Ana səhifə YAZILAR BİRLİK GÜNÜ, DİRİLİK GÜNÜ

BİRLİK GÜNÜ, DİRİLİK GÜNÜ

Müəllif: Bizim Yazı
493 baxış

İllərdən 2013, aylardan yanvar…

Daha bir il və toplam 23 il keçdi o gündən…
20 yanvar 1990… –
Bu gün sadəcə təqvimin 19-cu gününü 21-ci gününə bağlayan gün deyil, böyük hərflərlə TARİXdir!
20 yanvar bir dönəmdən başqa dönəmə keçid qapısıdır.
O qapıya yalnız 70 ilin deyil, 200 ilin ağırlığı yüklənmişdi. Və açıldı! Həm də güllələr açıldı, təbii. 70 silahdanmı, 200 silahdanmı, bilmirəm, amma açıldı güllələr.
Can aldı o güllələr: ən azı 137 can!

20 yanvar BİRLİK günüdür, DİRİLİK günüdür!

20 yanvar Sovet imperiyasının əcəl zənginin çalındığı məqamdır.
20 yanvarın bütün “müttəfiq respublikalar”ın dövlət müstəqilliyində… qan haqqı var…

20 yanvar! Tarixin tarix kimi səhifəsi!
20 yanvar qapısı – bəngü açılan!
O qapıdan cocuq da keçdi, yeniyetmə də, gənc də keçdi yaşlı da, qadın da keçdi, kişi də… Və şair də keçdi o qapıdan, təbii!
Ülvi Bünyazdzadə “And” yazdı, sonra da şair adının qarşısına ən uca titulu yazdı: ŞƏHİD ŞAİR!
Ustad Bəxtiyar Vahabzadə “Şəhidlər” poemasını yazdı.
Məmməd Aslan “Ağla, qərənfil, ağla”nı yazdı…
Siyahını uzatmıram, az qala bütün şairlər yazdı. Onlardan bir neçəsini bugün biz də verəcəyik. –…Söz köməyiniz olsun!

Anadolu türkləri yanvar yerinə ocaq deyirlər: ocağımız sönməsin, ocaq yerimiz qaralmasın!
Azadlığımız bəngü dursun!

Ə.QOŞALI

— — —
Şəhid Şair ÜLVİ Bünyadzadə yaradıcılığından örnəklər:

DƏYMƏ, AMANDIR

Qar yağır,
ağır-ağır…
Qərib ürəklərə
enən şər kimi.
Könlümü
didib-tökən
niskillər kimi.
Qar yağır,
ağır-ağır…
Axşamdan
nə bulud var idi,
nə soyuq külək.
Demək
təbiət də
zarafatı xoşlayır.
Çəkmələr
inad ilə
qarı xışlayır.
Ey qış!
ricam var
səndən.
Qəsdən üşüt əllərimi,
ayaqlarımı.
Dondur
sifətimi,
barmaqlarımı.
Dondur!
İnsanam!
dözəcəyəm;
dözümüm
bir ümmandı.
Ancaq
təkcə ürəyimə
dəymə,
dəymə, amandı.

PƏNCƏRƏMİ DÖYÜR SİBİR KÜLƏYİ

Pəncərəmi döyür Sibir küləyi,
Qəm sovurur kipriyimdən, qaşımdan.
Düşündükcə ötüb-keçən günləri,
Burum-burum duman qalxır başımdan.

Bu torpağa Allah qarğıyıb, nədir –
Günəşi buz, adamları buzdu, buz.
Gecəsi nə, gündüzü nə bilinmir, –
İkisindən biri qara, biri boz.

Arzularım, xəyallarım, ilahi,
Pərvazlanıb qanadların çalammır.
Gözəllərə həmdəm olan könlümü,
Rus gözəli ovudammır, alammır.

Bizim yerdə günəş gülümsəyəndə,
Torpaq da öz al rənginə bələnir.
Bizim yerdə qar gözləri üşütmür,
Bizdə qar da çiçək kimi ələnir.

Pəncərəmi döyür Sibir küləyi,
Qəm sovurur kipriyimdən, qaşımdan.
Düşündükcə ötüb-keçən günləri,
Burum-burum duman qalxır başımdan.
                                                                    1989

QOŞMA

Demə ki, Qobustan adicə daşdır,
Dədəmiz Qorquddan qalan mirasdır.
Xəyalım bir daha Qoşqarı aşdı,
Dağların lalası yadıma düşdü.

Məhəbbətdən, cəsarətdən ucalan,
Paşadan, sultandan bac-xərac alan,
İllərdən indiyə yadigar qalan,
Çənlibel qalası yadıma düşdü.

Çinarlar kök atıb, yaşa dolubdu,
Çoxunun yarpağı çoxdan solubdu.
Bu torpaq çinara beşik olubdu,
Çinarın kölgəsi yadıma düşdü.

Yandırır qəlbimi Kərəmin səsi,
Titrəyən külək yox, Lələdi, əsir.
Qarlı gədiklərdə alışan izi,
Kərəmin naləsi yadıma düşdü.

Bir sualın kələfinə dolaşdım,
Neçə dərə keçdim, neçə dağ aşdım,
Bilmirəm bu sirri doğrumu açdım,
Anamın laylası yadıma düşdü.
1986

***
Mən novruzgülüyəm,
Nəğmə dolu ürəyəm.
Sarı simtək
Köklənməmişdən kövrəyəm.
Bir himə bəndəm elə,
Hay salmağa –
Qışdan hayıf almağa.
İçimdə boğa bilmərəm haqqı,
Arxamca güllərin qatarı gəlir
Baharın inqilab qatarı gəlir.

Qəlbimdə min haray var.
Gözəl, səni haraylar.
Bənövşə rəngli çaylar,
Dolanar düzlərini.

Sovuşar qarlı qışlar,
Dönər sevdalı quşlar,
Bənövşə rəngli yaşlar,
Yandırar gözlərimi.

O gün ki, görmədim səni,
Ürək sızlar, ürək sızlar,
Oğrun-oğrun mənə gülər,
Ürəksizlər, ürəksizlər.
                                 1988

“20 Yanvar” haqqında yazılanlardan:

Bəxtiyar VAHABZADƏ

Şəhidlər

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…

Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər…

O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər…

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə bizdə.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi Şəhidlər…

Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi Şəhidlər…

Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu Ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi Şəhidlər…

Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənimdə haqqım var”, – deyə
Kütləni xalq edən müqaviləyə,
Qanıyla qolunu çəkdi Şəhidlər…

İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.

Məmməd ASLAN

Ağla, qərənfil, ağla!

Qərənfil – şəhid qanı,
Cavanlara qıydılar,
Ağla qərənfil, ağla!
Ağla, qərənfil, ağla!

Ağla, inlət meydanı,
Tanklar altda qoydular.
Qanın içib doydular,
Ağla qərənfil, ağla!

Hər şəhidə bir düzüm,
Abşeron – qan dənizim.
Sən – mənim ağlar gözüm,
Ağla qərənfil, ağla!

Uzaq mənzil, acı yol,
Yoldu, yol, əlacı yol!
Şəhidlərə bacı ol;
Ağla qərənfil, ağla!

Kərbəla – qan çöllərə,
Puç olan qönçələrə,
Nazənin incilərə,
Ağla qərənfil, ağla!

Bəxti asılan qıza,
Hünəri aslan qıza
Toyu yas olan qıza
Ağla qərənfil, ağla!

Ağla, ürək boşalsın,
Ünün göyə baş alsın.
Ağla, dağlar yumşalsın,
Ağla qərənfil, ağla!

Bu təklənmiş şirlərə,
Bu arxasız ərlərə,
Bu talesiz nərlərə,
Ağla qərənfil, ağla!

Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara,
Ağla qərənfil, ağla!

Bu bədənsiz qollara,
Bu uçunan yollara,
Bu yiyəsiz qullara,
Ağla qərənfil, ağla!

Bu səngiməz ağrıya,
Bu qan sızan sarğıya,
Bu Allahsız qurğuya,
Ağla qərənfil, ağla!

Bu qara yazılara,
Bu körpə quzulara,
Quruyan arzulara,
Ağla qərənfil, ağla!

Xeyrə şər üstün gəldi,
İniltili ün gəldi…
Ağlamalı gün gəldi,
Ağla qərənfil, ağla!

Sərraf BALAXAN

Bakıda qanlı yanvar

Ölümə hamilə başlar,
Ölümə hamilə gözlər,
Ölümə hamilə qaşlar,
Ölümə hamilə əllər,
Ölümə hamilə dişlər,
Yüklərini yerə qoydular –
O gecə.
Növbəti doğum üçün
Dadı azacaq ağızlarını
İnsan qanıyla
Yenidən dada gətirdilər
Beləcə.
Ölümə hamilə başların,
Ölümə hamilə gözlərin,
Ölümə hamilə qaşların,
Ölümə hamilə əllərin,
Ölümə hamilə dişlərin
Acığına –
Bu şəhərin insanları
Təzə gəlin yaşmanan tək,
Canlarıyla,
Qanlarıyla yaşmadılar
Bu şəhəri.
Torpağını, daşını
Gizlədilər məkirli gözlərdən.
Sonra da, sonra da
Canlarıyla, qanlarıyla
Çəkildilər bu şəhərin
Torpağının təkinə.
Bir daha, bir daha
Oyatdılar bu torpağın
İki yüz illik
Qan yaddaşını.

İlham İdrisoğlu

Şəhid anası

Titrək əllərinlə alıb şəklini
Ah çəkib ağlama,şəhid anası!
Dizlərin üstünə əyib belini
Sellər tək çağlama,şəhid anası!

Baxırsan gəldiyi cığıra,izə.
Quzu otardığı çəmənə,düzə.
Yaralı könlünü hey üzə-üzə,
Dünyanı dağlama,şəhid anası!

Ruhu ildrımda,şimşəklərdədir,
Qarabağdan əsən küləklərdədir,
Həsrətli,ümüdlü ürəklərdədir,
Çox matəm saxlama,şəhid anası!

Nə deyim,nə yazım,qələmim donur?
İlhamın dünyası odlanır,yanır.
Sənin dözümündən yağılar sınır,
Qara şal bağlama,səhid anası!

Sərdar Zeynal Tivili

Qanlı 20 yanvar

Qar deyil ki, günəş vura əriyə,
Yara deyil məlhəm çəkəm giriyə.
Dağ çəkilən milyonlardan biriyəm,
Kimə acım, kimə deyim bu dərdi.

Başım üstə bayraq etdim haqqımı,
Güllə ilə sındırdılar şaqqımı,
Haqlı çıxdı əbədiyyət satqını,
Kimə acım, kimə deyim bu dərdi.
Qanadlandı ölüm yüklü güllələr,
Sinəmizdə çiçək açdı lalələr,
Yaddan çıxmaz o gecəki nalələr,
Kimə acım, kimə deyim bu dərdi.
Topladılar yüz dərənin suyunu,
Doldursunlar suya həsrət quyunu,
Başımıza açdılar min oyunu,
Kimə acım, kimə deyim bu dərdi.
Cana gəlir dünya mənim odumdan,
Xəbəri yox taleyimdən, adımdan.
Sıxılmaqdan adım çıxır yadımdan,
Kimə acım, kimə deyim bu dərdi.
Tumarlanır bostanıma daş atan,
Addımını əyri atan, çaş atan,
O, silahlı, mən əlimdə quşatan,
Kimə acım, kimə deyim bu dərdi.
Yurd yolunda min qurbanlıq baş durub,
Hər addımda tarixləşən daş durub,
Qarşımızda qar-boranlı qış durub,
Kimə acım, kimə deyim bu dərdi.
Kim unudar İyirmisi yanvarı,
Əbədilik milyon qəlbin qübarı,
Yüz altmış il Vətən yarı, biz yarı,
Kimə acım, kimə deyim bu dərdi.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.