Ana səhifə SÖYLƏŞİLƏR Əkbər Qoşalı: “Azərbaycan ədəbiyyatında tarix şüuru ön plana çıxıb”

Əkbər Qoşalı: “Azərbaycan ədəbiyyatında tarix şüuru ön plana çıxıb”

Müəllif: Bizim Yazı
79 baxış

Azərbaycan ədəbiyyatının zənginliyi haqda müxtəlif vaxtlarda bəhs etmişik. Müxtəlif janrlarda yazılan əsərlər ədəbiyyatımızı tam dolğunluğu ilə əks etdirir deməyə bizə imkan verir. Lakin müraciət olunan mövzular necə, bütün bunlar yazarın təxəyyülünün məhsuludur, yoxsa hər hansı bir hadisənin “izinə düşülüb” qələmə alınıb? O da aydındır ki, ərsəyə gələn, geniş oxucu kütləsinə təqdim olunan əsərlərin əksəriyyətinin yazılmasında hansısa gerçəkləşmiş bir həyat hekayəsi dura bilər və durur da. Ədəbiyyatımızda vaxtı ilə tarixi mövzuda yazan yazarlarımız olub. Yazıçılarımızdan Məmməd Səid Ordubadi, Əzizə Cəfərzadə, Fərman Kərimzadə, İsa Hüseynov, Hüseyn Abbaszadə, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev şairlərimizdən Səməd Vurğun, Rəsul Rza və başqaları tarixi mövzulara müraciət ediblər. Bəs, görəsən, bu gün tarixi mövzuda yazan yazarlarımız necə, varmı? Azərbaycanın keşməkeşli tarixinə müraciət edib, bunu oxuculara tarixin quru və rəqəm dolu dili ilə yox, ədəbi dillə çatdıranlar varmı? Yazarlarımızla əlaqə saxladıq.

Moskvada yaşayıb, yaradan istedadlı şair, AYB-nin üzvü Afaq Şıxlının təbirincə, bu mövzuya müraciət edənlər çox azdır: “Çünki ədəbiyyatçılar arasında tarixi bilənlər çox azdır. Belə əsərləri yazmaq tarixi məsuliyyət istəyir, məsuliyyəti isə hər yazar üzərinə götürə bilmir. Rəhmətlik Fərman Kərimzadə kimi yazarlar dünyaya çox az gəlir.
Dediklərim səhv anlaşılmasın. Yəni tarixi bilənlər çox ola bilər, amma tarixi əsər yazacaq dərəcədə dəqiq bilmək və tarixi ədəbi dildə qələmə almaq asan deyil”.

Şair Əkbər Qoşalı isə, əksinə, son vaxtlar bu mövzuya müraciət edənlərin heç də az olmamasından bəhs etdi: “Belə bir stastistika var, bəyəm? Mən hesab etmirəm ki, ədəbiyyatçılar tarixi mövzulara  müraciət etmirlər. Əksinə, bəlkə də son illər Azərbaycan ədəbiyyatında tarix şüuru ön plana çıxıb, deyə bilərik. Örnək verəsi olsaq, Yunus Oğuzun, Elçin Hüseynbəylinin tarixi romanlarını xatırlaya bilərik.  Təbii, siyahı bununla bitmir. Mən irihəcimli əsərlər yazan yeni nəsil yazıçılarımızın adını çəkdim. Yəqin o da təsadüfi deyil ki, filologiya elmləri doktoru, professor Nizami Cəfərovun bu günlərdə çıxmış kitabı “Tarixliyin müasirliyi… müasirliyin tarixiliyi…” adlanır”.

Şair Faiq Balabəyli də bu mövzuda yazan yazarlarımızın az olmamasından bəhs etdi: “Bu ilk baxışda belə görünə bilər ki, tarixi mövzulara müraciət olunmur, lakin heç də belə deyil. Çağdaş ədəbiyyatımız da Sabir Rüstəmxanlının, Elçin Hüseynbəylinin, Yunus Oğuzun tarixi mövzulara müraciət etməsi və irihəcmli, tarixi faktları, gerçəklikləri özündə dolğun əks etdirən əsərlərini oxuyuruq. Sadəcə tariximizin böyüklüyü, zənginliyi, keşməkeşliyi bizə imkan verir deyək ki, bu mövzuya az müraciət olunur. Tariximizi bütünlüklə bədii əsərlərdə əks etdirə bilmirik. Bir də hər bir yazar bu mövzuya müraciət edəcək, yazacaq qüvvəni özündə görmür. Bunun üçün tariximizə maraq və onu bilmək, araşdırma aparmaq üçün vaxt, səbr mütləq lazımdır. Mən özüm bir yazar olaraq, yaxın tariximizi özündə əks etdirən, “20 yanvar” faciəsi zamanı dənizçilərimizin göstərdikləri misilsiz qəhrəmanlığı özündə əks etdirən “Kəsilməyən həyəcan fiti” adlı kitabımı yazmışam”.

Yazıçı Hafiz Mirzə: “Mənim ötən il nəşr olunmuş “Son və başlanğıc” adlı romanımdan yəqin xəbərsizsiniz. Mənim o romanım İsa Məsihin doğulmasından ta 3750-ci ilə kimi davam edən böyük bir tarixi zamanı əhatə edir. 600 səhifəlik tarixi roman. Dostumuz Sabir Rüstəmxanlının “Difai fədailəri”, Yunus Oğuzun “Əmir Teymur”, “Təhmasib şah”, “Nadir şah” romanları tarixi əsərlər deyilmi? Siyahını artırmaq da olar. Əksinə, məncə, son illər daha çox tarixi əsər yazılır. Məncə, siyasi əsər yazmaqdan tarixi əsər yazaraq onun içində siyasi düşüncələr vermək daha təhlükəsizdir – ona görə!”

Yazıçı Jalə İsmayıl: “Ədəbiyyatçılar bu günün tarixini yazırlar. Son 20 ilin tarixini qəzetlərlə bərabər, ədəbiyyatçılar da yazıb. Eyni zamanda, böyük mənada tarixi roman – bunu da yazırlar və ciddi maraq doğurmur. Yəqin ki, onların da oxunma və müzakirə vaxtı yetişəcək. Cəmiyyətimiz çoxsaylı məişət problemlərindən qurtulandan sonra”.

Şair Zaur Qəriboğlu: “Çünki tarixi bilmirlər…”

Tanınmış yazıçı Meyxoş Abdullah: “Kifayət qədər tarixi əsərlər yazılır, amma niyə az yazırlar, onu deməkdə çətinlik çəkirəm”.

Kənan Hacı: “Tarixi əsər yazmaq yazardan geniş bilgi, məsuliyyət və dili incəliklərinə qədər bilməyi tələb edir və çox əziyyətli bir işdir. Amma Azərbaycanda tarixi əsər yazan yazarlarımız var. Məsələn, Elçin Hüseynbəylinin, İlqar Fəhminin çox maraqlı tarixi romanları var. Bu günlərdə Cəlil Cavanşirin çap ərəfəsində olan “Şirvanşahın sonuncu varisi” romanını oxudum və zövq aldım. Tarixi əsərdə keyfiyyət kəmiyyəti üstələyir. Kəmiyyət yox, keyfiyyət əsasdır. Bu baxımdan, tarixi əsərlərin az yazılması normal bir haldır”.

Sorğumuzu cavablandıran yazarlarımızın gəldiyi qənaət budur. Demək, tarixi mövzuda yazılan əsərlər nə qədər çox olsa da, yenə də azdır. Oxucularımız, bəzən tarixçilərimizin dili ilə tariximizlə tanış ola bilmir. Ədəbi dilimiz, yazılan əsərlərimiz tariximizin öyrənilməsində önəmliliyi ilə yadda qala bilər.

Tural TÜRK/merkez.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.