Monthly Archives: Апрель 2020

“Gənc yazarlara dəstək” layihəsindən yeni kitab

Dövlət Tərcümə Mərkəzi “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində gənc Azərbaycan şairi Rəbiqə Nazimqızının “Çətirlərin qiyamı” kitabını nəşr edib.

Bizim Yazı xəbər verir ki, kitaba müəllifin “Manifest”, “Zəlzələ”, “Müharibə”, “Portağal şəhəri”, “Qısqanclıq”, “Günah”, “Limon ətri”, “Qadın etirazı” kimi yüzə yaxın şeiri daxil edilib.

Kitabın “Ön söz”ünün müəllifi Əlisəmid Kür, redaktoru Salam Sarvandır.

Əlisəmid Kür kitaba yazdığı “Çətirləri qiyama səsləyirəm” sərlövhəli “Ön söz”də deyir: Bir yaz günüydü, Rəbiqə Nazimqızının “Epizodik sevgilər” kitabının təqdimat mərasimi keçirilirdi. Onu tədbirdən sonra Fəvvarələr bağında yerləşən “Nərgiz” kafesindəki ziyafətdə tanıdım. Ayrı-ayrı stollarda əyləşsək də, baxışları, danışığı, hərdən şeir deməsi pozitivliyindən xəbər verirdi. İndi yadıma düşür ki, həmin gün narın yağış yağmışdı, Rəbiqənin çətiri stolun üstündəydi. Onun nəinki çətirindən, şeirlərindən də yağış damcılayırdı:

…Yaxındayam, balıqçı,

gəlirəm,

atıram özümü dənizə –

balıq olmağa…

Heç yana aparmazsan,

Heç kəsə satmazsan…

Ya atarsan, ya tutarsan…

Torunda məni görüb sevinsən,

bəsimdi…

Təpədən-dırnağa sevgidən yoğrulmuş, səsinin ağrısı misralara hopmuş, Marina Svetayevanı xatırladan Rəbiqənin tövbəsi daşı da yumşaldan səmimi etirafdır.

Həmin gün mənə bağışladığı “Epizodik sevgilər” kitabını gecə səhərədək Sahil bağında oturub birnəfəsə oxudum. Yəni Rəbiqənin şeirləri məni oxumağa məcbur etdi. Sevdiyim çox az şair olub ki, onların kitabını birnəfəsə oxumuşam. Rəbiqə ilk qadın şairimizdir ki, məni diksindirməyi bacarmışdı:

Yüz çəmən ayaqladım bir çiçəkdən ötrü,

Bəlkə, min qarışqa öldü, saymadım.

Budur əsl poeziya…

O mənim sevdiyim şair və insandır…

İndi Rəbiqə Nazimqızının növbəti kitabı – “Çətirlərin qiyamı” görüşünüzə gəlir. Əziz oxucu, o, “şüşələrə toxunub çiliklənən ömürlərdən” danışacaq sənə, “yaşamağı hər kəsdən çox sevdiyini” söyləyəcək və inandıracaq ki:

Çiçək, yağış, külək, qar,

Hər şey sənə tanışdır.

Bəlkə, bu kitabı yağışlı bir gündə küçədə oxuyacaqsan, çətir tapmasan, Fəvvarələr bağındakı çətirli qız heykəlinə sığına da bilərsən. Sığın və bu kitabı oxu. Ya da Rəbiqənin elə özünün də dediyi kimi, evdə oturub qapını yağışın üzünə bağla:

Qapını yağışın üzünə bağlayaram,

Çətirləri qiyama səsləyərəm,

Divarlara şeir deyərəm,

Kətillərə mahnı oxuyaram

Sən dinləməsən…

Ey sən, məni eşidirsən?!”

Oxunma sayı: 54

UYĞUR TARİXİ HAQQINDA MÖHTƏŞƏM ƏSƏR

«İDİKUT” dilimizə uyğunlaşdırılan  ilk uyğur romanıdır. Müəllifi Qazaxıstanda yaşayan Əhmədcan Əşiridir.

O, Qazaxıstanda uyğur ədəbiyyatını təmsil edən ən önəmli simalardandır. Bildiyimiz kimi Qazaxıstan uyğur türklərinə hər zaman dəstək olan ölkələrdəndir. Hətta Qazaxıstan Yazıçılar Birliyinin nəzdində Uyğur Ədəbiyyatı şöbəsi vardır ki, müəllif də bir müddət bu şöbənin başqanı olmuşdur. Onun bir çox əsərləri qazax, rus, özbək, ukrayna, qırğız və b. dillərə çevrilmişdir.

“İdikut”un tarixi roman sevənlərin gözdən qoymayacağı əsər olacağına inanıram.

Əsərdə uyğur dövləti olan İdikutun ayaqda qalma mübarizəsindən bəhs edilir.

İlk öncə onu qeyd edim ki, əsər hələ satışda deyildir. Belə bir əsərin ilk oxucularından olmaq möhtəşəm bir duyğudur. «İdikut» DGYTB nin (Dünya Gənc Türk Yazarlar Birliyi) nəşridir. Əsəri dilimizə uyğunlaşdıran DGTYB Yönətim Kurulu üzvü Taleh Mansur, redaktoru DGTYB-nin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, məsləhətçiləri isə Qazaxıstandan yazıçı-publisist Malik Otarbayev, Azərbaycandan isə Əli Kərim adına Poeziya Evinin direktoru İbrahim İlyaslıdır.

Əsərə keçmədən öncə uyğur tarixi haqda qısa məlumat vermək istəyirəm. 840-cı ildə Orhunda mövcud olan Uyğur dövləti həm taxt oyunları, həm də qırğızların hücumu ilə süquta uğrayır. Öge Tekin bir müddət sonra dövləti yenidən dirçəldir. Lakin bu dəfə də çinlilərin hücumuna məruz qalır. Bu zaman hakimiyyətdə olan sonuncu xan II Kasarın qardaşı oğlu Pan Təkin və baş vəzir Sarçukun rəhbərliyi ilə 15 uyğur qəbiləsi Tanrı dağının şərqinə gedirlər. Burada isə 2 yerə ayrılırlar. Bir hissə Pan Təkinin başçılığı ilə quzey-doğuya gedir və burada 5 məhəllədən ibarət şəhər – Beşbalıq şəhərini salırlar. Zaman keçdikcə şəhər böyüyür. Buranın əmirləri isə İDİKUT adlanır…

İdikut hakimi İyən Tömür, Kıtan dövlətindən asılılığı qəbul edir və bu, illərlə davam edir. Maddi, mənəvi bütün sərvətlərinin Kıtan hakimliyinə daşınması xalqı İyən Tömürə qarşı çıxmağa vadar edir. Xalq dövlətin tək çıxış yolunun İyən Tömürün vəliəhdi təyin etməsinə baxmayaraq Kıtan dövlətinə sədaqətini göstərmək üçün göndərdiyi və illərdir orada əsir olan Bavurçuk Art Təkin olduğunu anlayır. Və onu edamdan xilas edərək, öz yaxın ətrafının köməyi ilə İyən Tömürü öldürür. Beləliklə, Bavurçuk Art Təkin xalqın dəstəyi ilə hakimiyyətə gəlir. Lakin atasının etdiyi səhvləri təkrar etmək istəməyən idikut daha böyük addımlar atır və Çingiz Xanla ittifaq bağlayır… Sonra isə döyüşlər, fəkakətlər bir-birini əvəz edir.

Bavurçuk Təkin Çingiz Xanın dəhşətli döyüş taktikası qarşısında sarsılsa da özünü toplayır və əlindən gəldiyi qədər bacı-qardaşlarına, qan qardaşlarına kömək edir. Niyə qan qardaşları? Çünki Çingiz Xan ondan yalnız hərbi dəstək almır, həm də onunla birgə Orta Asiyaya hücum edir. Bu, İdikut üçün nə qədər çətin olsa da qan qardaşları üçün əlindən gələni etməyə çalışır. Əsəri oxuduqca Bavurçuk Təkinə zaman-zaman bəraət qazandıra bilmirdim. Lakin əsərin sonuna doğru fikrim dəyişdi. Spoiler vermədən yazmaq istəyirəm fikirlərimi. Amma tarixi romanda bunu etmək biraz çətin olur. Çingiz Xanın amansız işğal qaydaları insanı sarsıdır. Sona doğru bir-birini əvəz edən həzin sonluqlar, Bavurçukun qəhrəmanlığı əsəri oxunaqlı edir.

Əsəri maraqlı edən məqamlardan biri də bilgi dolu olmasıdır. Əsər boyu həm uyğurların, həm də monqolların tarixi, mədəniyyəti, geyimləri, inancları, bir sözlə, ümumi xarakteristikalarını görürük. Uyğurların zəngin tarixi və mədəniyyəti, incəsənəti haqda maraqlı məlumatlar əldə edirik. Həm də öyrənirik ki, monqollar bir çox sahələrdə uyğur türklərindən faydalanmışlar. Onların dil, əlifba, ədəbiyyat və bir çox sahələrində uyğur izləri görünür.

Bunu Çingiz Xanın Bavurçuk Art Təkinlə Orhun düzündə olan dialoqunda da oxuyuruq. Onun uyğurların əzminə, incəsənətinə olan sayğısını görürük. Bavurçuk Art Təkinin monoloqunda da bunun şahidi oluruq. İdikutlular buddizm, maniheizm dinlərinə sitayiş edirdilər. Dövlət dini isə buddizm idi. Onların zəngin mədəniyyəti bu buddist məbədlərinin tərtibatında, bəzədilməsində özünü göstərir. Bir sözlə, «İdikut» həm tarixi gerçəklikləri, həm də incəsənətin, mədəniyyətin zəngin təsviri ilə möhtəşəm bir əsərdir. «İdikut» mütləq oxunmalı əsərlər sırasındadır.

Sənubər Hacıyeva-İLYASLI,
Sənətşünas

Oxunma sayı: 181

Şeirim mənə bənzəyir — Coşqun Qarabulud

MƏNƏ BURAX

Çıxart
vəsiqəndən
ünvanını,
məkanını,
soyadın, adın nə varsa,
sənə aid olanları-
hamısını kənara qoy.
Yalnız baxışların qalsın,
bir də sən.
Gerisini mənə burax.

***
Bu yaşdan sonra
sən gəl dedin.
Mən də gəldim.
Soruşmadan,
düşünmədən
durub gəldim.
Oturmağa yerin yoxmuş,
gəldim ayaqüstə qaldım.
Vaxt çox gecdi,
həm də yorğundum.
Geriyə də dönə bilmədim.
Beləcə donub qaldım.

***
Gəlirlər, gedirik.
İçimiz bir doğum evi.
Çölümüz müsəllah daşı.
Ölülər doğururuq.
Özümüz içimizdə ölürük
anbaan.
Gəlirlər.
Gedənlər bir- bir
çörək olurlar,
xiyar, pomidor,
qovun, qarpız olurlar.
Hüceyrələrimizə yerləşib
dolaşırlar damarlarımızda.
Ölülər yaşayır içərimizdə.
Biz hər an ölməkdəyik.
Minlərcə ölülər tökürük
hamam taslarına.
Ölülər yaşayırsa içimizdə,
biz yaşarkən ölüyüksə,
Ölən kim, yaşayan kim.
Ölüm bir az yaşamaq,
yaşamaq ölməksə tədricən.
Və yaşayarkən ölürük,
Ölərkən yaşayırıqsa durmadan,
Həm ölüb həm yaşayırıqsa,
nədən bu qədər qoxuruq ölümdən
Və yaşadığımıza sevinmək nədən.

NİYYƏT

Qırx hüri verilirmiş,
yolu cənnətə düşənə.
Qismət olsa,
getsəm əgər
təkcə səni istərəm,
bir dənəm.
təkcə səni.
Qırx — dəyişik biçimdə reklammı?
Torpaqdan gəlmişik,
Torpağa dönəcəyik.
Bu hökmdür!
Gəlişimiz, dolanbaclı,
gizli,
Gedişimiz açıq- aşkar, mərdanə.

QAZINTI

Tarixə qarışdıqca
Ar — namus.
Ən yaxşı peşə olacaq,
Ar/xeologiya.

***
Şeirim mənə bənzəyir.
Deyirlər ki, şeir qısa,
yığcam,
təsiredici olmalı.
Təmizlənməli
gərəksiz olanlardan.
Misralar işarələrə hörülməli,
hər oxunuşunda
duyğular oyandıran.
Nə yaxşi, qısayam.
Həm də özəl və cazibəli.
Hər sabah oyanışımda
başqa bir mən tapıram
yeni dadlara qarışımış.
Yoxsa ,
Yoxsa mən bir şeirəmmi..

QİSMƏT

Buludların toqquşması,
ölümüdür.
Yerə düşən hər damlada
canından can var buludun.
Torpaq yaşıllaşırsa,
çiçəklər açılırsa,
həna yaxsın oynasın,
bayramıdır torpağın.
Türkülər çiçəklərə söylənir,
öyünən torpaqdır nədənsə.
Sevgiylə bəslənən hər çiçəkdə
bir buludun gizli gözyaşları var.
Yəqin ona görədir ,
Hər çiçək görəndə
gözümüzün dolması.

UYĞUN CÜTLÜK

Biri arvad ,
biri ərdi..
Çalışırdı ikisi də.
Biri doğuzduran,
biri mollaydı.
Uyğun cütlüklərin
heç yarımçıq qalmazdı işləri.
Birinin başladığını,
bitirirdi o biri.

***
Bəzən içimdən siyrılıb bayıra çıxıram.
Zamana baxıram.
Mən dururam,
keçir gözümün önündən zaman.
Sonra gəlib çatır o an.
Zaman durur ,
mən keçirəm.
Bir kəpənəyin qanadıyla
yarıram zamanı.
Bir quşun gözlərində
Göy üzünü gəzirəm.
Arxama baxıram ki,
nə duran var,
nə keçən.
Duran da mənəm,
keçən də.
Zaman deyə gördüyüm
bir az torpaq,
biz az mən.
Bəzən torpaq, bəzən mən.

Çevirən: Nazilə Gültac

Oxunma sayı: 217

«Hacı İsgəndər» tarixi romanı haqqında — Nemət Mətin yazır

Meylim üzündəki qara xaldadır

Hicranın əlacı ilk vüsaldadır.

Nə vaxtdır Bakının gözü yoldadır

Bir qonaq gələsiz bizə lalələr.

Tarixi roman

Tarixi bədiiləşdirəndə daha maraqlı olur. Məsələn: Sezar Hindistanla döyüşdə fil görməyən döyüşçüləri üçün döyüşdən öncə fil gətizdirir. Onlar təlim zamanı filə toxunur, heyvanları yemləyirlər. Beləcə qorxu yox olub gedir. Çingiz xan isə yun parçanı döyüşçülərin əyninə tikdirir ki, döyüşdə atılan oxlar çox da dərinə bata bilməsinlər. Xırdalıqlar ədəbiyyatdır. Bir dəfə Rasim Qaraca ilə söhbət edirdim. Mənə müharibə haqqında oxuduğu romandan danışdı. Bir cümləni xatırlayaraq dedi: Atılan oxlar göy üzünə qalxıb enəndə bəzi oxlar qatarla keçən quşlara dəyirdi. Cümlə bədiiləşəndə sujet xəttindəki hadisə adama daha tez yapışır. Məktəbdə keçirilən tarix dərsliklərini bədiiləşdirsələr şagirdlər həvəslə oxuyar. Sözümü nəyə gətirirəm?! Bu yaxınlarda Kənan Hacının «Hacı İsgəndər» adlı tarixi romanını oxuyub bitirdim. Dəqiq məlumatlarla bol olsa da yazıçı dilin və təfəkkürün gücü ilə ortaya bədii cəhətdən estetik zövq bəxş edən tarixi roman qoymağı bacarıb.  Müəllif o dövrü təsvir etmək üçün yüzdən çox kitab oxuyub.

Hacı İsgəndər kimdir?

O, ehtiyacı olanlara əl tutan, haqqı tabdalamağa qoymayan, ermənilərin törəddikləri vəhşiliklərin qarşısını alan, Nuru Paşaya Azərbaycanda ordu toplamağa kömək edən, silahsız müsəlmanları silahlarla təmin edən, döyüşçülər üçün 800 nəfərlik sığınacaq tikdirən və digər xeyirxah işlər görmüş mərd insandır. Azərbaycanın qəhrəman övladıdır. Sadəcə indiyə kimi təkcə bir kitabda 2-3 cümlə ilə yada salınıb. Daha doğrusu salınmışdı. Kənan Hacı olduqca dərin məqamlara toxunaraq Hacı İsgəndər şəxsiyyətindən xəbərsiz oxucuya dəyərli məlumatlar ötürüb.

«Hacı İsgəndər» tarixi romanı təkcə Hacı İsgəndərdən bəhs etmir. III Aleksandr və onun dövründə baş verən hadisələrini, Nəriman Nərimanovun Şaumyana inanmasını, Difai təşkilatının yaranmasını, erməni müsəlman qarşıdurmasını, qoçuların özbaşınalığını, Nağı bəy Şeyxzamanlının Osmanlıdan yardım istəməsini geniş şəkildə təsvir edir. Müəllif romanda qeyd edir ki, Nəriman Nərimanovun ən böyük səhvi Şaumyana inanmağı idi.

III Aleksandr zamanında

Qalaq-qalaq kitab oxumuş qoca kişi var idi. Bir dəfə III Aleksandrdan danışanda dedi:

“O vaxt Bakıya gələn şah hansısa Bakı kəndinin kənarı ilə gedən faytondan kəndə nəzər salır. Yolun kənarında çarıqları cırılmış, üst-başları toz-torpaq olan kəndliləri görür. Əmr edərək faytonu saxlatdırır. Qızıl sikkələrdən bir neçəsini onların ayağının altına atır. Qızıl sikkənin biri qarşıda dayanan qoca kişinin çarığının üstünə düşür. Qoca ayağını sürətlə ürəli uzadır. Sikkə göydə fırlanaraq faytonun içinə düşür.”

Azərbaycanda belə mərd insanların olması tariximizin bəzəyidir.

Hacı İsgəndərin dostları

Haşım bəy Sabiq məclislərin birində qəzəl deyir. Namulla bəy və Hacı İsgəndər təəssüflənirlər ki, Məşədi Azər yoxdur. Çünki qəzəli onun kimi duyan çətin tapılardı. Kim idi Məşədi Azər? Onun haqqında da Kənan Hacı kitab yazıb (Məşədi Azər təzkirəsi).

Səhrada sürüm yox, dəryada gəmim,

Tufanlar qopsa da, mənim nə qəmim?

Dünyanın malından, mülkündən ancaq

Bircə təbim qaldı, bir də qələmim.

Məşədi Azər qəzəlxan, alim, söz ustadı, müəllim, etibarlı dost olmaqla yanaşı həm də düzgün insan idi. Stalin rejiminə baş əyməyən tək-tük söz adamlarından idi. Ona görə ölənə kimi kitabı çap olunmadı. Hər zaman kölgədə qaldı. Ona görə ona medallar, mükafatlar verilmədi. Ona görə ölümündən illər sonra yaradıcılığı barəsində kitab çap olundu. Məhz ona görə bir çox insan ondan uzaq gəzdi. Lakin Məşədi Azər kimi söz bilicisinin, arif oxucunun qədrini bilənlər hər zaman yanında olmuşlar. Dahi Nizami Gəncəvinin Xəmsəsinin Azərbaycan dilinə tərcüməsində bir başa iştirak etməyən Məşədi Azəri günorta çırağla gəziblər. Anlaşılmayan beytlərin açılışını məhz ondan soruşurdular. Məşədi Azər haqqında bir çox söz ustadları xatirələrini bölüşüblər. Əliağa Vahid dostlarını yığaraq tez-tez Məşədi Azərin bağına gedərdilər. Azər onlara Füzulidən, Nizamidən qəzəllər deyər və açılışını, mənasını başa salardı. Bir dəfə Məşədi Azər Əliağa Vahidin çox içindiyi və toyxanaların küncündə gecələdiyini eşidir. Ona qəzəl şəklində məktub yazır. Məktuba cavab olaraq Əliağa Vahid də qəzəl yazaraq ustadına göndərir. Məşədi Azər sovet rejiminə baş əymədi. Hətta bununla bağlı maraqlı bir hadisə də olub. Süleyman Rüstəm yolda Məşədi Azəri görərək ona tövsiyə verir ki, sən də sovet rejimindən bir-iki qəzəl yaz. Sənə də dəyər versinlər. Məşədi gülümsəyərək heç vaxt yazmayacağını bildirib. Kitabda xeyli maraqlı məlumat var. Kənan Hacı o dövrün bütün əcaibliklərini, ədəbi mühiti, sözə qiyməti adını çəkdiyim kitabda göstərmişdir. Məşədi Azər göyərti becərərək dolanırdı. Dünya malında gözü yox idi. Onun yanına Cəfər Cabbarlıdan tutmuş, Səməd Vurğuna kimi hamı öyrənməyə gəlirdi.

Mən hələ Vahidiyəm Azərbaycanımızın,

Atəşi-eşqə yanan Azərimiz evdə qalıb.

Hacı İsgəndərin arzusu

Hacı İsgəndər hələ Cümə məscidini tikdirməyə çalışanda ermənilər ona göz verib, işıq vermirdilər. Ustalara təmənnasız kömək edən sakinləri gecə yolda tutub başlarını kəsirdilər.

Haqsızlığa boyun əyməyən kəslər olmasaydı, indi Azərbaycan da olmazdı. Difai təşkilatını yaradanların, Qafqaz islam ordusunun banilərinin, Hacı İsgəndər və digər uzaqgörən şəxsiyyətlərin şücaəti danılmazdır. Hacı İsgəndərin ən böyük arzusu Cümə məscidinin hazır olması idi. Təəssüfki, sağlığında bunu görmədi. Erməni cəlladları onu güllələdilər. Sovet dövründə anbar və mağaza kimi işlədilən məscid 90 ildən sonra bərpa edilərək öz təyinatı üzrə fəaliyyətə başlamışdır…

Oxunma sayı: 114