “vəhdəti-vücud” oldu sanki… sanki öz çiçək mövsümünə, meyvə vaxtına keçdi o vəhdət…

Beləliklə, Valehin adına layiq şeirləri ümid verdi, ümiddən ziyadə inam taxtına çıxdı.

“Vətənsiz ömrümə bir il də gəldi,
İldə bircə dəfə sən də qayıt gəl…”

kimi kövrək misraların yazarı qəribə, bəlkə yaşından irəli ağırtaxtalı, qürurlu oturuş-duruşu ilə diqqətimizi cəlb etmişdi daha ilk görüşdən… Bir şair üçün kövrəklik bəlkə də yaxşı haldır, yerindən-yurdundan didərgin bir insan üçün təbii ovqatdır, amma gənc Vətən övladı üçün bu, ruh halının yalnız bir komponenti, “iştirakçısı” olmalıydı – elə də var..!

Kövrəkliklə, şeir yazmaqla Kəlbəcəri (digər torpaqlarımızı) azad etmək mümkünmü? – Cavab aydındır, məncə; ancaq o da aydındır ki, kövrəklikdən qəzəb, şeirdən əzm, qələmdən iradə hasil olunca, ümidimiz inama çevrilir. Və inam – o ali kateqoriyaya aid hadisə, qarşısıalınmaz gücə çevrilir, belə olunca da, Tanrı təqdiri qazanır, olmazları olar edir.

Görənləri valeh etmiş Kəlbəcərin şair oğlu Valeh Qocanın ən kövrək şeirini də, ən lirik duyğusunu da, ən gərgin düşüncəsini də, məhz bu planda təsəvvür edirəm. İlahi qüdrət sayəsində (ustad Abdurrahim Qaraqoç demiş, qədərin üstündə var olan qədərlə), Valeh Qoca qocalmadan Kəlbəcərə dönüb, doğma el-obasına valehliyi yaşaya-yaşaya yazıb-yaradacaq!..

Bilirsiz, mən inamla ideyanı bir müstəvi üzərində qəbul edirəm; ideyalı ədəbiyyatsa, yaddaşlarda qalıcı yer tutan, xəlqi mahiyyət daşıyan, əsil vətəndaşlıq mövqeyini əks etdirən bir yaradıcılıq hadisəsidir. Elə bir böyük əsər göstərmək mümkün deyil ki, o ideyalı olmasın!
Əlbəttə, ideya başqa, ideologiya başqa… – Valeh hansısa ideologiya çərçivəsində deyil, məhz ideya üfüqügenişliyindədir!..

***
Valeh nədən yazır, necə yazır? Yazdıqlarını hara ünvanlayır? Niyə yazır Valeh? – Valehin şeir fakturası bu suallara hansı cavabları verir?

Gənc şairin daha çox müraciət etdiyi mövzu(lar) olsa da, o, demək olar, şeirin əzəli-əbədi mövzularının hər birinə üz tutur. Onun ilk kitabında toplanmış şeirləri bizi haldan-hala salır; gah “havalıyam, havam çatmır” deyirik sanki, gah üfüqötəsinə can atırıq, gah da bir başqa havaya köklənirik… Bu başqa havaya köklənmələrin heç biri öz ilkinliyindən, kökündən və də soy-kökündən məhrum deyil! Valehin hər şeiri “Mən Kəlbəcərdənəm, Kəlbəcər həsrətindən və də(!) Kəlbəcər inamından doğulmuşam!” deyir sanki…

Böyük filosof Asif Ata deyirdi, “Milli olmayan bəşəri ola bilməz” – bu anlamda, Valeh gənc yaşında yazdığı şeirlərlə belə millidir, bəşəridir. Onun şeirlərini Təbrizdəki soydaşımız da, Anadolulu qardaşımız da, Xəzərin o biri tərəfindəki Türküstan elləri də, soyuq Sibirdəki isti ürəklilər də, Notr-Dam kilsəsindəki fransız da, “əbədi küləklər məmləkəti” Çilidəki oxucu da… sevə, valeh ola bilər. Hələlik “bilər” deyirik, çünki bu sətirlər yazılarkən, ümumrespublika ədəbiyyat təsərrüfatına, geniş ədəbi aləmə qısa vaxtda – iki ildən bir qədər artıq müddət içində açılışmış bir gənc qələmdən danışırıq.

Ancaq mən dəqiq bilirəm ki, Valeh Qoca öz şeirini, bütün dünya bir yana, Kəlbəcər dağlarının başına – dədə-baba yurduna dönmüş bir sadə çobanın dilindən eşitməyi daha üstün tutar…

***

Görək, Valeh Qoca “Yazıldı” adlı şeirində nə yazır, necə yazır? –

“…Ən çirkin dərdi də əlindən aldım,
Ən gözəl şeirim sənə yazıldı.”

Yenə “Yazıldı”da:

“…Mənim ölüm vaxtım
baş daşı kimi,
Səni itirdiyim günə yazıldı…”

Nə yazdığı aydındır, necə yazdığısa Xalq şairi Zəlimxan Yaqub demiş, “zərif döndərmələr, incə xallar”ından bəlli!

Valeh nədən yazsa da, mən qeyri-ixtiyari Kəlbəcər həsrətini, Kəlbəcər qoxusunu, Kəlbəcərə dönüş inamını… – bəlkə qarmaşıq şəkildə olsa belə, görmək istəyirəm.

Budur, şair bizi intizarda qoymur və bu duyğuları, düşüncələri sözə (fikrə) çevirir:

“Köçkünlük vədəsiz gəldi ömrümə,
O köç maşınları beşiyim oldu.
Qışı– buz, istisi– ocaq vaqonlar,
Mənim evim oldu, eşiyim oldu.

Ehtiyac içində keçdi hər anım,
Bunu nə gizlədim, bunu nə danım…
Anamın örpəyi isti yorğanım,
Atamın pencəyi döşəyim oldu.

Valehəm, sıxıldım, bezdim, dayandım,
Qayğılar içində üzdüm, dayandım;
Beləcə, hər şeyə dözdüm, dayandım,
Dözümüm, iradəm keşiyim oldu.”

(“Oldu”)

Belə şeirlərə “şərhi özündə olan” – necə deyərlər, “açıq şeir” desək, yanlış olmaz yəqin. Bu, bir gerçəkçi (düzxətli) şeirdi, əlbəttə; bununla belə, duyğusallığı önplana çıxmış şeirdi… Duyğusallıq şair üçün nə dərəcədə əlçəkilməz, yankeçilməzdir? – bu da, mübahisə mövzusu deyil hər halda…

Və mən Valehin şeirlərini oxuyarkən şəklini gözüm önündə canlandıraraq, oxuyuram sanki… Valehin baxışı, duruşu əzmlidir, “biz qalib gələcəyik” deyir… – Sanki onun şeirləri interaktivdir; sanki o şeirlər canlı fikir alış-verişinə çağırır oxucunu…

Və nəhayət gənc şairin ilk kitabının son şeirinin son bəndi… – Vətən haqqında çox yazılıb, yazılacaq da; bəs, görək Valeh öz Vətəninə necə valehdir? –

“Mənim səndən uzaqlarda odum da köz tutmaz heç,
İzim düşməz bu dünyaya, balam da iz tutmaz heç;
İlham gəlməz ürəyimə, dilim də söz tutmaz heç,
Mənim bu şair könlümə sən qidasan, ey Vətən..!”

Valehin ikinci kitabını Kəlbəcərdə təqdim etmək arzusu və inamı ilə…

Əkbər QOŞALI
şair-publisist

Oxunma sayı: 301

Türk dünyasının ortaq televiziyası yaradılacaq

“Türk dünyasının ortaq televiziyası yaradılacaq”.

Bizim Yazı xəbər verir ki, bunu “Global Journalism Council” təşkilatının Beynəlxalq məsələlər üzrə sədr müavini Elşad Eyvazlı məlumat verib. O, televiziyanın yaxın vaxtlarda fəaliyyətə başlayacağını bildirib.

Elşad Eyvazlının sözlərinə görə, bununla bağlı Türkdilli ölkələrin jurnalistləri ilə müzakirələr aparılıb.

“İlkin olaraq Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, QırğızıstanTürkmənistanda nümayəndiliklər yaradılacaq. Fəaliyyət istiqamətində siyasi məsələlər olmayacaq”.

Televiziyaya kimin rəhbərlik edəcəyinə gəlincə, müsahibimiz deyib ki, bu məsələlər ona həvalə olunub.

Oxunma sayı: 447