Ana səhifə YAZILAR Bir kənddən ədəbi reportaj

Bir kənddən ədəbi reportaj

Müəllif: Bizim Yazı
397 baxış

Azər Həsrət

Bakıda kitab təqdimatlarına, ədəbi məclislərə tez-tez dəvət alırıq və çoxuna da qatılma imkanımız olur. Ancaq bölgələrimizdə bu cür tədbirlərə şəxsən mən heç qatılmamışdım. Ta ki, aprelin 15-də Xaçmazın Bostançı kəndində keçirilən kitab təqdimatına qədər…

Həmin gün Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” Ədəbi Məclisi öz gələnəyinə sadiq şəkildə burada bir kitab təqdimatı düzənləmişdi. Bu kəndin sakini olan Aqşin Dadaşoğlunun müxtəlif illərdə qələmə aldığı “Güzgüdə əksim ağlamır” adlı şeirlər kitabının təqdimatı idi. Bakıdan dəvətlilər arasında bəndənizlə bərabər Beynəlxalq Avrasiya Mətbuat Fondunun humanitar məsələlər departamentinin rəhbəri, publisist Siyab Məmmədli və Qarabağ qazisi, ünlü kəşfiyyatçı və jurnalist həmkarımız Rey Kərimoğlu vardı. Səhər erkəndən Bakıdan yola çıxıb günortaya ora çatmışdıq. Xoş bir yaz havası, ətrafda oyanmaqda olan gözəl təbiət, insanların sadəliyi və ciyərlərimizə acgözlüklə çəkdiyimiz təmiz hava bir günlük də olsa bizi tam xoşbəxt eləməyə yetirdi.

Yuxarıda bir ənənədən bəhs etdik axı. Deməli, bu “Ulduzlar” ədəbi məclisi son zamanlar öz üzvlərinin yeni kitablarının təqdimatını onların öz yurdlarında, öz evlərində təşkil edir. Şairin kitabı dərc edilincə məclisin bütün üzvləri onun evində çay süfrəsi arxasında toplaşıb əsəri müzakirə edir, hər kəs öz şeirlərini, fikirlərini səsləndirir, yeni kitab bir növ daha bir məclis üçün yaxşı mənada bəhanə rolunu oynayır. Əlbəttə, bu heç də o demək deyil ki, məclisin belə tədbirləri keçirməsi üçün yeri yoxdur. Əksinə, rayonun mərkəzi kitabxanası tam olaraq onların sərəncamındadır və istədikləri tədbiri orada təşkil etmək üçün hətta rayon rəhbərliyi səviyyəsində şərait yaradılıb. Təbii ki, buna yalnız sevinmək olar.

Təqdimat mərasiminə rəhbərlik edən ziyalı, “Ulduzlar” ədəbi məclisinin sədri və şair Fərzalı Ziyanur Aqşinin yaxşı məziyyətlərindən, onun məclisə qatılmasından və şeirlərinin hamı tərəfindən necə sevilməsindən ağız dolusu danışırdı. Məclisdə elə bir ab-hava vardı ki, elə bil yalnız Aqşinin deyil, hər bir məclis üzvünün illərlə həsrətində olduğu bir kitabı çapdan çıxmışdı. Bu kollektivdə olan səmimiyyət, qarşılıqlı hörmət və anlayış, ziyalı təmkini çox zaman bizim Bakıda belə müşahidə edə bilmədiyimiz ortamdan xəbər verirdi. Azərbaycanın bir qədər həssas olan şimal sərhədindəki bu rayonun tək bir ədəbi məclisində bu qədər vətənsevər, millətə və dövlətə bağlı insanların bir araya toplaşması və həqiqi mənada ziyalı bir ortamda, ədəb və mərifət çərçivəsində müzakirə aparması mənimlə birlikdə Bakıdan gedən digər qonaqları da heyran etmişdi. Elə onun nəticəsi idi ki, geri dönərkən söhbətimiz yalnız bu insanlar, onların məclisi, səmimiyyəti və əlbəttə ki, Xaçmazın gözəllikləri haqqında oldu.

Fərzalı Ziyanur Aqşini yaxşı bir şair olmaqla yanaşı yaxşı bir dost, yaxşı bir insan kimi də xarakterizə etdi. Onun çıxışından belə anlaşıldı ki, Aqşin uzun illərdir şeir yazmasına baxmayaraq heç zaman onları dərc etdirməyə meylli olmayıbmış. Yalnız ötən il onun həmkəndlisi, şair dostu Mehrəli Qulu və daha bir şair dostu Məmməd Qədirin təkidli tələblərindən sonra Aqşin şeirlərinin az bir hissəsini kitablaşdırmağa razı olub. Və indi “Güzgüdə əksim ağlamır” adlı bir şeir toplusuyla Azərbaycan ədəbiyyatına artıq öz töhfəsini verib.

Tədbirdə Mehrəli Qulu və Məmməd Qədirlə bərabər digər iştirakçılar da çıxış etdilər. Onlar öz çıxışlarında Aqşinin şeirlərini təhlil edir, öz dəyərli fikirlərini səsləndirərək məclisə ayrı bir gözəllik qatırdılar. Qubada fəaliyyət göstərən “Xəyal” TV-nin heyəti isə məclisi başdan ayağa lentə alaraq yaxın günlərdə bir saatlıq veriliş yayımlayacağını bildirdi. “Xəyal”ın əməkdaşı olan şair və bölgənin sayılan ziyalılarından biri Pirəli Rüklü də Aqşini təbrik sözündə dəmir qapı Dərbəndimiz də daxil olmaqla Şabran, Quba, Xaçmaz və Qusarın ədəbi mühiti haqqında çox maraqlı müşahidələrini paylaşdı. Eyni zamanda qeyd etdi ki, Bakıdan gələn qonaqları böyük məmnuniyyətlə Qubada fəaliyyət göstərən “Gülüstan” ədəbi məclisinin tədbirlərində görmək istərdi. Pirəli Rüklü və başqa çıxışçılar öz çıxışlarında onu da qeyd etdilər ki, paytaxtla bölgələr arasında ədəbi ictimaiyyətin əlaqələrinin möhkəmləndirilməsi ümumi işin xeyrinə olardı. Onlar haqsız da sayılmazlar. Çünki bizim tək bir “Ulduzlar” ədəbi məclisində gördüyümüz şairlər ordusu ondan xəbər verirdi ki, bu bölgədə ədəbiyyatın yetərincə sanballı yaradıcıları var.

Bakıdan gələn qonaqlardan Siyab Məmmədli və Rey Kərimoğlunun çıxışları isə məclisdəkilərin həqiqi mənada sevincini birə beş artırdı. Qonaqlar Aqşinin kitabı haqqında öz təhlillərini dilə gətirməklə bərabər belə bir istiqanlı və ziyalı bir mühitin qonağı olduqlarından xüsusi sevinc duyduqlarını bildirdilər. Özəlliklə də Siyab Məmmədlinin yenicə tanış olduğu kitab və şairin yaradıcılığı haqqında təhlili məclisdəkilərə ayrıca zövq verdi. Qarabağ qazisi və həm də bir qələm adamı olan Rey Kərimoğlunun fikirləri isə vətənsevərlərdən ibarət olan bu məclis əhli üçün uzun zaman unudulmayacaq xoş xatirələr sırasına yazıldı. Bəndəniz də öz çıxışında hətta gözlədiyindən qat-qat yüksək səviyyəli və ziyalı bir məclisin qonağı olduğundan ayrıca qürur duyduğunu, Xaçmazda gördüyü gözəlliklərdən həzz aldığını vurğuladı.

Tədbirin sonunda “Ulduzlar” Ədəbi Məclisi adından Aqşinə hədiyyələr təqdim edildikdən sonra o, qonaqlara təşəkkürünü bildirdi və ötən gecə yazdığı bir şeiri ilə sözünü bitirdi.

Məclis o qədər xoş keçirdi ki, buradan ayrılmaq heç kimin ağlına belə gəlmirdi. Yalnız bir də onda xəbər tutduq ki, yolumuz uzaqdır və artıq qalxmaq lazımdır ki, Bakıya yetişə bilək. Beləcə çox xoş, şəhər qarğaşasından uzaq, saf insanların arasında keçirdiyimiz bir günü başa vurub geri döndük. O ümidlə ki, yenidən imkan tapıb bu və bölgənin bənzəri məclislərinə qatılaq. Axı onlar bizi hər zaman görməyə şad olacaqlar.

Və şairdən, şeirdən yazasan, şeirə yer verməyəsən? Olmaz belə əlbəttə. Ona görə də Aqşin Dadaşoğlunun “Güzgüdə əksim ağlamır” kitabından bir şeir örnəyi təqdim etməklə yazımı bitirirəm.

Öldürər

Deyirsən vaxt öldürürəm,
Vaxt səni, vallah, öldürər.
Əcəl vaxtı gələn zaman,
Bu gün, ya sabah öldürər.

Burdan keçdi pirlər, şıxlar,
Bu dünyaya yaraşıqlar,
Eylədiyin yaxşılıqlar,
İçində günah öldürər.

Çox zəhərin dadı çıxıb,
Çox doğmanın yadı çıxıb,
Əzrayılın adı çıxıb,
Bəndəni Allah öldürər!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.