Author Archives: yönətici

Məzar pıçıltısı — Aygün YAŞAR

Sənsiz necə halda olduğumu sözə də çevirmək olmur. Boğazımda qəhər kimisən. Ürəyimdən asılmış daş kimisən.

Gözümdən süzülə bilməyib donub qalan sonuncu yaş damlası kimi… Yalnız ağ-qara rənglər var artıq. İçimdəki sükutumu kimsənin eşitmədiyini istəmədiyim haldayam sənsiz. Göz yaşlarımın istisi ürəyimin yeganə istiliyidir…

Hamını əvəz edirdin mənə bir zamanlar. Həyatımdakı adamlar iki yerə ayrılmışdı: SƏN və başqaları. İndi yalnız başqaları var. Sən yoxsan… Niyə? Axı mən sağ ikən niyə ölü kimi yaşamağa məhkum olundum. Həyatımı məhkumluqlar içində qoyub getdin… Yaşamağa məhkumluq, danışmağa məhkumluq, hər səhər oyanmağa məhkumluq, gülməyə, ağlamağa məhkumluq, başqalarının yanında qalmağa məhkumluq, dünyada ömür sürməyə məhkumluq…

Mən də sənin kimi itkin oldum… İtdim, yox oldum, öz həyatımda. Dünyada ən ağır itki özünü itirmək deyilmi?! Hanı özüm?! Sən mənim özüm idin. Özüm sən idi. İstəmirəm xəyallarınla, qəmli mahnılarla, qəmli şeirlərlə ovunmağa çalışmaqla keçirəm ömrümü. Sadəcə başımı çiyninə qoyub gözlərimi bu dünyaya yummaq istərdim həmişəlik. Axı yalnız bu məni xoşbəxt edərdi. Hər şeyi unudan yaddaşım təkcə səni unutmur, üzünün, əllərinin, gözlərinin ən kiçik cizgilərini, ətrini, səsinin ahəngini, hər telinin şəklini çəkib göz yaddaşım elə bil. Havam, suyum, hər şeyim idin.

Hər kəsim idin, hər kəsim. İndi necə barışım yoxluğunla?! Sözsüz duyardın məni, sükutumla söhbət edərdin. Məni məndən daha aydın duyardın. Bircə baxışımdan oxuduğun ən mübhəm fikirlərimi sözbəsöz dilindən eşitmək möcüzə idi. Sən mənə özümü dünyanın ən bəxtəvər İNSANı, DOSTu, QADINı…hiss etdirirdin. Dünyanın ən ağıllı, həmişə hər şeydə haqlı, ideal insanı idim sənin gözündə. Özümü MƏLƏK KİMİ MƏSUM hiss edirdim səninlə. Məni hər kəsdən çox sevərdin. Sevmək nə ki?! Bircə kərə də olsa «Sevirəm» demədin… Bu sözü deyərkən belə münasibətimizə kölgə düşəcəyindən qorxduğun MÖHTƏŞƏMLİKLƏ, hər kəsdən, hətta məndən də gizlətməyə çalışdığın ACİZLİKLƏ sevirdin məni. «Sevirəm»ini hər dəfə adımı çağıranda eşidərdim. «Sevirəm»ini saçlarımdakı sığalından, nəvazişlə toxunuşundan eşidərdim. «Sevirəm»ini hər dəfə qucaqlaşanda ətrimi içinə çəkdiyindən duyardım. O anlarda cismimlə ruhumun sənlə necə tamamlandığını açıq-aydın hiss edərdim, YARIm mənim. Yarım qaldım sənsiz.

Yarımçıq bədənlə, şikəst qollarla, qanayan barmaqlarla, kor olmuş gözlərlə yaşamaqdır sənsizlik. Paramparçayam — yanaqlarımdakı, dodaqlarımdakı barmaq izlərin yara kimi göynəyir… Ruhum cismimə sığmır sənsiz. Birgə keçdiyimiz küçələr , birgə əyləşdiyimiz skamyalar, birgə yaşadığımız şəhər boyda göz dağı qoyub getdin. Birgə yaşadığımız EV — bu dünyadakı məzarımdır səndən sonra; Evimizin divarlarındakı, əşyalarındakı izlərində həsrətlə səni aramaq ən mənalı işim olub səndən sonra. Vidalaşdığımız gün məni qolumdan tutub güzgümüzün önünə çəkməyin də, ikimizin yanaşı görüntümüzü göz yaddaşıma həkk etdirmək istəyin idi yəqin ki…

O anda Güzgüdən baxan iki cüt bəxtəvər, gülən gözləri, boyumuzu bərabərləşdirmək üçün dabanlarımı qaldırıb barmaqlarımın ucunda durmaq cəhdimə gülən Səni…o gülüşünü necə unutmaq olar ki?!

Köynəyini bəzən geyinirəm, içində itdiyim kimi səndə gizlənmək , səndə yox olmaq istəyirəm. Qoxun itməsin deyə son dəfə soyunub qoyduğun köynəyini də yumadım, cənnət ətirlim. Amma heç nə sənsizliyin acısını azaltmır. Heç nə, heç kim ovutmur məni. Təsəlli verməyə çalışanlar, haqqında xoş sözlər deyənlər, igidliyindən, cəsurluğundan danışanlar, qürur yaşatdıqların çoxdur. Amma mən ovunmaq istəmirəm, səninlə qürur duymaq da istəmirəm, səninlə fəxr etmək də istəmirəm.

Sadəcə Səni istəyirəm… Səni…İTKİN ƏSGƏRim… Hər naməlum əsgər məzarı başında olanda «bəlkə də, orada uyuyan elə sənsən» düşünürəm…Əsgərim…Səndən nə fərqim var ki, elə mən də kimsəsiz, səndən başqa heç kimin bələd olmadığı bir tənha məzaram. Sənin kimi mən də ilim-ilim itmişəm buralarda — sənin məndən də çox sevdiyin VƏTƏNDƏ…

Aygün YAŞAR

Oxunma sayı: 62

Özbəkistan duyğuları — İbrahim İlyaslının yeni şeiri

ÖZBƏKİSTAN DUYĞULARI

Hələ olmamışam Özbəkistanda,
Görməmişəm ulu Səmərqəndi.
Məni Buxaraya dartır ürəyim,-
Bağrımın başına çəkir Daşkəndi.

Bir səs; “Harda qaldın, durma, gəl” deyir,
Bilmirəm kimim var mənim o yerdə.
Hər dəfə önümdə açılan kimi,
Xarəzmi gəzirəm xəritələrdə.

Alpamış dastanı dinir köksümdə,
Yenə qan yaddaşım yetir dadıma.
Bilgə Kaganımı xatırlayarkən,
Xivə də, Xaqan da düşür yadıma.

Gah sirli Sırdərya hopur ruhuma,
Gah da Amudərya axır içimdən.
Qızılqum səhrası Uçquduquyla
Uzaq keçmişlərə baxır içimdən.

Bəzən Surxandərya deyib dururam,
Bəzən Kaşqadərya durur önümdə.
Bir də görürsən ki, yal-yamacıyla
Fərqanə vadisi keçir könlümdən.

Torpağında nə sir, nə sehir varsa,
Məni ovsunlayır sanki Əndican.
Gözümün önünə gülüstanıyla,
Hərdən Kokand gəlir, hərdən Namanqan.

Xəyalın sərhədi olmaz,- deyirlər,
Dünya bir yanadı, Turan bir yana!
Bir də görürsən ki, Aral gölündən
Ruhum pərvazlandı Həzrət Sultana.

Qədim Türk tayfası, ağır eldilər,
Bizim Borçalıda Qarapapaqlar.
Adı tutulunca anıram həmən,-
Bizə də doğmadı Qaraqalpaqlar.

Özüm də bilmirəm heç necə oldu,
Başlayıb bitirdim bu səyahəti…
Bir onu duydum ki, hər addım başı,
NƏVAİ ruhudur yol göstərənim.

27 May 2020.

 

***
Ҳали бўлмаганман Ўзбекистонда,
Кўрмаганман улуғ Самарқандни ҳам.
Юрагим тортади Бухоро сари,
Бир чорлов келади Тошкент томондан.

Бир овоз: «Қайдасан, тезроқ кел!» дейди,
Билмайман, кимим бор ахир у ерда.
Ўнгимда жонланиб минор, қалъалар,
Хоразмни кездим хариталарда.

Тилимда Гўрўғли, Алпомиш номи,
Яна хотиралар кўнмас додимга.
Билга Хоқонимни эслаганим он,
Хива ҳам, хоқон ҳам тушар ёдимга.

Гоҳ жўшқин Сирдарё руҳим ичрадир,
Гоҳо Амударё оқар ичимдан.
Қизилқум саҳроси, Учқудуғи-ла,
Олис ўтмишларга боқар ичимдан.

Баъзан Сурхондарё кўринар, баъзан
Қашқадарё турар кўзим ўнгида.
Бир қарасам гулгун боғлари билан,
Фарғона тарафлар гуллар кўнглимда.

Тупроғингда не сир, не сеҳр бордир,
Мени чорлаяпсан мудом, Андижон.
Истагини ёриб қувончларимнинг,
Нигоҳимда унар Наманган, Қўқон.

Хаёлнинг сарҳади йўқ дерлар, биз-чун
Дунё бир тарафдир, Турон бир тараф.
Бир қарасам ахир Орол кўлидан
Руҳим учар Ҳазрат Султонга қараб.

Қадим Туркийлардир – жони, қони бир,
Бизда ҳам бор билинг, қора қалпоқлар.
Исми айтилмасдан сезаман доим –
Туғишган оғамиз Қорақалпоқлар…

Ўзим ҳам билмайман қанча бўлганин,
Саёҳат… эсласам айланар бошим.
Ватанни кезаман, шеър айтиб масрур,
Навоий руҳидир мангу йўлбошчим…

Özbəkcəyə uyğunlaşdırdı: Rəhmət Babacan

Oxunma sayı: 209

Gənc şairin yeni kitabı gün üzü gördü

Gənc şair Aysel Xanlarqızı Səfərlinin «Qanun” nəşriyyatında «Karantin boşluğu” adlı yeni şeirlər kitabı gün üzü görüb.

Bizim Yazı xəbər verir ki, kitabın ön söz müəllifi xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, redaktoru AYB-nin üzvü, şair Süleyman Abdulla, korrektoru isə Əyyar Tahirovdır.

Kitabda müəllifin son dövrlərdə yazdığı şeirlər yer alıb.

«Karantin boşluğu” kitabı Aysel Səfərlinin oxucularla 3-cü görüşüdür.

Oxunma sayı: 112

Adı kimi: FƏRQANƏ…

Əkbər QOŞALI
Beynəlxalq ALAŞ Ədəbi Mükafatı laureatı

FƏRQANƏ adı kimiydi: Şair olaraq da, insan olaraq da. – O, bütün çətinliklərə baxma-yaraq, ikiləşməmişdi zatən – həmişə, hər yerdə fərqanəydi, Fərqanə…
Sözü özü olmayan, özü sözündən çox fərqlənənlərdən fərqli olaraq, FƏRQANƏ özü kimiydi, sözü kimiydi: içi də, dışı da birdi, gözəldi. – Əslində, elə belə də olmalıdı; ancaq dörd tərəfimizə azacıq göz gəzdirincə, necə bir uyğunsuz mühit (mühitsizlik) içində oldu¬ğumuzu gör-mürükmü, bəyəm? Bilmirikmi, kim kimdir, nə nədir? Ədəbiyyat təsərrüfatımızın iştirakçıları arasında ədəbiyyatın və ədəbin “ə”-sinə, şəxsiyyətin və şeirin “ş”-sına dəxli olmayan… ən ağırı – səmimiyyət və sevginin “s”-sına yaxından-uzaqdan bağlılığı görünməyənlər bir deyil, beş deyil…
Elə ona görə də, FƏRQANƏnin qeyri-adi kimi görünən sabitqədəmliyi, səmimiliyi, sözündə də özü olması bizlərə qəribə, fərqanə görünürdü…

“Mən bir söz bilirəm – dilimə alsam,
Alimlər dilimi kəsərlər mənim.
Sözümü asallar dar ağacından,
Özümün üstümdə əsərlər mənim.” deyən şair İbrahim İlyaslıya

“Ərk elə yavaş-yavaş,
O sözü mənə denən.
«Bacın ölsün, ay qardaş!»
O sözü mənə denən.

…Sirr açmağa naşı bil,
Bir igidin yaşı bil.
Qadınamsa kişi bil –
O sözü mənə denən.” deyəndə də özü idi FƏRQANƏ – səmimi, yanarürəkli…
Və mənə “Məni Fərqanəyə apar, Fərqanəyə apar məni” xoşməramlı ərkində bulunanda da özü idi, özü idi. Heyif, çox heyif, FƏRQANƏ qardaş Özbəkistanda, adaşı vilayətdə ola bilmədi, alındıra bilmədik bir türlü, gah belə oldu, gah elə… Ümid edirdim, o səfər baş tutacaq və şair şəhər adaşı ilə görüşəcək… biz də bu adaş görüşündən doğulan yeni şeirlərin zövqü-səfasını, savabanı bö¬lü-şəcəyik… Bir də, axı biz ona ölümmü yaraşdırırdıq? Yaraşdırmadığımız üçün də, tələsmirdik… Keşkə də, rəhmətlik Cabir Novruzun “Tələsin, insanlar!” nidalı çağırışına cavab versəydik, keşkə…– Ancaq o, özü özündəkini bilirdi – necəki sözündəkini bilirdi… o üzdən bir an öncə, bir an öncə xəyallarına, diləklərinə, planlarına, sabahlara can atırdı, can atırdı…

Oğlunun adını ÜLFƏT qoyan FƏRQANƏ…
Nəvəsinin adını SEVGİ qoyan FƏRQANƏ…

“Şairlər bölünməz, bütün olurlar,
Tüstüsü çıxmayan tütün olurlar;
Şair balaları yetim olurlar,
Siz məni qoymayın şair olmağa…” yazan FƏRQANƏ…

Başdaşı yonana deyən FƏRQANƏ ki:
“Yonduğun məzar daşları
Sənə dərd, azar verməsin.
Ay müştəri gözləyənim,
Heç Allah bazar verməsin”…

Həqiqətləri zalımca yazan, deyən FƏRQANƏ…
Bizim FƏRQANƏ, adı kimi fərqanə FƏRQANƏ…

Vəfatı da fərqanə oldu – bir rəsmi titulu, aşan-kaşan var-dövləti və arxada qoy¬duğu övladlarının, ailə mənsublarının alababat vəzifəsi olmayan bir xanım yazarın vəfatı sosial şəbəkənin Azərbaycan seqmentini tutmuşdu və bu tutqu hələ də davam edir, ortaq dostlarımızla yazışmamısz, danışmamız onun adını yad etmədən keçmir… O bu sayğını bilirdi hər halda, o bu sayğını görürdü – amma nə sağlığında, nə gözlərini işıqlı dünyaya əbədi yumduqdan sonra büruzə vermirdi… Bu sevgilər səmimiydi, onun oxucularının, həmkarlarının, dostlarının, hamının, ha¬mının göynərtisi, göz yaşları içdəndi, ürəkdəndi…
Özü də, karantin günlərində,
özü də Ramazan ayında,
özü də havanın çox isti vaxtında… o qədər insanın FƏRQANƏgilin həyətinə yığışdığını ki mən gördüm… ruhunun şad olduğuna dəli bir inamım var!
Tanrı o dünyanı versin, şair!
Şairə nə lazımdır? – istedad – varınıydı;
oxucu – varındı;
sevgi seli – bir daha, bir daha şahid olduq…
Daha bunlardan sonra yerinin Cənnət olmağına şübhəmi edəcəyik..?

25.05.2020

Oxunma sayı: 92