Ana səhifə YAZILAR 301-ci azərbaycanlı – Fərid

301-ci azərbaycanlı – Fərid

Müəllif: Bizim Yazı
85 baxış

Sona Vəliyeva

Fərid Təbrizə şeir müsabiqəsinə getmişdi. Mən qəti əminəm ki, o, bu müsabiqəyə hazırlaşdığı günlərin birində mütləq Təbrizi yuxusunda görüb, bəlkə də dediyi şeiri də yuxudan ayılanda öz qulaqlarında səslənib. Amma ağlına da gələ bilməzdi ki, canı qədər sevdiyi, həsrətində olduğu Təbrizdə şərin, böhtanın girdabına düşəcək. Bugünkü vəziyyətdə Fəridin yaradıcılığının məna axarında əsil həqiqətin qiymətini verməyə çalışdım. Onun fikrincə həqiqət nədir? Həyati reallıqlar və reallığın qiymətləndirilməsində ədalətli ölçülərlə çalışmaq. Fərid deyir ki, qəbul etmədiyimiz həqiqətlər bizim etirazımızdırmı? Bu gün istəsək də, istəməsək də bu acı reallıq Bakı-Təbriz məsafəsində, həqiqət və böhtan ölçüsündə Fəridi bizdən ayırır. Ayrılığa da, həqiqətə də onun qəbul etdiyi ölçülərlə yanaşmağa cəhd göstərməsəm də bu belədir. Fərid uzaqdan, dumanlı Təbrizdən nəinki 300-dən sonra sıraladığı azərbaycanlıların, həm də bütün Azərbaycan xalqının, millətinin və dövlətinin qayğı və sevgi ölçüsündə yüksək məqamda durdu. Fərid «300-dən sonrakı azərbaycanlılar» kitabını mənə bağışlayanda söz vermişdim ki, onun haqqında yazacağam. Bu da yazı, hayıf ki, belə məqama təsadüf elədi…
Fərid «304. Həvva Almaya görə qovulmayıb” essesində deyir: «Allah bağışlayandır, rəhmlidir. O belə xırda şeylərə görə insanı cənnətdən qovmazdı. Allah insanları cənnətdən ona görə qovdu ki, insanlar sözə xəyanət etdilər. …Allahın Adəm və Həvvaya tapşırığı söz idi. Onlar almaya yox, Allahın sözünə, tapşırığına xəyanət etdilər».
Şairlər, yazarlar siyasətdən uzaq, içində sevgi, səmimiyyət və həm də sadəlövhlük daşıyan insanlardır. Onları şeir məclisi adına, söz söyləmək, şeir oxumaq bəhanəsi ilə (özü də Təbrizdə şeir məclisində), aldadıb dəvət etmək, casus adı qoymaq, zindanda hansısa məqsədlə girov saxlamaq insanlığın davam edən, Tanrı tərəfindən bağışlanılmayan növbəti günahıdır. Fərid günah etməyib ki, bağışlanmağa, əfv olunmağa yalvarsın. Şeir demək günahdırsa, onun cəzası heç bir qanunda müəyyənləşməyib.
Sözə əməl etməmək, qonaq adına dəvət etmək + şər, böhtan + zindan = namərdlik. Siyasətdən uzaq, dünya ədəbiyyatından kifayət qədər xəbərdar, yaşına xas olmayan dərin ağıl və fəlsəfi dünyagörüşə malik, sözə yeni münasibət bəsləyən şairin «Tək fəlsəfi dialoqlar» essesində Fərid çox maraqlı məsələlərə toxunur. Nadir mövzulara elə nadir təhlillər aparmağı onun həm dərin ağıl, mütaliə, həm də həyata münasibətinin orijinallığının sübutu kimi ortaya çıxır: «Monoloq da dialoqdur, ürəklə dilin dialoqu. Monoloq içindəki çək-çevirin dialoqudur. Monoloq dildir, dialoq dillər». O, dialoqu monoloqa çevirən prosesləri ardıcıllıqla, tezislərlə izah etməyə çalışır. Etiraf edirəm ki, mən əvvəllər, yəni Fəridin Bakıda olduğu vaxtlarda oxuduğum bu kitaba bəlkə də belə yanaşmamışdım. Amma bu gün hər misra və sətirlərində taleyinin müəyyən işarətlərinə rast gəldim. Diqqətlə oxuyuram «300-dən sonrakə azərbaycanlılar»ı:
Dialoq monoloqa o halda çevrilir ki;
1)sualsız cümləyə cavab veriləndə;
2)qoyulan sual ünsiyyətə və mentalitetə ziddirsə, ağılsızlıq kimi qavranılırsa;
3)verilmiş suala hadisə örnək, arqument kimi göstərilirsə;
4)əyani sübut situasiyanı tamamlayırsa;
5)…situasiya sonluqdursa dialoq hökmən oldmalıdır;
6)qoyulan sual ritorikdir.
Hər tezisdə Fəridin düşdüyü vəziyyətin dialoqundan doğan sükut monoloqu var. Ən ali qanunlara bərabər, Tanrının günahsız bildiyi qərib qonağının sükut monoloqu! Bu tezislərdə hər bənddə Fərid təhlillərindən sanki özünün düşdüyü vəziyyəti izah edir.
1. “Sualsız cavab” tezisi – gəlişinin məqsədi soruşulsa ürəyin monoloqu aldanıb, söz işığının gətirdiyi yerə gəlmişkən siyasi böhtanla, şərlə rastlaşdığını deyər.
2. Şərq mentalitetindən uzaq insanlıq ünsiyyətinə zidd günahsız qonağı suçlamaq, siyasi məqsədlə suşlamaq,  həbs etmək, İslam mədəniyyətinə, dininə, Şərqdə heç bir xalqa məxsus olmayan namərdcəsinə atılan addım rüsvayçılıqdan başqa bir şey deyil.
3-cü tezisində olmayan hadisənin sualı da, cavabı da məqsədyönlü baş verəndə səbəb və nəticənin qurbanı Fərid kimilər olur. Fikri, nitqi, sükutun monoloqunda üsyan etsə də düşmən qəvvidir.
4-cü tezisdəki kimi əyani sübut situasiyanı tamamlamadığı halda tale də zəbunluğunu göstərir.
5-ci tezisdə – vəziyyət sonluqdursa, dialoq ölərək yeni problemlər yaradır. Əgər hadisə hesablanmadan, düşünülmədən olsa bəlkə vəziyyətdən çıxmaq olar. Amma hadisələr göstərir ki, məsum, söz əsiri, Təbriz sevdalısı olan bu gənclərə qarşı dəvət də, həbs də tək bu gənclərə qarşı deyil, bütün İran Azərbaycanına qarşı milli inamı sarsıtmağa doğru hesablanıb. Məsələlər bütün hallarda dialoqda həllini tapmağa yox, haqqı sükutla boğmağa doğru yönəlib.
6-cı tezisdə, nəinki qoyulan sual ritorikdir – bəhanə və göstərilən həbs səbəbləri gülünc və ağılasığmazdır. Öncə dedilər ki, qarışıqlıq salmaq məqsədiylə seirlər oxuyublar, daha sonra gülünc olduğunu başa düşüb daha «sanballı bəhanə uyduruldu: – «casusdurlar, strateji əhəmiyyətli obyektlərimizin fotolarını çəkiblər”. Məhbəs şairlərinin ürəklərinin monoloqu isə yalnız Bakı sevgisinə, o taylı, bu taylı Vətən sevgisinə, azadlıq şeirini söyləyir.
Amma kimdir ürəyin saf nəğməsini onlara sərf edən böhtanlara, dəyişən, inanan? Fərid “307 İnsanlar insanlara inanmırlar» yazısında dediyi kimi: «İnsanlar insanlara hələ də inanmırlar. Bir ömür boyda təəssüf… yazılanlar televizordan gözümüzə, radiodan qulağımıza, havadan burnumuza girdi… biz yalanlara yaman inanırıq. Hə, dostlarım Heminquey çalmayacaq «Əcəl zəngini, əzrail çalacaq. Ona görə də bir-birimizi sevək, aldatmayaq”.
O, bu misraları yazanda bilmirdi ki, siyasət adlı axmaq bir oyunun saf qurbanına çevriləcək. Görəsən istedadı, düşüncə, həyata, insanlara münasibətiylə müdrik ağsaqqal kimi heyran olduğumuz Fəridə bu qaranı yaxanların övladları varmı? “Nə əkərsən onu biçərsən» – atalar sözlərinin bir kərə olsun dərinliyinə boylana biliblərmi? Yalan böhtanla suçladıqları insanın taleyinin üzərində siyasi məqsədlər üçün etdiklərinin qarşısında Tanrının ədalət məhkəməsində cavab verəcəklərini necə, düşünüblərmi?
Fikrimcə, ictimai əhəmiyyətə çevrilə biləcək dahilərin və yazarların fikirləri bədii məna və çəkisinə görə deyilən, diktə olunan fikirlərdir. Sadəcə, İlahinin sevdiyi, fikri, ziyası aydın olan insanlara diktə olunur. «328-dən boylanan qorxu» essesində Fəridin qorxunu boğaraq mübarizənin ən yüksək nöqtəsinəcən gedib istədiklərini əldə etməyin, böyük qazancların itkisiz və qurbansız olmadığının təhlilində onun tale və xaraktercə özünün dayandığını görürük.
Düşünürəm, gənc – çox gənc, həyat təcrübəsi ilə müdrikliyi tərs mütənasib olan bu insanın bədii təxəyyülü, fəlsəfi baxışları təfəkkürünün hansı telepatik nöqtəsində birləşə bilmişdi ki, o belə yazırdı: «Dünyada ən böyük qorxulardan biri qəriblikdə, yad yurdda, Vətəndən ayrı olanda, orda qoyub gəldiklərinin tapmamaq qorxusudur… İnsan məhkum olduğu hallardan və hadisələrdən qorxmamalıdır… qazandıqlarımızın arxasında yaranan boşluğu itirdiklərimiz yaradır, ona görə də qazanmaqdan doymuruq».
O, sanki başına gələnlərin öncədən təhlilini kiminsə qələminin ümidinə buraxmır, qorxu olan yerdə mübarizliyin mütiliklə əvəz olunacağından qorxur. Onunla belə özündən deyil, qoyub getdiklərindən, doğmalarından nigarançılığın xofunun da şəxsi, fərdi hiss səviyyəsində olduğunu anladaraq əsas məqsəddən qorxunu uzaqlaşdırır.
Bu gün yazdıqlarının misra-misra yolçuluğunu yaşayaraq Təbrizə yetişəndə, ustad Şəhriyarın məqbərəsində:
Sağ əlimi güclə sıxır sol əlim
Sağ əlimlə sol əlimi sıxıram
Mənim ancaq özümə gücüm çatır
Sağ qolumla sol qolumu yıxıram.

Mənimki də belə alındı ana,
Belə oldu, belə oldu neyniyim, e…
Qollarım da bədənimdən yan keçir.
– kimi şeirini deyəndə də qorxunu əlləriylə öldürüb mübarizlik şeirini oxuyur. «özümə gücüm çatır» – deyəndə sanki Təbriz heyranı, cənub sevdalısı kimi öz evində, obasında məhbəsə salınacağının dərdinə qalır və bir tərəfdən də «Veteran vəsiqəsi» şeirində içindəki ayrılıqlara, milli faciələrə belə qurtuluş mesajı göndərir:
İnqilab özünü məğlub edə bilməyənlərin mübarizəsi
Qışqırıq içinizdəki səslərin ən ərköyünü
Məhəbbət cavanların veteran vəsiqəsidir.
Bir ömür boyu göstərə-göstərə keçəcəklər
Bütün dərdlərdən, qəmlərdən.
Beləcə təhlükələrə, hədələrə, qorxulara, kədər və qəmə silah kimi məhəbbəti, sevməyi qarşı qoyur. Bu sevgi Yaradanına, o taylı, bu taylı Vətəninə, anasına, sevdiyi məsum baxışlı nişanlısına olan sevgidir. Elə bu sevgilərin böyüklüyü onun qayıdan yollarını açıq saxlamağa zəmanət olacaq.
İnsan bir ömür boyu sevmir,
Bir ömür boyu ağrıyır
Sevgi ən gözəl ağrıdır.
– deyir.
İndiyəcən ədəbiyyatda rast gəlinməyən və fərqli yanaşma və münasibətiylə diqqətimi çəkən «Əlifba sırası» şeiri Fəridin içinin ədalət tərəzisinin ölçü balansıdır:
Dünyanın ən ədalətsiz sırası əlifba sırasıdı.
Bu sırada insanlar savadlarına, ağıllarına görə yox,
Adlarına görə sıralanırlar… Yəni, A-lara, B-lərə görə.
Dünyanın ən ədalətsiz yarışı gözəllik yarışıdı,
Qiymət qoyurlar qadın gözəlliyinə.
Qadınlara ən çirkin qiyməti burada verirlər.
Məhz, bədənlərinə görə.
(Əlifba sırası)

Həqiqi qiymətin – dəyərin zahirlə batinin düzgün qiymətləndirilməməsi onu narahat edir, incidir. Əsil dəyər batinə veriləcək dəyərdir. Görünən dəyişəndir, əgər mənəvi çəkisi, yükü yoxdursa yerində təəssüflərdən başqa heç nə qalmır. Fərid sevdiklərini zahiri – batini ilə birgə gözəl görmək istəyir. Hər şey içdən gözəl olmalıdır, onda sevgilər də bütöv olur. Bakını da, Təbrizi də, anasını da, sevdiyi qızı da bütöv, olduğu kimi qəbul edib sevir, Tanrı qisməti, Tanrı payı kimi:
…Mən səni bütöv sevirəm
Niyə hissə-hissə qopursan məndən.
Sevginin bütövlüyünü, gücünü ayrılıqda sınayırlar. Ayrılıqlar insanları daha yaxin edir. Maddi məsafələr uzandıqca, ürəklər  daha yaxınlaşır. Vətən sevgisini qorxu və hədə ilə qətrə-qətrə necə qorumaq olar insanın içindən? Sevgisi bütöv arzulanan oğulların torpağı BÜTÖV olur. Sevgisi bütöv olanlar qəhrəmandır. Baxma ki, o özünə “Məndən qəhrəman olmaz “ deyir – təvazökarlıqla. Misralarının mənəvi yüksəkliyindən qarabəniz bu oğlanın kədərli misraları mənə bugünkü halını danışdı:
Bəlkə də insanlar ağlamırlar
İnsanlar ağlayanda axtarırlar
Özlərini, itirdiklərini
Göz yaşının küçələrində,
Dostlar tost deyəndə
Allahı çağırırdılar.
“Allah canımızı sağ eləsin”
Arağın haramı ilə Allahın
halalllarının təzadını,
gördüm süfrəndə,
Arzuların saxtalığını
anladım süfrəndə.
Xəstə dostuma xəstəliyinin adını deyə bilməyəndə
Anladım məndən qəhrəman olmaz.
Nə qədər səmimi, içdən gələn ifadədir…
Əsl qəhrəman halalla-haramın mübarizəsində ilk olaraq nəfsinə, özünə qalib gələn, arzularının saf-çürük edilməsində əsas olanı seçən, Torpağının, sevdiklərinin, dostlarının düşdükləri çətin durumlarda elə qəhrəman kimi davranmağı  bacarandır, Fərid, sənin kimi. Qəhrəman şərə, böhtana düşəndə belə dəyanət və ləyaqətini itirməyən haqqa və içindəki böyük sevgisinə tapınandır.
Məhəbbət cavanlara
Bir sərçə tələsidir.
Bəyənməksə hamını,
Tələyə tələsdirir.
Bu misraları oxuya-oxuya məcazi məhəbbət “tələsini” hadisələrin reallığında ovçu, düşmən tələsinə bənzətdim… Yadınızdadır, Qazan xan namərdcəsinə, yuxuda tora düşmüşdü. Bizi həmişə sevgilərimiz mübariz olmağa çağırır. Hətta öncələr yuxularında belə Təbrizə gedən, orada şeir deyən, arzularının bütövlüyündə cənublu gənclərlə fikirlərini bölüşmək istəyən gəncin arzularının reallaşdığı zaman baş verənlər inandırıcı qəbul olunmur. Bir də elə qəbul olunur deyək. Çünki azərbaycanlılar hər zaman bu cür ədalətsizliklə rastlaşıb. Bu da Molla rejiminin din pərdəsi altında siyasi məqsədlər üçün imanından, insanlığından keçməyinin növbəti nümunəsi –
Fəridin yazılarında rast gəldiyim bir şeirdə deyilir:
Günahın odunuyla
Qaynayır qır qazanı.
Günah edən bəndələr
Qazanır o qazanı…
Günahın cavabı var – Cəza! Ədalətin mükafatı! Görəsən bu gəncləri şeir məclisinə dəvət edib onlara casus adı qoyanların qır qazanına münasibətləri necədir? Bir kərə mənəviyyat və vicdanlarının mühakiməsinə hansısa məsələni yaxın buraxıblarmı (əgər o mənəviyyat və vicdan varsa).
Çox-çox illər öncə oğlumun 6-7 yaşında olduğu zamanlarda İstanbulda bir iranlı fars qadınla tanış oldum. Oğlumun uşaq çevikliyinə göz qoya-qoya məsləhət gördü ki, hər gün ona «Nas», «Fələq», «İxlas» surələrini oxuyum. Belə olarsa, şər-böhtan, göz-nəzər, xəta-bəla ondan uzaq olar.
Bu yazını işləyərkən qeyri-ixtiyari həmin qadını xatırladım. Nə olardı görəsən dində tövsiyə olanları bu dövlətin yetkililəri və siyasətçiləri də tanıyaydılar.
Düşündüm ki, bütün Azərbaycan anaları, ataları dili dualı, ürəyi şəfqətli, rəhmli, Allahını sevən, onun göndərdiyi müqəddəs kitablara əməl edəndir. Görəsən, dilinizə gətirdikləriniz doğrudanmı qəlbinizdəkilərin təzahürüdür? Yaxud da əksinə «Nas», «Fələq», «İxlas» surələrini başqalarına sözdə tövsiyə edib özünüz şər-böhtan təbliği və yer tutması ilə məşğulsunuz. Əməllə niyyət, fəaliyyət bir olmayanda insan özü öz başına bəlalar açır. Saxtakarlıq faciələrə gətirir. Bəlkə ona görə bu gün əməli, niyyəti, fəaliyyəti bir-birinə zidd olan rejim öz başına bəla açmaqda davam edir. Erməniyə qucaq açanda da dinə, dinin tələblərinə – “sizdən olanları sevin, müdafiə edin” – tapşırığına məhəl qoyulmadı, içlərindəki şovinist hisslər haqqı unutdurdu. Hər addımda soydaşlarımız ədalətsizlik, insan haqlarına qarşı nə mümkünsə onunla rastlaşdı. Düşündük beynəlxalq qanunla daxili dövlət məsələsidir, Amma hər cəhdlə bu rejim daxildə də, xarici məsələlərdə də düşmənçiliyin sox həddini nümayiş etdirir.
Siyasət böyük oyundur. Dövlətlərə məxsusdur, siyasətçilərin işidir. Şair şairdir. İçi, çölü, fikirləri və əməlləri azad, çöl çiçəyi kimi tər-təmiz. Onun iradəsi, əzmi, dözümü, sevgi və mübarizəsi isə alınmayan, satılmayan, ölçülməyən sözün qüdrəti qədər sonsuzdur.
Gözüm yol yolçusudur,
Gözüm yenə yoldadır.
Niyə qaçıb gəlmirsən,
Sən dardasan, yol dardadır. –
deyən Fərid hər misrasında uzaqgörənliklə taleyini yazıb. Taleyini Tanrı müəyyənləşdirən şair isə təsadüfi insan ola bilməz…
Tanrı taleyini işıqlı, yolunu açıq etsin, FƏRİD!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.