Ana səhifə YENİLİKLƏR “100 YAŞLI CÜMHURİYYƏT: YARADICI GƏNCLƏRİN GÖZÜNDƏ VƏ SÖZÜNDƏ”

“100 YAŞLI CÜMHURİYYƏT: YARADICI GƏNCLƏRİN GÖZÜNDƏ VƏ SÖZÜNDƏ”

Müəllif: Bizim Yazı
160 baxış

dgtyb-gence_ cumhuriyet100 (4)“Cümhuriyyət İli” münasibəti ilə tədbir keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) dəstəyi ilə həyata keçirdiyi “100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə” adlı layihənin ilk tədbiri Cümhuriyyətin ilk paytaxtı Gəncədə baş tutub. 27 dekabr 2018-ci ildə Gəncə şəhər Gənclər Evində düzənlənən konfrans və təqdimat törənindən öncə, Layihənin bir qrup iştirakçısı Gəncə Şəhidlər Xiyabanı və “Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Muzeyi”ni ziyarət edib. dgtyb - Gencegence_ cumhuriyet100 (12)

Sonra layihə iştirakçıları Gəncədə yeni fəaliyyətə başlamış “Uğur” Kitab Evinə baş çəkib. Həm Muzey, həm də Kitab Evinə kitablar hədiyyə edən DGTYB təmsilçiləri, öz təəssüratlarını bölüşüblər. Hər iki məkana AGF-nin maliyyə dəstəyi ilə ərsəyə gələn “Cümhuriyyət-anılar və anlar” kitabı, bu kitabın yazarı Elmin Nuri tərəfindən imzalnaraq verilib.


Daha sonra – saat 15:00-da Gəncə Gənclər Evində başlanan tədbiri giriş nitqi ilə Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov açıb. Qeyd olunub ki, Gənclər Evi 2 il öncədən fəaliyyət göstərsə də, artıq Gəncənin ictimai-mədəni həyatında önəmli ünvana çevrilmişdir. Amil Qurbanov DGTYB və icra olunan layihə barədə öz müsbət fikirlərini bölüşdükdən sonra, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, tədbirin, ümumən layihənin əsas məram-məqsədi haqqında da ətraflı danışıb.
Natiq layihənin ən önəmli məhsulu kimi xarakterizə etdiyi “CÜMHURİYYƏT – anılar və anlar” kitabına diqqət çəkərək, kitabı “Cümhuriyyət İli”nə DGTYB-nin töhfəsi olaraq dəyərləndirdi. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2018-ci ilin “Cümhuriyyət İli” elan olunması, habelə AXC-nin 100 illik əlamətdar yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı fikirlərini bölüşən Ə.Qoşalı, AGF-nin XI Qrant müsabiqəsi çərçivəsində Cümhuriyyətin yubileyi və “Cümhuriyyət İli” ilə bağlı layihələrə xüsusi bənd ayrıldığını vurğuladı.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, müvəqqəti olaraq, Gəncədə fəaliyyət göstərən Kəlbəcər rayon Gənclər və İdman İdarəsinin rəisi Musa Məmmədov öz çıxışlarında “Cümhuriyyəti İli” ərzində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb, gənclərin bu mövzuya olan sevdalarını alqışlayıblar.
Sözügedən kitabın yazarı Elmin Nuri də, öz növbəsində, kitabdakı məqalələrin hazırlanması vaxtı əsərlərindən bəhrələndiyi araşdırmaçılara təşəkkür edərək,  “CÜMHURİYYƏT – anılar və anlar”ın müəlliflik hüququnu bəhrələndiyi bütün müəlliflərə şamil edib.
AYB Gəncə bölməsinin başçısı, tanınmış şairə Xəzangül Hüseynova, ünlü şair İnqilab İsaqın, Şəmkirdə yerləşən Kəlbəcər qaçqın məktəbinin direktoru, şair Elməddin Nicatın, İctimai fəallar Elnur Hacıyev, Fərrux Rəhimlinin çıxışı, gənc şairlərdən Vüsal Hicran, Gülnarə Sadiq, Gülnarə İsrafilqızı, Cahandar Aybər, Lamiyə İsazadə, Esmira Günəş, Zülfiyyə Qurbanqızı və b.-nın şeirləri törənə əlavə rəng, gözəllik qatıb.
Daha sonra idarə rəislərinin, Gənclər Evi direktoru, tanınmış ədiblər və DGTYB təmsilçiləri fəal gənclərə “Fəxri Fərman” təqdim ediblər.
Ən sonda isə “Cümhuriyyət –anılar və anlar” kitabı, müəllif tərəfindən oxucular üçün imzalanıb.
Qeyd edək ki, 5 hissədən ( –“Cümhuriyyət fədailəri – ruhla tarix yazanlar”; “Cümhuriyyət naxışları –ağ-qara rəngli hadisələr”; “Məhəmməd Əmin Rəsulzadə – anılar və anlar”; “Şərqin ilk qaranquşu–Cümhuriyyət parlamenti”; “Ədəbi Cümhuriyyət”– ) ibarət kitabda, müəllifin ayrı-ayrı portallarda işıqlanan məqa­lə­lə­rindən istifadə edilib.
Kitabın məsləhətçisi, millət vəkili dr.Cavanşir Feyziyev, baş redaktoru (eləcə də, layihə rəhbəri) DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, redaktoru “Xalq qəzeti”inin əməkdaşı Əfsanə Ələsgərli, rəyçiləri: ADPU-nun rektoru, prof.dr. Cəfər Cəfərov və “Modern.az” xəbər agentliyinin baş direktoru  Elşad Eyvazlıdır.
Kitabın “Önsöz”ünü AGF-nin İcraçı direktoru Fərid Cəfərov yazıb.
Gənc yazarın bu mövzudakı ilk kitabı olan “CÜMHURIYYƏT – anılar və anlar”, 100 yaşlı Cümhuriyyət mövzusunda sistemli araşdırmalar aparmış aydınların əsərlərindən bəhrələnərək hazırlanıb. Publisistik mətnlərdən ibarət kitab, həm də bu mövzuda yazılan dəyərli əsərləri, Cümhuriyyəti ən müxtəlif yönləri ilə araşdıran fədakar tədqiqatçıları gənc oxuculara bir daha təqdim etməyi hədəfləyib.
Onu da vurğulayaq ki, 2019-cu ilin yanvarında Bakı Konqres Mərkəzində kitabın geniş təqdimatı da daxil olmaqla layihənin və icraçı təşkilatın adına, mandatına uyğun konfrans keçiriləcək. Bu barədə ictimaiyyətə əlavə bilgi veriləcək.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.