Ana səhifə YAZILAR Əfsanə LAÇIN

Əfsanə LAÇIN

Müəllif: Bizim Yazı
209 baxış

/Əfsanə Teyyub qızı Əliyeva

(10.12.1987)

Laçın rayonunda doğulub.

Bakıdakı 210 saylı orta məktəbi bitirib.

Ali təhsilini Azərbaycan Müəllimlər İnistitutunda alıb.

Uşaq hekayə və nağılları, şeirlər yazır.

“Bir damcı ürək” adlı kitabı işıq üzü görüb./

LƏLƏYİN  NAĞILI

Biri var imiş, biri yox imiş. Səmada Bulud adlı ağ bənizli, ağ libaslı bir qız yaşarmış. O, quş lələyi ilə oynamağı çox sevirdi. Lələk onun sevimli oyuncağı idi. Bir gün Bulud Lələklə oynayırdı, qəfildən Lələk yavaş-yavaş aşağı uçmağa başladı. Lələk aşağı endikcə, Buludun rəngi qaralırdı. Lələk torpağa düşdü. Bunu görən Bulud ağlamağa başladı. Bulud ağladı-ağladı, torpaq yaş oldu, Lələk palçığa qarışdı. Bulud nə edəcəyini bilmirdi. O, çox məyus olmuşdu. Buludun köməyinə Günəş çatdı. Günəş torpağı qurutdu. Bulud sevindi.
Bulud Günəşə dedi:
-İndi oyuncağımı mənə qaytar. Günəş Buluda kömək etmək istəyirdi, amma Lələyi necə göyə uçuracağını bilmirdi. Bulud yenə ağlamaq istəyirdi ki, Külək onun köməyinə çatdı.
Külək Buluda dedi:
-Sən heç qəm yemə. Mən indi elə tufan qaldıraram ki, Lələk göyə uçar. Bulud sevindi. Güclü külək əsməyə başladı. Lələyi göy üzünə uçurdu. Bulud sevimli oyuncağına qovuşdu.
Günəş və Külək Buluda kömək edə bildikləri üçün şad idilər. Bulud Günəşə və Küləyə təşəkkür etdi. Sonra lələyi ilə birgə gəzməyə getdi. Külək yatdı. Günəş isə yenidən şəfəq saçmağa başladı. Günəş sevincindən çəmənlikdə oynayan uşaqlara baxıb gülümsəyirdi. Uşaqlar isə Günəş çıxdığı üçün sevinirdilər, amma onlar Günəşin təbəssümünü görmürdülər. Axı Günəş yerdən çox uzaqdadır.

KLOUN

Aylar keçir, il dolanır, yeni nağıllar yaranır. Bu nağılların içindən ən gözəlin seçərəm, sizə nağıl biçərəm.
Bu dəfəki nağılımız iki dost- Cabir və Sabir barədədir. Sabirin atası ona yeni oyuncaqlar almışdı. Sabir oyuncaqlarını göstərmək üçün dostu Cabiri evlərinə dəvət edir. Onlar birlikdə yeni oyuncaqlarla oynayırlar. Oyuncaqların içində balaca bir Kloun da var idi. Cabirin ondan çox xoşu gəldi. O, Sabirdən Klounu ona verməyini xahiş etdi.
Sabir dedi:
-Yox,yox! verə bilmərəm. axı, mən də onu çox sevirəm. Atana de sənə də alsın.
Cabir deyir:
– Artıq gecdir, mən evimizə gedirəm.
Cabir gizlincə Klounu götürüb evlərinə gedir. O, artıq tutduğu əməldən peşman idi. Amma artıq gec idi.Sabir isə çox məyus olmuşdu. Nə qədər axtarsa da  sevimli oyuncağını tapa bilmirdi. Heç ağlına da gəlmirdi ki, Oyuncağı Cabir götürər.
Cabir axşama kimi Kloun ilə oynasa da narahat idi. Gecə düşmüşdü, artıq yatmaq vaxtı gəlib çatmışdı. Cabir Kloun ilə bir yerdə çarpayıya uzandı .Çox keçmədi ki, o yuxuya getdi. Cabir yuxuda gördü ki, Kloun pəncərədən həyətə tullanıb, qaçır. O da Klounu tutmaq üçün onun dalınca qaçır.
Kloun Sabiri axtarırdı. Yolboyu Kloun çoxlu oyuncaqlarla rastlaşdı. Birinci rastlaşdığı oyuncaq Yük maşını idi. Onun təkərlərini kim isə sındırmışdı.
Kloun Yük maşınından soruşdu:
– Sən kimin oyuncağısan? Təkərlərin haradadı?
Yük maşını deyir:
-Mən Cabirin oyuncağıyam, elə təkərlərimi də o sındırıb.
Kloun yük maşınına deyir:
– Gəl mənimlə Sabirgilə gedək. O, oyuncaqları heç vaxt sındırmır. Kloun və Yük maşını Sabirgilə yollanırlar. Bir qədər yol getmişdilər ki, Ayı ilə rastlaşırlar.
Kloun  Ayıdan soruşur:
-Sən niyə buradasan?
Ayı ağlaya-ağlaya  deyir:
– Məni bura Cabir atıb, ayağımı da o sındırıb.
Kloun Ayını da özü ilə aparır. Xeyli yol getdikdən sonra dincəlməyi qərara aldılar. Ağacın altında təzəcə oturmuşdular ki, səs eşitdilər. Bu səs Tanqın səsi idi. Cabir onu necə atmışdısa, gedib ağacın budağına ilişmişdi. Kloun onu ağacdan endirib özü ilə apardı. Kloun yolda rastlaşdığı sərçəni, topu, tütəyi, balaca atı da özü ilə apardı. Oyuncaqların hamısı Cabirdən incimişdi, heç biri geri qayıtmaq istəmirdi.
Cabir qaçmaqdan tənginəfəs olmuşdu. O, uzaqdan Klounu görüb, səsləməyə başladı: Kloun, Kloun. Cabirin səsini eşidən acıqlı oyuncaqlar onun üstünə şığıdılar.
Oyuncaqlar:
– Sən bizi incitmisən. Biz heç vaxt geri qayıtmayacağıq.
Kloun:
– Məni evimə qaytar. Sabir mənsiz darıxır.
Cabir bərk qorxmuşdu.Yuxudan ayılıb gördü ki, həyəcandan tərləyib, Kloun da yanındadı. O, öz səhvini başa düşür. Klounu Sabirə qaytarmağı qərara alır. Paltarlarını geyinib, Sabirgilə yollanır. O, oyuncağı Sabirə qaytarıb, dostundan üzr istəyir.Utandığından qıpqırmızı qızarmışdı. Sabir oyuncağı tapıldığı üçün çox sevinirdi. Cabir səhvini başa düşdüyü üçün Sabir onu bağışlayır.
Üç ay keçir. Sabirdən başqa hamı bütün əhvalatı unudur. O, Cabirin doğum günündə ona Kloun hədiyyə edir.
Cabir söz verir ki, öz oyuncaqlarını heç vaxt incitməyəcək və heç vaxt başqasının oyuncaqlarını, əşyalarını icazəsiz götürməyəcək. Artıq o bilirdi ki, bu çox pis vərdişdir.
Bu nağılı oxumuram ki, mışıl-mışıl yatasan,oxuyuram ki,fikirləşib ağıllı yol tapasan.

TİKANLI KOL

Aylar keçir, il dolanır, yeni nağıllar yaranır. Bu nağılların içindən ən gözəlin seçərəm, sizə nağıl biçərəm.
Bu dəfə ki, nağılımız meşədə yaşayan kol barədədir. Kol həm balaca, həm də tikanlı idi. Meyvələri də yox idi. Elə ona görə də düşünürdü ki, heç nəyə yaramır,  heç kimə lazım deyil.
Kol böyük palıd ağacının yaxınlığında yaşayırdı. Palıd ağacı müdrikliyi ilə meşədəki bütün ağaclardan seçilirdi. Kol tez-tez palıd ağacı ilə söhbətləşirdi.
Gözəl yay günlərindən biri idi. Kol yaman qəmlənmişdi. Bunu görən Qoca Palıd Koldan qəmlənməyinin səbəbini soruşdu.
Kol Qoca Palıda dedi:
– Sən bu dünyaya məndən çox illər əvvəl gəlmisən. Bəlkə sən biləsən Tanrı məni nə üçün yaradıb. Axı, mənim meyvələrim yoxdu, əvəzində çoxlu lazımsız tikanlarım var. Üstəlik boyum da kiçikdir. Bu görkəmlə mən heç kimin işinə yaramıram.
Qoca palıd:
– Mənim də meyvələrim yoxdur.
Kol:
– Nə olsun, əvəzində sənin kölgən var. Heyvanları yağışdan, soyuqdan qoruyursan. Quşlar sənin budaqlarında yuva qurur. Təhlükə olanda kiçik heyvanlar sənə sığınırlar. İnsanlar sənin kötüyündən, budaqlarından, odun kimi istifadə edir- kağız düzəldir, mebel istehsal edirlər.
Qoca Palıd onun sualına cavab vermək istəyirdi ki, bu vaxt qəribə bir səs eşitdilər. Bu səs tülkü ilə dovşan balasının səsi idi. Tülkü dovşan balasını tutub, yemək istəyirdi. Dovşan balası qaçmaqdan tənginəfəs olmuş, həm də çox qorxmuşdu. Ona görə də gizlənməyə yer axtarırdı.
Dovşan balası kolu görən kimi onun arxasında gizləndi. Tülkü də qaçmaqdan taqətdən düşmüşdü. Nə qədər o tərəf, bu tərəfə boylandısa da dovşanı görmədi. Kor-peşman yuvasına qayıtdı.
Kol dovşan balasına kömək etdiyi üçün çox sevinirdi. O, özü öz sualına cavab tapmışdı.
Müdrik palıd Kola baxıb, gülümsəyirdi.

You may also like

1 şərh

Elcin Sukurov 2013-01-09 - 23:24

beyendim I)

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.