Ana səhifə YAZILAR “13-cü palatadakı dəlinin gündəliyi”ndən…

“13-cü palatadakı dəlinin gündəliyi”ndən…

Müəllif: Bizim Yazı
543 baxış

Cavid ŞÜKÜROV

(öykü)

“…Dünyanın düz vaxtları idi, yəni yer kürə formasında
deyildi. Gedib lap kənara çıxmışdım. Boşluğun bir
addımlığında dayanıb hər tərəfə baxdım. Nə axarlı –
baxarlı CƏNNƏT görünürdü, nə də od tutub yanan
CƏHƏNNƏM. Hər tərəf boşluq idi. ALLAH da gözə
dəymirdi – OLMAYAN ŞEYLƏRİ AXTARIRDIM!!!”

…Yenə uçurdum. Səmada süzmək, üzümü yalayan, saçlarımı oxşayan küləyi hiss etmək xoş idi mənimçün. İndiyədək  belə yüksəyə qalxmamışdım. Bütün bədənimlə yüksəkliyi duyur, bundan həzz alırdım. Nə vaxtdan uçduğumun fərqində deyildim – bir saatmı, günmü, aymı?! – Bilmirdim. Səfərimin başlanğıcını xatırlamağa çalışdığım müddətdə qəfil nəsə yumşaq bir şeyə toxunub dayandım. Qabağımı bulud kəsmişdi. Buludu yarıb keçmək istədim, amma o, çox elastik idi və dağılımırdı. Yavaş-yavaş anlayırdım nə baş verdiyini – kainatın sonuna çatmışdım, bura Son idi. Lap mahnıdakı kimi:

Burdan ötede köy yok,
Burdan öte bir yol yok.
Yanındaysa, göz yaşın
Bundan iyi vakit yok…

Dodağımın altında zümzümə edə-edə ətrafa göz gəzdirdim. Heç nə görünmürdü. Hər yan bom-boş idi. Yəqin elə belə də olmalıydı,  amma mən maraqlıydım hər künc-bucağı yox¬la¬maqda. Burnumu bütün girinti-çıxıntılara soxmuşdum az qala. Növbəti girintidə kiçik bir boşluq gördüm. Bir adamın rahat keçəcəyi böyüklükdə idi… Lap qapıya oxşayırdı, qıraqları şüşə kimi hamardı. Boşluğa girdim, elə bil kandardaydım, otağa keçdim. Bura göz işlədikcə uzanan qəribə yeriydi. Havadan hansısa xoşladığım ətir duyulurdu. Deyəsən, “Dermed” idi. Çox təəccüblüydü, bu ətir haradan gələ bilərdi?! – Bilmirdim hələ… Rənglər də qeyri-adiydi. Sanki bütün rəngləri qarışdırmışdılar və vahiməli bir rəng alınmışdı. Ətrafa baxa-baxa xeyli irəlilədim. Lap uzaqda qaraltı görünürdü. Deyəsən, ağac idi. Yanına tələsdim. Uçuş sürətim artmışdı. Ağırlığım yox idi, elə bil. Üzümə külək vurmurdu, amma tam tərsi olmalıydı. Ən azından fizika qanunları bunu diktə edirdi… Axır ki, Ağaca çatdım. Nəhəng gövdəsi varıydı ağacın. On adam əl-ələ tutsaydı yenə ağacın gövdəsini dövrəsini qaplaya bilməzdilər. Qəribəydi, ağacın kökü heç yerə bitişməmişdi, eləcə havadan asılıydı ağac… Rişələri göz işlədikcə boşluğa uzanırdı. Gövdəsi cadarlanmış, qupquru qurumuşdu. Yaşıllıq nişanəsi olaraq ən aşağı budaqda bircə yarpağı vardı. O da amanabənd –indi qopa-qopmaya… Yaxınlaşıb ağacın ətrafında dövrə vurmağa başladım. Gəldiyim yola əks tərəfdə böyük bir koğuş vardı. Koğuşa boylandım, içəri qaranlıq olsa da orda kiminsə olduğu bilinirdi. Ehtiyatla:
– Ey, kimsən, İçəridəki!?. – deyə səsləndim.
Koğuşdakı tərpəndi və yavaş-yavaş bayıra çıxdı. İndicə çox qorxulu varlıq görəcəyimi zənn etiyimdən bir ayağımı qaçaraq qoymuşdum, – yox, bağışlayın, qaçmaq üçün torpaq gərək, – bir əlimi uçaraq saxlamışdım (uçmağı bacarsam da, qanadlarım yox idi – lap düşük filmlərdəki gicgicə supermenlər sayaq)… Amma qorxuma baxmayaraq koğuşdan orta yaşlı, ucaboy, ya¬raşıqlı, üzü tərtəmiz təraş olunmuş bir kişi çıxdı. Ağzım açıla qalmışdı, amma dəqiq bilirdim ki, onu haradasa görmüşəm. Kişinin gülümsədiyini görüb özümü yığışdırdım. Üzündən görürdüm ki, məni ələ salır – təsəvvür edirdim sifətimin nə hala düşdüyünü. Birtəhər özümü ələ alıb:
–Sssənnn… Kkimsənnn?!. – deyə soruşdum.
Yeni tanışım səssizcə, ancaq ürəkdən gülərək, səhnədə monoloq söyləyən aktyor kimi pafosla:
– TANRI, – dedi. Və səsi o qədər inandırıcı çıxdı ki, inandım onun həqiqətən TANRI olmağına…
– Bəs, burada nə edirsən? Bir də, axı, TANRI GÖZƏ GÖRÜNMÜR.
– Bura mənim oylağımdır. GÖZƏ GÖRÜNMƏMƏK məsələsisə boş sözdür. İnsanlar tanımadıqları kəslər, görmədikləri məfhumlar haqqında əfsanələr yaratmağı xoşlayırlar. Buna görə də sizlərdən kənar gəzirəm. Öncələr insanların ürəyindəydim, indisə, görürsən, kainatın son nöqtəsindəyəm.
Bir xeyli susduq. Haçandan-haçana:
– Deməli, mən düz fikirdəyəm – Tanrı insanın özüdür, onun açdığı yoldur, seçdiyi yox, məhz açdığı – həyatda yollar olmur çünki. Onu özün açmalısan.
Dinmədi. Sadəcə gülümsədi, amma gülüşündən razılıq yağırdı.
Üzündəki ifadəni dəyişmədən, qəfil:
– Xəbərim var, məni döyüşə çağırırsan, mənim absurdluğumu sübut etmək istəyirsən. “Cənnət, cəhənnəm yoxdur, Tanrı, Tanrının yolu yoxdur” – deyirsən, sübut tələb edirsən. Yadda saxla: Tanrını beyinlə yox, ürəklə, ruhla anlamaq lazımdır. Sübut lazım olan yerdə Tanrı gərəksizdir. Tanrının varlığısa, sübut tələb etmir.
Mənim gülümsədiyimi görüb bir anlıq sükutdan sonra davam etdi:
– İnanmırsan. Bəs, sən bura gələndə ən sevdiyin şeylərlə qarşılaşmadın? “Dermed” ətri, bir qədər qaramtıl-bənövşəyi boz rəng, Emre Aydının mahnısını xatırladan məkan. Bunlar hamısı sənin ürəyinə kök salan məfhumlardır.  Bura sənin ürəyindir – hə, mənim sənə tanış gəlməyim də səncə təsadüfidir? – Məni tapdığın yer də ürəyinin ən dibdəki hissəsidir. Ora heç kəs girmir icazəsiz, girə bilmir. Ancaq sən sərbəst girə bilərsən. Bir də TANRI – MƏN! Amma sən mənə üsyan etdin, məni dandın, indi mən buradan getməliyəm, burada mənə yer yoxdur – sən məni qovdun…
Bunları deyib dərindən nəfəs aldı. Sanki ağır bir yükü çiynindən atmışdı. Mənsə özümü çox pis hiss etməyə başlamışdım.  Elə bil böyük günah işlətmişdim, amma etiraf edə bilmirdim. Bu günahın cəzası da yox idi. Cəzaya sığmırdı o.
Tanrının səsi fikir axınımı qırdı:
– Hə, di gəl, döyüş çağırığını qəbul edirəm, – dedi və necə elədisə əlində düz, böyük, ağır qılınc peyda oldu. Qılınc elə bil büllurdan tökülmüşdü. Çaşıb qaldım, amma o, hücum etmədi. Nəyisə gözləyirdi sanki. Birdən ağacın rişələrindən biri mənə tərəf uzanmağa başladı. Rişənin ucunda bir qılınc görünürdü. Rəngi qapqara idi. Qara brilyant kimi par-par yanırdı. Ağzım açıla qalmışdı. Rişə yanıma çatıb dayandı. Qılınc sinəm bərabərindəydi. Karıxdığımdan onu rişədən ala bilmirdim.
Tanrının gur səsi yenə məni diksindirdi:
– Götür qılıncı! Özünü müdafiə et! Sübut elə ki, dediklərin həqiqətdir! Görürsən bu ağacı? O, sənin ruhundur. Bax! Diqqətlə bax! O, sənə görə Tanrıya qarşı çıxır. Sənsə, ruhundan hər vəchlə imtina etməyə çalışırsan.
Qara qılıncın qara parıltısı gözlərimə keçmişdi. Gözlərimin ağı da qaraya çalırdı, elə bil. Tanrının səsi qapı arxasından gəlirdi sanki. Qılınca baxdıqca kəsib-doğramaq, qan tökmək həvəsi doğurdu məndə…
Qılıncı götürdüm, rişə qılıncın qəbzəsini buraxıb yerinə çəkildi. Qılıncı sağa-sola hərlədim, bir az ağır olsa da rahat idi. Havada müvazinətimi tarazlayıb qılıncı möhkəm sıxdım. Sıxdıqca da ondan soyuqluq, rahatlıq, özünə əminlik axdı içimə.
İlk hücum edən O oldu. Birinci həmlədən anladım ki, mən bacaran işə girişməmişəm. Çox güclü idi və həddən artıq rahat vuruşurdu. Mənim daha bir çətinliyim dayaqla bağlıydı. Uça bilsəm də, torpağın övladıydım axı.!. Bununçün də heç yerə tutunmadan döyüşmək çox çətiniydi. Belə çox davam edə bilməzdi. Açıq-aşkar ölüm idi bu vuruşun sonu. Amma vəziyyət heç gözləmədiyim halda dəyişdi. Tanrı növbəti həmləni edəndə yana çəkildim. Zərbə çox güclü alındığından o, bir anlıq müvazinətini itirdi. Fürsətdən istifadə edib qılıncı onun çiyninə endirdim. Çiynindən parlaq, göz qamaşdıran maye fışqırdı. Və çox güclü gurultu qopdu. Olduğumuz yer qaranlıqlaşdı. Təkcə biz durduğumuz yer projektorla işıqlandırılmış kimi aydınlığıydı. Amma bu işartı açıq-aşkar zəifləyirdi. Qəfil Tanrının mənim ruhum adlandırdığı ağacdan “Ah” nidası eşidildi, yeganə yaşıl yarpağı qopdu, fırlana-fırlana dibsiz boşluqda gözdən itdi. O an hiss etdim ki, ürəyim daha vurmur…
Tanrı əlindəki qılıncı az qala gözümə soxaraq, yüzlərlə topun yaylım atəşinə bənzər səslə:
– Hə, sən bacardın! Sən bunu etdin! Sən TANRINI ÖLDÜRDÜN!!! Və əslində bu sənin ölümündür. Qalan sonuncu yarpağı da qopardın. İndi, sən, yalnız, kölgəsən. Başqa heç nə… Mən səni bircə göz qırpımında məhv edərdim. Amma etmədim. Əvəzində etdiklərinə bax! Deməli, sənin kölgənin belə, yaşamağa  haqqı yoxdur, – deyib qılıncı sol çiynimə endirdi. Macal tapıb öz qılıncımı qabağa verdim. Ancaq qılıncım zərbdən iki bölündü və TANRININ QILINCI çiynimə işlədi…
…Otağımdaydım. Çarpayıda uzanmışdım. Buna sevindim – deməli, yuxuymuş hər şey… Qalxmaq istədim, çiynimdən qopan ağrı məni yatağa mıxladı. İndi gördüm, yaralanmışdım, bütün yataq qana boyanmışdı. Gözlərimi hərləyib döşəməyə düşmüş qara qılınc qırığında saxladım. Qılıncın qırılmış tiyəsində qurumuş, par-par yanan maye ləkəsi görünürdü, döşəmədə də eyni izlər vardı…
Yaramdan axan qan hələ kəsməmişdi, amma birtəhər özümü toplayaraq, yataqdan qalxıb səndələyə-səndələyə həyətə çıxdım. İzlər bir qədər irəliləyəndən sonra yoxa çıxırdı. Amma həyətə kölgə salan talvara dırmanmış meynənin yarpaqları Onun qanına boyanmışdı. Aydın idi, o, öz məkanına qayıtmışdı. Sevindim, deməli, o ölməyib. Deməli, mən hələ də normal insanam, cansız kölgə yox, amma diqqətlə qulaq assam da ürəyimin guppultusunu eşidə bilmədim. Özümə təskinlik verdim – yaralıyam, qan itirmişəm, ona görə ürəyim zəifləyib.
Özümü az da olsa, inandırıb yenə çözələnən fikirlərimə qayıtdım:
– Deməli, hələ heç nə itirilməyib, ora yenə gedib TANRIYA BARIŞ TƏKLİF EDƏ bilərəm…
…Birdən arxa tərəfimdə nəsə guppultu ilə yerə düşdü. Geri çevrilməyə ürək eləmədim. Gözümün qabağına həyat ağacından qopan sonuncu yarpaq gəldi – fırlana-fırlana dibsiz boşluqda gözdən itməkdəydi… Haradansa, burnuma “Dermed” ətri dəydi. Və haradasa, Emre Aydın oxuyurdu:

Burdan ötede yol yok,
Burdan öte bir köy yok,
Yanındaysa, göz yaşın
Bundan iyi vakit yok…

Qəfil xəyal da yoxa çıxdı, ətir də çəkildi. Emre Aydın da daha oxumurdu. Sükunət qulaq dəlməyə başlamışdı. İndi ürəyim dəqiq vurmurdu… Qurtardı!!! Hər şey bitdi… BİTDİ!!!
Tanrıya şükür!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.