Ana səhifə YENİLİKLƏR “Ədəbi Nobel antologiyası” ictimaiyyətə təqdim olunub

“Ədəbi Nobel antologiyası” ictimaiyyətə təqdim olunub

Müəllif: Bizim Yazı
865 baxış

Mərasim dünən Nobel qardaşlarının Bakıdakı Ev-muzeyi “Villa Petrolea”da baş tutub.

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşkil etdiyi təqdimat mərasimində Nobel ailəsinin üzvləri, millət vəkilləri, tanınmış ziyalılar, Qazaxıstan və Belorusun Azərbaycandakı səfirləri, Almaniya səfirliyinin nümayəndələri, ədəbi ictimaiyyətin və KİV-in təm­silçiləri iştirak edirdi.
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə çap olunmuş antologiyanın təqdimatında, Birliyin sədri, millət vəkili, adıkeçən nəşrin “önsöz” müəllifi dr. Qənirə Paşayeva açılış nitqi ilə çıxış edib. O, Azərbaycan rəhbərliyinin Nobel irsinə daim yüksək dəyər verdiyini qeyd edərək, ictimai təsisatların, ziyalıların gördüyü işlərin də bu dəyərdən ilham alınaraq həyata keçirildiyini deyib. O, Nobel ailəsi üzvlərinin təqdimatda iştirakı faktını xüsusi ilə vurğulayaraq, onların hər zaman Azərbaycana doğma insanlar olduqlarını, Azərbaycanın da onlara doğma olduğunu qeyd edib.
İki il öncə “Villa Petrolea”da “Nobel mükafatlı qadınlar” kitaın təqdimat mərasimi keçirildiyini xatırladan xanım Paşayeva, bugün Nobel adlı, Nobel ünvanlı daha bir önəmli nəşrin təqdimatının keçirilməsini məmnunluq doğuran hal kimi izah edib. O, sanballı nəşrin hazırlan­masında əməyi olan şəxslərin, tərcüməçilərin, xüsusi ilə tərtibçi və tərcüməçi Nəriman Əbdülrəhmanlının işini yüksək qiymətləndirib.
İki məqamın üzərində dayanan millət vəkili deyib: ”Söhbət dünyanın ən böyük mükafatından gedir, hansı ki, o mükafatın formalaşmasında Azərbaycanın payı, adı, iştirakı var; Ən önəmlisi, Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş dünyaca ünlü 67 nasirin əsərlərindən örnəklər bir arada təqdim olunur. Əsl ədəbiyyat həmişə birgəyaşayışı, barışı, bizim sözlə desəm, “xoşgörü”nü təbliğ edir.
Xanım millət vəkili qeyd edib ki, “…“Ədəbi Nobel antologiyası” hər bir Azərbaycanlının evində, ən azı hər bir oxucumuzun əli çatan kitabxanada olmalıdır. Kitabın ilk 500 nüsxəsi pulsuz olaraq kitabxanalara, universitetlərə, mədəniyyət ocaqlarına, elm müəssisələrinə paylanacaq. Hazırda antologiyanın daha böyük tirajla çapı gedir və yeni tiraj  satışa çıxarılacaq ki, daha çox insan bu kitabı əldə edə bilsin. Qoy, bizim gənclər dünya ədəbiyyat təsərrüfatında baş verən hadisələrlə, tendensiyalarla yaxından tanış ola bilsinlər.“
Çıxışının sonunda Qustav Nobel, Piter Nobel və Fillip Nobelə təqdimata qatıldıqları üçün bir daha təşəkkür edərək, onların Bakıda hələ neçə-neçə Nobel ünvanlı tədbirə gələcəyinə, neçə Nobel kitabının təqdimatında iştirak edəcəyinə və nəhayət Nobel mükafatının Azərbaycana gələcəyinə inamını, arzusunu ifadə edib.
Təqdimatda çıxış edən “Nobel irsi” Fondunun prezidenti, akademik Toğrul Bağırov, Nobel irsi ilə bağlı konfransda iştirak üçün Avropadan 50 qonağın iki gündür Bakıda olduğunu və bu təqdimatın da bugünlərə təsadüf etməsinin, Nobel ailəsinin iştirakı ilə keçirilməsinin diqqətəlayiq hadisə olduğunu deyib.
Təqdimatda iştirak edən  Qustav Nobel, Piter Nobel və Fillip Nobel Nobel ailəsi adından millət vəkili Qənirə Paşayevaya, kitabın hazırlanmasında və təqdimatında əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər. Onlar Azərbaycanda gördüklərini qonaqpərvərlik və doğmalıqdan, Nobel irsinə həssas münasibətdən çox məmnun olduqlarını deyiblər.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, təqdimat gününü gözəl gün adlandıraraq, Nobellərin və onların nəvə-nəticələrinin də Bakıya bağlı olduğunu qeyd edib. “Ədəbiyyatı hamı seçir: xalq da, qurumlar da, insanlar da…  Xalqın seçimi öz yerində, ancaq elə bilirəm Nobel mükafatını seçən qurumun alternativi yoxdur – onlar ən yaxşıları seçirlər, səhv etmirlər. Əgər yeganə səhv varsa, o da Nobel mükafatını alanlar arasında bugünədək bir Azərbaycanlının olmamasıdır. – Əlbəttə, bunu zarafatla deyirəm, amma Azərbaycanda bu mükafatı almağa layiq insanlar, xüsusi ilə Ədəbiyyatçılar var.“
Sözünə davam edən natiq, antologiyanı dəyərləndirərək, xüsusi ilə şəhid şair Ülvi Bünyad­zadənin tərcüməsinin kitaba salınmasından təsirləndiyini vurğulayıb. Sonra kitabın tərtibçisi, yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı, AYB katibi Rəşad Məcid, millət vəkili Asim Mollazadə, tarixçi alim, millət vəkili Musa Qasımlı, Xalq Şairi Nəriman Həsənzadə, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Qazaxıstan səfiri Serik Pirimetov, professor-doktor Qəzənfər Paşayev, yazıçı-dramaturq Firuz Mustafa çıxış edib. Çıxışlarda, antologiyanın məziyyətləri, Nobellərin Azərbaycanla maddiyatdan mənə­viyyata keçən bağlılığı, ümumən Nobel irsi, sosial xidmət anlayışının Azərbaycanda Nobel təcrübəsi, millət vəkili Qənirə Paşayevanın, akademik Toğrul Bağırovun Nobel mükafatı, bu mükafatın Azərbaycanda populyarlaşması, məlumat bazasının zənginləşməsi, Nobel irsinin qorunması, Nobellərin Azərbaycanla mənəvi bağlarının daha da güclənməsi yönündə gördükləri ardıcıl işləri dəyərləndiriblər. Bütün bu işlərin Azərbaycan dövləti, şəxsən dövlət başçısının beynəlxalq humanitar əlaqələrə, mədəniyyətlər və sivilizasiyalararası münasibətlərə verdiyi yüksək önəmdən qaynaqlandığı vurğulanıb.

Qeyd edək ki, layihənin rəhbəri və ön sözün müəllifi milllət vəkili dr. Qənirə Paşayeva? redaktorları NURAFİZ və Əkbrə Qoşalı olan “Ədəbi Nobel antologiyası”nda dünyanın ən nüfuzlu ədəbi mükafatı olan Nobel mükafatının təsis edilməsindən keçən 110 il ərzində bu şərəfə layiq görülmüş nasirlərin yaradıcılığı təqdim olunub. Antologiyada müəlliflərin həyat və yaradıcılığı haqqında yığcam bilgilər də yer alır.
Əhatə miqyasına və ədəbi örnəklərin seçiminə görə nadir olan “Ədəbi Nobel” Azərbaycan ədəbiyyatını da dünya ədəbiyyatı ailəsinin üzvü kimi hiss etməyə imkan verəcək nəşrlərdəndir.
Antologiyaya daxil edilmiş əsərlər ingilis, rus, ərəb, alman, ispan və başqa dillərdən çevirmiş, bir bölümü isə Türkiyə türkcəsindən uyğunlaşdırılmışdır. Henrix Senkeviçdən (1905) Mario Varqas Lyosaya (2010) qədər “Nobel” almış 67 ünlü yazıçının yaradıcılığından örnəklər, Xalq Yazıçısı Elçinin, mərhum Natiq Səfərovun, Vilayət Hacıyevin, Fərhad Əliyevin, prof.Cəlil Nağıyevin, Nəriman Əbdülrəhmanlının, Mahir Qarayevin, Azad Yaşarın, Ramiz Abbaslının, Aslan Quliyevin, Nərgiz Cabbarlının, Akif Əliyevin, Həmzəli İlyasın, şəhid şair Ülvi Bünyadzadənin, Svetlana Quliyevann, Ülkər Nəsibbəylinin, Günel Ramazanqızının çevrisində Azərbaycan oxucusuna çatdırılır. Gələcəkdə antologiyanın ikinci – poeziya örnəkləri toplanmış cildinin nəşri də nəzərdə tutulub.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.