Author Archives: yönətici

DGTYB “Evdə qal, cəmiyyəti qoru” məlumatlandırma kampaniyasına qoşuldu

Dünya Gənc Türk Yazarlar Birliyi olaraq 

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və REAL TV-nin ölkəmizdə məlum koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin edilməsi məqsədilə başlatdığı “Evdə qal, cəmiyyəti qoru” adlı monitorinq və məlumatlandırma kampaniyasına qoşuluruq.

Ümidvarıq ki, ölkəmizin həyatında önəmli yerə sahib olan ictimai qurumlar və digər təşkilatlar birlikdə hərəkət edərək, dünyada böyük bir kabusa çevrilmiş Koronavirusla mübarizədə bütün imkanlarından istifadə etməklə Şuranın başlatdığı layihəni dəstəkləyərək, xalqımızın bu problemdən tezliklə qurtulması, insanlarımızın sağlamlığının qorunması istiqamətində üzərimizə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirəcəyik.

Bayrağımız uca olsun, Millətimiz var olsun!

Oxunma sayı: 31

Xasiyyət Rüstəmin şeirləri

Bizim Yazı Özbəkistanın nüfuzlu “Kitab Dünyası” qəzetinin baş redaktoru, şair-tərcüməçi Xasiyyət Rüstəmin şeirlərini təqdim edir:

***
Ay zəmiyçün darıxan gecə
Yer üzünə sığmadı qadın.
Bir az qorxar günahdan gecə —
Qorxar, bəlkə, qadın gecədən.
Məhəbbət ya xəyanət, qorxu,
Saat bir ya iki, ya üçdə
Qapadı pəncərəsini –
Qismətinə nöqtə qoymaqçün.

Həyat

Başım üstü dərdli küləklər,
Yağmurlarla rəqs edər.
Sual verər qıvrılıb –
Yağmur ona dərs verər.
Başım ağlar çətirsiz,
Yenə külək təhdidi.
Sanki yağıştək cansız,
Qala bilmərəm belə!
Yaşamaqmı bu, əslində?
Biabıram gecələrə.
Həyat məni apardı –
İşıqsız gündüzlərə.

***
Yavaş-yavaş gün doğmaqda,
Yavaş-yavaş qurumaqda qan.
Ağlayır bir ağac həbsdə.
İndiyədək sökülmədi dan.
Daş divarlarda dayanmış vaxt,
Bir çeşiddir dərdin acısı.
Hey nələrsə köhnədir.
Ancaq –
yenilənir qan qoxusu.

Nodar Dumbadze

Nə lampa var, nə ulduz,
Nə açılar qapılar.
Rüzgar, yağmur, ay sözsüz –
Başqa bir göy tapdılar.
Hər günüm gecə,
Qurdlar
tamam basıb hər yanı.
Öldüm, desəm görünər
Geniş göyün bir parçası.

***
Bu günlər də keçər bir gün,
Keçər bir gün bu günlər də.
Gözlərimdə ağarmaz gecə,
Donub qalar cansız tənim.
Masamda da qalar dəftər,
Şeirlər ağlar – çox dərdlidir.
Yalnız tənim cansız dönər,
Utancaqdır, utancaqdır.
Üzüklərim kimə qalar,
Hənir alar əlim nurdan.
Ancaq onun gözlərinə
Daha gözəl görün, cismim.

İstanbul

Hündür binalar
Yollar dolu adam…
Şərq harda, qiblə hara?
(Üstümə gəlir axşam)
Köhnə İstanbulun pəncərəsində
Səni gözlərkən…

Divarda afişa –
Bir qız köksü qan…
Diz üstə oturmuş
Sənət qarşısında…
Köhnə Türkiyəni satmaqla məşğul
Sultan Əhməddəki hər dükan…

Yağmur sonrası bir hava
İbrahim Tatlısəs mahnı oxuyur.
Hər kəs bir-birinə bənzəyir, amma.
Tanışlar hamısı yox olmuş, sanki.
Qarşına düşmənin çıxa lap belə
Sənin öz dilində bir söz söyləyə.
Öncə bəyənmişdim əcnəbi dili
İndi çox qorxuram yalqız qalınca.
Sən də gəlməyirsən
Bu nə intiqam?
İstanbula çökməkdə axşam.

***
Günəş doğmadan da düşər axşam
Bağçalar da havalanmaqdadır.
Hardansa çıxar bir quzğun.
Qanadını havada yayar.
Qorxunc hakim
Əsmir rüzgar.
Səma, səma.
Sormaz bu nə əhval
Ağaclar da susmuş.
Zəifdirlər,
Kömək umarlar dilsiz halda.
Hava canını götürüb qaçar.
Yeriməyə izin verməyir
Bu gözlərim yer altındadır
Yer üstündə bir şey görməyir.

Svetayevayla baş-başa…

Marina!
Mən gecimişəm.
Səninlə vidalaşıb dünya –
Soyuq qucağına alınca torpaq
Mənim ürəyimi yaratmış Allah.
Masamın üstünə baxarsan dərdli.
Titrəyən əllərin əlim üstündə.
Nədəndir üzündə bunca yorğunluq?
Şeir yazırsanmı o dünyanda da?
Necə olacaqmış o biri dünya?
Mənə bir yolunu anlat bu sirrin.
Varmı, de, ayrılıq, ya da riyası
Heç orda hörməti varmı şairin?
(Göy üzü ahəngdən oyanırmı?)
Marina!
Həsrətdən titrəyirmi yer?
Canım,
Söylə mənə biz burada yazırıq,
Orada gerçəkdən dəyərlidirmi şeir?
Hardansa…
Enməkdə işıq.
Hardansa vahiməli bir səs.
Mənə bu dünyaya öyrəşmək çətin.
Edəkmi səmada pərvaz
Marina
Marina
Marina canım!
Başım hərlənir bu başım.
Nədənsə…
Göz yaşım, sadəcə, axar göz yaşım.

Son gün

Yox, bambaşqa olacaq o gün,
Günəş göydə parlasa belə.
Payız bağlara hücum etsə də,
Bu günlərdən fərqli olacaq.
Ölüm vardır — kəsib dilimi.
Qulaq tutacağım səsinə.
Öldüyüm gün gördüyüm günlərin
Bənzəməsin heç birisinə.

***

Nə fərqi var bu gün harda olmağın.
Ürəyimdə son ümidlər öldü.
Kaş ki, sən dilsiz olsan,
kaş ki mən də kor olsam –
Çırpınmaqda keçdi ömrüm.
Allahdan nələri soruşum yenə,
Nələri bağışlar o mənə artıq.
Dantes həyatını yaşamaqdansa,
Puşkinin ölümü rahatdır mənə.

Məhbus

Məhbəs də, qandal da geridə qaldı.
Dərindən nəfəs aldı.
Məhbusluq həyatı – zillət.
Göl kimi qanlara bələndi…
Yaşamağa tapıldı çarə
İndi yer, göy, su var.
Əyni nazik.
Qarnı ac.
Amma azadlığa çıxdı o.
Azad oldu…
Xoşbəxt olmadı…

Tərcümə edən: İntiqam Yaşar

Oxunma sayı: 143

Nə vərdişim ol, nə də məcburiyyətim…

Yanımda əyləşmişdin. Ürəyim necə döyünürdüsə, eşidəcəksən deyə qorxuya düşmüşdüm.

Tələbəlik qədər gözəl status yoxdur, tələbələrin fikrincə. Tələbə olmaq insanın azadlığı və sevgini dərindən yaşaması üçün Allahın ona gənc yaşda verdiyi imkandır. Deyirlər ki, insan dörd yaşına kimi almalı olduğu məlumatın 90%-ni öyrənir. Tələbə ikən nələr öyrənir onu bircə tələbələr bilər. Hekayəm gəncliyi tələbəliklə qovuşan bir nəfər haqqındadır.

Sevda yenə günə qarışıq fikirlərlə başlamışdı. “Maraqlıdır, beyinin qəbul etmədiyi bir şeyi ürək necə daşıyır, görəsən? Necə ki  ağır yükü daşıya bilirsən, amma daşısan yorulacaqsan fikirləşirsən. Bəlkə də həyat bu deməkdir. Nə bilim”. Sonra gecikəcəyini nəzərə alıb hazırlığını sürətləndirdi. Saç ütüsünü soyuması üçün yerə qoyub mətbəxə tələsdi. Səhərlər acmazdı, lakin bir yumurta ilə şirin çay içməyi məktəb vaxtından vərdiş etmişdi. İnsan böyüdükcə vərdişləri də çoxalır, məcburiyyətləri də.

Dərsə hamıdan əvvəl Sevda gəlirdi. Boş otaqda əyləşib ya dərsini təkrarlayar, ya da qrup yoldaşlarının gəlməsini gözləyərdi. Təklikdə həmişə fikirləşdiyi düşüncələri yenə ona rahatlıq vermirdi. Bir dərs daha öz axarında davam edirdi. Dərslər həmişə axarında gedir:

  • Qələmin var?
  • Artıq bir dənə var. Gözlə verirəm.
  • Dünənki məsələ nə yerdə qaldı?
  • Maraqlanmadım. Sən də boş ver getsin.

Beləcə, tələbələrin az qala hər günündə yer alan dərslər kimisi üçün uzun, kimisi üçün də qısa idi. Müəllimlər bizimlə biliklərini, bildiklərini, ömürlərini, zamanlarını paylaşırlar. Bəzən zehnimizin dincəlməsi üçün həyatlarının ən təsirli hissələrindən nümunələr gətirmələri çox səmimi idi. Sevda bir müəlliminin tələbə ikən, anasının avtobusu saxlatdırıb cib dəsmalını ona çatdırmasını, digərinin isə evə gec gəldiyi zaman yenə də anasını qapıda yatan görüb təsirləndiyi anları unutmayacaqdı. Belə anlarda düşünməyə bilmirdi: “Sevgi nə idi? Bir filmdə deyildiyi kimi sevgi yaxşılıqdır, dostluqdur, əməkdir. Bizi valideynlərimiz qədər heç kim sevə bilməz. Bu qətidir”. Vicdanından asılı olaraq bu peşədə də məcburiyyət, vərdiş və məsuliyyət var. Təhsil isə uğur istəyir, irəliləməyini tələb edir. Təhsil insanı yarı yolda qoymur, qoya da bilməz. Bizim insanımız belə düşünür. Təhsil hər şeydir. Onu narahat edən məsələ ilə bağlı heç kim ona kömək edə bilmirdi, təhsil belə. Sevda bu fikirdə idi ki, düşüncələr genetikdir. Ali təhsilli özünü idarəni bacarmayan o qədər adam var ki. Bəs xoşbəxtlik? Çox qəliz məsələdir. O da genetik ola bilərmi? Buna cavab vermək çətindir.

“Əgər uğur xoşbəxtlikdən ayrı nəfəs alırsa, mən yenə də xoşbəxt olmaq istəyərdim. Çünki ürəyim gülsə, üzüm gülər, üzüm gülsə, mən uğuru oksigensiz də yaşadaram”.

Onu koridorda gördükdə beyni ilə ürəyi həmişə olduğu kimi mübarizə aparmağa başladı. Üz-üzə gəldilər və yanından ötüb keçdi. Əgər seçmək şansı olsaydı onu seçməzdi. Sevda bunu Allah vergisi də adlandırırdı. Necə ki ürəyin səndən xəbərsiz döyünür, onun sürətlənməsinə də səbəbkar yalnız yaradandır.  Arada anası ilə danışması  onu rahatladardı:

  • Ana, dünyada hər şeyin sonu var. Fikirləşirəm sonu olmayan nədir? Tapa bilmirəm.
  • Sonu olmayan sonsuzluqdur, yəni kainat.
  • O da dünyadan kənarda oldu. Eh, dünyada hər şey fanidir.

Bu danışıqlar onu təsəlli edə bilmirdi. Mümkünsüz olan hər şeyin təsəlliyə ehtiyacı varmı? Yəqin ki, həyatda olmadığımız vaxt buna ehtiyacımız olmayacaq.        Qarşısındakını əslində bir uşaq saflığı ilə çox istəyirdi. Başqa cür adlandırmağa onun cəsarəti də çatmazdı. Əgər qorumağa çalışdığın saflıqdırsa, ehtiyatlı olmalısan. Saf olan hər şey gözəldir…

Bir gün necə oldusa bir partada əyləşməli olmuşdular. Təsadüfün beləsi. Elə insanlar var təsadüfə inanmırlar. Zərurət var deməklərinə görə təsadüf yox. Hər şeyin bir səbəbi var və o səbəbdən də ehtiyac yaranır və s. Onları birləşdirən nə idisə — səbəb, təsadüf, zərurət fərqi yoxdur, Sevda onlara təşəkkür edirdi. Qruplar birləşmişdi və o, onun yanında əyləşmək üçün icazə istəmişdi:

  • Olar?

Sevdanın gəldiyi dünyaya üç-dörd il gecikməyinin səbəbi nə idi? Yaxşı ki, hər şeyin səbəbi var. Yoxsa, bizim üçün xeyirlisi olmazdı. Xeyirlisi deyilsə, biz niyə qarşılaşırıq? Yenə də səbəblər, səbəblər. O anda hər ikisinin daxili nitqini eşitmək olsaydı, yəqin ki, maneə hesab etdikləri nə idisə, o da aradan çəkilərdi. Bircə, bir-birlərini eşidəydilər. Sevda sağ tərəfində əyləşənin həyəcanını hiss edirdi: “Əllərini ovuşdururdu tez-tez. Bu, hərəkətlərində səmimi və uşaqlıq edən kəs necə də sevgiyə layiq idi. Arada başını çarpazlaşdırdığı qollarının üstünə qoyub üzünü gizlətməyini demirəm hələ. Kobud əllər və sərt saç bir insana bu qədərmi yaraşar. Səni həyəcanlandırdığım üçün üzr istəyirəm”.

Sevdanın tələbəlikdə son günündə, qarşı-qarşıya gəldikdə nə qədər dayandıqlarını demək çətin olar. Sanki zaman da onlara kömək edib dayanmışdı. Sevda sonradan xatırladıqda da dəqiq deyə bilmirdi nə qədər vaxt keçmişdi.

Tələbə: “Bəlkə ümid var. Mən əmin idim axı, o məni bəyənmişdi”…

Sevda: “Bu xaoslu, vacib problemlər olan dünyada kaş biləydin mənim üçün nə qədər qiymətlisən. Kaş ki  başqa yerdə rastlaşaydıq və səndən daha gec dünyaya gəlmiş olaydım. Mən nakam sevgilərin çoxundan eşitmişəm bu sözləri – başqa yerdə, tez və gec. Lakin bunlar sənin məndə olan dəyərinə xələl gətirmir”.

Tələbə: “O  məni sevmirmiş, imkanım olmadı ki, sözümü deyim”.

Sevda: “Ürəyimdəkini eşitmirsən deyə sənə, dilimə gətirməyə cəsarətim olmadığı üçün də özümə acığım tutur”.

Tələbə: “Yanılmışam, hər şeyi səhv başa düşmüşəm. Mənə etdiyi bir jesti necə sevgi deyə başa düşərəm axı”.

Sevda: “Səni görmək belə mənə xoş idi.  ”.

Tələbə: “Daha getməyin vaxtı gəlib, gözləməklə nəyəsə nail ola bilməyəcəm. O heç vaxt mənim yanımda olmağa razı olmaz”.

Sevda: “Sənin üçün indidən darıxan bu qızı unutma”.

Gözəl belə olsa, yanında belə olsa, keçən günlərdə qalan hər şey kövrəldir məni. Adı ağırdır – keçmiş. Necə ki, sevdiyim bir insan dünyasını dəyişdi, onun geri gələ bilməyəcəyini bilmək qədər əzablıdır keçmiş. Amma o insan səninlə eyni dünyadadırsa, onu bir də görə bilməyəcəyinə inanmaq ümidlərini öldürməkdir. Hamının xeyrinə olsun deyə bəzən məcbur olmaq lazımdır. Özümüzü qanunlara tabe etmək bizim vərdişimiz olub…

Görəsən, birini qaydadan kənar çox istəmək günahlar sırasına girirmi? İstisnalar qaydaları pozurmu? Birini görmək üçün bəhanə ilə, özünü inandıraraq qarşısına çıxmaq onun tərəfindən dəstəklənərmi? Yolumuzu dəyişsək belə getmədik deyə peşman olmaq insanlıq halıdırmı? Yaşının böyük olması böyüklərimizin hər zaman düz hərəkət etdiklərinimi göstərir?Dünyanın təməli sevgi ilə qurulubsa, sevgi məcburiyyət ola bilərmi? Allahın sevgi ilə yaratdığı insan niyə bu sözü səsləndirməkdən çəkinir?

Söylü  AĞAZADƏ

( magistr- filoloq), Neftçala

Oxunma sayı: 79

Hardasan dünyanın halal Adamı

Bizim Yazı tanınmış şair İbrahim İlyaslının şeirlərini təqdim edir:

Necəsən?

Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahı-cəlalım, necəsən?

Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, çölüm, çiçəyim,
Pətəyim, balım, necəsən?

Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü, könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?

Zər-zibam, ləlim, gövhərim,
Yaqut-yəmən, simu-zərim,
Barmaqları bəxtəvərim,
Başı bəlalım, necəsən?

Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı.
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?

Hardasan dünyanın halal Adamı

Hardasan dünyanın halal Adamı,
Hardasan, varmısan?–Səsimə səs ver.
Məndən o tərəfə sən tükənirsən,
Səndən bu tərəfə mənə nəfəs ver.

Məndən o tərəfə, səndən bu yana,
Nə kökdədi dünya, xəbərin varmı?
Tapşırıb yellərə, büküb al-qana,
Bir ürək yollasam sənə çatarmı?

Bilərmisən hankı məmləkətdənəm,
Hansı millətdənəm bilərmisən sən?
Bu aciz halıma ucalığından,
Baxıb acı-acı gülərmisən sən?

Vurnuxub qalmışam dünya içində,
Mənə bir yol salğa özünə doğru.
Qurtulum bəşərin adiliyindən,
Sürünüm mübarək izinə doğru.

Hardasan dünyanın halal Adamı?–
Sən haqsan, sən varsan!–Səsimə səs ver.
Qapında ən sadiq nökərin ollam,
Mənə bu Şahlığı, nolar, tələs ver.

Torunu sudan çək, balıqçı baba

Torunu sudan çək, balıqçı baba
Mənim nə ölümüm torunda sənin?
Məni yem etdiyin harınlar ki, var —
Çıraq tutmayacaq gorunda sənin.

Açıb qucağını bu dünya üzü,
Dağlar da dərəymiş, dərə, bir cürə.
Ümmana bənzəyir bu dünya özü,
Hamı avar çəkir, hərə bir cürə.

Heç nə görməyəndə heçə göz baxır,
Heçliyə varmağın yüz qanunu var.
Bir saman çöpünə neçə göz baxır —
Dəryada davanın öz qanunu var!

Ömrə qayıdırmış ömürdən gedən,
Ölümdən qorxuruq ölənə kimi.
Kimdi Tanrısına bəndəlik edən,
Özüylə üz-üzə gələnə kimi?

Bədən qayığıma əllərim avar,
Qolum qoltaq oldu sənə çatınca.
Mənə bir tədbir tök, balıqçı baba,
Sualtı qayıqlar düşüb dalımca.

Bilirəm

Olur bil də «olmaz»ı,
Olmaz bil də «olur»u.

N.Fazil Qısakürək

Başıma olmazın oyunlar gəlir,
Daha «olmaz»ları «olar» bilirəm.
Mən nələr çəkirəm bir Allah bilir,
Elə ki, gecənin bağrını yarıb,
Oxuyan quşları «Qu»lar bilirəm.

Dərd bilib özümü atıram oda,
Məni bu alovlar yandırar çətin.
Udduğum havada, içdiyim suda
Düşmən məhəbbəti, dost xəyanəti,
Axır məqsədini bular, bilirəm.

Gördüm bir səhranın yüz çuxurunu,
Görək çuxurunu, söz çuxurunu.
Allaha aşikar, bəndədən gizlin,
Axıb tapmayanda öz çuxurunu,
Harda veyillənir sular, bilirəm.

Adamlar ağzına su alıb susur,
Qaraca daşları dinən görürəm.
Beş dərə bir dağın dibini pusur,
Havalı başımdan çəkilir duman;
Uca zirvələri enən görürəm,
Dibsiz quyuları «dolar» bilirəm.

Təbrizim döyülür, Şuşam talanır,
Sabahım göynəyir güman içində.
Gecələr yuxuma xəncər saplanır,
Səhərlər dururam al-qan içində…

Bal kimi uduram bu təsəllini,
Palıd koğuşunda nolar, bilirəm.
Başıma olmazın oyunlar gəlir,
Daha «olmaz»ları «olar» bilirəm.

O sevdalı çağlar yadındadırmı?

O sevdalı çağlar yadındadırmı?-
Bir mən igidiydim, bir də sən gözəl.
Dünyada mənə tay dəli yoxuydu,
Yoxuydu dünyada sənə tən gözəl.

Bə heç demirsənmi hardadı görən
İpək tellərinə nərgizlər hörən?…
Səniydin onlara yaraşıq verən,
Nə çiçək gözəldi, nə çəmən gözəl.

Sevgi bir yol gələr adama haqdan,-
Sənin divanənəm elə o vaxtdan.
Gözümə ağ gəlib yola baxmaqdan,
Ürəyə xal düşüb, saça dən, gözəl.

Mən ömür sürmədim – vaxtdı, uzatdım,
Sənsizlik adıyla başımı qatdım…
Göynəyə-göynəyə əlliyə çatdım,-
Gülə-gülə ölləm “öl” desən, gözəl.

Gör mən nə saymışam, fələk nə sayıb –
Dönüb sənə baxmaq sayılar ayıb…
Aradan qırx igid ömrü adlayıb,-
Mən həmən dəliyəm, sən həmən gözəl!

Başına döndüyüm

Uca tanrım, ucalığın haqlandı,
Bir mətləbim var, başına döndüyüm:-
Məni qoymur öz ömrümü yaşayam,
Abır – həya, ar, başına döndüyüm.

Dindirirəm – qara daşlar ağlayır,
Dillənmirəm – dilim mamır bağlayır.
Dərələrdə sellər məni haqlayır,
Zirvələrdə qar, başına döndüyüm.

Bu yürüşnən bir mənzilə çatmazdım,-
Belə bilsəm, heç başımı qatmazdım.
Mənə qalsa, ipə – sapa yatmazdım…
Yatdım, oldum xar, başına döndüyüm.

Ətək – ətək üstümə od tökdü ki,
Kəlmə – kəlmə ürəyimi sökdü ki…
Ağ günümü göy əskiyə bükdü ki,
Bir nainsaf yar, başına döndüyüm.

Təmənnam yox kimlərdənsə baş olum,
İbrahiməm, İbrahim də kaş olum,
Ya bilmərrə daşa döndər, daş olum,
Ya neynirsən gör, başına döndüyüm!

Bildim

Dünyanın ikicə rəngi varıymış,-
Bildim qara nədi, ağ nədi, bildim.
Balamın dilindən bir söz eşitdim,
Dağ üstən çəkilən dağ nədi, bildim.

“Yox”dan yola çıxdım, yol məni getdi,
Kəm məni kəsdirdi, bol məni getdi.
Mən sağı getdikcə, sol məni getdi,
Axır ki sol nədi, sağ nədi, bildim.

Doldu piyalələr, boşaldı camlar,
Sərxoş damağımı dəyişdi tamlar…
Qaranlıq könlümdə yandıqca şamlar
Ürəkdən əriyən yağ nədi, bildim.

Adlayıb dünyanın Hun hasarından
Qopdu şah millətim şah damarından…
Sındı məmləkətim sınırlarından,-
Çəpəri pozulan bağ nədi, bildim.

İbrahim İlyaslı, budurmu qanmaq?-
İşin-peşən oldu tutuşub yanmaq.
Haqqı buluncaymış fələyi danmaq,-
Bildim nahaq nədi, haqq nədi, bildim.

Getsin

Gəl sənə bir yalan uydurum, könül,
Adına aldanıb yaşa da getsin.
Ən böyük yalanmış doğru deyilən,
Doğruçu olmağı boşla da getsin.

Dosta yalan danış, yara yalan de,
Dağa dərə söylə, quşa ilan de.
Baxıb olmazlara: budu olan,- de,
Oxunu daşlara tuşla da getsin.

Təpil yarğanlara, çəkil çallara…
Boylan məzə kimi qeylü-qallara.
Çürük matahını bürü şallara,
Bəh-bəhnən alınsın, xoşa da getsin.

Nə gözəl toxunub fələyin toru?-
Adam özü qaçır ağzına doğru.
İçində quldurdu, çölündə oğru,
İçini-çölünü xışla da getsin.

Ömür deyiləni qılıqla, yanla,
Fanidə oyun qur cisimlə, canla.
Bir zaman qapına gerçək yalanla
Qoşamı gəlmişdi? – Qoşa da getsin!

Nə olur mənə haqq olur

Nə olur mənə haqq olur,
Mənim işim haqq iləndi.
Şah kimdi? – Allahın qulu,
Hökmü-fərman taxt iləndi.

Dünya qananla doludur,
Sağ yenə sağın soludur.
Yol olan yoxluq yoludur,
Varlıq olan vaxt iləndi.

Eşq nədi – işığın səsi,
Eşq nədi – sözün nəfəsi.
Eşqdi Allahın kölgəsi,
Eşqə düşmək baxt iləndi.

Hardasan

Məni doğmalar təkləyib,
Ən yaxın yadım, hardasan?
Qırılıb düşüb yanıma
Qolum-qanadım, hardasan?

Sevincinə sallanır “ah”,
Kədərə bax – Allah, Allah!
Ya İbrahim-Xəlilüllah,
Sınır inadım, hardasan?

Lənət qarana, ağına,
Lənət dostuna, yağına…
Axır gəldim ayağına
Dadi-bidadım, hardasan?!

Gəl, könlünə bir söz deyim

Mənim yüküm ağırdı, dost,
Mənnən yola varamazsan.
Mənim göyüm sağırdı, dost,
Sən altında duramazsan.

Mən həm yoxam, mən həm varam,
Qarda odam, odda qaram.
Quluna aciz hünkaram,
Niyə, nədən – soramazsan.

Nədir əyrində düz – deyim,
Nədir birində yüz – deyim.
Gəl, könlünə bir söz deyim:
Bir də məni aramazsan!

Sənə heyran

Səfərə çıxırsan – uğurlar olsun,
Özündən muğayat ol, sənə heyran.
Qoy öpsün mübarək qədəmlərini
Bəxtəvər-bəxtəvər yol, sənə heyran.

Sayənə sərilən yerlər sayıldı,
Ətrini duyunca güllər bayıldı…
Göylər başın üstə hayıl-mayıldı,
Sağ sənə heyrandı, sol sənə heyran.

Həsrət gözlərini oyub, gözləyir,
Qurbanlıq qəlbini soyub, gözləyir.
Qanını qaşığa qoyub gözləyir,
İbrahim dediyin qul, sənə heyran.

Gəl

Nerələrdə qaldın, gözümün nuru,
Bir anlıq həsrətin bir il oldu, gəl.
Sırsıra bağladı ocağım-odam,
Sənsiz Sumqayıtım Sibir oldu, gəl.

Gözəllər xasından sevib-seçdiyim,
Keç desə yolunda candan keçdiyim.
Oturub-durduğum, yeyib-içdiyim.
Yatıb-oyandığım səbir oldu, gəl.

Allahdan aşağı nə var unutdum,
Tutiya ətrinlə könlüm ovutdum.
Hər kəlmə başında adını tutdum,
Hər kəlmə canıma cəbir oldu, gəl.

İstəyir

Bilirsənmi, səni, ömrüm,
Ürəyim necə istəyir…
Elə SƏN deyib döyünür,
Hər gün, hər gecə istəyir.

Kürləşib uşaq sayağı,
Dinc durmur əli, ayağı.
Bu qədər qoruq-qaytağı
Almır da vecə, istəyir.

Nə işarət, nə söz qanır,
Nə “səbr elə”, nə “döz” qanır.
Alov tanıyır, köz qanır,-
Tezcə, lap tezcə istəyir!

Barışır

Nə sirdi, bu xalq deyilən,
Susub, ünüynən barışır?
Yeddi yerə parçalanır,
Yeddi yönüynən barışır!

Odlara düşür, buzlayır,
Dərya içir, susuzlayır.
Yağı gönünü duzlayır,
Duzlu gönüynən barışır.

Qalan şey yalandı, yalan,
Bir sualdı mənə qalan:-
Kölənin köləsi olan
Hansı günüynən barışır?!

Hər işin gözəldi…

Hər işin gözəldi sənin, ay gözəl,
Sən mənə zülmü də gözəl verirsən.
Açılır ovucun ağ zambaq kimi,
Həsrəti vüsaldan əzəl verirsən.

Özüyün özündən xəbərin yoxdu,
Bu boyda dünyaya sığışmır ədan.
Düzlərdə pələsəng olub qalmışam,
Dağdan səsin gəlir, dəryadan sədan.

Yollar bihuş olur sən yeriyəndə,
Qarşına yüyürür güllü cığırlar.
Quşlar budaqlardan, balıqlar sudan,
Çiçəklər çəməndən sənə baxırlar.

Qəddinə küsənir sərv ağacları,
Dəli qızılgülün hirsi qındadı.
Yerindən tərpədir ətrin daşları,
Yer üzü heyranlıq məqamındadı.

Belə ovsunlayan olmayıb məni,
Sehir qızı sehir, sirr qızı sirsən.
Öyrətmən yaradıb yaradan səni,-
Bəşərə gözəllik dərsi verirsən.

 

***
Könül, bunca qəm eləmə,
Qalmarıq naçar, inşallah.
Yerdən umud gözləməyən,
Quş olub uçar, inşallah.

Ovcunda boğulur səsin,
Sızlama Allah bəndəsi.
Bu yerin, göyün yiyəsi,
Bir gün nur saçar, inşallah.

Haq deyib haqlayan Tanrı,
Haqqa gün ağlayan Tanrı.
Bir yandan bağlayan Tanrı,
Bir yandan açar, İnşallah.

Bir sənsən könlümdə…

Qəlbində yerim yox, köksündə necə?…

Qəlbimin başında qurulu taxtın,
Köksümün üstündə yerin bəllidi.
Bir sənsən könlümdə, bu gecə haqqı,
Bir də sənsizliyin sitəmləridi.

Payız yarpağıtək saralıb-sollam,
Üstümü almağa qarlı qış gələr.
Qanlı qismətimin qurbanı ollam,-
Bəlalı sevdalar mənə tuş gələr.

Sən də xoş gəlibsən, buyur başa keç,
Könül ovçusunun yeri başdadı.
Mənim kimi şikar görübsənmi heç?-
Mənim tək şikarın yeri başqadı.

Aman ver, söküldü canımın tabı,
Ruhumun qalası baxışlarında.
Mələk “günah”ı var, şeytan “savab”ı
Zalımın balası, baxışlarında.

Mən eşq əsiriyəm, gül sevdalısı,
Bircə bülbüllərə həsədim qalır.
Mən eşqə düşəndə canla düşürəm,
Çıxanda quruca cəsədim qalır.

Qəlbimin başında qurulu taxtın,
Köksümün üstündə yerin bəllidi..
Bir sənsən könlümdə, bu gecə haqqı,
Bir də sənsizliyin sitəmləridi.

Tural Adışirinin təqdimatında

Oxunma sayı: 184