Category Archives: YAZILAR

Kəlbəcərin şair oğlu

Valeh Qocanı 2017-ci ildə həyata keçirdiyimiz “Yaradıcılıq üfüqləri” adlı ədəbi layihə çərçivəsində Bərdə şəhər elektron kitabxanasında düzənlədiyimiz toplantıda tanımışam.

Valeh o ilk görüşdə adına layiq şeir oxumuş (istəyimiz üzərinə, bir deyil, iki şeir oxumuş), alqış qazanmışdı. O alqış yalnız toplantı iştirakçılarının orada əlini əlinə vurmasında qalmamış, bir yaz günü bizimlə (silsilə tədbirlər gərəyi) Bərdədən Gəncəyə, ordan Şəmkirə, ordan da Gədəbəyə gedib çıxmış və nəhayət Bakıya dönüb gəlmişdi…

Qısa müddətdə o “nə gözəl, necə qəşəng Bərdə alqışı”nı biz “Bölgələrdən səslər” almanaxında şəkilləndirdik; bununla da ürəyimiz soyumadı, Xəzərin o biri qıyısına – qardaş Qazaxıstanda çıxan “Yeni zaman Azərbaycan şeiri” antologiyasına daşıdıq. Nə yaxşı da, daşıdıq..! – Bizi tənqid etməyə öyrəncəli olanlar belə, Valeh Qocanın şeirlərinə münasibətdə tənqiddən uzaq durdu…

Beləcə, yaradıcılıq üfüqləri, “yazı da, yayı da gül-çiçək Bərdə” və hələ kitabxana… üstəlik, Kəlbəcər göynərtili gənc şairin ədəbi həyatı sözdən, şəkildən çıxıb, “vəhdəti-vücud” oldu sanki… sanki öz çiçək mövsümünə, meyvə vaxtına keçdi o vəhdət…

Beləliklə, Valehin adına layiq şeirləri ümid verdi, ümiddən ziyadə inam taxtına çıxdı.

“Vətənsiz ömrümə bir il də gəldi,
İldə bircə dəfə sən də qayıt gəl…”

kimi kövrək misraların yazarı qəribə, bəlkə yaşından irəli ağırtaxtalı, qürurlu oturuş-duruşu ilə diqqətimizi cəlb etmişdi daha ilk görüşdən… Bir şair üçün kövrəklik bəlkə də yaxşı haldır, yerindən-yurdundan didərgin bir insan üçün təbii ovqatdır, amma gənc Vətən övladı üçün bu, ruh halının yalnız bir komponenti, “iştirakçısı” olmalıydı – elə də var..!

Kövrəkliklə, şeir yazmaqla Kəlbəcəri (digər torpaqlarımızı) azad etmək mümkünmü? – Cavab aydındır, məncə; ancaq o da aydındır ki, kövrəklikdən qəzəb, şeirdən əzm, qələmdən iradə hasil olunca, ümidimiz inama çevrilir. Və inam – o ali kateqoriyaya aid hadisə, qarşısıalınmaz gücə çevrilir, belə olunca da, Tanrı təqdiri qazanır, olmazları olar edir.

Görənləri valeh etmiş Kəlbəcərin şair oğlu Valeh Qocanın ən kövrək şeirini də, ən lirik duyğusunu da, ən gərgin düşüncəsini də, məhz bu planda təsəvvür edirəm. İlahi qüdrət sayəsində (ustad Abdurrahim Qaraqoç demiş, qədərin üstündə var olan qədərlə), Valeh Qoca qocalmadan Kəlbəcərə dönüb, doğma el-obasına valehliyi yaşaya-yaşaya yazıb-yaradacaq!..

Bilirsiz, mən inamla ideyanı bir müstəvi üzərində qəbul edirəm; ideyalı ədəbiyyatsa, yaddaşlarda qalıcı yer tutan, xəlqi mahiyyət daşıyan, əsil vətəndaşlıq mövqeyini əks etdirən bir yaradıcılıq hadisəsidir. Elə bir böyük əsər göstərmək mümkün deyil ki, o ideyalı olmasın!
Əlbəttə, ideya başqa, ideologiya başqa… – Valeh hansısa ideologiya çərçivəsində deyil, məhz ideya üfüqügenişliyindədir!..

***
Valeh nədən yazır, necə yazır? Yazdıqlarını hara ünvanlayır? Niyə yazır Valeh? – Valehin şeir fakturası bu suallara hansı cavabları verir?

Gənc şairin daha çox müraciət etdiyi mövzu(lar) olsa da, o, demək olar, şeirin əzəli-əbədi mövzularının hər birinə üz tutur. Onun ilk kitabında toplanmış şeirləri bizi haldan-hala salır; gah “havalıyam, havam çatmır” deyirik sanki, gah üfüqötəsinə can atırıq, gah da bir başqa havaya köklənirik… Bu başqa havaya köklənmələrin heç biri öz ilkinliyindən, kökündən və də soy-kökündən məhrum deyil! Valehin hər şeiri “Mən Kəlbəcərdənəm, Kəlbəcər həsrətindən və də(!) Kəlbəcər inamından doğulmuşam!” deyir sanki…

Böyük filosof Asif Ata deyirdi, “Milli olmayan bəşəri ola bilməz” – bu anlamda, Valeh gənc yaşında yazdığı şeirlərlə belə millidir, bəşəridir. Onun şeirlərini Təbrizdəki soydaşımız da, Anadolulu qardaşımız da, Xəzərin o biri tərəfindəki Türküstan elləri də, soyuq Sibirdəki isti ürəklilər də, Notr-Dam kilsəsindəki fransız da, “əbədi küləklər məmləkəti” Çilidəki oxucu da… sevə, valeh ola bilər. Hələlik “bilər” deyirik, çünki bu sətirlər yazılarkən, ümumrespublika ədəbiyyat təsərrüfatına, geniş ədəbi aləmə qısa vaxtda – iki ildən bir qədər artıq müddət içində açılışmış bir gənc qələmdən danışırıq.

Ancaq mən dəqiq bilirəm ki, Valeh Qoca öz şeirini, bütün dünya bir yana, Kəlbəcər dağlarının başına – dədə-baba yurduna dönmüş bir sadə çobanın dilindən eşitməyi daha üstün tutar…

***

Görək, Valeh Qoca “Yazıldı” adlı şeirində nə yazır, necə yazır? –

“…Ən çirkin dərdi də əlindən aldım,
Ən gözəl şeirim sənə yazıldı.”

Yenə “Yazıldı”da:

“…Mənim ölüm vaxtım
baş daşı kimi,
Səni itirdiyim günə yazıldı…”

Nə yazdığı aydındır, necə yazdığısa Xalq şairi Zəlimxan Yaqub demiş, “zərif döndərmələr, incə xallar”ından bəlli!

Valeh nədən yazsa da, mən qeyri-ixtiyari Kəlbəcər həsrətini, Kəlbəcər qoxusunu, Kəlbəcərə dönüş inamını… – bəlkə qarmaşıq şəkildə olsa belə, görmək istəyirəm.

Budur, şair bizi intizarda qoymur və bu duyğuları, düşüncələri sözə (fikrə) çevirir:

“Köçkünlük vədəsiz gəldi ömrümə,
O köç maşınları beşiyim oldu.
Qışı– buz, istisi– ocaq vaqonlar,
Mənim evim oldu, eşiyim oldu.

Ehtiyac içində keçdi hər anım,
Bunu nə gizlədim, bunu nə danım…
Anamın örpəyi isti yorğanım,
Atamın pencəyi döşəyim oldu.

Valehəm, sıxıldım, bezdim, dayandım,
Qayğılar içində üzdüm, dayandım;
Beləcə, hər şeyə dözdüm, dayandım,
Dözümüm, iradəm keşiyim oldu.”

(“Oldu”)

Belə şeirlərə “şərhi özündə olan” – necə deyərlər, “açıq şeir” desək, yanlış olmaz yəqin. Bu, bir gerçəkçi (düzxətli) şeirdi, əlbəttə; bununla belə, duyğusallığı önplana çıxmış şeirdi… Duyğusallıq şair üçün nə dərəcədə əlçəkilməz, yankeçilməzdir? – bu da, mübahisə mövzusu deyil hər halda…

Və mən Valehin şeirlərini oxuyarkən şəklini gözüm önündə canlandıraraq, oxuyuram sanki… Valehin baxışı, duruşu əzmlidir, “biz qalib gələcəyik” deyir… – Sanki onun şeirləri interaktivdir; sanki o şeirlər canlı fikir alış-verişinə çağırır oxucunu…

Və nəhayət gənc şairin ilk kitabının son şeirinin son bəndi… – Vətən haqqında çox yazılıb, yazılacaq da; bəs, görək Valeh öz Vətəninə necə valehdir? –

“Mənim səndən uzaqlarda odum da köz tutmaz heç,
İzim düşməz bu dünyaya, balam da iz tutmaz heç;
İlham gəlməz ürəyimə, dilim də söz tutmaz heç,
Mənim bu şair könlümə sən qidasan, ey Vətən..!”

Valehin ikinci kitabını Kəlbəcərdə təqdim etmək arzusu və inamı ilə…

Əkbər QOŞALI
şair-publisist

Oxunma sayı: 299

Mən özüm-özümdən yıxıldım, Ana – Fərqanə Mehdiyeva

TƏNDİR

Keçib boğazımız gəlib kəndirə,
Dərdimiz bəllidir, dərman tapılmır.
Evin dalındakı qərib təndirə,
Gör neçə zamandır çörək yapılmır

Bu uzun-uzadı ömür yolunda,
Anamla qoşaca çalışıb təndir.
Ələ düşməyəndə kibrit əvəzi
Anamın içindən alışıb təndir.

Qaçanda ağlayan uşaq səsinə,
Əlindən birbəbir düşüb kündələr.
Beləcə böyüdüb anam bizləri,
Qəlbinin odunda bişib kündələr

Təndirin tüstüsü çıxanda başdan,
Anam gözlərindən su çiləyibdi.
Küt gedən kündəni ovutmaq üçün,
Ərkyana təndiri şillələyibdi.

Əyninə özgə don geyməyən anam,
Təndir tüstüsündən yüz don geyinib.
Başını bir kəsə əyməyən anam,
Təndirə çatanda min yol əyilib.

Doğma anasıtək sevib təndiri,
Könlünə şipşirin ovqat olubdu.
Anam getməyəndə təndirə yaxın,
Təndirin sinəsi çat-çat olubdu.

Kündələr üstündə qıvrılan əllər,
Bəs bu gün görəsən nələri anır?
Bir zaman təndirdə qovrulan əllər,
İndi ehtiyacdan alışıb-yanır.

Analar neyləsin, Allahın altda
Bir az da çoxalıb um-küsüləri.
Əriyən, azalan ömürləritək,
Azalır dam altda un kisələri

Təndir anam kimi doğmadır mənə,
Mən onu müqəddəs ocaq sanacam.
Gün gəlsə olmasa anam həyatda,
Günb gəlsə olmasa anam həyətdə
Mən yanıb, közərib təndirdən betər,
Qaçıb o təndiri qucaqlayacam.

Anam bölə bilər bir tikəsini,
Anam mərd önündə dizin qatlayar.
Damdan əskiltməyin un kisəsini,
Amanın günüdü, anamdan qabaq
Həyətdə təndirin bağrı çatlayar.

SİZ MƏNİ QOYMAYIN ŞAİR OLMAĞA

Bu da xasiyyətdi, cəhətdi deyin,
Sənə söz deyənin nə həddi, deyin.
Başına bir sənət qəhətdi, deyin,
Siz məni qoymayın şair olmağa

Yandırın kağızı yanacaq edin,
Sındırın qələmi oyuncaq edin.
Üçbəndli şeirimi üçbucaq edin,
Siz məni qoymayın şair olmağa

Keçin qabağıma yolumu tutun,
Bir az ərk eləyib qolumu tutun.
Hərəniz bir yandan əlimi tutun,
Siz məni qoymayın şair olmağa

Bacarın içimdən çıxarın məni,
Bir az da incidib çıxarın məni,
Girdiyim küncümdən çıxarın məni,
Siz məni qoymayın şair olmağa

Qəbrinin qapağı açıqdı, deyin,
Qurduğun yurd-yuva uçuqdu, deyin.
Ay ANA, ATAmız yazıqdı, deyin,
Siz məni qoymayın şair olmağa

Şairlər bölünməz, bütün olurlar,
Tüstüsü çıxmayan tütün olurlar.
Şair balaları yetim olurlar,
Siz məni qoymayın şair olmağa

Taleyin köçümə köçü çatmadı,
İstədim “beş” alam, “üç”ü çatmadı.
ATAmın, ANAmın gücü çatmadı,
Siz məni qoymayın şair olmağa.

QIZLARI QOYMAYIN ŞEİR YAZMAĞA

Sevin, sevginizi kəsir qoymayın,
Ürəyi nanə tək əsir, qoymayın,
Ömrünü misradan asır qoymayın,
Qızları qoymayın şeir yazmağa.

Yazırsa..Tanrıdan söz alıb nədi,
Soyuq bir baxışdan sozalıb nədi,
Sevdi qismətləri azalıb nədi,
Qızları qoymayın şeir yazmağa.

Qoymayın yüyürsün həsrətə tərəf,
Arazdan baş alıb qarışır Kürə,
Bir misra yazırsa ölür min kərə,
Qızları qoymayın şeir yazmağa.

Qızlar bu dünyanın gülü olublar,
Qızlar bir ocağın külü olublar,
Divanə olublar,dəli olublar,
Qızları qoymayın şeir yazmağa.

Bacarın dərdini,odunu alın,
Yaralı soyunu adını alın,
Dağılmış yerini,yurdunu alın,
Qızları qoymayın şeir yazmağa.

Taleyin qışından qoyun büstünü,
Başının daşından qoyun büstünü,
Üşüsə şeirlə örtün üstünü,
Qızları qoymayın şeir yazmağa.

Xəyalı göylərdə yerini yazır,
Qovrula-qovrula sirrini yazır,
Hələ beş dərdindən birini yazır,
Qızları qoymayın şeir yazmağa.

ŞƏKİL

Hərdən yana-yana töküb baxıram
Deyirəm eh, bu da filan şəkildi
Gənclik həsrətilə yanıb qovrulan
Dənizi saralan solan şəkildi.

Ayıl xəyallardan, azca bəri düş
Hərəsi bir cürə sifəti dönmüş
Çiynində günlər var anası ölmüş
İllərdən illərə qalan şəkildi.

Bircə söz sorüşdum gör nə deyəcək
Sözə çevriləcək, şeirə dönəcək
Nə vaxtsa daş üstən gülümsəyəcək
İndidən gözləri dolan şəkildi.

“Gözündə eynək yox, əlində əsa”
Atam çəkdirmişdi bir vaxt hardasa
Anam yox qaldırıb divardan asa
Ruhu yağmalanmış talan şəkildi.

Ağzım uzun ömrə sulandı vallah,
Qarşımda ocaqtək qalandı vallah
Dünyada nə varsa yalandı vallah
Dünyada tək bircə qalan şəkildi.

MƏKTUB

Dəyişə bilmədi bu illər məni,
Elə həmənkiyəm sadəlövh fağır.
Xəbərin oldumu başına dönüm,
Bir dərdə düşmüşəm özümdən ağır.

Sən getdin dünyada nələri gördüm,
Bir qız da doğmadın deyəm bacım var.
Nə pula, nə vara, nə də şöhrətə,
Bircə can sözünə ehtiyacım var.

Kimsə yox qapımı özüm tək açan,
Sənsiz yaralarım bitişmir Ana.
Bu kasıb komamda nəyim yoxdu ki,
Başımın sığalı çatışmır Ana.

Boylandım gülümsər şəkillərimdən,
Üşüdüm, darıxdım, sıxıldım Ana.
Hər kəsin dünyada bir düşməni var,
Mən özüm-özümdən yıxıldım Ana.

Bu xəbər ox kimi bağrını dələr,
Çatlayar torpağı bürünər qəmə.
Bir dəfə ölmüşdü min dəfə ölər,
Xəstə olduğumu atama demə.

Mən də misra-misra qovrulum odda,
Həsrətdən ağaran saçını hörüm.
Ay Ana yıxılım ayağın altda,
Qoy məndə cənnəti gözümlə görüm.

Dəyişə bilmədi bu illər məni,
Elə həmənkiyəm sadəlövh fağır.
Xəbərin oldumu başına dönüm,
Bir dərdə düşmüşəm özümdən ağır.

HƏLƏ AÇAMMIRAM DOLAŞIQ ÖMRÜ…

İlahi, şamını özün vermisən,
Yandırım dam altda bu işıq ömrü.
Macalım yoxuydu salam sahmana,
Durum yığışdırım qarışıq ömrü.

Bu candı, bu da ki qurduğum yuva,
Göyərməz ümidi gözümdən suvar.
Əlimdən nə gəlir, özgə nəyim var,
Düzüm sətirlərə yaraşıq ömrü.

İllərdi… arxamca gülüşüb qalıb,
Dərdini-sərini bölüşüb qalıb.
Necə düyündüsə ilişib qalıb,
Hələ açammıram dolaşıq ömrü.

Yerisəm qurtarmaz bu yol, bu küçə,
Qoşula bilmədim baş alan köçə.
Dindirmə kiriməz qırx gün, qırx gecə,
Qoyma danışdırım bu aşıq ömrü.

DAŞ YONANLA SÖHBƏT

Usta, alverin çox olar,
Bu qara rüzgarla çağla.
İstəyirmən bir beh verim,
Yaxşısın mənə saxla.

Hardan gəlib çıxdım bura,
Bir özgə yolum olmadı?
İndidən alım, sonralar
Bəlkə heç pulum olmadı…

Bax üzümə baxır o daş,
Sındırma könlü xoş olsun.
Eləsini saxla, qardaş,
Başıma yaraşan olsun.

Bəlkə almasam da olar,
Bu ehtiyac bir həvəsdi.
Qəbrimin üstə qoymaya
Başıma düşən daş bəsdi!

Birin behlə, çıxım gedim,
Kimsəyə gərək olmasın.
Nə qəribə peşən varmış,
Görüm, mübarək olmasın!

Yonduğun məzar daşları,
Sənə dərd, azar verməsin.
A müştəri gözləyənim,
Heç Allah bazar verməsin!

HAYANA GEDİB ANAM

Gəzirəm qərib-qərib
Nə ümid var, nə inam.
Adam qalmır soruşum–
Hayana gedim anam.

Uşaqları yanında
Canını qoyub gedib;
Atam təzə aldığı
Donunu qoyub gedib.

Qaranlıqda itənim
İşığa oxşayırdı;
Elə qocalmışdı ki,
Uşağa oxşayırdı.

Yeddi uşaq yellədən
Beşiyi qalıb belə.
Kəndi-kəsəyi, evi,
Eşiyi qalıb belə.

Dindirəndə can deyən
Adımı qoyub gedib.
Möcüzəyə bax, Allah,
Dəli kimi sevdiyi
Atamı qoyub gedib.

Dözəmmir yoxluğuna,
Həyət-baca ağlayır.
Hər səhər dən səpdiyi,
Toyuq-cücə ağlayır.

İçində dolu su da,
Sənəyi küsüb, Allah.
Neçə gündür süd vermir
İnəyi küsüb, Allah.

Doyunca geymədiyi
Toyluğu qalıb orda.
Anasından yadigar
Yaylığı qalıb orda.

Bəlkə uçub göylərə,
Günəşlə, Ayla gedib?
Üz-gözündə bayatı,
Dilində layla gedib.

Gəzirəm qərib-qərib
Nə ümid var, nə inam.
Siz deyin ay adamlar,
Hayana gedib anam?..

İNDİDƏN

O nakam nə yatdı nə yuxu görə,
Bir yuxu görmüşdü yozun indidən.
Ağlağan şeirimin sətirlərindən,
Gülümsər şəklini asım indidən.

Deyin biri yoxdu biri var idi,
Yolunda boranı qarı var idi,
Deyın cərgəmizdə yeri var idi,
Tutun qəlbinizdə yasın indidən.

Bir yığım istəyi solar heç olar,
Nə boyda arzusu gedər köç olar,
Ona nə desəniz sonra gec olar,
Ona nə yazırsız yazın indidən.

DİVAR

Bu dərdi çəkməyə tərəzi yoxdu,
Çəkir ürəyimi izin divardan.
Belə darıxmağın əvəzi yoxdu,
Yazım sətirləri düzüm divardan.

Bu geniş həsrəti dar eləmədi,
Açdı gözlərimi kor eləmədi,
Şəklini asmağa yer eləmədi,
Qoy bir az inciyim küsüm divardan.

Bu qəm də yetişdi dərən tapılmır,
Uçuq evimizə girən tapılmır,
Səni məndən başqa görən tapılmır,
Niyə boylanırsan bizim divardan.

DEMƏ CANSIZ KAĞIZDI

Könlünə dağdı bəlkə,
Bu təzə dərdim sənə.
İndicə çəkdirmişəm,
Şəkil göndərdim sənə.

Vaxtsız gələn qonaqdı,
Görən nə deyir indi?
Şəklim acdı bilirəm,
Ömrünü yeyir indi.

Gözlərinə yaxşı bax,
Gör bir necə saralıb.
Bəlkə yuxusu gəlir,
Yol gəlibdi yorulub.

Demə cansız kağızdı,
Hərarəti, odu var.
O qədər həsrət çəkib,
Bənövşənin adı var.

Dönüb qayıda bilməz,
Hər yerdən yolu bağlı.
Bəlkə ona görə də,
Boynu bükülü qalıb.

Könlünə dağdı bəlkə,
Bu təzə dərdim sənə.
İndicə çəkdirmişəm,
Şəkil göndərdim sənə.

Tural Adışirinin təqdimatında

Oxunma sayı: 498

UYĞUR TARİXİ HAQQINDA MÖHTƏŞƏM ƏSƏR

“İDİKUT” dilimizə uyğunlaşdırılan  ilk uyğur romanıdır. Müəllifi Qazaxıstanda yaşayan Əhmədcan Əşiridir.

O, Qazaxıstanda uyğur ədəbiyyatını təmsil edən ən önəmli simalardandır. Bildiyimiz kimi Qazaxıstan uyğur türklərinə hər zaman dəstək olan ölkələrdəndir. Hətta Qazaxıstan Yazıçılar Birliyinin nəzdində Uyğur Ədəbiyyatı şöbəsi vardır ki, müəllif də bir müddət bu şöbənin başqanı olmuşdur. Onun bir çox əsərləri qazax, rus, özbək, ukrayna, qırğız və b. dillərə çevrilmişdir.

“İdikut”un tarixi roman sevənlərin gözdən qoymayacağı əsər olacağına inanıram.

Əsərdə uyğur dövləti olan İdikutun ayaqda qalma mübarizəsindən bəhs edilir.

İlk öncə onu qeyd edim ki, əsər hələ satışda deyildir. Belə bir əsərin ilk oxucularından olmaq möhtəşəm bir duyğudur. “İdikut” DGYTB nin (Dünya Gənc Türk Yazarlar Birliyi) nəşridir. Əsəri dilimizə uyğunlaşdıran DGTYB Yönətim Kurulu üzvü Taleh Mansur, redaktoru DGTYB-nin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, məsləhətçiləri isə Qazaxıstandan yazıçı-publisist Malik Otarbayev, Azərbaycandan isə Əli Kərim adına Poeziya Evinin direktoru İbrahim İlyaslıdır.

Əsərə keçmədən öncə uyğur tarixi haqda qısa məlumat vermək istəyirəm. 840-cı ildə Orhunda mövcud olan Uyğur dövləti həm taxt oyunları, həm də qırğızların hücumu ilə süquta uğrayır. Öge Tekin bir müddət sonra dövləti yenidən dirçəldir. Lakin bu dəfə də çinlilərin hücumuna məruz qalır. Bu zaman hakimiyyətdə olan sonuncu xan II Kasarın qardaşı oğlu Pan Təkin və baş vəzir Sarçukun rəhbərliyi ilə 15 uyğur qəbiləsi Tanrı dağının şərqinə gedirlər. Burada isə 2 yerə ayrılırlar. Bir hissə Pan Təkinin başçılığı ilə quzey-doğuya gedir və burada 5 məhəllədən ibarət şəhər – Beşbalıq şəhərini salırlar. Zaman keçdikcə şəhər böyüyür. Buranın əmirləri isə İDİKUT adlanır…

İdikut hakimi İyən Tömür, Kıtan dövlətindən asılılığı qəbul edir və bu, illərlə davam edir. Maddi, mənəvi bütün sərvətlərinin Kıtan hakimliyinə daşınması xalqı İyən Tömürə qarşı çıxmağa vadar edir. Xalq dövlətin tək çıxış yolunun İyən Tömürün vəliəhdi təyin etməsinə baxmayaraq Kıtan dövlətinə sədaqətini göstərmək üçün göndərdiyi və illərdir orada əsir olan Bavurçuk Art Təkin olduğunu anlayır. Və onu edamdan xilas edərək, öz yaxın ətrafının köməyi ilə İyən Tömürü öldürür. Beləliklə, Bavurçuk Art Təkin xalqın dəstəyi ilə hakimiyyətə gəlir. Lakin atasının etdiyi səhvləri təkrar etmək istəməyən idikut daha böyük addımlar atır və Çingiz Xanla ittifaq bağlayır… Sonra isə döyüşlər, fəkakətlər bir-birini əvəz edir.

Bavurçuk Təkin Çingiz Xanın dəhşətli döyüş taktikası qarşısında sarsılsa da özünü toplayır və əlindən gəldiyi qədər bacı-qardaşlarına, qan qardaşlarına kömək edir. Niyə qan qardaşları? Çünki Çingiz Xan ondan yalnız hərbi dəstək almır, həm də onunla birgə Orta Asiyaya hücum edir. Bu, İdikut üçün nə qədər çətin olsa da qan qardaşları üçün əlindən gələni etməyə çalışır. Əsəri oxuduqca Bavurçuk Təkinə zaman-zaman bəraət qazandıra bilmirdim. Lakin əsərin sonuna doğru fikrim dəyişdi. Spoiler vermədən yazmaq istəyirəm fikirlərimi. Amma tarixi romanda bunu etmək biraz çətin olur. Çingiz Xanın amansız işğal qaydaları insanı sarsıdır. Sona doğru bir-birini əvəz edən həzin sonluqlar, Bavurçukun qəhrəmanlığı əsəri oxunaqlı edir.

Əsəri maraqlı edən məqamlardan biri də bilgi dolu olmasıdır. Əsər boyu həm uyğurların, həm də monqolların tarixi, mədəniyyəti, geyimləri, inancları, bir sözlə, ümumi xarakteristikalarını görürük. Uyğurların zəngin tarixi və mədəniyyəti, incəsənəti haqda maraqlı məlumatlar əldə edirik. Həm də öyrənirik ki, monqollar bir çox sahələrdə uyğur türklərindən faydalanmışlar. Onların dil, əlifba, ədəbiyyat və bir çox sahələrində uyğur izləri görünür.

Bunu Çingiz Xanın Bavurçuk Art Təkinlə Orhun düzündə olan dialoqunda da oxuyuruq. Onun uyğurların əzminə, incəsənətinə olan sayğısını görürük. Bavurçuk Art Təkinin monoloqunda da bunun şahidi oluruq. İdikutlular buddizm, maniheizm dinlərinə sitayiş edirdilər. Dövlət dini isə buddizm idi. Onların zəngin mədəniyyəti bu buddist məbədlərinin tərtibatında, bəzədilməsində özünü göstərir. Bir sözlə, “İdikut” həm tarixi gerçəklikləri, həm də incəsənətin, mədəniyyətin zəngin təsviri ilə möhtəşəm bir əsərdir. “İdikut” mütləq oxunmalı əsərlər sırasındadır.

Sənubər Hacıyeva-İLYASLI,
Sənətşünas

Oxunma sayı: 292

Şeirim mənə bənzəyir – Coşqun Qarabulud

MƏNƏ BURAX

Çıxart
vəsiqəndən
ünvanını,
məkanını,
soyadın, adın nə varsa,
sənə aid olanları-
hamısını kənara qoy.
Yalnız baxışların qalsın,
bir də sən.
Gerisini mənə burax.

***
Bu yaşdan sonra
sən gəl dedin.
Mən də gəldim.
Soruşmadan,
düşünmədən
durub gəldim.
Oturmağa yerin yoxmuş,
gəldim ayaqüstə qaldım.
Vaxt çox gecdi,
həm də yorğundum.
Geriyə də dönə bilmədim.
Beləcə donub qaldım.

***
Gəlirlər, gedirik.
İçimiz bir doğum evi.
Çölümüz müsəllah daşı.
Ölülər doğururuq.
Özümüz içimizdə ölürük
anbaan.
Gəlirlər.
Gedənlər bir- bir
çörək olurlar,
xiyar, pomidor,
qovun, qarpız olurlar.
Hüceyrələrimizə yerləşib
dolaşırlar damarlarımızda.
Ölülər yaşayır içərimizdə.
Biz hər an ölməkdəyik.
Minlərcə ölülər tökürük
hamam taslarına.
Ölülər yaşayırsa içimizdə,
biz yaşarkən ölüyüksə,
Ölən kim, yaşayan kim.
Ölüm bir az yaşamaq,
yaşamaq ölməksə tədricən.
Və yaşayarkən ölürük,
Ölərkən yaşayırıqsa durmadan,
Həm ölüb həm yaşayırıqsa,
nədən bu qədər qoxuruq ölümdən
Və yaşadığımıza sevinmək nədən.

NİYYƏT

Qırx hüri verilirmiş,
yolu cənnətə düşənə.
Qismət olsa,
getsəm əgər
təkcə səni istərəm,
bir dənəm.
təkcə səni.
Qırx – dəyişik biçimdə reklammı?
Torpaqdan gəlmişik,
Torpağa dönəcəyik.
Bu hökmdür!
Gəlişimiz, dolanbaclı,
gizli,
Gedişimiz açıq- aşkar, mərdanə.

QAZINTI

Tarixə qarışdıqca
Ar – namus.
Ən yaxşı peşə olacaq,
Ar/xeologiya.

***
Şeirim mənə bənzəyir.
Deyirlər ki, şeir qısa,
yığcam,
təsiredici olmalı.
Təmizlənməli
gərəksiz olanlardan.
Misralar işarələrə hörülməli,
hər oxunuşunda
duyğular oyandıran.
Nə yaxşi, qısayam.
Həm də özəl və cazibəli.
Hər sabah oyanışımda
başqa bir mən tapıram
yeni dadlara qarışımış.
Yoxsa ,
Yoxsa mən bir şeirəmmi..

QİSMƏT

Buludların toqquşması,
ölümüdür.
Yerə düşən hər damlada
canından can var buludun.
Torpaq yaşıllaşırsa,
çiçəklər açılırsa,
həna yaxsın oynasın,
bayramıdır torpağın.
Türkülər çiçəklərə söylənir,
öyünən torpaqdır nədənsə.
Sevgiylə bəslənən hər çiçəkdə
bir buludun gizli gözyaşları var.
Yəqin ona görədir ,
Hər çiçək görəndə
gözümüzün dolması.

UYĞUN CÜTLÜK

Biri arvad ,
biri ərdi..
Çalışırdı ikisi də.
Biri doğuzduran,
biri mollaydı.
Uyğun cütlüklərin
heç yarımçıq qalmazdı işləri.
Birinin başladığını,
bitirirdi o biri.

***
Bəzən içimdən siyrılıb bayıra çıxıram.
Zamana baxıram.
Mən dururam,
keçir gözümün önündən zaman.
Sonra gəlib çatır o an.
Zaman durur ,
mən keçirəm.
Bir kəpənəyin qanadıyla
yarıram zamanı.
Bir quşun gözlərində
Göy üzünü gəzirəm.
Arxama baxıram ki,
nə duran var,
nə keçən.
Duran da mənəm,
keçən də.
Zaman deyə gördüyüm
bir az torpaq,
biz az mən.
Bəzən torpaq, bəzən mən.

Çevirən: Nazilə Gültac

Oxunma sayı: 500