Ana səhifə BAŞ YAZI “ƏDƏBİ NOBEL ANTOLOGİYASI”

“ƏDƏBİ NOBEL ANTOLOGİYASI”

Müəllif: Bizim Yazı
813 baxış

 Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə xanım Paşayevanın təşəbbüsü ilə ünlü türk yazıçısı İsgəndər Palanın böyük Yunus Əmrə haqqında qələmə aldığı “OD” romanının Azərbaycancaya uyğunlaşdırılaraq Bakıda nəşrindən sonra daha bir layihə gerçəkləşdirilib. Yenicə işıq üzü görən “Ədəbi Nobel antologiyası”nı sözün gerçək anlamında mədəni həyatımızın sanballı hadisələrindən biri adlandırılmaq olar.
Layihənin rəhbəri və ön sözün müəllifi dr.Qənirə Paşayevadır. Antologiyanı yazışı-tərcüməçi Nəriman Əbdülrəhmanlı tərtib edib və çapa hazırlayıb, redaktorları NURAFİZ və Əkbər Qoşalıdır. “Qanun” Nəşrlər Evində nəfis tərtibatla çap olunmuş 816 səhifəlik antologiyada dünyanın ən nüfuzlu ədəbi ödülü olan ədəbiyyat üzrə Nobel ödülünün təsis edilməsindən keçən 110 il ərzində bu şərəfə layiq görülmüş 67 nasirin yaradıcılığı təqdim olunub. Antologiyada müəlliflərin həyat və yaradıcılığı haqqında yiğcam bilgilər də verilib. Əhatə miqyasına və ədəbi örnəklərin seşiminə görə nadir olan bu antologiya Azərbaycan ədəbiyyatını da dünya ədəbiyyatı ailəsinin üzvü kimi hiss etməyə imkan verəcək.
Antologiyaya daxil edilmiş əsərləri ingilis, rus, ərəb, alman, ispan və başqa dillərdən tanınmış qələm adamları, peşəkar tərcüməçilər çevirmiş, eləcə də, bir bölümü Türkiyə türkcəsindən uyğunlaşdırılmışdır. Elçinin, Natiq Səfərovun, Vilayət Hacıyevin, Fərhad Əliyevin, Cəlil Nağıyevin, Nəriman Əbdülrəhmanlının, Mahir Qarayevin, Azad Yaşarın, Ramiz Abbaslının, Aslan Quliyevin, Nərgiz Cabbarlının, Akif Əliyevin, Həmzəli İlyasın, Ülvi Bünyadzadənin, Svetlana Quliyevann, Ülkər Nəsibbəylinin, Günel Ramazanqızının çevrisində Henrix Senkeviçdən (1905) Mario Varqas Lyosaya (2010) qədər Nobel ödülünü almaq şərəfinə nail olmuş yazıçıların yaradıcılığından örnəklər, şübhəsiz, Azərbaycan oxucusu öçün maraqlı olacaqdır.
Cəmi bir neçə həftədən sonra – oktyabrın 7-də ədəbiyyat üzrə Nobel ödülünün yeni sahibinin adı bəlli olacaq. “Ədəbi Nobel antologiyası”nın bu ərəfədə işıq üzü görməsi ədəbiyyatsevərlər üçün daha bir sürprizdir.
Q.Paşayevanın haqlı olaraq qeyd etdiyi kimi, “…“Ədəbi Nobel antologiyası” hər bir Azərbaycanlının evində, ən azı hər bir oxucumuzun əli çatan kitabxanada olmalıdır. Bu, bir güldəstədir, sözlə çəkilmiş gözəllik tablosudur, sənət əsəridir – bu güldəstə, bu tablo böyük qələmlərin ortaq işidir: hərə bir ilmə, bir naxış vurub, bir rəng qatıb ümumi ƏDƏBİ NOBEL portretinə çevrilib və nəticədə bənzərsiz antologiya yaranıb!..”
Oxucular “Ədəbi Nobel antologiyası”nı sentyabrın 14-dən etibarən kitab mağazalarında əldə edə bilər.

Qeyd edək ki, gələcəkdə “Ədəbi Nobel”in ikinci – “poeziya” cildinin nəşri də nəzərdə tutulub.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.